• çərşənbə axşamı, 19 mart, 15:54
  • Baku Bakı 8°C

"Günümüzə ağlamaqdansa, özümüzə gün ağlayaq" - Gör-götür

17.01.20 12:04 6261
"Günümüzə ağlamaqdansa, özümüzə gün ağlayaq" - Gör-götür
Elşən Bədirxanov: "Zamanla ayaqlaşmaq üçün sadəcə gəzmək kifayət deyil, qaçmaq lazımdır”
Pozitiv insandır. Düşünür ki, zamanla ayaqlaşmaq üçün sadəcə gəzmək kifayət deyil, qaçmaq lazımdır. Ona görə, bu dövrə uyğun biliklərə və dəyişikliklərə meyilli olan insanlar inkişaf edəcək, olmayanları isə ayrı-ayrı fərdlər yox, zaman süpürüb səhnədən kənara atacaq. Bu səbəbdən yaşından asılı olmayaraq, hər kəsə öz üzərində çalışmağı tövsiyə edir.

Müsahibimiz Rabitəbank ASC-də İdarə Heyəti sədrinin müavini, Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasının üzvü Elşən Bədirxanovdur.
- Tarix üzrə təhsil almısınız. Universiteti bitirdikdən sonra 93-cü ildən bank sahəsində işləməyə başlamısınız. O dövrə səyahət edək. Bankla yolunuz necə kəsişib?
- Məktəbi bitirəndə qərara gəldim ki, tarixçi olum. O zamanlar test sistemi mövcud deyildi və yeganə universitet olan Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmaq olduqca çətin idi. Çünki bu fakültəni bitirənlər üçün geniş karyera imkanları açılırdı. Sonradan məlum oldu ki, oraya qəbul olan tələbələr qabaqcadan bəlli imiş. Hətta müəllimlərdən biri atama demişdi ki, "oğlun bu fakültəyə daxil ola bilməyəcək, uşağı sındırma”. Atam bunu mənə demədi və cəhd etdik. 3 imtahan olmalı idi. Qəbul olunmaq üçün bunların ən azı ikisindən "5” almaq lazım idi. İlk imtahanda sualların hamısını cavablandırdım və gördüm ki, "4” yazıblar. Məyus oldum. Dedim niyə "4”? Cavab verdilər ki, "4” yaxşı qiymətdir. İkinci imtahanda gözüm imtahan qəbul edənlərin əlində idi. Qiymət yazanda dedim neçə yazırsınız? Dedilər "4”. Etiraz etdim. Dedilər ki, "4” çox yaxşı qiymətdir. Dedim yox, mən "5” istəyirəm. Yazmadılar. Apelyasiya tələb etdim. Universitetin hörmətli professorları sual-cavab etdilər. Yaqub Mahmudovun və Fuad Qasımzadənin "5” almağımda rolu çox oldu. Beləliklə, mən tarix fakültəsinə daxil oldum. Yekun dövlət imtahanını mərhum Ziya Bünyadov qəbul etdi. Hər zaman fəxrlə qeyd edirəm ki, Ziya Bünyadov məni öz yanına, aspiranturaya dəvət etmişdi. Amma o zaman vəziyyət mürəkkəb idi, Qarabağ müharibəsi zamanı qardaşım ağır yaralanmışdı və ailəmizin iqtisadi durumu da yaxşı deyildi. Ona görə də, necə deyərlər, mədə elmə qalib gəldi və kommersiya sahəsinə üstünlük verdim.


