
Hamının xoşbəxtliyi
(Nizami Gəncəvinin "Xosrov və Şirin” poeması əsasında)
Padşah taxta çıxandan
bir neçə gün sonra xalqın meydana cəm olmasını əmr etdi. İnsanlar meydana
toplaşanda sıra-sıra dayanmış adamları görüb təəccübləndilər. Görəsən, padşahın
hüzurunda bu adamlar niyə belə düzülmüşdü? Tamam sakitlik idi və padşah
taxtında əyləşib ətrafı zəhmli nəzərlərlə seyr edirdi...
Padşahın qarşısında səf-səf,
sıra-sıra dayananlar da onları nəyin, hanı aqibətin gözlədiyindən xəbərsiz idilər
və arxalarında dayanan adamların kimliyi çoxları üçün bəlli deyildi. Xalq
sıra-sıra dayanmış adamları düzülüşündən bir məna anlaya bilmirdilər... Sıra isə bu şəkildə düzülmüşdü: Birinci səfdə zənginlər, arxa tərəfdə kasıblar, üçüncü sırada əlillər, naxoşlar, dördüncü sırada qolları qandallı dustaqlar, beşinci sırada isə daha ağır cinayət işləyən qatillər...
Tamam sakitlik çökmüşdü, hamı padşahın əmrini
gözləyərdi. Belə çətin məqamlarda padşahın bircə nişanı, əl hərəkəti bəs idi
ki, insanların qəlbindəki intizara son qoyulsun, təşnə ürəklərə su çilənsin...
Nəhayət, padşah gözətçiyə
işarə etdi. Sıranın qarşısında dayanmış gözətçi səflərə baxıb səsinin qalın
yerinə salıb qışqırdı: "Geriyə dön!”Əmri eşidən kimi hər kəs geri çevrildi. Belə olan təqdirdə sıradakı varlılar qarşılarındakı yoxsulları görüb öz aqibətlərinə sevindilər, yoxsullar onlardan öndə dayanan xəstələrə nəzər salıb sağlamlıqlarına görə Allaha şükür etdilər. Xəstələr çevrilib dustaqları görəndə gen dünyada asudə gəzə bilməyin gözəlliyini anladılar, dustaqlar isə daha ağır cinayət işləmiş qatillərə baxıb cəzalarının daha tez başa çatacağını düşünüb toxtaqlıq tapdılar. Qatillər isə çevrilib gen dünyanı qarşılarında açılan ucsuz-bucaqsız nəhayətsizliyini – ümid yolunu görüb həyata daha çox bağlandılar...
Xalq bu hadisədən çox
təsirləndi... Padşah isə dinməz-söyləməz meydanı tərk etdi. Bu ibrətamiz
yığıncaq çoxlarının qəlbində Allaha şükür, padşaha sədaqət hissini daha da
artırdı. Həmin ölkə dünyanın ən gözəl və ədalətli məmləkətinə çevrildi...
Fərid Hüseyn
Digər xəbərlər