"Sizin gələcək rifahınız verdiyiniz qərarlardan
asılıdır”. Bu sözlərin müəllifi
məşhur amerikalı milyarder Rokfellerdir. Məlumdur ki, ehtiyaclarımızı
qarşılamaq, gələcəyimizi zəmanət altına almaq üçün çalışmaq və
iqtisadiyyatımızı düzgün planlamaq məcburiyyətindəyik. Bəs düzgün qərarı necə
verək? Hansı sahələrə yatırım qoyaq ki, işdən gəlirlə çıxaq? Bu sualın cavabını
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)biznes və menecment fakültəsinin
tələbələri ilə müzakirə etdik.
Məleykə
Novruzova:
- Azərbaycan çox zəngin yeraltı və yerüstü
təbii sərvətlərə malikdir. Bizim xaricdən hansısa mal idxal etməyimiz yaxşı hal
deyil. Çünki Azərbaycan getdikcə inkişaf edir. Bu səbəbdən də biz
iqtisadiyyatımızı kiçik addımlarla daha da mükəmməlləşdirə bilərik. Elə ilk olaraq inkişaf etmiş ölkələrdən
nümunə götürməliyik. Biznes inkubatorlara və texnoparklara üstünlük verməliyik.
Bu sahəyə tələbələri cəlb etməliyik. Artıq iki ildir, UNEC-də İnnovativ Biznes
İnkubatoru fəaliyyət göstərir. Burada tələbələr öz startap layihələrini uğurla
reallaşdıra bilirlər. Bu baxımdan özümüzü şanslı tələbə sayırıq. Bundan əlavə,
tələbələri xaricə göndərməli, onları maliyyələşdirməli, ixtisaslı kadr kimi
yetişdirməliyik ki, xarici peşəkarlara ehtiyac qalmasın. Elə öz milli ixtisaslı
kadrlarımız hesabına yeni texnologiyalar
inkişaf etdirilməlidir. Şahlar Axundov:
- Düşünürəm ki, Azərbaycanda
investisiyanı ancaq 3 sahəyə qoymaq
olar. Mənə görə, bu sahələrdə gələcək var. Birincisi, parça sənayesidir. Məlumdur
ki, Azərbaycanda ipəkçilik və pambıqçılıq qədim zamanlardan inkişaf edib. Biz
türk mallarını alırıq, amma özümüz brendimizi yaradıb, gözəl geyimlər istehsal
edə bilərik. İkincisi, gələcəkdə gəlir gətirə
biləcək sahə logistikadır (Logistika- əmtəənin, xidmətin müştərinin tələbatını
ödəmək üçün hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin
idarə edilməsi prosesinə deyilir – Ş.A.). Bu sahə bizdən asılı olmadan inkişaf
edəcək. Böyük İpək Yolu yenidən bərpa oluna bilər. Şimal-cənub nəqliyyat dəhlizində
yerləşirik. Hörmüz boğazından Finlandiyaya qədər yol var. Bu qədər ərazini keçən
bir yolun açarı bizim ərazimizdən keçir. İstər-istəməz buradan yük daşınmalar
olacaq. Həmçinin Çindən Avropaya, Avropadan Çinə daha çox hazır məhsullar
daşınır. Ukraynadan Özbəkistana, Türkmənistana məhsullar daşınır. Bu sahə bizə
gəlir gətirə bilər. Bu səbəbdən logistik mərkəzlər yaradılmalıdır.
Üçüncü sahə isə,
informasiya və kommunikasiya texnologiyalarıdır. Artıq Azərbaycanda demək olar,
bütün sahələr elektron idarəetməyə keçib. Lakin Azərbaycanda onlayn bank
yoxdur. Düzdür, onlayn bank xidmətləri
var, amma bu onlayn bank hesab olunmur. Məsələn, mən internetdən kredit götürə
bilmirəm. Və ya Azərbaycanda elektron pul kisəsi yoxdur. Bu sahə inkişaf
etdirilməlidir.
Samirə Abdulrəhimli:
- İstehsal sənayesi inkişaf etdirilməlidir.
Xüsusilə kənd təsərrüfatının inkişafına böyük ehtiyac var. Biz özümüz məhsul
istehsal etmək iqtidarındayıq. Niyə
xaricdən məhsul alaq? Kənd təsərrüfatının inkişafına yatırım qoyan, hesab edirəm
ki, uduzmaz.
