• çərşənbə axşamı, 10 dekabr, 16:38
  • Baku Bakı 7°C

Bertolt Brextin “Kuraj ana və onun uşaqları” pyesində müharibə əleyhinə motivlər

24.08.20 16:00 6494
Bertolt Brextin “Kuraj ana və onun uşaqları” pyesində müharibə əleyhinə motivlər
XX əsrdə müharibə mövzusuna bir çox yazıçı müraciət edib. Onların arasında müharibəni öz yaradıcılığında müzakirə edən bir çox məşhur imzalar var, amma Bertolt Brextin əsərlərində müharibə əleyhinə motivlər xüsusi yer tutur. Onun tərcümeyi-halından məlum olur ki, müharibə əleyhinə mövzuya hələ gimnaziyada təhsil aldığı zamanlarda müraciət etmişdir. Yazıçıya məşhurluq gətirən ilk əsərlərindən biri 1918-ci ildə yazılmış "Ölmüş əsgər haqqında əfsanə” satirik əsəridir, lakin sonralar həmin əsərə görə faşist hakimiyyəti B.Brexti alman vətəndaşlığından məhrum etmişdir.
V.İ.Kuzmenkonun redaktəsi ilə nəşr edilmiş "XX əsr ədəbiyyatı tarixi” dərsliyində qeyd edilir: "B.Brextin pyesləri bu gün də qeyri-adi dərəcədə aktualdır. Onlardan bəziləri oxucunu müharibədən mənfəət əldə etməyin mümkün olmadığı, amma Kuraj ana kimi övladlarını itirmək riskinin varlığı barədə xəbərdar edir”. Onun ən məşhur və populyar əsərlərindən biri olan "Kuraj ana və onun uşaqları” pyesi məhz bu mövzuya həsr edilib. Bertolt Brextin hərbi hadisələr barədə yazdıqları şayiələrə əsaslanmırdı, çünki o, 1918-ci ildə 20 yaşında hərbi xidmətə səfərbər edilmiş və hospitalda sanitar olaraq çalışmışdır.
"Kuraj ana və onun uşaqları” pyesi 1939-cu ildə ikinci dünya müharibəsinin təhlükələri barədə insanlara xəbərdarlıq qismində qələmə alınmışdır. XXI əsrin başlanğıcında bu pyesin bu qədər aktual olacağı heç kimin ağlına gələ bilməzdi. Əsəri elə indiki dövrdə də xəbərdarlıq kimi qəbul etmək olar, çünki bizim günlərimizdə də analar öz övladlarını itirir, bu gün də "kimlərsə” müharibədə pul qazanmağa çalışır. Dramaturq ümid edirdi ki, oxucuların vicdanını oyadaraq onları "dövrün lənətli hesab edilən məsələləri” üzərində düşünməyə məcbur edəcək, sonunda isə oxucu müharibənin insanlığa bəla gətirdiyini anlamalı və başa düşməli olacaq.
Əsər Otuz İllik müharibədəki hadisələr barədə yazılıb. Amma burada tarixi keçmişin hadisələri deyil, həmin dövrlər üçün aktual olan adi insanların tarix qarşısında məsuliyyəti məsələsi ön plana çəkilib.
Pyesin əsas qəhrəmanı ticarətlə məşğul olan Kuraj ləqəbli Anna Firlinqdir. Anna öz furqonu ilə əsgərləri daşıyır. Müharibə onun qazanc yerinə çevrilib. Onun gəliri müharibənin baş verib-verməyəcəyindən asılıdır. Baş verən dəhşətli itkilər də (axı müharibə ananın üç uşağını – iki oğlu və bir qızını əlindən almışdır), müharibənin onun "çörək ağacı” olduğu düşüncəsini dəyişməmişdi. "Qadının günahı və bəlası ondadır ki, o, müharibədə ölüm mənbəyi deyil, həyat görürdü. Yenidən ticarətə başlamaq zamanıdır!”. Kuraj ana üçün müharibə bəla deyil, özünəməxsus biznesdir. Hərbi əməliyyatların bitməməsi ona sərf edir. "Kuraj müharibəyə axıra qədər inanır” – deyə Bertolt Brext pyesə yazdığı izahlarda qeyd edirdi. Kuraj ananın uşaqları üçün yaşamasına, onların uğrunda bu işlə məşğul olmasına baxmayaraq, hətta uşaqlarının ölümü də onun müharibəyə münasibətini dəyişmir. O, istəmədən də olsa onların məhv olmasına səbəb olduğunu başa düşmür: axı müharibə zamanı normal insan həyatı yaşamaq mümkün deyil.
