• çərşənbə axşamı, 10 dekabr, 15:06
  • Baku Bakı 7°C

Ədəbi mənbələr və paralellər

30.08.20 13:30 5804
Ədəbi mənbələr və paralellər
(L.Feyxtvangerin "Yəhudi Züs” romanı)
Vürtemberqli maliyyə məsləhətçisi İosif Züs Oppenheymerin adı tarixşünaslıq elminə yaxşı tanışdır. Hələ 1738-ci ildə Züsün ölümündən sonra onun qısa həyat hekayəsi ortaya çıxdı. XIX əsrdə Züs haqqında daha iki bioqrafik oçerk işıq üzü gördü. Beləliklə, bu tarixi fiqurla tanışlıq üçün kifayət sayda material vardı. Əlbəttə ki, tarixi roman müəllifi bu və ya digər tarixi simanı protokol dəqiqliyi ilə canlandırmaq məcburiyyətində deyil. Feyxtvanger Züsün həqiqi simasını dəyişdirsə də, şəxsi fikirlərini həyata keçirməyə mane olmayan yerlərdə bioqrafik əsası hətta xırdalıqlara qədər qoruyub saxlamağa çalışmışdır.
Züs hələ Feyxtvangerə qədər də poetik emal predmetinə çevrilmişdi. Alman romantiki Vilhelm Hauffun əsərləri arasında "Jud Suss” povesti var. Milli ruhda yaranmış bu povestlə Feyxtvangerin romanı arasında həm süjet xəttində, həm də obrazın təfsirində uyğunluğun olduqca az olmasına baxmayaraq, Hauffun povestində bir əhəmiyyətsiz motiv povestin Feyxtvangerə tanış olduğunu düşünməyə imkan yaradır. Çünki onun romanında həmin motiv olduqca mühüm rol oynayır.
V.Hauffun povestində Züsün bacısı Leya Qustava şikayət edir ki, qardaşı onu evdə dustaq kimi saxlayır, heç bir yerə getməsinə icazə vermir, hətta öz şəxsi evinə gələn qonaqların da qarşısında görünməyə qoymur. Leya qardaşından bu rejimi yumşaltmağı xahiş etdikdə isə o, kədərlə deyir ki, "bacısının yəhudi xalqından aralanmasını istəmir; Leya atalarının Tanrısına yalvarmalıdı ki, onun namusunu və paklığını qorusun, onun ruhu isə qardaşının ruhunun pak qurbanına çevrilsin”. Namus və ataların Tanrısına sədaqətdən bəhs edən bu hissəyə müəllif bir də geri qayıtmır.
Haufun Züsünün məhz bu kədərli anı Feyxtvangerdə mürəkkəb daxili əzablarla uyğunlaşır. Züsün xilası üçün lövbərə çevriləcək bacısı Feyxtvangerdə qeyri-adi varlığa, müqəddəs torpaqda yetişmiş ekzotik çiçəyə çevrilir.
Züsün siyasi və şəxsi həyatı sözügedən povestdə əhatəli şəkildə təqdim edilmir, obrazın emosional cizgiləri isə kifayət qədər rənglidir. Hauffun Züsünün portreti olduqca dəqiq, çöhrəsində rəğbət yaratmağı bacaran, bəzən olduqca gözəl görünən cizgilərinin cazibədarlığını və hətta alicənablığını gizlətmədən qələmə alınıb. Dodaqlarındakı ümumi xoş mənzərəni pozmayan və bir çox insanlarda dəhşətli təəssürat yaradan mənfur ifadə olmasaydı, ilk baxışda Züsün xeyirxahlıq simvolu olduğu qənaətinə gəlmək olardı.
Feyxtvanger süjet vəziyyətlərini uydurmağı xoşlamır. O, tarixi romanlarda ya vaxt silsiləsinə əsaslanır, ya da xarakterlərin psixoloji təkmilləşməsini və nəzəriyyələrin tərtib edilməsini özündə saxlamaqla digər əsərlərin sxemlərindən yararlanmağa çalışır.
