• çərşənbə axşamı, 19 mart, 15:27
  • Baku Bakı 8°C

“Həddən artıq müasirliyin də, həddən artıq mühafizəkarlığın da əleyhinəyəm” - Mənim balam

07.09.18 13:00 1753
“Həddən artıq müasirliyin də, həddən artıq mühafizəkarlığın da əleyhinəyəm” - Mənim balam
"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlını bir media kapitanı, Azərbaycan jurnalistikasının keçmişini araşdıran şəxs və ən çox da ekspert kimi yaxşı tanıyırdım. Ötən mövsüm Türk dünyasının mədəniyyət paytaxtı seçilən Kastamonuya səfər zamanı onu bir valideyn kimi kəşf etmək imkanım oldu. Səfər zamanı Akif müəllimlə övladlarının təhsilindən, cəmiyyətə inteqrasiyasından danışdıqca danışdıq. Gözlərindəki qüruru gördüm, ürəyindəki fəxri duydum. Onun necə valideyn olduğunu sizlərə də göstərmək istədim.

Müsahibimizlə elə "Şərq”in ofisində görüşdük. Redaksiyanın "Mətbuat muzeyi”ni gəzdik. Müsahibə mövzumuzu eşidən Akif Aşırlı bir qədər tərəddüd etdi, amma imtina etmək şansı yox idi.

Akif müəllimin 3 övladı var. Böyük övladı Cəmilə İstanbul Universitetinin tibb fakültəsində, ortancıl övladı Hüseyn Yıldız Teknik Universitetində, kiçik övladı Abduləzim isə Bakıdakı Atatürk liseyinin 11-ci sinifdə təhsil alır.

- Akif müəllim, övladlarınızı tərbiyə edərkən hansı üsuldan istifadə edirsiniz? Dədə-baba üsulu sizin ruhunuza yaxındır, yoxsa müasir qaydalara müraciət edirsiniz?
- Dədə-baba qaydaları deyəndə, illər ərzində formalaşmış ailə tərbiyəsi modelindən imtina etmək olmaz. Qeyd edim ki, bunun müsbət tərəfləri çoxdur.


- Məsələn nələrdir?

- Heç zaman müasirliyin əleyhinə olmamışam. Yaşından asılı olmayaraq hər insan gərək böyük-kiçik yeri bilsin. Ədəb-ərkan qaydalarına riayət etmək, min illərlə formalaşmış dəyərlərə toxunmaq olmaz. Uşaqları böyüdərkən onlara hər zaman öz fikrini ifadə etməyi məsləhət görmüşəm. Nə istədiklərini açıq şəkildə bildirmələri və bizimlə rahat şəkildə fikir mübadiləsi etmələri üçün hər bir şərait yaratmağa çalışmışam.

- Çevrənin insanı yetişdirdiyi bir dövrdə övladlarınızın çevrəsinə nəzarət etmək imkanınız varmı?
- Oğlanlarımın dostlarının əksərini tanıyıram, bəzilərini uzaqdan olsa belə izləmişəm. Bəzilərinin ailələri ilə çox yaxın tanışlığımız var. Qızımın ətrafını isə anası yaxşı bilir. Onun kimlərlə dostluq etdiyi, əlaqə saxladığı və ətrafında hansı insanların olduğundan xəbərdardır. Türkiyədə təhsil alsalar da, biz uşaqların oradakı çevrəsi ilə də tanışıq. Türk dostlarını belə ad, soyadına kimi bilirik, ailələrindən qismən məlumatlıyıq. Hər zaman övladlarıma ətraflarında keyfiyyətli, savadlı, dünyagörüşü zəngin olan insanları cəmləməyi tövsiyə etmişəm. Bu baxımdan onlardan narahat deyiləm. Baxmayaraq ki, xaraktercə çox mühafizəkar görünürəm. Halbuki, qızımın Türkiyədə təhsil almasına birmənalı şəkildə "hə” deyib, onun önünü açıb, xaricdə təhsil alması üçün həvəsləndirmişəm.