- Deməli, sizi bank sahəsinə o zamankı maddi durumunuz gətirdi...
- Bəli. Təsəvvür edin ki, 1993-cü ilin əvvəli idi. Ölkədə Sovet İttifaqı dağılandan sonra gərgin proseslər gedirdi. Elmə diqqət aşağı idi və burada rasional çıxış yolu tapmaq lazım idi. Müxtəlif kommersiya təşkilatlarında işləyəndən sonra təsadüfən məlumat aldım ki, bankların birində vakansiya var. Mənim də bu sahədə təcrübəm yox idi. Nəinki mənim, o zaman bank sahəsində təcrübəsi olan adamlar demək olar ki, yox idi. Özümü sınadım və işə qəbul olundum. Yarım ildən sonra elə alındı ki, rəhbərim başqa işə keçdi və məni şöbə rəhbərinin vəzifələrini icra edən təyin etdilər. Bu, əslində səciyyəvi vəziyyət deyil. Reallıq odur ki, bank sahəsində peşəkarlar yox dərəcəsində idi və çalışqan bacarıqlı hər bir gəncin irəliləməyə şansı vardı. O şans mənə də qismət oldu və ondan da yararlana bildim. Az müddət sonra şöbə rəhbəri kimi "Rabitəbank”dan təklif aldım. Qısa zamanda tamamilə sıfırdan bir çox sahələrin qurulması mənə həvalə olundu. 2003-cü ildə "Bank of Baku”da İdarə Heyəti sədrinin müavini kimi çalışdım. Yarım ildən sonra banka rəhbərlik mənə həvalə olundu. Sonradan bir sıra digər maliyyə qurumlarında da rəhbər vəzifələrdə çalışdım və nəhayət "Rabitəbank”dan ayrıldıqdan 15 il sonra yenidən bu banka qayıtdım. Hazırda insan resursları və keyfiyyətə nəzarət sahələrini kurasiya edirəm.

- Maraqlıdır, tarixçi olmaq üçün mübarizə aparmısınız, amma bank sahəsində uğurlarınız olub. Heç düşünürsünüzmü ki, kaş əvvəldən bu sahəyə gedərdim, yaxud tarixlə də ciddi məşğul olardım...
- Tarixə marağım müxtəlif sahələrdə köməyimə çatıb. Tarixçilik mənə analitik düşünmə və təhlil etmə məqamlarını, oxuma vərdişlərini formalaşdırıb. Amma bank sahəsi mənə o qədər maraqlı gəldi ki, yenidən elmə qayıtmaq barədə, açığını desəm, düşünmədim. Məni tanıyan insanlar da bildirirlər ki, məntiqi düşüncə tərzim iqtisadi sahəyə daha çox uyğun gəlir.


- Hazırda aparıcı banklarda yüksək vəzifələr tutan vaxtilə bir çox gənc istedadların aşkarlanmasında böyük rolunuz olub. Bu barədə nə deyə bilərsiniz?
- Çox şadam ki, mənə belə bir şans nəsib olub. Rəhbərlik etdiyim bankların birində imkanım var idi ki, hər bir işə qəbul edilən əməkdaşla şəxsən görüşüm. Oxşar dəyərləri paylaşan və inkişafa meyilli insanların müəyyən edilməsi üçün bu çox önəmli idi. Fəxr edirəm ki, o dövrdə seçdiyimiz insanlar müxtəlif banklarda kifayət qədər böyük uğurlara sahib olublar və hazırda aparıcı banklarda rəhbər mövqelərdədirlər. Onların uğurlarına çox sevinirəm.

- Elşən müəllim, iş üçün müsahibəyə gələn insanda daha çox hansı nüansa diqqət edirsiniz ki, məhz sizin seçdiyiniz insanlar indi rəhbərdirlər?
- Əsaslarını deyim. Bilik önəmlidir, amma heç də yeganə meyar deyil. Fikrimcə, bir sıra hallarda bilikdən daha əhəmiyyətli meyar inkişafa meyillilik və öyrənmə qabiliyyətidir. Bunlarla yanaşı, pozitiv düşüncə və komandada işləmək bacarığı da olduqca önəmli keyfiyyətlərdir.