"Yəhudi Züs” romanının ideya-fəlsəfi mənası hər şeydən əvvəl əsas qəhrəmanın timsalında nəzərə çarpır, elə bu səbəbdən də o, analizin əsas predmetidir.
Züs obrazı ikili, mürəkkəb və ziddiyyətlidir. Biz onu elə romanın əvvəlindən bu cür tanıyırıq, amma ondakı ziddiyyət dərhal üzə çıxmır. Bir tərəfdən Züss hakimiyyətə və pula hərisdir, bütün mümkün vasitələrlə şöhrətə və uğura çata bilir. Öz niyyətlərini həyata keçirmək üçün heç bir maneədən çəkinmir. Onun anlayışına görə bütün vasitələrdən istifadə etmək olar. Züs bəd əməllər həyata keçirmək üçün pul kəsir, cavahirat alveri edir, hersoqla birlikdə dövlətin pullarını talamaq üçün əhaliyə sonsuz cərimələr yükləyir.
Amma Züsün qəlbinin dərinliyində insan gözlərindən kənar, onun gerçək mahiyyətini təşkil edən "gizlinlər” də var. Onu digər insanlardan gizlətməyə çalışan Züs özü həmin yerə çox nadir hallarda nəzər salır. Vaxtsız vəfat edən, "həyatının işığına çevrilmiş” sevgili arvadının xatirəsi də həmin "gizli tərəf”ə daxildir. Züs qızı Naeminin anası olan bu qadına qarşı dərin hissi özü üçün seçdiyi yolu rahat getməyə mane olan uyğunsuz nəsnə kimi özündən də, bütün dünyadan da gizlədirdi. Qızı Naemi də Züs üçün məhrəm, müqəddəs idi – Züs onu dolaşdığı cəmiyyətin yalan və şərtlərindən çox uzaqda qalan varlıq adlandırırdı. Bax, məhz buna görə də Züs həm qızına qarşı hisslərini, həm də Naeminin özünü insanlardan (elə özündən də) gizlədir,çünki o və qızı iki fərqli dünyadır. Züs təkcə həyat səhnəsində taxdığı aktyor maskasını çıxararaq özü ilə qorxulu tet-a-tet vəziyyətində qaldıqda qızı ilə ünsiyyət saxlayır.
Züsün xristian aristokrat mənşəyinin aşkarlanması onun üçün daha ciddi sınaq olur. Məlum olur ki, onun atası naməlum kontor (katolik kilsəsində və yəhudi məbədində dini mahnılar oxuyan şəxs – X.N.) və aktyor Zaxari Züss deyil, baron və feldmarşal, alman cəngavər ordeninin komandoru Georq Eberqard fon Heydersdorf olmuşdur. Bu kəşf qəhrəmanın taleyini, cəmiyyətdəki nüfuzunu, insanların ona qarşı münasibətini kökündən dəyişərdi. O, nifrət edilən şəxsdən hər kəsin hörmət etdiyi, xalqın qələbə çalmış qəhrəmanının oğluna çevrilə bilərdi. O, çox asanlıqla və maneəsiz şəkildə yüksək rəsmi mövqe tuta bilərdi, çünki konstitusiyaya görə buna haqqı çatırdı. Amma tamah onun dünyaya gəlişinin sirrini açan nəaliyyətlərdən istifadə etməkdən daha nəhəng idi. Yenə də daxildə baş verən gərgin mübarizə hər kəsi "uğrunda” və "qarşı” cəbhələrinə bölürdü. Qərar qəbul edilmişdi. Züs yəhudi olaraq qalmağa, alçalmış və təhqir edilmişlərdən olmağa razılaşır ki, "Edomun qarşısında İudanın nümayəndəsi olsun, müdafiəçi və qisasçı kimi tanınsın”. (Edom – Yakubun böyük qardaşı İsav nəzərdə tutulur – X.N.)
Züs xristian-aristokratın oğlu olmaq cazibəsindən imtina edərək sirrini gizlətməyə müvəffəq olur. Bu, öz üzərində qəti qələbə idi. Qabriel Züsün başqalaşması qərarından heyrətə gəlir. "Rabbi Qabriel onun əlindən tutdu, üzünə baxdı. Qarşısında natəmiz, yalançı, nadürüst birisi dayanmışdı. Onun iç üzü isə fərqli idi. Dərinin, ətin, sümüyün arxasında ilk dəfə işıq gördü”.
Züs öz fəaliyyətini məhdudlaşdırmağa çalışır, katolik sözləşmədən uzaqlaşır, amma tam yenilənmə üçün daha bir güclü sarsıntı keçirmək gərəkli idi. Züsün həyatındakı bu cür sarsıntılı hadisə qızı Naeminin ölümü olur. Ancaq indi Züs üzündəki "hoqqabaz” maskasını həmişəlik çıxarır və müəllifin fikrincə özü olur. Qızının itkisi ilə birlikdə Züs hakimiyyət, uğur hərisliyini də itirir. Züs başa düşür ki, "onun yolu düzgün deyildi. Düşündüyü, həyata keçirdiyi, can atdığı hər şey – hersoqla mübarizəsi, bütün süni parıltısı və təntənəsi yalan, özünüaldatma idi”. Naeminin ölümünə görə Karl-Aleksandrdan intiqam almaq da saxta idi. Yeni fikirlər, yeni dünyagörüşü Züsə bütünlüklə yiyələnir.
Beləliklə də Züsün bütün maraqları, arzuları, insani ümidləri, həm də həyatın özündən yüksəkdə dayanması onun bu yeni vəziyyəti ilə izah olunur. Elə Züsün özünün həbs olunmasını təklif etməsi də məhz bununla əlaqədardır. Bu yolla özünü təslim etdiyi şəxslərə nifrətini ifadə edirdi.
Züs artıq "həyat nizamsızlığının digər tərəfindədir və nə hersoq, nə imperator, nə məhkəmə onu qorxutmur”. Züs başa düşür ki, həyat elə "fani, heç və puçdur”, ona görə mübarizə aparmağa dəyməz. Həyat artıq onun üçün əvvəlki mənanı kəsb etmir. Bu, varlığın sakit seyrçiliyidi. Züs həyata bağlılığını da bu cür ifadə edir: "O, xaricə gedib hansısa böyük gölün və ya dənizin sahilində məskən salacaq, hansısa kiçik, sakit bir yerdə, əmin-amanlıq şəraitində yaşayacaq. Özü ilə bir neçə kitab götürəcək, bəlkə də, buna heç gərək olmayacaq. Tezliklə isə yaddan çıxacaq və onun özü, adı, yaxşı və pis əməlləri haqqında ancaq təhrif edilmiş, etibarsız mənasız söz-söhbət qalacaq. Sonda qalan isə ancaq heç bir məna ifadə etməyən, mənasız hərflər birləşməsi olan ad olacaq. Sonra o da susacaq və ancaq Ali dünyadakı nəhəng, parıltılı səssizlik, yüngül buxarlanma və yüngül işıq qalacaq.”
Beləcə Züs hər şeyə hansısa fərqli dünyadan baxmağa başlayır. O, inkişafın tam dövrünü keçir – fırtınalı fəaliyyətdən rahatlığa, mübarizədən barışığa, həyatın təsdiqindən inkarına doğru.
İlk baxışda romanda təsvir edilən insan taleyi təsadüfi görünür, Züs isə hansısa ümumi məcburi qərarlar qəbul etməyəcək qədər fərqli obrazdır. Amma Feyxtvanger romanının əsasında fəaliyyətdən məhrum olan insanın həyat yolunu göstərmək ideyası dayandığını bəyan edir. Bu ideyanın həyata keçməsi üçün Züs obrazını yaratması isə bizi müəllifi maraqlandıran tarixi bənzərsizliklərin deyil, hansısa ümumi sosial hadisələrin olduğuna əmin edir.
