Milli ruh oyaq olanda
"Bu
günlərin yüksək döyüş əhval-ruhiyyəsi öz poetik ifadəsini tapmalıdır”
Tovuz rayonu istiqamətində baş verən hadisələr,
əsgər və zabitlərimizin şəhid olması xalqımızın milli ruhunun oyaq olduğunu,
düşmən işğalında olan torpaqlarımızı hər an azad etməyə hazır olduqlarını bir
daha sübut etdi. Sərhəddə baş verənlər dünənə qədər səslənən "bu xalq müharibəyə
hazır deyil”, "heç kim vuruşmaq istəmir”, "Qarabağ yaddan çıxıb” kimi fikirləri
alt-üst etdi. İnsanlarımız "Qarabağ bizimdir, bizim olacaq” şüarları ilə küçələrə
çıxdılar. Dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılar da onlara səs
verdi. Bugünədək ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
çağırışına səs verən 8500-ə yaxın vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin aparatına, yerli idarə, şöbə və bölmələrinə gələrək
könüllü olaraq orduda xidmət etmək arzularını ifadə ediblər. Onlar müvafiq
formada qeydiyyata alınıblar.
Hesab edilir ki, böyüyən nəslin milli vətənpərvərlik ruhunda maariflənməsi əsas ideoloji istiqamətlərdən olmalıdır. Belə ki, milli ruh oyaq olanda, düşmən üzərində hər an qələbə qazanmaq mümkündür.
Xalqın milli ruhu heç vaxt ölməz
Yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlı xalqda həmişə
milli ruhun olduğunu deyir: "Hətta sovet repressiyası, totalitarizm dövründə
belə o ruh ölməmişdi, közərir, korun-korun yaranırdı. Milli ruhun özünü göstərməsi
üçün tarixi şərait, həm də tutarlı səbəb lazımdır. 80-ci illərin axırı - 90-cı
illərin əvvəllərində öz qələbə əzmi, təcavüzkara nifrətilə dünyanı lərzəyə salan
xalqın milli ruhu heç vaxt ölməz. Son hadisələr bir daha bunu göstərdi”. Yazıçının
fikrincə, bu ruhu saxlamaq üçün dövlətin konsepsiyası olmalıdır. Belə ki, televiziya-radiolar,
qəzet-jurnallar, saytlar, sosial şəbəkələr o ruhun saxlanmasına xidmət eləməlidir:
"Xüsusilə KİV-lər bu məsələdə aparıcı rol oynamalıdır. Amma təəssüf ki, hələ
KİV-lərimiz bu məsələdə sosial şəbəkələrə uduzurlar. Məncə, dövlət səviyyəsində
MTRŞ və MŞ-nın fəaliyyətinə yenidən istiqamət verilməli, torpaqlarımız azad
edilənəcən xüsusi missiya yerinə yetirməlidirlər. Nəşriyyatlara, kinostudiyaya.
prodakşnlara məqsədli vəsait ayırıb bu missiyanı yüksək səviyyədə yerinə yetirmək
olar”.
Adını bil, özünü tanı!
Yazıçı-tərcüməçi Kamran Nəzirli deyir ki, milli
ruh heç vaxt ölmür, genetikdir, qanla ötürülür nəsildən nəslə: "Nə qədər ki,
millət var, xalq var, milli ruh da var. Millətin ruhunu Allahdan başqa heç kim
öldürə bilməz: "O ruha təcavüz edə bilərlər, o ruha xəyanət edə bilərlər, o
ruhu sarsıda bilərlər, öldürə bilməzlər. Və millətin ruhu təkcə Qarabağla bağlı
deyil ki! Qarabağ, sadəcə bizim yaralı yerimizdir, sağalmayıb, daim sızlayır. O
sızıltını 30 ildən çoxdur içimizdə, çölümüzdə, ruhumuzda, evimizdə, həyətimizdə,
havamızda, suyumuzda... yaşayırıq, duyuruq, hiss edirik. Təsəvvür edin ki, mənim
bir barmağımı kəsiblər, ora duz basıblar, mən ağrıdan yata bilərəm? Kimsə gəlib
bir həb verər, ya da iynə vurar ki, yatım. Yataram. Amma səhər açılar, yenə
ağrıyaram, sızıldayaram. Yenə yatızdıra bilərlər, yenə səhər açılar, yenə o
yaralı yer məni ağrıdar... Bax, son günlərin hadisələri, yüz minlərin Qarabağa
və Ordumuza dəstək yürüşü də o ağrıdan doğdu, o sızıltıdan yarandı”. K.Nəzirli
deyir ki, bizim xalqımız, millətimiz hər
zaman belə olub, onun milli ruhunu, döyüş əzmini heç bir qüvvə, heç bir düşmən
öldürə bilməyib və öldürə bilməyəcək də: "Bunu mən demirəm, tarix deyir. Bunun
üçün xüsusi təbliğat da lazım deyil. Əvvəla, ona görə ki, dünyanın heç bir
xalqı türkün fatehlik əzəməti və şöhrəti ilə yarışa bilməz. Türk tarixdə həm
imperiyalar yaradıb, həm də onları dağıdıb. Bu xalq tarixin bütün dövrlərində
öz qüdrəti və əzmi ilə dünyanı heyrətə gətirib. Bu xalq Avropada, Asiyada,
Afrikada nəhəng fütuhatlar sayəsində ağalıq edib, üç qitədə hökmran olub. Lap
uzağa getsək, görərik ki, Roma imperiyasını da darmadağın edən türk nəsilləri
olub. Görün, bu xalq tarixdə neçə-neçə dövlətin əsasını qoyub! Bu, bizim döyüş əzmimiz
və ruhumuzdu, böyük tarixi sınaqlardan çıxıb, bu günə kimi də yaşayır. Onu kimsə
öldürə bilməz!” Yazıçşı bizim dövlət və millət olaraq işğalçı olmadığımızı qeyd
edir: "Biz anadan olandan ata-anamız qulağımıza adımızı pıçıldayır. Adımızı!