- "Uğura inan, öz biznesinə başla!” kitabının müəllifisiniz. Niyə məhz bu mövzu?
- Bu, mənim həyatımda maraqlı bir səhifədir. 2015-ci ilin əvvəllərində ilk devalvasiyadan sonra cəmiyyət çaşqınlıq içində idi. Uzun illər iqtisadi sabitlikdən sonra bu vəziyyət insanlara ciddi bir şok yaşatdı. Bunun təsiri daha çox gənclərə oldu. Öz gələcəyini görməyən ümidsiz gənclər cəmiyyət üçün kifayət qədər böyük bir riskdir. Bu halda insanlar radikalizmə meyilli olurlar. Düşündüm ki, bu vəziyyətdə mən nə edə bilərəm? Çıxış yolu kimi gənclərin xırda biznesə sövq edilməsini gördüm. Söhbət çox kiçik fərdi sahibkarlıqdan gedir ki, gənclər öz vərdişlərini inkişaf etdirsinlər, az da olsa qazanc əldə etmək imkanları olsun. Bu məqsədlə çox araşdırma apardım. Hətta mikrobiznes inkubatoru layihəsini yaratdım. Bu biliklər itməsin deyə, qərarlaşdım ki, onları yığcam şəkildə toplayım və "Uğura inan, öz biznesini yarat!” kitabını yazım. Bu kitab Azərbaycan Banklar Assosiasiyası və Asan Könüllülər təşkilatının dəstəyi ilə çap olundu.

- İstədiyinizə nail ola bildinizmi?
- Şübhəsiz ki, yalnız kitabla belə böyük hədəfə çatmaq mümkün deyil. Amma əlimdən gələni etdim. Bu sahədə hətta ASAN-da gənclərə 1 aylıq təlim də keçdim. Pafoslu səslənməsin, düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı inkişafa xırda töhfəsini versə, nəticəsi möhtəşəm olar.

- Çıxışlarınızda daim şəxsi inkişafın vacibliyini vurğulayırsınız. Özünüz şəxsi inkişafınıza vaxt ayıra bilirsinizmi?
- Çox maraqlı dövrdə yaşayırıq. Dəyişikliklər dövrüdür. Yeni biliklər eksponensial qaydada artır. Zamanla ayaqlaşmaq üçün sadəcə gəzmək kifayət deyil, qaçmaq lazımdır. Bu dövrə uyğun biliklərə və dəyişikliklərə meyilli olan insanlar inkişaf edəcək, olmayanları isə ayrı-ayrı fərdlər yox, zaman süpürüb səhnədən kənara atacaq. Buna görə də həmişə tövsiyəm odur ki, yaşından asılı olmayaraq, bütün insanlar öz üzərlərində çalışsınlar. Özüm də bir neçə istiqamət üzrə şəxsi inkişafıma diqqət yetirirəm. Xüsusən, son illər çox kitab oxuyuram. Ötən il ərzinə 48 kitab oxumuşam. İnternetdə daim öz sahəm və digər sahələr üzrə yenilikləri izləyirəm. Məni maraqlandıran mövzular üzrə müxtəlif təlimlərdə, konfranslarda, vorkshoplarda imkan daxilində iştirak edirəm. Eyni zamanda, biliklərin beynə daha yaxşı həkk olunması vasitələrindən biri də insanın özünün təlim verməsidir. Azərbaycan Bank Tədris Mərkəzinin təlimçisiyəm, müxtəlif tədbirlərdə çıxış edirəm. Təhsilimi də çalışıram unutmayım. Bu il EMBA proqramına qatılmağı planlaşdırmışam. Şəxsi inkişaf üçün imkanlar kifayət qədər çoxdur.


- Adətən vəzifəli insanları kabinetdən kənarda az təsəvvür edirik. Sizi daim bankın işçiləri arasında, onlarla intellektual və digər yarışma və tədbirlərdə, motivasiya verərkən görürük...
- Rəhbərlə əməkdaşlar arasında baryerlər azalır. Bu, çox müsbət haldır. Dövr sürətlə dəyişir. Bu, zamanının tələbidir. Bizim bankda da bütün rəhbərlərin qapısı əməkdaşlar üçün açıqdır. Hər bir əməkdaş rəhbərlə görüşüb fikirlərini bölüşə bilər.

Konfutsi deyib ki, əgər sevimli işinizlə məşğulsunuzsa, ömrünüzdə bir gün belə, işləməyəcəksiniz. Sadaladığınız fəaliyyət mənim üçün bir növ istirahətdir, digər tərəfdən isə əməkdaşları motivasiya etmək rəhbər kimi mənim borcumdur. Eyni zamanda, insan resursları sahəsinin kuratoru kimi əməkdaşlarla əlaqədə çox oluram. Amma, bir daha təkrarlayım, əsas odur ki, özüm bundan zövq alıram.

- Tennis, şahmat və digər intellektual yarışlarda bank çempionu, futbol, alpinistlik, marafon... Maraqlarınız çox genişdir. Bunlar tələbatdır yoxsa zərurət?
- Yenilikləri xoşlayıram. Bütün sadaladıqlarınızla uşaqlıqdan məşğul olmamışam, marağım sonradan yaranıb. Belə hobbilər insan həyatına rəng qatır. Düzdü, bəzən asan olmur. 2005-ci ildə hazırlıqsız Heydər Əliyev zirvəsinə qalxdım. Çətin oldu, amma yaddaşımda həyatımın yaddaqalan səhifələrindən biri kimi qaldı. Marafon barəsində də qısa danışım. Təsəvvür edin, 48 yaşıma qədər qaçmamışam. Nəfəsim qaçmağa çatmırdı. Bir gün eşitdim ki, İdarə Heyətimizin sədri Bakı Marafonunda iştirak edib. Təbrik etdim və düşündüm ki, görəsən mən bunu edə bilərəmmi? Bildim ağır olacaq, amma cəhd etdim. 1 illik hazırlıqdan sonra Bakı Marafonunun iştirakçısı oldum və məsafəni sona kimi qət etdim. Ən mürəkkəb yol da ilk addımdan başlayır.
- "Çətin vəziyyətə düşəndə yumor hissim köməyimə çatır” demisiniz. Adətən çətin vəziyyətdə insan mənfiyə köklənir. Bunun sirri nədir?
- Ümumilikdə deyim ki, yumor hissi olduqca faydalı keyfiyyətdir. Hamıda yoxdur. Bilmirəm bunu inkişaf etdirmək mümkündür ya yox. Amma kimdə ki var, ona böyük bir fayda verir. İlk olaraq ona görə ki, digər insanlarla kommunikasiya daha rahat olur. Komanda fəaliyyətində yumor hissi kommunikasiyanı olduqca rahatlaşdırır. Digər tərəfdən, yumor hissinə sahib olan insan çətin vəziyyətdə özünü ruhlandıra bilir, ya da ruhlandırmaq şansları daha çox olur. Bir qədər özünə və ya vəziyyətə sarkastik və yumorla yanaşırsan, uğursuzluqlardan çıxmaq üçün daha çox güc tapırsan. Yumor hissi intellektin bir göstəricisidir. Müsahibədə də yumor hissinə sahib olan insanların daha çox şansı olur. Amma, zarafat da yerində olmalıdır. Hərdən olur ki, yumor hissi səni çətin vəziyyətə sala bilir. Bir dəfə toyda mənə söz vermişdilər ki, təbrikimi bildirim. Mən də öz aləmimdə zarafat etməyi düşündüm və bəyə müraciət edərək dedim ki, sən toydan sonra əsl xoşbəxtliyin nədən ibarət olmasını anlayacaqsan. Amma artıq gec olacaq. Baxdım ki, zalda reaksiya yoxdur, hamı ciddi qəbul etdi. Vəziyyətdən birtəhər çıxdım.


- Pozitiv düşüncə, uğur təfəkkürü... Elşən müəllim, bu, çıxışlarınızdan birinin mövzusudur. Pozitiv düşüncənin karyerada ümumiyyətlə, insan həyatında rolu nədən ibarətdir?
- Hesab edirəm ki, pozitiv düşüncə insanın inkişaf etməsi, həyatda nailiyətlər əldə etməsi üçün bəlkə də ən vacib keyfiyyətdir. Bəzən düşünürlər ki, həmişə gülümsəyən insan pozitiv insandır. Bu, heç də belə deyil. Yəni, pozitivliyin daha dərin meyarları var. Əsaslarını qeyd edim. Birincisi, ruhdan düşməməkdir. Yəni, çətin vəziyyətlə, problemlərlə qarşılaşanda ruhdan düşmürsən. Əlbəttə, biz robot deyilik, qısa müddətdə ola bilər ki, bədbinliyə qapılasan. Amma pozitiv insan bir müddət sonra özündə güc tapıb yolunu davam etməyi bacarır. Digər məqam məsuliyyəti üzərinə götürməkdir. Problemləri başqalarında görüb hərəkət etməyən insan neqativ düşüncəli insandır. Psixologiyada maraqlı bir fenomen var – atribusiyanın fundamental səhvi. Biz öz uğursuzluqlarımızı ətraf mühitlə bağlayırıq. Özümüzdə səhv görmürük. Başqalarının uğursuzluqlarını isə onların öz şəxsi keyfiyyətləri ilə əlaqələndiririk. Pozitiv insan məsuliyyəti üzərinə götürür. Müsahibə zamanı da situativ suallar verəndə açıq aydın görünür ki, kimlər məsələnin kökünü özündə görür, kimlər isə başqa amillərdə. Özündə görürsə, deməli, inkişaf edəcək. Özündə görmürsə, yalnız ətrafda görürsə, onda düzəlmə şansı aşağıdır. Kitabım çap olunandan sonra çox pozitiv rəylər aldım. Amma neqativ məqamlar da olurdu. "Burada inkişaf etmək mümkün deyil” kimi fikirlər gəldi. Birinə cavab yazdım ki, problemlər mövcuddur. Amma problemə fokuslanıb, hərəkət etməmək sizə nə verəcək? Biz günümüzə ağlamaqdansa, özümüzə gün ağlayaq. İnsanların fəlsəfəsi bu istiqamətdə olmalıdır.

Digər məqam. Pozitiv insan problemə deyil, çıxış yollarına fokuslanır. Pozitiv insanın beyni "bunu nəyə görə həll etmək mümkün deyil”ə deyil, "necə edək ki, bunu həyata keçirək” fikrinə fokuslanır. Bundan başqa, pozitiv insan "uğur hamıya çatar” fəlsəfəsilə yaşayır və buna görə də digər insanların uğurlarına sevinir, başqalarını ruhlandırır.

- Belə bir deyim var ki, uğur həmişə uğurlu insanın başına gəlir. Yaxud pul həmişə varlıya qismət olur. Siz necə düşünürsünüz? Uğurlu insanlar həqiqətən şanslı insanlardırmı?
- Təhlillər göstərir ki, milyonçuların əksəriyyəti sərvətlərini sıfırdan qazanıb. Deyirlər ki, pul pul gətirir. Düşünməliyik ki, bəs nə üçün məhz o insanlarda pul oldu? Deməli, müəyyən keyfiyyətlərə sahibdirlər. Əvvəlcədən qeyd edim ki, mən burada yalnız öz zəhmətilə, qanuni yolla zəngin olmuş şəxsləri nəzərdə tuturam. Digər yolla sərvətlərini qazanmış şəxslər isə bizə nümunə olmalı deyil. Bəzi insanlar hesab edirlər ki, insanların taleyi, gələcəyi valideynlərinə, genlərinə bağlıdır. Bəziləri insanın keyfiyyətlərini ətraf mühitlə əlaqələndirir. İlahi qüvvələrlə bağlayanlar da az deyil. Hətta davranış iqtisadiyyatı klassiklərindən biri, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kaneman hesab edir ki, uğurda əsas faktor təsadüfdür. Yəqin ki, hər birinin rolu var. "Rabitəbank”da TED formatında klubumuz var - RClub. Burada hər bir əməkdaş istədiyi mövzuda çıxış edə bilər. Vaxtaşırı kənar spikerləri də dəvət edirik. Bu yaxınlarda xalq artistimiz Rasim Balayev qonağımız oldu və uğurun açarı barədə suala üç amillə cavab verdi: istedad, zəhmət, bəxt. İnsan özü təsir edə biləcək məqama fokuslanmalıdır. İstedad bir vergidir, bəxt, təsadüfə təsir imkanlarımız azdır, bizə qalır yalnız düzgün istiqamətdə zəhmət. Hər bir insana şans verilir. Əlişir Nəvainin maraqlı ifadəsi var. Deyir ki, Allah hər bir canlının ruzisini verir, amma onu gəlib yuvasına qoymur. Əminəm ki, şanslarını görüb, əzmkarlıqla zəhmət çəkən insanların uğur qazanmaq şansları digərindən qat-qat yüksəkdir.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər