• çərşənbə axşamı, 19 mart, 18:01
  • Baku Bakı 8°C

Hansı sahəyə yatırım qoyaq? - Diskussiya

23.12.16 10:54 9352
Hansı sahəyə yatırım qoyaq? - Diskussiya
"Sizin gələcək rifahınız verdiyiniz qərarlardan asılıdır”. Bu sözlərin müəllifi məşhur amerikalı milyarder Rokfellerdir. Məlumdur ki, ehtiyaclarımızı qarşılamaq, gələcəyimizi zəmanət altına almaq üçün çalışmaq və iqtisadiyyatımızı düzgün planlamaq məcburiyyətindəyik. Bəs düzgün qərarı necə verək? Hansı sahələrə yatırım qoyaq ki, işdən gəlirlə çıxaq? Bu sualın cavabını Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)biznes və menecment fakültəsinin tələbələri ilə müzakirə etdik.

Məleykə Novruzova:
- Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Bizim xaricdən hansısa mal idxal etməyimiz yaxşı hal deyil. Çünki Azərbaycan getdikcə inkişaf edir. Bu səbəbdən də biz iqtisadiyyatımızı kiçik addımlarla daha da mükəmməlləşdirə bilərik. Elə ilk olaraq inkişaf etmiş ölkələrdən nümunə götürməliyik. Biznes inkubatorlara və texnoparklara üstünlük verməliyik. Bu sahəyə tələbələri cəlb etməliyik. Artıq iki ildir, UNEC-də İnnovativ Biznes İnkubatoru fəaliyyət göstərir. Burada tələbələr öz startap layihələrini uğurla reallaşdıra bilirlər. Bu baxımdan özümüzü şanslı tələbə sayırıq. Bundan əlavə, tələbələri xaricə göndərməli, onları maliyyələşdirməli, ixtisaslı kadr kimi yetişdirməliyik ki, xarici peşəkarlara ehtiyac qalmasın. Elə öz milli ixtisaslı kadrlarımız hesabına yeni texnologiyalar inkişaf etdirilməlidir.

Şahlar Axundov:
- Düşünürəm ki, Azərbaycanda investisiyanı ancaq 3 sahəyə qoymaq olar. Mənə görə, bu sahələrdə gələcək var. Birincisi, parça sənayesidir. Məlumdur ki, Azərbaycanda ipəkçilik və pambıqçılıq qədim zamanlardan inkişaf edib. Biz türk mallarını alırıq, amma özümüz brendimizi yaradıb, gözəl geyimlər istehsal edə bilərik. İkincisi, gələcəkdə gəlir gətirə biləcək sahə logistikadır (Logistika- əmtəənin, xidmətin müştərinin tələbatını ödəmək üçün hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi prosesinə deyilir – Ş.A.). Bu sahə bizdən asılı olmadan inkişaf edəcək. Böyük İpək Yolu yenidən bərpa oluna bilər. Şimal-cənub nəqliyyat dəhlizində yerləşirik. Hörmüz boğazından Finlandiyaya qədər yol var. Bu qədər ərazini keçən bir yolun açarı bizim ərazimizdən keçir. İstər-istəməz buradan yük daşınmalar olacaq. Həmçinin Çindən Avropaya, Avropadan Çinə daha çox hazır məhsullar daşınır. Ukraynadan Özbəkistana, Türkmənistana məhsullar daşınır. Bu sahə bizə gəlir gətirə bilər. Bu səbəbdən logistik mərkəzlər yaradılmalıdır.
Üçüncü sahə isə, informasiya və kommunikasiya texnologiyalarıdır. Artıq Azərbaycanda demək olar, bütün sahələr elektron idarəetməyə keçib. Lakin Azərbaycanda onlayn bank yoxdur. Düzdür, onlayn bank xidmətləri var, amma bu onlayn bank hesab olunmur. Məsələn, mən internetdən kredit götürə bilmirəm. Və ya Azərbaycanda elektron pul kisəsi yoxdur. Bu sahə inkişaf etdirilməlidir.

Samirə Abdulrəhimli:
- İstehsal sənayesi inkişaf etdirilməlidir. Xüsusilə kənd təsərrüfatının inkişafına böyük ehtiyac var. Biz özümüz məhsul istehsal etmək iqtidarındayıq. Niyə xaricdən məhsul alaq? Kənd təsərrüfatının inkişafına yatırım qoyan, hesab edirəm ki, uduzmaz.