Kuraj ana müharibənin qəddar ruhunun məhsuludur. O, öz uşaqları ilə birlikdə furqona yığdığı yüklə cəbhəyə yollanır. Döyüşdə kimin qalib gəlməsindən asılı olmayaraq ticarətçi qadın xeyir əldə edəcəkdir. Kimin üçünsə bədbəxtlik olan müharibə onun üçün mənfəətdir. O, əsgərlərə və ya hərbçilərə nəyin gərəkli olduğunu dəqiq nəzərə alır, ehtiyac duyulan hər bir şey həmişə əlinin altında tapılır, gah ac komandirə çörək parçası, gah da düşməndən qorunmaq üçün heç bir vasitəsi qalmayan əsgərlərə patron satır.
Şveyserkas Kuraj ananın oğullarından biridir. O, alayın kassasını xilas edərkən qəhrəman kimi həlak olur. Şveyserkas doğru bildiyi işi görür. Amma onun qardaşı Eylif əmin-amanlıq günlərində soyğunçuluqla məşğul olmağı normal hal hesab edir, elə onun həlak olmasının səbəbi də bu olur. Qəhrəmancasına və rüsvayçılıqla baş verən bu iki ölüm halı – eyni hadisənin müxtəlif tərəfləridir. Kurajın qızı Katrinin vəziyyəti daha da çətin idi. Böyüyüb yaşadığı mühitə baxmayaraq o, müharibənin cinayət olduğunu başa düşür. Amma Katrin laldır. Öz mövqeyini hərəkətləri ilə göstərməyi bacarsa da, vəziyyəti sözlər vasitəsilə heç kimə izah edə bilmir. Onunlallığı simvolikdir: müharibə ilə yaşamağa çalışanlar bunun, əslində, necə bir qorxu olduğunu ağıllarına da gətirə bilməzlər. Kuraj ana al-ver edərkən Qalle yaxınlığında şəhəri məhv etmək gücündə olan şəxslər peyda olur və Katrin şəhərin sakinlərinin yuxudan oyanmaları üçün təbil çalır. Qızının ölümündən sonra Kuraj ana üçün həyat öz mənasını tamamilə itirir. Bəs o, nə edir? Yenidən furqona əyləşərək əsgərlərin ardınca yollanır.
Kurajın uşaqlarının taleyini təsvir edərkən dramaturq insanlığın müharibə şəraitində ortaya çıxan mahiyyətini göstərir. Eylif insanların əlindən mal-qaranı aldıqda cəsurluğun qəddarlığa çevrildiyi məlum olur. Şveyserkas pulları öz həyatı bahasına gizlətdikdə onun səfehliyinə təəccüblənməmək mümkün deyil. Katrinin lallığı köməksiz xeyirxahlığın alleqoriyası kimi qəbul edilir. Dramaturq oxucunu müasir dünyada xeyirxahların dəyişməli olduqları barədə düşünməyə vadar edir.
Eylifin, Şveyserkasın və Katrinin məhv olmuş talelərinə görə müəllif ananı günahkar bilir. Təsadüfi deyil ki, dramda onların həlakı Kurajın kommersiya işləri ilə əlaqələndirilir. O, "iş adamı” kimi pul qazanmağa çalışarkən hər dəfə uşaqlarını itirir. Özü də Kurajın sadəcə gəlir məqsədi güddüyünü hesab etmək yanlış olardı. O, olduqca koloritli şəxsiyyətdir, hətta cazibədar da hesab edilə bilər. Bertolt Brextin ilk əsərləri üçün xarakterik olan ədəbsizlik onda itaətsizliklə, praqmatiklik fərasətlə və sərbəstliklə, varlanmaq ehtirası isə ana məhəbbətinin gücü ilə birləşir.