- Biz sizi səmimi, bir qədər sakit və mülayim insan kimi tanıyırıq. Övladlarınızı da bu ruhda görmək istəyirsinizmi?
- Övladlarım arasında qızım daha çox səbirlidir. Gənclərin müəyyən bir dövrü olur ki, onlar öz fikirlərini yeritməyə, təlqin etməyə meyilli və bir az da deyim ki, emosional olurlar. Övladlarımın gələcəklərini necə quracaqları haqqında müəyyən qədər özlərinin təsəvvürləri var. Sadəcə, bu təsəvvürləri biz korrektləşdiririk, istəklərinə müəyyən yön veririk. Onlar da xaraktercə mülayimdirlər. Hər zaman demişəm ki, öz doğru bildiyiniz fikrinizdən əminsinizsə, heç vaxt geri çəkilməyin. Təbii ki, onun üçün doğru olan başqası üçün olmaya bilər.

Gənclərlə təmasda olanda görürəm ki, bizim çox maraqlı gəncliyimiz var. Öz istəyini müasir tələblərlə əsaslandıran və onu cəmiyyətə çatdırmağa meyilli olan iradəli, iddialı gənclərimiz çoxdur. Bir valideyn kimi istəyirəm ki, övladlarım o xarakterdə olsun. Təbii ki, onların öz iddiaları, qarşılarına qoyduğu məqsədlər var və bu işdə onlara dəstəyəm. Bacı-qardaş İstanbulda bir yerdə qalır, bir-birinə dəstək olur. Hər ikisi ictimai fəaliyyətə də qatılıblar, azərbaycanlı tələbələrin yaratdıqları İnnovativ Gənclər Birliyində təmsil olunurlar. Bu cəmiyyət siyasi fəaliyyətlə məşğul deyil, orada dünyanın müasir texnoloji prosesləri, hər bir gəncin öz təhsil sahəsindəki uğurları, planlaşdırdığı ideyalar müzakirə olunur, Azərbaycanda bu ideyaları həyata keçirməyin yolları axtarılır və bir-birlərinə dəstək verirlər.


- Övladlarınızın heç biri sizin sənətinizi davam etdirməyib. Özünüz onları bu sahəyə yönləndirməmisiniz?
- Balaca oğlumun qəzetdə bir-iki dəfə məqaləsi çıxıb. Hüseyn isə idman saytı açmışdı. Orda xəbər, reportaj deyil, idmanla bağlı təhlili yazılar yazır, dostlarının məqalələrini yerləşdirirdi. Saytı da özü yığmışdı. Həmin saytın taleyi ilə sonradan maraqlanmadım. Daha sonra qardaşı ilə birlikdə "Youtube”da kanal açmışdılar. Orada bir neçə kiçik filmlər çəkib paylaşırdılar. Bu filmlər Azərbaycanın tarixindən bəhs edirdi. Hətta mifoloji üslubda olanlar da vardı. Hüseynin özünün bloqu, sosial şəbəkələrdə səhifəsi var.

- Hüseynin idman saytı açmasında sizin köməyiniz olubmu?
- Mənim ondan xəbərim olmayıb. O, paylaşanda gördüm ki, belə bir sayt yaradıb. Hüseyn universitetə qəbul olduqdan sonra iki-üç ay "Şərq” qəzetində işlədi. Burada idman səhifəsini hazırlayırdı. Bir dəfə bitcoinlə bağlı yazı hazırlamışdı. Ondan sonra hiss etdim ki, onda yazmağa meyillilik var. Ancaq onları heç vaxt məcbur etmərəm ki, gəlib jurnalist olsunlar. Əgər canlarında yaradıcılıqla məşğul olmaq varsa, bu, nə zamansa özünü göstərəcək.