Elmar Abbaszadə:
- Şahların bir fikrini düzgün hesab etmirəm.
Logistika şirkətlərinə yatırım qoymaq düzgün olmaz. Çünki Böyük İpək Yolunun bərpa olunması qarşıdakı
20 il ərzində gözlənilmir. Bu yolun bərpası böyük ölkələrin maraqlarına
toxunur. Əgər bu baş versə, İngiltərənin bütün iqtisadiyyatı demək olar, batar.
Buna görə də bu sahəyə yatırım qoymaq qarşıdakı 20 ildə düzgün deyil.
Məncə, turizm
sahəsinə yatırım qoya bilərik. 3-4 il bundan qabaq turizmə qoyulan pullar səmərəli
nəticə vermədi. Çünki bizim manat
dollara qarşı güclü idi. 100 dollar 78 manat edirdi və turistlərə bu
qiymət sərf etmirdi. Amma indi yüz dollar 100 manatdan çoxdur və bu turistlərə
sərf edir. Turizm sahəsi mütləq inkişaf etdirilməlidir. Digər bir sahə kənd təsərrüfatı
ola bilər. Təbii ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün hər bir ölkə yüz
faiz kənd təsərrüfatını inkişaf etdirməlidir. Konkret olaraq, tütün və tütün məmulatlarının istehsalı möhkəmləndirilməli və bu sahəyə
yatırım qoyulmalıdır. Elşənağa Cəlilov:
- Azərbaycanda hazırda istənilən sahəni
inkişaf etdirmək üçün potensial var. İstər tekstil, istər maşınqayırma, istərsə
də ağır sənaye. Sadəcə, devalvasiya dövrünü nəzərə almalı və düşünməliyik
ki, bu dövrdən ən yaxşı necə faydalanmaq
olar. Ən üzdə olan və ən az xərclə ən çox inkişaf etdirə biləcəyimiz sahələr
hansıdırsa, onlara investisiya qoymaq daha düzgündür. Məsələn, biz deyə bilərik
ki, "NAZ-Lifan”ı "Mersedes” səviyyəsinə çıxarmaq istəyirik. Amma hazırda bu, böyük xərc tələb edir və bizim təcrübəmiz olmadığından birbaşa bu sahəyə girmək risklidir. Amma hazırda bizim ənənəvi
sahəmiz olan kənd təsərrüfatıdır ki, az
xərclə gəlir götürə bilər və daha tez inkişaf etdirə bilərik. Çünki biz hər hansı kənd təsərrüfatı məhsulunu istehsal
etmək iqtidarındayıq və bunu xaricə də sata bilərik. Daha çox investisiya
yatırıb "Azərbaycan məhsulu” brendi altında
istehsal etmək daha yaxşı olardı.
İkincisi, bizim
bacara biləcəyimiz və riski az olan sahə turizmdir. Devalvasiya olduğu üçün dostumuzun dediyi
kimi, əvvəl bura gələn turist daha az xərcləyə bilirdi və bu, ona sərf etmirdi.
Amma indi vəziyyət dəyişib. Turizmi inkişaf etdirməli və bu sahəyə ixtisaslı
kadrları cəlb etməliyik.
Digər sahə isə xarici
investisiyadır. Yenə devalvasiya məsələsinə
görə, xarici investorlara hazırda Azərbaycanda
pul yatırmaq sərf edir. Onların yaratdığı sahədə bizim işçilər işləyər. Həm
ixtisaslaşıb, həm də pul qazana bilərlər.
Məleykə:
- 2016-cı ildə strateji yol xəritəsi layihəsi
təsdiqlənib. Bu layihədə yoldaşlarımızın da dediyi bütün məsələlərin inkişafı
geniş yer alıb. Mən düşünürəm ki, fəaliyyəti dayanmış zavodlar inkişaf etdirilməlidir.
Onları tələbata uyğun, yeni texnologiyalarla əvəz edib, yeni məhsullar istehsal
edə bilərik.
