• cümə, 26 Aprel, 21:07
  • Baku Bakı 22°C

“Həmişə inanmışam ki, sabah bu gündən yaxşı olacaq” – Keçmişdəki mən

10.03.17 11:00 2812
“Həmişə inanmışam ki, sabah bu gündən yaxşı olacaq” – Keçmişdəki mən

Hələ uşaq yaşlarından həyatda məqsədləri olub. Hər zaman birinci və ya ən yaxşı olmaq üçün çalışıb. Hətta bu xarakteri onu bəzi təhlükələrin ağuşuna atıb. Amma qarşılaşdığı maneələr, təhlükələr onun ədalətli və "ən yaxşı” olmasına mane ola bilməyib.
Müsahibimiz Azərbaycanın tanınmış telejurnalisti Rövşən Binnətlidir. Müsahibimiz 1958-ci ildə Ağdamda dünyaya göz açıb. Atası əmtəəşünas, anası isə evdar qadın olub. Deyir ki, tam ziyalı ailədə böyüməsə də, valideynləri onun oxuması üçün əlindən gələni edib. Elə ilk yazı-pozunu da ona anası öyrədib: "Uşaqlıqda müəyyən qədər dəcəllik də etmişəm. Amma heç vaxt çərçivədən kənara çıxmamışam. Futbola çox marağım var idi. Hələ uşaq vaxtlarından küçədən yığışmaq bilmirdim. Hava qaralana, top gözə görünməyənə qədər futbol oynamaq istəyirdim”.

"Yerə dəysəydim, sağ qalmazdım”

Yuxarıda da qeyd etdiyimiz kimi, məqsədli uşaq olması ona rahat başa gəlməyib: "O vaxt barama təmizləmək üçün əmim gilə köməyə gedirdik. Uşaqlarla ağacın ən hündür yerinə çıxmaq üçün mərcləşirdik. 6 yaşım var idi. Yarış keçirirdik ki, ağacda kim lap hündürə çıxar. Fikirləşirdim ki, ən yüksəyə mən qalxmalıyam. Düzdür, karyerist olmamışam. Amma məşğul olduğum sahədə də sonuncu olmağı heç vaxt qəbul etməmişəm. Həmişə çalışmışam ki, öz sahəmdə hər zaman ön cərgədə olum. Həmin vaxt birinci olmaq üçün ən sonuncu budağa qədər qalxmışam və oradan yıxılmışam. Kəmərim budağa keçdiyi üçün asılı qalıb, yerə dəyməmişdim. Təxminən 25-30 metr hündürlüyündə ağac idi, onun başından yerə dəysəydim, sağ qalmazdım. Futbol oynayanda da həmişə qalibiyyətə can atırdım. Məsələn, Şuşaya, məhəllələrarası oyuna getmişdik. Mənim həm boyum, həm də yaşım az olduğundan komandaya qoymadılar. O biri məhəllədən gələnlərin heyətində say çatmadı, rəqib məhəllə oyunuma bələd olmadığı üçün mənim qapıda dayanmağıma razılaşdılar. Bədənimin hər yeri gömgöy olmuşdu, amma top buraxmadım. Dəcəlliklərimin hamısı prinsipial uşaq olmağımdan irəli gəlib. Məndən asılı olan iş nə idisə maksimum dərəcədə reallaşdırmışam. 58 yaşım var, indi də eləyəm. Yarımçıq iş görməyi bacarmıram”.

"Valideynlərim başıma sığal çəksəydi...”

Müsahibimiz düşünür ki, insan zəhmətinə qiymət vermək qabiliyyəti tərbiyədən asılıdır. Onun sözlərinə görə, valideyn, övladı səhv iş gördükdə onun başına sığal çəkirsə, bu, onun gələcək taleyində fəsadlarla müşahidə olunur: "Bizim qonşuda gözdən əlil bir xanım vardı, tum satmaqla dolanırdı. Amma gözü görmədiyi üçün bəzən səndən aldığı pulu kisəyə yox, torbaya tumun içinə atırdı. Sonra tumu satanda elə qəpik də tumun içində gedirdi. Ona çox acımışdım. Kim onun pulunu alırdı, həmin adamlardan qəpikləri alıb gətirirdim. Tum torbasının içindən də qəpikləri yığırdım. O vaxt 8 yaşım olardı. Amma o vaxtdan insan zəhmətinə, insan əməyinə qiymət verməyi bilmişəm, çünki elə tərbiyə olunmuşdum. İnsan hansı mühitə düşürsə, elə də inkişaf edir. Valideynlərim xarakter cəhətdən ziyalı olublar. Məsələn, bir dəfə idman dərsindən çıxanda gördüm ki, basketbol şitinin yanından qiymətli şal asılıb. Şalı götürüb sevinə-sevinə evə apardım ki, buna görə mənə təşəkkür edəcəklər. Amma onun üstündə evdə xeyli danlandım. Gətirdiyimə görə yox, niyyətimə görə məni danlamışdılar. Dəqiq yadımdadır, şənbə günü idi, anam həmin şalı ütülədi, təmizlədi, qəşəng torbaya qoydu və valideynlərim mənimlə birlikdə direktorun yanına gəldi ki, uşaq belə bir şal tapıb. Valideynlərim sözlə yox, əməllə məni tərbiyə edirdilər. Bəlkə də onda başım sığallansaydı, kənardan daha qiymətli şeylər gətirərdim. Mənim insan kimi formalaşmağımda valideynlərimin çox böyük rolu var idi. Həmişə dostlarımın, ətrafımın gözündə etibar edilən, güvənilən adam olmuşam. Bu, orta məktəbdə də belə idi, institutda da, əsgərlikdə də, indi də... Bunları qazanmaq üçün dürüst olmağa çalışmışam. İnsan özündən razı qaldığı an demək ki, bitib. Mən də özümdən razı deyiləm. Keçmişə baxanda heyfsiləndiyim məqamlar olub. Amma ümumi götürəndə, böyük səhvlərim olmayıb”.

"Soyuq havada dərslərimi çöldə oxuyurdum”


Müsahibimizin futbol həvəsi uşaqlıqda ona baha başa gəlib. Deyir ki, dərslərini oxumayıb, evə gec gəlirdisə, valideynləri tərəfindən sərt şəkildə cəzalandırılırdı: "Evə gec gələndə bilirdim ki, məni sərt cəzalar gözləyir. Amma atam dərslərimi soruşurdu. Əgər dərslərimə cavab verirdimsə, dəcəlliklərimin üstündən keçirdi. Vay o gündən ki, dərsimə cavab verə bilməyim. Dərsə cavab verməyib axşama qədər oynayanda cəzalar çox olurdu. Cəzalardan biri də o idi ki, əgər dərsimi gün işığında oxumamışamsa, atam deyirdi, indi get çöldə oxu. Hava soyuq olurdu, amma məcbur qalıb dərsi çöldə oxuyurdum. Deyirdi, evdə isti şəraitdə oxumamısan, indi çöldə soyuqda oxu. Hətta bəzən çölün işığını da söndürürdü. Gözlərim deşilə-deşilə dərs oxuyurdum. Ən ağır cəza bu idi. Anam atamı yola gətirəndən sonra çağırırdı ki, gəl, bir də belə olmasın. Mən də başa düşürdüm ki, düz etməmişəm. Mənim üzərimə düşən vəzifə dərs oxumaq idi, əks təqdirdə cəza almalıydım.
O vaxt mənə elə gəlirdi ki, mənimlə çox aqressiv davranırlar. Amma illər keçəndən sonra görmüşəm ki, o cür olmasaydı, yəqin mən də dərslərimi oxumazdım. İnsan üçün övladdan şirin, yaxın nə ola bilər? Valideynlərim də məni şəxsiyyət kimi yetişdirmək üçün çalışıblar”.

"Həkim olmaq istəyirdim”


Həmsöhbətimiz tanınmış jurnalist olsa da, uşaqlıqda həkim olmaq istəyib və bu ixtisasa hazırlaşıb. Lakin balı çatmadığı üçün qəbul ola bilməyib: "Jurnalist olmaq üçün çalışmamışdım, həkim olmaq istəyirdim. İki il Tibbi İnstitutuna imtahan verdim. Lakin qəbul ola bilmədim. Tibdə oxumaq mənim arzum da deyildi. Ata-anamı o qədər sevirdim ki… İstəyirdim elə bir şey edim ki, onların ürəyincə olsun. Atam övladlarından birinin həkim olmasını çox istəyirdi, mən də atamın arzusunun təsirinə düşmüşdüm. Qismətdə yox imiş. Hələ orta məktəbdə oxuyanda sinif rəhbərim Ənvər müəllim atama demişdi ki, bunu nahaqdan həkimliyə yönəldirsiniz, onun yönü humanitar tərəfədir. Onun o arzusu mən əsgərlikdən qayıdandan sonra baş tutdu. Komsomol komitəsində işə düzəldim. Orada baş verən məlumatları yerli qəzetə göndərirdim. Sənədlərimi instituta verəndə fikirləşdim ki, hansı fakültəyə az sənəd verilirsə, sənədlərimi ora verəcəyəm. Hər yerə 500, 1000 sənəd verilmişdi, amma jurnalistikaya cəmi 17 sənəd verilmişdi. Ora yönəldim. Komsomolda işləyərkən yazdığım yazıları toplayıb universitetə verdim və qəbul oldum”.

"Mən əyri iş görəndə dərhal hiss elətdirirəm”

Müsahibimiz deyir ki, həm məktəbdə, həm də universitetdə sevmədiyi fənlər olanda "şparqalka”dan istifadə edib: "Elə fənn var idi ki, mənim ürəyimcə deyildi və sevmədiyim üçün öyrənə bilmirdim. Məktəbdə artıq Tibb Universitetinin xəttini götürmüşdüm. Ona görə də kimya, biologiya, fizikanı avtomatik olaraq öyrənirdim. Məsələn, həmin vaxt tarix mənə lazım deyildi. Belə vaxtlarda "şparqalka” düzəldirdim. Lakin istifadə edə bilmirdim. Çünki əyri iş görəndə dərhal hiss elətdirirəm”.

"Sevgidə ehtiyatlı davranmışam”

İlk sevgiyə gəldikdə, həmsöhbətimiz deyir ki, həmişə sevgidə ehtiyatlı davranıb: "İnsanlara tez inanan, çox tez bağlanan adamam. Ona görə də sevgidə çox ehtiyatlı davranmışam. Əgər ağzından kişi sözü çıxıbsa, ona sahib durmalısan. Elə etməlisən ki, sözünü yeməyəsən və kimisə də çətin duruma salmayasan. Ona görə mən o məsələlərdə hədsiz dərəcədə ölçülü-biçili davranmışam. Komsomol komitəsində işlədiyim zamanlarda qismətimlə rastlaşmışam, sevib ailə qurmuşam. Yoldaşımla çox böyük çətinliklərlə üzləşsək də, bir-birimizdən dəstəyimizi heç vaxt əsirgəməmişik”.

"Yoldaşım mənə mənəvi dəstək olub”

Uşaqları körpə olarkən isti yuvalarından köçmək məcburiyyətində qalıblar: "1986-cı ildə ailə qurmuşuq, 1987-ci ildə erməni separatçıları artıq boy göstərməyə başlayırdı. Uşaqlarımız hələ körpə ikən Ağdamdan köçüb gəlmək məcburiyyətində qaldıq. Uşaqlarımın böyüdüyü illər o qədər hiss olmadan keçdi ki, həmin dövrün şirinliyini düz-əməlli dada bilmədim. 7-ci mikrorayonda yaşadığım bağça mənim bu günə kimi dəyişdiyim 11-ci ünvandır. Nə qədər böyük məhrumiyyətlərlə üzləşdik... O çətinlikləri yoldaşım mənim üzümə vursaydı, dözməzdim. O mənə həmişə mənəvi dəstək olub. Müharibənin çətin vaxtlarında bir gün durub evdən çıxırdım, yoldaşım məni yola salırdı. Anam dedi ki, hara gedirsən? Dedim ki, görüm də, hara gedirəm, neynirəm. Qeyri-müəyyənlikdir. İş yox, heç nə yox. Anam dedi ki, yoldaşın sənə heç nə demir, amma uşaqlarının yeməyi üçün heç nə yoxdur. Üstümdəki pulum ancaq məni şəhərə kimi gətirə biləcək qədər idi. Cibimdə bir dənə də o vaxtkı dillə desəm, "Nizami” var idi. Həmin pulla makaron alıb evə verdim, vəssalam. Özümü ona görə həmişə xoşbəxt hesab etmişəm ki, yoldaşım mənə mənəvi dəstək olub. Buna görə də, nə qədər çətinliklə üzləşsəm də, bir an da olsun pessimizmə qapılmamışam. Həmişə inanmışam ki, sabah bu gündən yaxşı olacaq. Özümü aldatmamışam, bunun üçün çalışmışam. O boyda çətinliklərin fonunda uşaqlarımıza təhsil verə bilmişik”.

"Qızlar çox cəsarətlidir”

Sonda gənclərə məsləhət verən müsahibimi deyir ki, son vaxtlar qızlar oğlanlardan daha cəsarətli və özünəinamlıdırlar: "Məni ən çox narahat edən bizi əhatə edən mühitdə qeyri-ciddilik sindromunun olmasıdır. Bu, çox böyük bəladır. Ən ciddi bir şeyə lağlağı yanaşma var. Ən maraqlısı isə sanki oğlanlarda özünəinam azalıb və tənbəlləşiblər. Qızlarımız isə çox cəsarətlidirlər. Bundan əlavə, gənclər real həyatdan uzaqlaşırlar. Real həyatdan uzaqlaşmaq olmaz. Telefon, sosial şəbəkə nə qədər cəlbedici olsa belə, səni real həyatdan almamalıdır. İnsan özünü heç nəyin əsirinə çevirməməlidir. Çox istəyərəm ki, gənclərimiz texnikanı öyrənsin, hər şeyi bilsin, amma onun təsiri altına düşüb, real həyatdan uzaqlaşmasınlar. Şirin söz real olsun, virtual yox”.
Aygün ƏZİZ



banner

Oxşar Xəbərlər