- Qızınız və oğlunuz Türkiyədə təhsil alır. Onlara ixtisas seçərkən müdaxiləniz oldumu?
- Seçimi özləri etdilər. Təbii ki, bu prosesdə bir növ bizim də iştirakımız oldu. Qızım uşaqlıqdan həkim olmaq istəyirdi və o bu istəyinə çatdı. Hüseynin həkim olmağını mən istəyirdim. Ancaq o bundan mədəni şəkildə, israrla imtina etdi. Baxmayaraq ki, Türkiyənin iki ali təhsil ocağının tibb fakültəsinə qəbul olunmuşdu. Ancaq o, Yıldız Teknik Universitetinin "Bilgisayar mühəndisliyi” ixtisasını seçdi. Təhsilə onlar yiyələnib, seçdikləri sahənin mütəxəssisi olacaqlar. Əgər məcbur etsəydik, həvəssiz oxuyacaqdılar. Onun üçün heç bir müdaxilə etmədik.

- Bildiyimiz qədəri ilə, övladlarınız yüksək nəticə toplayaraq ali təhsil ocağına qəbul olunublar.
- Cəmilə 100 ballıq sistemdən 100 toplamışdı. Hüseyn isə 98,8 bal yığdı. Cəmilə İstanbul Universitetinə qəbul imtahanına dünyanın müxtəlif ölkələrindən qatılan 6 min abituriyentin içində 13-cü yeri tutdu. Orada yüksək nəticə göstərən 3 nəfər azərbaycanlıdan biri idi.

- Qız övladı ataya daha yaxın olur.
- Övladlarımın hamısını çox istəyirəm. Aralarında seçim edə bilmirəm. Övlad övladdır. O doğrudur ki, qız ataya daha bağlı olur.

- Sizdə də elədir?
- Elədir. Ancaq övladlarıma hər zaman demişəm ki, ananızı məndən daha çox istəyin. Çünki onların təhsil almasında analarının çox böyük rolu var. İşlərimin çoxluğu ilə əlaqədar olaraq onların təhsili ilə maraqlana bilmirdim. Düzdür, ümumi nəzarətim üzərilərində olub, maddi ehtiyaclarını ödəmişəm, bacardığım qədər valideyn borcumu yerinə yetirməyə çalışmışam. Kitablarını, dərs ləvazimatlarını vaxtlı-vaxtında almışam. Ancaq onların ehtiyacları, qayğıları, təhsilləri ilə ən çox anaları məşğul olub.


- Sizcə, tərbiyə metodunda sərbəstlik nə dərəcədə rol oynayır? Akif Aşırlı övladlarına nə dərəcədə sərbəstlik verir?
- Uşaqlara sərbəstlik vermək lazımdır. Ancaq həddən artıq sərbəstliyin də əleyhinəyəm. Valideynin cəmiyyət qarşısında, övladın isə valideyn qarşısında məsuliyyəti var. Bu məsuliyyət dərk olunmalıdır. Övlad ailənin meyvəsidirsə, bu ailəyə bağlı olmalı və onun dəyərlərini qorumalıdır. Təbii ki, sərbəstlik gözəldir, amma ölçüsündə.

- Övladlarınızı sosial şəbəkə hesablarından izləyirsinizmi? Onların bu şəbəkələrdə olan azadlığı nə qədərdir?
- Hər ikisi sosial şəbəkədəki dostluğumda var. Sosial şəbəkədən izləyirəm və paylaşmaları içərisində bəyəndiklərim də olur, bəyənmədiklərim də. Daha çox Xocalı soyqırımı, 20 Yanvar, eləcə də bayramlarımız, tarixi günlərimizlə bağlı paylaşımlar edir, statuslar paylaşır, dostlarına xitabən nələrsə yazırlar. İzlədikləri filmlər, oxuduqları kitablar barədə yazıları isə daha çox diqqətimi çəkir.