Tamaşaçıya müraciət formasında olan nəğmə-monoloqlarda Bertolt Brext hadisələrə müəyyən yekunlar vurur. Bu cür nəğmələrdən birində Anna Firlinqin həyat fəlsəfəsi qeyd edilib: "Hey, xristianlar! Qar yağır! Ölülər rahatlıq tapır. Yıxılmayan isə qalxır ki, müharibəyə yollansın”. Nəyisə dəyişə bilmək bacarığına inamın olmaması "balaca adamı” vəziyyətə uyğunlaşmağa məcbur edir.
Bu hadisə konkret olaraq müharibədə mənfəət axtarmaq yolunun ancaq faciəyə apardığını göstərir. Əsas qəhrəmanın fəlsəfəsi Kuraj ananı faciəvi nəticəyə doğru aparır. Bertolt Brext "Kuraj ana və onun uşaqları” pyesində hər şeydən əvvəl elə müharibənin əleyhinə xəbərdarlıq edir. Kuraj ananın taleyi əksər almanların faşist Almaniyasında məruz qaldıqları nəticələrin ümumiləşdirilmiş obrazına çevrilir.
Bertolt Brext tamaşaçıların pyesdə təsvir edilən hadisələrə öz mövqeyini müyyənləşdirməli və onları müasirliyə uyğunlaşdırmalı olduqları düşüncəsindədir. Kuraj ana öz faciəsindən heç bir nəticə çıxarmır – bunu məhz tamaşaçılar etməlidir. O, kor olaraq qalır, amma digər insanların gözləri problemə açılır. Elə Brextin yenilikçi "epik teatr” ideyası da buna əsaslanır ("Epik teatr” – dramaturq və rejissor Bertolt Brextin dünya dramatik teatrına əsaslı təsir göstərən teatral nəzəriyyəsi – X.N.).
Onun taleyinin tamaşaçılarda emosiya yaratması aktivliyi artırır. Kuraj son sətirlərdə çağırış edir: "Sağ qalan, nəfəs alan hər kəs yola düşməyə hazırlaşsın”, amma pyesdəki hadisələri izləyən insanlar üçün bu çağırış əks istək yaradır: yola düşməmək, müharibəyə isə sadəcə "Yox!” demək. Bu gün Bertolt Brextin "Kuraj ana və onun uşaqları” pyesini mütaliə edən oxucu müharibədə baş verən dəhşətli hadisələr, savaşın kimə xeyir gətirdiyi və ondan kimlərin əzab çəkdiyi barədə düşünür.
Otuz illik müharibə XVII əsrdə baş vermişdi, amma yazıçı həmin illərlə XX əsr arasında paralellər aparır. Biz isə öz növbəmizdə XX və XXI əsrləri arasında müqayisə edirik. Müharibə əmin-amanlıq şəraitində yaşayan şəhərlərə, kəndlərə bədbəxtlik gətirir. İnsanların necə həlak olmasının fərqi yoxdur: döyüşçü qılıncı ilə, yoxsa hava bombası ilə. Müharibə hər zaman insanlığa düşmən olan ünsürdür. Amma bundan mənfəət güdən insanlar həmişə tapılır. Hər bir müharibənin isə başlanğıcı və sonu var.
Hətta otuz illik müharibələr də nə zamansa bitir. Lakin sülh bərqərar olana kimi minlərlə ailə çörək qazanan üzvünü – ailə başçısını itirir, analar həlak olan oğullarının yasını saxlayır. Bertolt Brext öncəgörənlik edərək insanlığı yalan ideyalardan mühafizə edir, müharibənin dəhşətli tərəflərini göstərir, axı müharibə şəraitində yaşamağı düşünən kəs əvəzində bir çox şeyləri itirməlidir. Bu itki insan həyatıdır. Beləliklə, Bertolt Brext satıcı Anna Firliniqin-Kuraj ananın həyat hekayəsini qələmə alaraq müharibə ilə xeyirxahlıq, savaş ilə həyatın özünün uyğunsuzluğu barədə fikirlərini ifadə edir.

Natalya Çernış
Rus dilindən tərcümə edən: Xatirə Nurgül
banner

Oxşar Xəbərlər