“Heç kim sənə “afərin, istedadın var, biznes qur” demir” - Biznes

Məqsədyönlüdür,
amma deyir ki, bu, heç də asan deyil. Məqsədini reallaşdırmaq istəyirsənsə, gərək
vaxtını və diqqətini ona sərf edəsən. Həm də düşünür ki, iş qurmaq istəyən adam
özü buna cəhd göstərməli, əmək sərf etməlidir, başqa biri sənə "afərin,
istedadın var, biznes qur” demir. O da bu prinsiplə hərəkət edərək uzun müddət
üzərində düşündüyü, jurnal açmaq ideyasını gerçəkləşdirir. Müsahibimiz "BAHAR Magazine” onlayn beynəlxalq
jurnalının təsisçisi 25 yaşlı xanım Sayalı Bahardır.
- Sayalı xanım, hansı sahə üzrə təhsil alıbsınız?
- Əslində,
proqramçı olmaq istəyirdim. Çünki kompüter elmlərinə böyük marağım var idi.
Ancaq sonra riyaziyyatın mənə çətin gəldiyini gördüm və bu fikrimdən daşındım.
Biznes də həmişə mənim üçün maraqlı olub. Çünki adətən, Azərbaycanda xanım
biznes quranda ona kiminsə kömək etdiyini düşünürlər. Bu kimi fikirlər mənə pis
təsir edir. Yazmaqdan da zövq alırdım, həmişə yazıçı olmaq istəyirdim. 17
yaşımda artıq bu cəhətdən fikrimi qətiləşdirmişdim. Ailəm bunu dəstəkləmirdi,
ümumiyyətlə, filologiyaya yönəlməyimi istəmirdilər, çünki perspektivli ixtisas
olduğunu düşünmürdülər. Amma elə oldu ki, Moskva Dövlət Universitetinin Bakı
filialında italyan filologiyası ixtisasına qəbul oldum. Həmin universitet həm
yaxşı təqaüd verirdi, həm də italyan dilini öyrənmək bir üstünlük idi. Azərbaycanda
italyan dili üzrə mütəxəssis çox azdır.

- Müsahibədən öncə söhbət edəndə, tələbə vaxtından
işləməyə başladığınızı dediniz. Bu, neçənci kursa təsadüf edib?
- Maddi
cəhətdən azad olmaq mənim üçün önəmlidir. Ona görə, təqaüdlü təhsil seçmişdim.
Əslində, heç vaxt düşünməzdim ki, tələbəliyin ilk illərində işləyəcəyəm. Amma
ikinci kursdan italyan dili üzrə tərcüməçi kimi çalışmağa başladım.
- Qazancınız nə qədər olurdu? Yəni maddi cəhətdən
özünüzü azad hiss edirdiniz?
- İlk
olaraq onu deyim ki, maddi cəhətdən azad olmaq deyəndə, təkcə pul olması yetərli
deyil, insan gərək psixoloji cəhətdən də azad olsun. Qazancımın məbləğinə gəldikdə,
ilk vaxtlar günə 40 AZN alırdım. Bu, hər gün olan iş deyildi. İtalyan dili üzrə
tərcüməçi kimi işə dəvət ediləndə gündəlik 40 AZN gəlirim olurdu. 40-80 AZN
arası isə təqaüdüm idi. 2-3 il işlədikdən sonra artıq gündə 100 avro alırdım.
2-ci kursun sonunda artıq həm italyan dili üzrə tərcüməçi kimi çalışırdım, həm
də xaricilərə rus dili öyrədirdim.
- Bəs yazmağa nə vaxtdan başladınız?
- Həmişə
jurnalist, yazıçı olmaq istədiyimi dedim. Bizim psixologiyamız, mentalitet,
qadın problemləri mənim üçün maraqlı idi. 19 yaşımda - ikinci kursda oxuyanda,
tərcüməçi, repititor işimlə yanaşı, bloq üçün yazmağa başladım. Bu, mənim üçün
heç də asan deyildi. Çünki 19 yaşında bir qızın cəmiyyəti tənqid etməsi bizdə
bir az çətin məsələdir. Bloqumda Azərbaycandan da izləyicilər var idi, xarici
ölkələrdən də. Fikirlərimə görə, Azərbaycanda çox tənqid olunmuşam. 19 yaşında
psixika formalaşma dövründə olduğu üçün tənqidləri həzm etmək çətin gəlirdi.