Heç bir millətdə bu yoxdur! Adını bil, özünü tanı! Ana-ataya hörmət elə! Evini,
torpağını qoru!
Namusunu, şərəfini qoru! Bizim millət bu ruhda böyüyür. Biz
başqaları kimi iddialı böyümürük. Biz işğalçı deyilik! Bizim anamız heç vaxt
deməz ki, oğul, get özgənin torpağını qamarla... amma torpağımızı qamarlayanlar
olsa, namusumuzu, şərəfimizi tapdalayan olsa, deyər: "Get, oğul, vuruş, südümü
sənə halal edirəm!” Biz adımızı, ailəmizi, anamızı, evimizi, torpağımızı sevə-sevə
böyüyürük, dəyərlərimizə hörmət edə-edə böyüyürük. Kimsə bu dəyərlərdən
uzaqlaşa bilər, kimsə bu sevgiyə əyri gözlə baxa bilər, kimsə xarici təsirlərə
uyub deyə bilər ki, bunlar köhnədir, ehkamdır, nə bilim, müasir deyil. Lakin
onlar azdır, çox azdır. O qədər azdır ki, dəryada görünməz, amma təhlükəsi var,
təsiri, əhatə dairəsi geniş ola bilər; düşmənlərimiz, kənar qüvvələr, bizi gözü
götürməyənlər bunlardan məharətlə istifadə edə bilərlər. Bax, əsas məsələ də elə
budur”.
Şükür Allaha,
bizim gənclərimizin Vətən, torpaq, ailə, namus, şərəf ruhu var, onlar bu dəyərlər
uğrunda hər zaman vuruşmağa hazırdır. Bu məsələdə onlara təbliğat da lazım
deyil. Əgər Ali Baş Komandanımız əmr etsə, bütün xalq, kiçikdən tutmuş böyüyədək
onun, dövlətimizin və ordumuzun arxasınca gedəcək! Mən bunu əminliklə deyirəm və
qətiyyətlə bildirirəm ki, şəhidlərimizin qanı da yerdə qalmır və qalmayacaq! Bu
günlər, sadəcə, çox diqqətli olmaq lazımdır, həssas dönəmdir; içimizdə də düşmənlər
çoxdur, xəyanətkar, hiyləgər ünsürlər, korrupsiyaya uğramış qruplar, xarici
dövlətlərin təsiri altına düşmüş ayrı-ayrı qulluq sahibləri hələ də var. Bizim
qorxulu düşmənlərimiz bir deyil, beş deyil ki! Bunu anlamaq lazımdır, bunu dərk
eləmək lazımdır. Başıpozuqluq, yaxud da nadanlıq heç kimə xeyir verməz”. K.Nəzirli
qeyd edir ki, millət hər zaman onun ruhunu anlayan, ona, başa düşmədiyi şeyləri
izah edən, onu arxasınca apara bilən şəxsiyyətlərə, liderlərə ehtiyac duyub: "Təcrübə
göstərir ki, xalqla, millətlə onu idarə edən rəhbərin arzuları və iradəsi üstə-üstə
düşəndə bu birliyi heç bir qüvvə poza bilməyib. Bu və ya
digər amilləri nəzərə alıb, biz təmkinlə dövlətimizin və ordumuzun qərarlarını
və tədbirlərini təqdir etməli, onlara hər vasitə ilə kömək etməliyik”.
Döyüş bölgəsinə səfər
Yazıçı Kənan Hacının fikrincə,
insanların döyüş əzmi hər zaman yüksəkdir: "Düşünmürəm ki, insanlar Qarabağ məsələsinə laqeyddirlər.
Son hadisələr və dörd il əvvəl Lələtəpə döyüşləri də göstərdi ki, xalqımızın
döyüş əzmi yüksəkdir və milli ruh hər zaman içimizdə oyaqdır. Əlbəttə, ədəbiyyatın
da üzərinə böyük yük düşür. Bir neçə gün əvvəl yazıçı dostumuz Əyyub Qiyas "Döyüş
marşı” yazdı, oxudum, qanım qaynadı. Qələm adamları imkan daxilində əsgərlərimizin
yanında olmalıdır, onlarla, yazıçıların görüşləri təşkil edilməlidir. Bu günlərin
yüksək döyüş əhval-ruhiyyəsi öz poetik ifadəsini tapmalıdır. 90-cı illərin əvvəllərində
Xəlil Rza Ulutürkün, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın bir Ordunu döyüşə
aparmağa qadir olan şeirlərini xatırlayın. Şairlərimiz vətənpərvərlik ruhunda
yazıb-yaratmalıdırlar”. Yazıçının fikrincə, Azərbaycan Yazıçılar Birliyinin hərbi
vətənpərvərlik bölməsi yazıçı və şairlərin döyüş bölgəsinə səfərini təşkil etsə,
yaxşı olar. Belə ki, şair İbrahim İlyaslı bu təşəbbüslə sosial şəbəkədə çıxış
edib: "Biz də bu təşəbbüsə qoşuluruq və istənilən vaxt döyüş bölgəsinə getməyə
hazırıq”.
Təranə Məhərrəmova