Nigar:
- Bütün fikirlərə qatılıram. Elmarın dediyi
tütün sahəsinə bir əlavə etmək istəyirəm. Şərabçılıq. Çünki bizdə həm tütün, həm
də üzüm istehsalı çox yaxşı alınır. Üzüm bizim iqlimə çox uyğundur. İnkişaf
etdirmək potensialı var. Lakin investorlar bu sahəyə maraq göstərmir. İndi elə
bir vəziyyətdir ki, bizim manat dəyərdən düşür . Təbii ki, büdcəmizin də
miqdarında azalma olur. Dövlət bütün sahələrin
hamısına özü nəzarət edə bilməz, özü investisiya yatıra bilməz. Buna görə potensial investorlar tapılmalıdır. Həmin
investorlar da bölünməlidir. Məsələn, təhsil
sahəsi bir investora həvalə olunmalıdır ki, tələbələri xaricdə oxutsunlar və
potensiallarından istifadə etsinlər. Şərabçılığa yatırım qoyulmalıdır. İstər
tütün, istərsə də şərabçılıq olsun, Azərbaycan uzun müddət bu məhsulları
istehsal edib və uğurlu nəticələr alınıb.
Bank sektoruna
yatırım qoyulmalıdır və bu sektor dirçəldilməlidir. Xüsusilə, virtual banklar
yaradılmalıdır. Maşınqayırmada uğur qazanmaq risklidir. Çünki bunun üçün biz mütləq ixtsaslaşmalıyıq. Şahlar:
- Əgər biz investorları cəlb etmək istəyiriksə,
burada əsas rol mətbuatın üzərinə düşür. Məsələn, mən Azərbaycanda iqtisadi xəbərləri
axtarıram, rəsmi sənədlərdən başqa heç nə tapa bilmirəm. Məlumatın az olması xarici
investorlara təsir edir. Onlar araşdırma aparırlar, amma mətbuatdan Azərbaycan
bazarı haqqında heç nə öyrənə bilmirlər. Onlara heç bir məlumat verilmir. Bu da böyük problemlərdən biridir. Kənd təsərrüfatına
gəldikdə isə düşünürəm ki, bizdə ən perspektivli sahələrdən biri qarğıdalıdır.
Qarğıdalıdan həm yem kimi istifadə edirik, həm ondan yağ alınır, həm də dərman
vasitələri hazırlanır. Bu bitkinin bizdə
yetişdirilməsi üçün də münbit şərait var. Nigar:
- Bizdən xaricə beyin axınları olur. Kadr
potensialımıza böyük investisiya yatırılmalıdır ki, onların burada qalmağa
marağı olsun. Dövləti tənəzzülə uğratmaq üçün ilk növbədə onun kadr
potensialını aradan çıxarmaq lazımdır. Hər sahədə sözünü demiş mütəxəssisləri
saxlasaq və onlara investisiya yatırsaq, daha çox uğurlar əldə edərik.
- Yatırımda reklam nə qədər önəmlidir? Məleykə:
- Biznesdə reklam çox önəmlidir. Çünki hər
şey tanınmaqdan başlayır. Sənin çox qəşəng məhsulun ola bilər. Amma sənin
reklamın zəifdirsə, onu heç kim tanımayacaq. Belə bir məhsulun istehsalından
heç xəbərləri də olmayacaq. Elmar:
- Bir marketoloqun belə bir sözü var: "Reklamsız hər hansı məhsulu
istehsal etmək qaranlıqda kiməsə göz vurmaq kimidir”. Sən özün göz vurduğunu
bilirsən, amma bunu heç kim görmür. Onun üçün
də hər hansı bir məhsulu satmaq üçün yüz faiz reklam lazımdır.
- Sizcə, yatırım qoyarkən, risk etmək lazımdır? Lalə Novruzova:
- Mənim fikrimcə, hər hansı istehsal sahəsində fəaliyyətə
başlayırsansa, mütləq riski nəzərə alıb
başlamaq lazımdır. Yəni, əgər nəyinsə sonunu fikirləşirsənsə, "bunu edərəm,
alınmaz” düşüncəsi ilə hərəkət edirsənsə, riskə getmirsənsə, onda nailiyyət əldə
etmək olmaz. Mütləq risk gözə alınmalıdır. Risksiz heç bir yolda uğur yoxdur.
Elşənağa:
- İqtisadiyyatdan riskli sahə yoxdur.
Marketinqdə belə bir ifadə var ki, ən böyük risk risk etməməkdir. Çünki risk
etmirsinizsə, deməli, siz yerinizdə sayırsınız. Yerinizdə sayırsınızsa, bazar
iqtisadiyyatında geri qalırsınız. Geri qalırsınızsa, deməli,
batacaqsınız... Aygün ƏZİZ