- Sizin seçdiyiniz mövzular cəmiyyətdə həmişə
müzakirə mövzusu olur, ona görə, tənqidlərə tuş gəlmək də qaçılmazdır.
- Bəli,
mən mentalitet, feminizm, qadın problemləri kimi mövzulardan yazırdım. O vaxt "facebook”da
200 dostum var idi, birinci məqaləmi yazanda hamısına göndərdim. Yazının
mövzusu küçədə qızlara söz atan oğlanlar haqqında idi. İndi əvvəlki kimi deyil,
amma 2013-cü ildə bu, daha çox idi və mən başa düşmürdüm ki, niyə qadın
olduğuma görə bununla rastlaşmalıyam. Mətbuatda yayımlanan ilk məqaləm isə
valideynlərindən ayrı yaşayan qızlar barəsində idi. 10 real qadından müsahibə almışdım.
Bu mövzunun o qədər populyar olacağını düşünmürdüm. Çünki sadəcə olaraq, o vaxt
valideynlərimdən ayrı yaşamaq istədim və bu mövzunu özüm üçün tədqiq edirdim. Həmin
yazı 2014-cü ildə "1news.az”da yayımlanmışdı. Sonra artıq yavaş-yavaş jurnalist
kimi özümə güvən yarandı və bu sahədə işləməyə başladım. 20 yaşımda "Aztagrambook"kitab seriyasını yazmağa başladım. Bu,
Bakının qızıl gəncliyinin və "instaqram”da kadr arxasında qalan müasir həyatından
danışan satirik kitab seriyasıdır. 2015-ci ildə universiteti bitirdim və həmin
il birinci kitabım olan "Aztagrambook: Instalove InstaBaku" kitabını
nəşr etdirdim.
- Universitetdən sonra işlədiniz?
Çünki bizdə kitab yazanların, adətən, başqa bir işi də olur...
- 2015-2017 illərdə "Bookmate”
beynəlxalq elektron kitab oxuma layihəsinin Azərbaycan üzrə kontent, marketinq
və kommunikasiya meneceri kimi çalışdım. Şirkət Azərbaycanda elektron kitab satışı işini
aparırdı. Yəni kitab sahəsinin içində idim. Elə orda çalışdığım dövrdə - 2016-cı ildə Azərbaycan Buktreyler Festivalında da
iştirak etdim, "#Aztagrambook" treyleri üçün 2-ci yerə
layiq görüldüm. O
vaxtdan artıq həm işləyirdim, həm də nələrsə etmək üçün çalışırdım, öz işimi
qurmaq haqqında düşünürdüm.

- Və "BAHAR Magazine” onlayn jurnalını yaratdınız.
Ani verilmiş qərar idi, yoxsa əvvəldən jurnal işi olacağını planlayırdınız?
- Jurnal
açmağa böyük marağım olub. Ümumiyyətlə, mən nəyəsə nail olanda onunla kifayətlənə
bilmirəm. Düşünürəm ki, daha çox nə edə bilərəm? Həmişə daha çətin layihələri
götürmək mənə maraqlıdır. 2016-cı ildə jurnal açmaq kimi bir ideyam var idi və
bununla bağlı çox düşünürdüm. Mənə çox adam məqsədyönlü olduğumu deyir. Məqsədyönlü
olmaq üçün də gərək vaxtını və diqqətini o məqsədinə sərf edəsən. İş qurmaq
üçün insan özü cəhd göstərməli, əmək sərf etməlidir. Heç yerdə heç kim sənə "afərin,
istedadın var, biznes qur” demir. Hamı deyir ki, oxu, iş sahibi ol. Ona görə,
insan, həyatını qurmaq haqqında özü düşünməlidir. Ən çətini ətrafda olan fikirlərə
diqqət etməyib başlamaqdır.
- Başladığınızda tək idiniz, yoxsa kömək edənlər də
oldu?
- Tək
idim, amma mən bu işi qurmaqla bağlı çox adamın fikrini öyrənmişdim. Hələ öz
kitabımın satışını apardığım dövrdə iş adamı Zara Hüseynovadan soruşdum ki,
satışı necə aparım? O mənə məsləhət verdi, amma o məsləhətdən daha önəmli bir
tövsiyəsi oldu ki, onu unutmuram. Dedi ki, bir nəfərin fikri ilə iş aparmaq, qərar
vermək olmaz, ən azı 3-5 adamdan soruş. Tək idim, 2017-ci ildə Los-Ancelesə
yaşamağa getdim. İkinci kitabımı buraxmalı idim. Düşündüm ki, "BAHAR
magazine”ni yaradım və orda yeni kitabımı dərc edim. İlk günlərdən incəsənət
barədə beynəlxalq layihə kimi olmasını düşünürdüm. Los-Ancelesdə yaşayan bir
dostuma bu layihə maraqlı gəldi və mənə kömək etdi. Rejissordur, o da mənim
üçün videobloqlar çəkirdi. O vaxt ən qalmaqallı layihəm Azərbaycan dilində "Nahar qız Bahar” olmuşdu. Satirik
videobloqlar idi. Ondan əvvəl Azərbaycan dilində videolar çəkmirdim. Birinci
videom "milyonerə ərə getməyin yolları” idi. Mən rusdilli feminist olduğum üçün
rusdillilər məni feminist yazar kimi tanıyırdılar. Azərbaycan dilində video
hazırlayanda onlar məni başa düşmürdülər. Deyirdilər ki, ciddi olaraq bu suala
cavab verirsiniz? Bunu necə ciddi etmək olar? Bu mövzuda sadəcə, demək istədiyimiz
sözlər var idi. Əvvəl dostumla bir yerdə çalışırdıq. Sonra məqsədlərimiz fərqli
oldu deyə, davam etmədik.

- Arada jurnal fəaliyyət göstərmədi. Fasilənin səbəbi
nə oldu?
- Çox
vaxt belə olur ki, iş qurmaq istəyən adam özünə şərik tapır. İşə başlasalar da,
o şəriklər bir-birinə məqsədlərini demirlər. Belə olanda da yollar ayrılır.
Buna görə, bir az depressiyaya düşdüm və jurnalı bağladım. 2018-ci ilin
noyabrında yenidən açdım. Hazırda məqsədimiz rəqəmsal mədəniyyət barədədir.
- Komandanızda nə qədər adam var?
- 10 nəfərlik bir komandamız var.
- Onlayn jurnalın gəliri nə dərəcədədir? Çünki öz
işini qurmaq deyəndə, çox adam pul tərəfini maraqlanır.
- Əlbəttə
ki, gəlir olur, amma biz onu yenidən işə investisiya edirik. Biznesdə birinci 3
il ərzində bütün gəliri yenidən işə yatırmaq lazımdır. Biz bu qaydaya riayət
edirik. Ümumiyyətlə, bizneslə bağlı insanları ən çox gəlir tərəfi
maraqlandırır. Media-biznesində də pul qazanmaq mümkündür. Sosial şəbəkələr,
sosial mediaya görə, media industriyası yeni bir səviyyəyə çıxdı. Artıq hər
insan öz istedadını sosial şəbəkələr vasitəsilə bütün dünya ilə bölüşə bilər.
Amma buna tək biznes kimi yanaşmaq, pula görə etmək də olmaz. İşi sevmək
lazımdır.

- Yazılarınız əsasən rus dilində
olur. Niyə rusca yazırsınız?
- Ümumiyyətlə, "BAHAR magazine” beynəlxalq jurnaldır. Ona görə,
materiallarımızı ingilis və rus dilində hazırlayırıq. Bu sualı bizə çox adam
verir. Buna cavabım odur ki, niyə də yox? Bəzi insanlarda rusdilli adamlara
neqativ yanaşma var, amma rus dili ədəbiyyat, media industriyası üçün vacibdir.
Çünki rus dilində oxuyan böyük izləyici kütləsi var. Bizim Azərbaycandan başqa,
bir çox ölkədən rusdilli oxucularımız var. Onu da deyim ki, Azərbaycan dilində
sosial layihələr edirik. Məsələn, 8 Mart Beynəlxalq Qadınlar Günündə "Arzular”
adlı sosial bir video hazırlamışdıq. Balaca qızlar öz arzularında danışırdı.
Bir neçə sahibkar xanım bizi bu layihədə dəstəklədi. 57 min baxış oldu. Rus
dilində yazsaq da, azərbaycan dilində layihələrimiz olur.
- Məqsədyönlüsünüz. Maraqlıdır, bəs ümumi olaraq məqsədiniz
nədir?
- Həmişə
iki məqsədim olub, cəmiyyətimiz üçün faydalı olmaq, bir də Azərbaycanı əcnəbilərə
olduğu kimi tanıtmaq. Azərbaycan çox gözəl ölkədir. Bunu söz xətrinə demirəm. Resurs
cəhətdən zəngin ölkəyik, eləcə də insan resursları. Mən təhsil aldığım
universitetdə əsasən ruslar tədris aparırdı, iş həyatında da xaricilərlə daha
çox ünsiyyətdə olmuşam. Və xaricilərlə ünsiyyətdə görürdüm ki, biz, Azərbaycana
o qədər də dəyər verə bilmirik, əslində isə bura çox gözəl bir yerdir. Ölkəmizi
doğru şəkildə tanıtmaq da, təbii ki bizim üzərimizə düşür.
Aygün Asimqızı