Atamın adını daşıyan Abduləzim bu il 11-ci sinifdə oxuyur. O nəinki sosial şəbəkədən, heç telefondan da istifadə etmir. Övladlarıma telefonu ali məktəblərə qəbul olandan sonra almışam. İndiki halda telefon onun nəyinə lazımdır? Telefona aludə olsa, təhsildə yayınmalar olar. Uşaqları, düşüncələrinin tam formalaşdığı mərhələyə qədər müəyyən şeylərdən qorumalı və məhdudiyyətlər qoymalıyıq.

- Bəs bu, onlarda "olmaz”lara hərislik yaratmazmı?
- Bunu onlara hökmlə etmirəm. Qadağaları əsaslandırıram ki, bu sizin oxumanıza maneçilik törədir. Hədəflərinizə çatdıqdan sonra ən son standartlara uyğun modern telefonunuz da olacaq. İstədiyiniz nəticəni əldə etmək üçün bu vacib şərtlərdəndir. Telefon olanda istər-istəməz uşağın diqqəti yayınır, fikri telefonda qalır. Uşaqları müəyyən müddətə qədər nəzarətdə saxlamaq lazımdır.

- Bəs özünüz necə övlad olmusunuz? Uşaqlarınıza yaratdığınız şəraiti atanız sizə yarada bilibmi?
- Bizim böyüdüyümüz zəmanə ilə indiki zəmanə fərqlidir. İndiki uşaqlar intellektual oyunlar oynayırlar. Müasir dövrdür, kompyuter əsridir. Bizim dövrdə tamam başqa oyunlar var idi. Adi bir topumuz olanda çox sevinirdik. Biz futbol meydançasını boş ərazilərdən düzəldib oynayırdıq. Ancaq indiki gənclər üçün komfortlu, müasir futbol meydançaları var. Mənim yetişməyimdə valideynlərimin rolu əvəzsizdir. Onlar zəhmətkeş, əllərinin qabarı ilə çörək qazanan insanlar olublar. Nə deyim, imkanlı, ali savadlı ailədə böyüməmişəm. Atam bənna, anam evdar qadın olub. Ancaq buna baxmayaraq, atam hər zaman bizi oxumağa həvəsləndirib. Bunun üçün ona çox minnətdaram. O, rus dilini gözəl bilirdi. İşi ilə əlaqədar müəyyən zaman çərçivəsində Rusiyanın müxtəlif şəhərlərinə gedib tikinti işi ilə məşğul olurdu. Hər dəfə bizə bazarlıq edib geri dönəndə kitab alırdı. O kitab bizim üçün ən gözəl hədiyyə olurdu. Ailədə beş uşaq olmuşuq, beşimiz də təhsil almışıq. Həmin fəhlə, sadə insanlar övladlarının təhsil alması üçün çalışırdılar.

- İndiki gənclər bir övlad yetişdirirlər və o tək uşaqla da övlad böyütməyin çətinliyindən gileylənirlər.
- İndiki zəmanə tamamilə fərqlidir. Bizdən böyük olan qardaşımızın kiçilmiş paltarlarını geyinirdik. İndi siz böyük qardaşının geyindiyi paltarı kiçik uşağa geyindirə bilərsinizmi? Təbii ki, çətin olacaq. Bizim ailədə böyük qardaşa kitab alınırdı, ondan sonra gələnlər də həmin kitabla təhsilini başa vururdu. O zaman şərtlər fərqli idi. Artıq biz yeni bir cəmiyyətin övladıyıq, dünya kiçilib gözümüzdə. İndiki nəsil internet nəslidir. Bizim uşaqlığımız, gəncliyimizin bir hissəsi sovetlər dönəmində qaldı. İnternet nəslinin uşağını dünyanın bir parçası olmaqdan çəkindirə bilməzsən. Həddən artıq müasirliyin, həddən artıq mühafizəkarlığın əleyhinəyəm.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər