Həbs olunan məşhur futbolçular təcridxanada tualet yuyurlar
"Zenit”in və "Krasnodar”ın həbs olunan futbolçuları – Aleksandr
Kokorinlə Pavel Mamayevin təcridxana həyatları barədə məlumat yayılıb.
Kaspi.az. xəbər verir ki, məlumatı futbolçuların saxlandığı istintaq
təcridxanasının rəisi Sergey Telyatnikov verib. O, futbolçuların təcridxanada
heç bir problemlə üzləşmədiklərini də bildirib:
"Onlar böyük olmayan – 3-4 nəfərlik kameralarda qalırlar. Nə Kokorin,
nə də Mamayev təcridxanada hər hansı problemlə üzləşməyiblər. Onlar kamera
yoldaşları ilə növbəli şəkildə tualet də yuyurlar.
Kokorinin kamerası daha yaxşıdır. Bu kamera nümunə üçün hazırlanıb.
Hətta kamerada video əlaqədə qurmaq imkanı var. Düyməni basırsan və nəzarətçi
ilə danışmaq imkanı əldə edirsən”.
"Zenit”in üzvü Aleksandr Kokorin və "Krasnodar” klubunun futbolçusu
Pavel Mamayev oktyabrın 7-də səhər saatlarında Moskvanın mərkəzində azı üç
nəfəri döyüblər. Onların hərəkətlərini videomüşahidə kameraları qeydə alıb.
Əvvəlcə onlar dostları ilə birlikdə "Birinci kanal”ın aparıcısı Olqa Uşakovanın
sürücüsünə hücum ediblər. Bir az sonra isə Böyük Nikitsk küçəsindəki
qəhvəxanada iki məmuru döyüblər. İnsident zamanı Sənaye və Ticarət Nazirliyinin
avtomobil sənayesi və dəmiryol maşınqayırması departamentinin direktoru Denis
Pak və dövlət elmi mərkəzi NAMİ-nin rəhbəri Sergey Qasin xəsarət alıblar.