Züs obrazı taleyinin istisna olmadığına baxmayaraq, Feyxtvangerin nə əvvəlki nə də sonrakı əsərlərindəki digər personajları arasında tənha görünmür. Məsələn, "Eybəcər hersoginya” əsəri barədəki yazıda görkəmli insanın həyatını müəllif tamamilə bədbin vəziyyətdə gözdən keçirir – faydalı ictimai fəaliyyət uğurlu alınmır. Marqarita şəhərlər, dövlət, tərəqqi üçün çalışır, amma uğur əldə edə bilmir – onu fəaliyyət meydanından getməyə məcbur edirlər. Burada isə yəhudi Züs öz mənafeyi üçün uğur əldə etmək fikrinə düşür və buna müvəffəq olur. Amma xalqın, dövlətin, tərəqqinin ziyanına çalışdığı üçün sonunda o özü məyus olaraq könüllü şəkildə bu uğurdan imtina edir. "Eybəcər hersoginya”dakı kədərli dilemma faydalı, amma şəxsi məmnunluğu olmadan, ağıllı fəaliyyəti istisna etməyən hadisədir.
Züs obrazı isə sözsüz ki, realistdir. O, idarəetmənin bütün iplərini öz əlində tutan, hakimiyyətindən şəxsi maraqları və xalqın ziyanına istifadə edən müvəqqəti qüdrət sahibini təcəssüm etdirir. Züsün niyyəti bədii cəhətdən aydın və qabarıq nəzərə çatdırılır. Gözəl geyinmiş Züsü Karl-Aleksandr soyuq su ilə dolu çəlləyə salmağı əmr etdikdə o, "feldmarşal əleyhinə xüsusi inciklik” duymur, çünki "dünyanın böyüklərinin çoxsaylı fantaziyaları olur”. Bu səhnə həm səfeh şahzadəyə, həm də bütün vasitələrlə – yaltaqlıq, alçaqlıq, hiyləgərlik və öz xeyrini güdən itaətkarlıqla uğur qazana bilən Züsə münasibətdə bizə olduqca koloritli və həqiqi görünür. Nəticədə Züs onu sevən qızı şəhvətpərəst hersoqa verməklə Maqdalen Sibillaya xəyanət edir, əvvəlki hadisədə onu qarşıda gözləyən hakimiyyət və zənginliyə görə qürurunu qurban verdiyi kimi istəyini də qurban verir.
Amma müəllif Züsün romana daxil olan yeni fiqurlarla əlaqədar meydana gələn iki tendensiyasını təsvir etdiyi üçün onun tarixi obrazı hər dəfə təhrif olunur. Əvvəla o, şöhrətpərəstlik azarına tutulmuş Züsün yəhudiliklə mistik əlaqəsini qurur. Bu tendensiya açıq-aşkar millətçiliklə bağlıdır, çünki o, iqtisadi və siyasi vəziyyətindən asılı olmadan bütün yəhudilərin birliyinə çalışır. Züs özlüyündə "parçalanmış düşüncə”yə malikdir, həm də o, "gizlinindəki mən”ə müraciət etdiyi zaman özündən yüksəyə qalxır, nəcibləşir, daha yaxşı olur. Təsvirin realizmini kiçildən aşkar şəkildə saxta fikirdi.
İkinci tendensiya Züsün heç bir tarixi əsası olmayan, XVIII əsrin heç bir sosial şərtləri ilə uyğunlaşmayan fəaliyyətindən məhrum edilməsinin əlavəsidir. Bu nəzəriyyə müəllifin etirafına əsasən müasirliyə istinad edir. O, XX əsrdə yaradıldığı üçün digər nümunələrdə də nəzərə çatdırıla bilərdi.
"Yəhudi Züs” romanının necə yaranması və müəllifin qarşısında hansı tapşırıqları qoyması haqqında isə Feyxtvanger yazıçıların Paris konqresində özü danışmışdı: "Bir neçə il əvvəl mən hadisədən boşluğa, fəaliyyətdən düşüncəyə doğru irəliləyən insanın yolunu təsvir etmək istəyirdim. Bu ideyanın həyata keçməsi üçün mən bir müasir fiqurun təkamülündən istifadə edə bilərdim: Valter Ratenaunun. Amma bu cəhd alınmadı. Bu səbəbdən də mən süjeti iki əsr əvvələ çəkib yəhudi Züs Oppenheymerin həyat yolunu təsvir edərək öz məqsədimə daha yaxın oldum”.
Amma bütün bu süjet fəsadları və psixoloji motivləşmələr oxucunu əmin etmir. Bizə Züsün həqiqətən də yenilənməsinə, yeni mənəvi keyfiyyətlər qazanmasına inanmaq çətindir. Dəyərlərin bu cür yenidən qiymətləndirilməsinə xidmət edən meylləri tapa bilmirik. Hər şeydən çox Züsün həyatının sonuncu fazasında uzaqgörənlik daha çoxdur. Züs yenilənmədən əvvəl nə qədər düzgün deyildisə, dünyagörüşünün yenilənməsindən sonra o qədər inandırıcı və anlaşılan deyil.
Bu yenilənmə ilə əlaqədar olaraq Feyxtvanger romana kabbala falına baxan (sehrbazlıqla əlaqədar olub yəhudilər arasında yayılmış mistik nəzəriyyə – X.N.) Qabrieli əlavə edir. Öncəgörənlərə inam zamanın ruhuna uyğun idi. Feyxtvanger Qabriel personajından əsas qəhrəmanın daha yaxşı işıqlandırılması üçün köməkçi obraz kimi istifadə edir. Züslə Qabriel qohumdurlar, amma onların arasında hansısa qarşılıqlı əlaqə bağı da yaranıb. Sehrbaz Qabriel – bu "sirli və həssas adam”, Züsün "parıltı, səs-küy və qadınlarla” dolu həyatını əvvəldən sona qədər saxta hesab edirdi. Züsü tam dəyişməyə səsləyən də o idi. "Əgər sən bu həyatdan və işlərindən uzaqlaşıb getsəydin, yaxşı olardı. Sən sahildə, sakitlikdə olduqda görəcəksən ki, sənin boşluqdakı bütün bu fırtınalı qaynamağın sadəcə mənasız şəlalədir”. Qabriel Züsə həm hakimiyyətdən, həm də mənasız hədəflərindən imtina edənə qədər kəskin münasibət bəsləyirdi.
Romanın sonucu kitabı "Edam” mənəvi cəhətdən yenilənmiş Züsə həsr edilir. Həbs edilmiş, zavallı, soluxmuş, tanınmaz hala gəlmiş Züs yeni güc, əminlik və daxili əzablarının üstünlüyünün anlamını əldə edir. "O, sakit, qaneedici, sanki mühafizə edilmiş rahatlıq vəziyyətində idi. O, sanki pambıqla bələnmişdi və kənardakı heç bir şey ona toxuna bilməzdi”.
Romanın sonuncu kitabı Züsün mədhiyyəsinə uyğun yazılıb. Onun həbsxanaya salınması, ravvinlərin ziyarəti, monastırdan gətirilən sonuncu yemək, kütlənin məhbusu döyməsi və təhqir etməsi – bütün bu səhnələr oxucunun romanın qəhrəmanına mərhəmət hissi yaratması üçün düşünülmüşdür.
İvan Trifonoviç İzotov
Rus dilindən tərcümə edən: Xatirə Nurgül
banner

Oxşar Xəbərlər