Elmar Abbaszadə:
- Şahların bir fikrini düzgün hesab etmirəm. Logistika şirkətlərinə yatırım qoymaq düzgün olmaz. Çünki Böyük İpək Yolunun bərpa olunması qarşıdakı 20 il ərzində gözlənilmir. Bu yolun bərpası böyük ölkələrin maraqlarına toxunur. Əgər bu baş versə, İngiltərənin bütün iqtisadiyyatı demək olar, batar. Buna görə də bu sahəyə yatırım qoymaq qarşıdakı 20 ildə düzgün deyil.
Məncə, turizm sahəsinə yatırım qoya bilərik. 3-4 il bundan qabaq turizmə qoyulan pullar səmərəli nəticə vermədi. Çünki bizim manat dollara qarşı güclü idi. 100 dollar 78 manat edirdi və turistlərə bu qiymət sərf etmirdi. Amma indi yüz dollar 100 manatdan çoxdur və bu turistlərə sərf edir. Turizm sahəsi mütləq inkişaf etdirilməlidir. Digər bir sahə kənd təsərrüfatı ola bilər. Təbii ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün hər bir ölkə yüz faiz kənd təsərrüfatını inkişaf etdirməlidir. Konkret olaraq, tütün və tütün məmulatlarının istehsalı möhkəmləndirilməli və bu sahəyə yatırım qoyulmalıdır.

Elşənağa Cəlilov:
- Azərbaycanda hazırda istənilən sahəni inkişaf etdirmək üçün potensial var. İstər tekstil, istər maşınqayırma, istərsə də ağır sənaye. Sadəcə, devalvasiya dövrünü nəzərə almalı və düşünməliyik ki, bu dövrdən ən yaxşı necə faydalanmaq olar. Ən üzdə olan və ən az xərclə ən çox inkişaf etdirə biləcəyimiz sahələr hansıdırsa, onlara investisiya qoymaq daha düzgündür. Məsələn, biz deyə bilərik ki, "NAZ-Lifan”ı "Mersedes” səviyyəsinə çıxarmaq istəyirik. Amma hazırda bu, böyük xərc tələb edir və bizim təcrübəmiz olmadığından birbaşa bu sahəyə girmək risklidir. Amma hazırda bizim ənənəvi sahəmiz olan kənd təsərrüfatıdır ki, az xərclə gəlir götürə bilər və daha tez inkişaf etdirə bilərik. Çünki biz hər hansı kənd təsərrüfatı məhsulunu istehsal etmək iqtidarındayıq və bunu xaricə də sata bilərik. Daha çox investisiya yatırıb "Azərbaycan məhsulu” brendi altında istehsal etmək daha yaxşı olardı.
İkincisi, bizim bacara biləcəyimiz və riski az olan sahə turizmdir. Devalvasiya olduğu üçün dostumuzun dediyi kimi, əvvəl bura gələn turist daha az xərcləyə bilirdi və bu, ona sərf etmirdi. Amma indi vəziyyət dəyişib. Turizmi inkişaf etdirməli və bu sahəyə ixtisaslı kadrları cəlb etməliyik.
Digər sahə isə xarici investisiyadır. Yenə devalvasiya məsələsinə görə, xarici investorlara hazırda Azərbaycanda pul yatırmaq sərf edir. Onların yaratdığı sahədə bizim işçilər işləyər. Həm ixtisaslaşıb, həm də pul qazana bilərlər.

Məleykə:
- 2016-cı ildə strateji yol xəritəsi layihəsi təsdiqlənib. Bu layihədə yoldaşlarımızın da dediyi bütün məsələlərin inkişafı geniş yer alıb. Mən düşünürəm ki, fəaliyyəti dayanmış zavodlar inkişaf etdirilməlidir. Onları tələbata uyğun, yeni texnologiyalarla əvəz edib, yeni məhsullar istehsal edə bilərik.
Nigar:
- Bütün fikirlərə qatılıram. Elmarın dediyi tütün sahəsinə bir əlavə etmək istəyirəm. Şərabçılıq. Çünki bizdə həm tütün, həm də üzüm istehsalı çox yaxşı alınır. Üzüm bizim iqlimə çox uyğundur. İnkişaf etdirmək potensialı var. Lakin investorlar bu sahəyə maraq göstərmir. İndi elə bir vəziyyətdir ki, bizim manat dəyərdən düşür . Təbii ki, büdcəmizin də miqdarında azalma olur. Dövlət bütün sahələrin hamısına özü nəzarət edə bilməz, özü investisiya yatıra bilməz. Buna görə potensial investorlar tapılmalıdır. Həmin investorlar da bölünməlidir. Məsələn, təhsil sahəsi bir investora həvalə olunmalıdır ki, tələbələri xaricdə oxutsunlar və potensiallarından istifadə etsinlər. Şərabçılığa yatırım qoyulmalıdır. İstər tütün, istərsə də şərabçılıq olsun, Azərbaycan uzun müddət bu məhsulları istehsal edib və uğurlu nəticələr alınıb.
Bank sektoruna yatırım qoyulmalıdır və bu sektor dirçəldilməlidir. Xüsusilə, virtual banklar yaradılmalıdır. Maşınqayırmada uğur qazanmaq risklidir. Çünki bunun üçün biz mütləq ixtsaslaşmalıyıq.

Şahlar:
- Əgər biz investorları cəlb etmək istəyiriksə, burada əsas rol mətbuatın üzərinə düşür. Məsələn, mən Azərbaycanda iqtisadi xəbərləri axtarıram, rəsmi sənədlərdən başqa heç nə tapa bilmirəm. Məlumatın az olması xarici investorlara təsir edir. Onlar araşdırma aparırlar, amma mətbuatdan Azərbaycan bazarı haqqında heç nə öyrənə bilmirlər. Onlara heç bir məlumat verilmir. Bu da böyük problemlərdən biridir. Kənd təsərrüfatına gəldikdə isə düşünürəm ki, bizdə ən perspektivli sahələrdən biri qarğıdalıdır. Qarğıdalıdan həm yem kimi istifadə edirik, həm ondan yağ alınır, həm də dərman vasitələri hazırlanır. Bu bitkinin bizdə yetişdirilməsi üçün də münbit şərait var.
Nigar:
- Bizdən xaricə beyin axınları olur. Kadr potensialımıza böyük investisiya yatırılmalıdır ki, onların burada qalmağa marağı olsun. Dövləti tənəzzülə uğratmaq üçün ilk növbədə onun kadr potensialını aradan çıxarmaq lazımdır. Hər sahədə sözünü demiş mütəxəssisləri saxlasaq və onlara investisiya yatırsaq, daha çox uğurlar əldə edərik.

- Yatırımda reklam nə qədər önəmlidir?
Məleykə:
- Biznesdə reklam çox önəmlidir. Çünki hər şey tanınmaqdan başlayır. Sənin çox qəşəng məhsulun ola bilər. Amma sənin reklamın zəifdirsə, onu heç kim tanımayacaq. Belə bir məhsulun istehsalından heç xəbərləri də olmayacaq. Elmar:
- Bir marketoloqun belə bir sözü var: "Reklamsız hər hansı məhsulu istehsal etmək qaranlıqda kiməsə göz vurmaq kimidir”. Sən özün göz vurduğunu bilirsən, amma bunu heç kim görmür. Onun üçün də hər hansı bir məhsulu satmaq üçün yüz faiz reklam lazımdır.

- Sizcə, yatırım qoyarkən, risk etmək lazımdır?
Lalə Novruzova:
- Mənim fikrimcə, hər hansı istehsal sahəsində fəaliyyətə başlayırsansa, mütləq riski nəzərə alıb başlamaq lazımdır. Yəni, əgər nəyinsə sonunu fikirləşirsənsə, "bunu edərəm, alınmaz” düşüncəsi ilə hərəkət edirsənsə, riskə getmirsənsə, onda nailiyyət əldə etmək olmaz. Mütləq risk gözə alınmalıdır. Risksiz heç bir yolda uğur yoxdur.
Elşənağa:
- İqtisadiyyatdan riskli sahə yoxdur. Marketinqdə belə bir ifadə var ki, ən böyük risk risk etməməkdir. Çünki risk etmirsinizsə, deməli, siz yerinizdə sayırsınız. Yerinizdə sayırsınızsa, bazar iqtisadiyyatında geri qalırsınız. Geri qalırsınızsa, deməli, batacaqsınız...
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər