AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hər gün yeni bir kitab

Hər gün yeni bir kitab

27 İyul 2020, 11:45 1703
Və ya klassik metodlarla yanaşı, müasir zamanın yaratdığı imkanlardan da yararlanmaq 

 
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası "Hər günə bir kitab” layihəsinə başlayıb.
Layihə çərçivəsində təqdim ediləcək slaydlarda, kitabxana əməkdaşları oxuculara müxtəlif əsərlərdən bəhs edəcəklər.
Kitabxanaçılar düşünür ki, bu yolla pandemiya dövründə də oxucuların kitabla təmasını qoruyub saxlamaq mümkün olacaq.
 
Dünyaca məşhur 15 kitab
 
İlk videoslaydı Səbayel rayon MKS-nin Oxuculara xidmət şöbəsinin müdiri Günel Atayeva hazırlayıb. Kitabxanaçı, oxuculara hər gün kitab oxumağı və nitq qabiliyyətini artırmağı tövsiyə edib: "Bu slayd karantin günlərində evdə qalarkən vaxtı daha səmərəli keçirməyə hesablanıb. Daha çox kitab oxumaq, bilik və qabiliyyətlərimizi daha da artırmaq layihənin həyata keçirilməsində əsas məqsəddir. Çünki kitab oxumaq nitq qabiliyyətimizi gücləndirir, zehnimizi inkişaf etdirir”. G.Atayeva bildirir ki, pandemiyadan əvvəl oxucular özləri kitabxanaya gəlir və onları maraqlandıran kitabları əldə edirdilər. Karantin dövründə isə hansı kitabı oxumaq üçün, daha çox kitabxanaçının tövsiyəsinə ehtiyac var. Bu da onlayn qaydada mümkündür: "Ümumiyyətlə, "Sebaelabonoment.az” saytı var ki, oxucular kitabxanaya gəlmədən onların sifarişlərini qəbul etmək və  istədikləri kitabları pdf şəklində göndərmək olur. Karantin dönəmində oxucuya kitabxanaçının tövsiyəsi lazımdır. Ona görə, biz tövsiyə materiallarla oxucunun kitabxanaya marağını artırmaq istədik. Oxucular mənim hazırladığım slaydda kitabların adları ilə tanış ola bilərlər”. G.Atayeva qeyd edir ki, təqdim etdiyi slaydda dünyaca məşhur olan 15 kitabı təqdim edib: "Digər əməkdaşlarımız isə hər günə bir kitab təqdim ediblər. Həmin tövsiyələrdə kitabların pdf variantlarına keçidlər var və oradan istədikləri materialları götürə bilərlər. Yəni hər bir oxucu evdə oturaraq, heç bir yerə getmədən, sadəcə, bir toxunuşla linkə keçid edə və kitabı oxuya bilər. Hesab edirəm ki, bu layihə oxucular üçün daha maraqlı olar. Bu layihədə, həmçinin bir neçə kitabı bir yerdə görə bilirlər. Eyni zamanda, həmin kitablar əsasında çəkilən filmlər varsa, onların linklərinə keçidlər edirlər. Oxumaq istəyən kitabı oxuyur, oxumaq istəməyən filmi izləyir və ya haqqında məlumat əldə edir. Bu, oxucuları cəlb etmək  üçün yaxşı metoddur. İnanıram ki, layihə oxucular üçün faydalı olacaq”.
 
Oxucuların kitabdan ayrı düşməməsi üçün
 
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin metodika və biblioqrafiya şöbəsinin müdiri Şəbnəm Babaşova layihənin məqsədindən danışaraq qeyd etdi ki, əsas məqsəd oxucuları, məktəbliləri mütaliəyə cəlb etmək, onlarda kitaba maraq oyatmaq, boş vaxtlarını səmərəli keçirməyə imkan yaratmaqdan ibarətdir: "Karantindən qabaq bizim kitabxanada oxucuların kitaba çox yaxşı münasibətinin şahidi olurduq. Müxtəlif yaş kateqoriyalarından olan oxucular bizə müraciət edirdilər. Ətrafdakı məktəblərlə sıx əlaqə saxlayırdıq. Məktəblilər bədii ədəbiyyat üçün çox müraciət edirdilər. Hətta nağıl, əsatir, lətifələr oxumaq istəyən kiçik yaş qrupuna aid oxucularımız da var idi”. Təəssüf ki, pandemiya dövrü bütün sahələrə təsir etdiyindən, kitabxanaların da oxucularını azaldıb. Oxucuların bir qismi isə virtual məkana köçüb. Oxucuların kitabdan təmasının qırılmaması üçün kitabxanalar bu tip layihələr həyata keçirməyə başlayıb: "Əlbəttə, bizim bütün layihələr oxucular tərəfindən hər zaman maraqla qarşılanır. Bunun üçün kitabxananın bütün əməkdaşları səy göstərir və çalışırlar. Karantin dönəmində bir çox müxtəlif səpgili işlər görülür və kitabxananın "facebook” və "instaqram” səhifələrində işıqlandırılır.  Bizim səhifələrdə Qarabağ, vətənpərvərlik mövzuları, şəhidlərimiz haqqında əməkdaşlarımızın hazırladığı maraqlı video-çarxlar, ucadan oxu, nağıl saatları təşkil olunur. Vəziyyətlə əlaqədar "Qarabağlılar” adlı layihəmizə start verilib. Bundan qabaq "Mənim sevimli kitab rəfim” adlı müsabiqə elan etmişdik və qalib oxucuya kitab hədiyyə etdik”. Ş.Babaşova bildirir ki, kitabxananın səhifələrində tövsiyə olunan kitablar haqqında məlumat yerləşdirilir ki, bu da oxucularda maraq oyadır: "Onlar mövzu ilə bağlı araşdırmalar aparır, həmin kitabları əldə etmək üçün onlayn müraciətlər edirlər”. "Hər gün bir kitab oxu” layihəsi çərçivəsində təqdim olunan əsərlərə gəlincə, Ş.Babaşova kitabları kateqoriyaya bölməyin tərəfdarı deyil: "Çünki hər bir şəxsin öz kitab seçimi və zövqü olur. Sadəcə, gənclərdə müsbət keyfiyyətlərin formalaşması, mütaliə vərdişlərinin və səlist nitq qabiliyyətinin inkişafı üçün onlara vətənpərvərlik mövzusunda, tarixi və bədii  kitabları oxumağı məsləhət görərdim”.
 
Əsas vəzifə - oxucuya xidmət
 
Baş kitabxanaçı Aynur Haçıyevanın sözlərinə görə, kitabxanaçılar pandemiya dövründə kitabxana işini onlayn rejimə keçirərək əsas vəzifələrini - oxucuya  xidməti yerinə yetirirlər: "Kitabxanaçının vəzifəsi oxucunu kitabxanaya cəlb etmək, mütaliəyə marağını artırmaq, onun dünyagörüşünün inkişafında fəal iştirak etməkdir: "Hesab edirəm ki, bu işdə biz bütün üsullardan istifadə etməliyik. Köhnə, klassik metodlarla yanaşı, müasir zamanın yaratdığı imkanlardan da istifadə etməyə çalışırıq. Bunun üçün əməkdaşlarımız sosial şəbəkələrdə mütəmadi olaraq maarifləndirici paylaşımlar edir, yeni layihələrə start verirlər”. Kitabxanaşı qeyd edir ki, karantin dövründən əvvəl də kitabxananın oxucuları kitaba maraqları ilə fərqləniblər: "Bu işdə bir kitabxanaçı kimi  bizim də  əməyimiz az deyil. Kitabxanamız yeniliyə hər zaman açıqdır  və çalışmışıq ki, istifadəçilərimiz kitabxana həyatında fəal iştirak etsinlər. Hər zaman oxucularımızın qarşısına yeni maraqlı layihələrlə çıxmışıq. "Asılmış kitab”, "Naməlum kitabla görüş”, "Sevimli kitabım...”, "Balaca oxucunun poçt qutusu” bu və digər tədbirlərimiz  maraqla qarşılanıb”. "Hər günə bir kitab” layihəsi də oxucularda mütaliəyə marağı artırmaq məqsədi güdür. Layihənin əsas məqsədi karantin günlərində oxucuların kitabxanalara getməsində məhdudiyyət olduğuna görə, istifadəçilərin kitaba olan maraqlarının itməməsi üçün çalışmaqdır. Bunun üçün əməkdaşlarımız  hər gün yeni bir  kitab tövsiyə edirlər. Kitab haqqında məlumatla yanaşı, onun pdf  və ya audio formatında olan surətini yükləmək üçün linklər də əlavə edirik. Uşaqlar üçün nəzərdə tutulan  kitaba aid olan cizgi filmlərinin və ya kitab əsasında çəkilən bədii filmlərin linklərin yerləşdiririk. Biz bununla izləyiciyə əvvəlcə kitabı oxumaq, sonra isə filmlə onu müqayisə etməyi təklif edirik”. A.Hacıyeva deyir ki, həmçinin kitabxanada 2018-ci ilin avqust ayından virtual abonement xidməti fəaliyyət göstərir. Belə ki, oxucular sabailabonement.az@mail.ru ünvanına yaşayış yerindən ayrılmadan, məsafədən sifariş verərək, istənilən mövzuda dərslik, dərs vəsaiti, monoqrafiyalar, qəzet və jurnal məqalələrinin elektron versiyalarını əldə edə bilirlər. Ktabxanaçıların oxuculara tövsiyə etdiyi ədəbiyyata gəlincə, A.Hacıyeva bildirir ki, oxucular müxtəlif sahələrdə çalışan, bütün yaş təbəqələrindən olduğu üçün onların zövqləri nəzərə alınır: "Bu baxımdan tövsiyə etdiyimiz kitablar hər hansı bir konkret sahəyə aid olmur, bütün sahələri  əhatə edir”. Kitabxanaçının fikrincə, bu tip layihəlır oxucularda kitaba marağı nəinki qoruyub saxlaya, hətta artıra bilər: "Kitabxanaçının məqsədi - oxucunu kitabxanaya cəlb etmək, onların mütaliəyə marağını artırmaq, onun dünyagörüşünün inkişafında fəal iştirak etməkdir. Bu işdə biz bütün üsullardan istifadə etməliyik. Köhnə, klassik metodlarla yanaşı, müasir zamanın yaratdığı imkanlardan da istifadə etməyə çalışırıq”.
Kitabxanaçının sözlərinə görə, oxucular arasında layihəyə böyük maraq var. "Biz bu marağın hər gün şahidi oluruq.  Çox sevindirici haldır ki, səhifəmizin izləyiciləri heç bir   paylaşımı gözdən qaçırmır, rəylərini bildirirlər. Bizim fəal, sadiq oxucularımız, rəylərində kitabxana üçün darıxdıqlarını yazır, tezliklə doğma kitabxananın onlar üçün qapılarını yenidən açmasını gözləyirlər. Belə qeyd edək ki, bizm onlayn fəaliyyətimiz onlar üçün bir növ sevimli məkanla təmas deməkdir”.
 
Təranə Məhərrəmova