Güləşin ən pozitiv qızı - Portret
"Fərqi yoxdur, güləşlə
məşğul olur, ya da qaydasız döyüşlə, qadın, hər bir halda qadındır"
Cari olimpiya dövrünün mundialları güləşçilərimiz üçün uğurlu olmadı. Üç "qızıl" və iki olimpiya lisenziyası pəhləvanlarımıza
bəslənən etimadın heç minimum qarşılığı da deyil. Belədə, Avropa
çempionatlarında əldə edilən nəticələrlə təsəlli tapmalıyıq. II Avropa
Oyunlarını da nəzərə alsaq, 4 qitə yarışında üst-üstə 49 medal, razılaşaq ki,
kifayət qədər böyük göstəricidir. Elə ötən ilin mayında güləş mərkəzi
Dağıstanın paytaxtı Kaspiyskdə keçirilən Avropa çempionatında 18 medal qazanan
komandalarımız, tarixi maksimuma nail olmuşdu. Xatırladaq ki, ümumilikdə 30
çəki dərəcəsinin dördünü ilk, beşini ikinci, doqquzunu isə "bürünc"
pillədə bitirib, medal sayına görə, ən yaxşı nəticəmizi müəyyənləşdirmişdik.
Sözügedən qitə yarışı ilə bağlı bir məqam var idi ki, bunu güləş
həvəskarları yaxşı xatırlayar. Karyerasında ilk dəfə böyüklər arasında yarışda
fərqlənən ağır çəkili qadın pəhləvanımız, olduqca səmimi, emosional sevinc
anları ilə marağa səbəb olub, sosial şəbəkələrdə bir xeyli izlənmə sayı
yığmışdı. Odur ki, diqqətiniz bizdə olsun, indi həmin xanımdan geniş söhbət
açacağıq.
Hər ailədə bir güləşçi,
onlarda isə...
Əliyeva Səbirə Allahverdi qızı 25 sentyabr 1994-cü ildə Bakının
Buzovna qəsəbəsində, çoxuşaqlı, idman ənənəsi olan ailədə doğulub. Atası
gəncliyində güləşlə məşğul olub, özü ilə yanaşı, qardaşları və bacısı İranə də
pəhləvanlıq təcrübəsi yaşayıb. 15 yaşında güləşə gələn Səbirə, bunadək üç il
ciu-citsu ilə məşğul olub. Dediyinə görə, ölkədə ən qabaqcıl idman növünə
keçməsində əsas rolu atası oynayıb. Hətta ümumiyyətlə, idmana marağının
olmadığını, peşəkar güləşi isə heç ağlının ucundan da keçirmədiyini, sadəcə, atasının
istəyinə qarşı çıxmamaq üçün bu addımı atdığını qeyd edir. Lakin elə ilk
cəhdlərindəcə qazandığı qələbələr, ardıcıl xarici səfərlər sayəsində onda
getdikcə maraq oyanıb. Belə ki, 2010-cu ildə yeniyetmələrin Azərbaycan
birinciliyin qalibi olan Səbirə, iki il sonra Bakıda keçirilən dünya
çempionatında da fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
"Ən"lər arasında
Səbirə, Azərbaycan qadın güləşində yerli məktəbin nümayəndələri
arasında ən titullulardandır. 2013-cü ildə Makedoniyada gənclərin Avropa
çempionu, Bolqarıstanda dünya üçüncüsü, növbəti il isə Xorvatiyada dünya
çempionu olub. 2015-ci ildə gənclərdə ikinci dəfə Avropanın ən yaxşısı ünvanına
yiyələnibsə, Braziliyada gənclər arasında dünya çempionatında növbəti (gümüş)
medalını boynundan asaraq, bu yarış üzrə kolleksiyasını tamamlayıb. Ölkə
daxilində keçirilən nüfuzlu yarışlara gəlincə, Əliyeva, 2017-ci ildə baş tutan
IV İslam Həmrəylik Oyunlarının gümüş mükafatını qazanıb. Ümumiləşdirsək, o,
göstəricilərinə görə, yerli məktəbin yetirmələri arasında yalnız Avropa
çempionu və dünya ikincisi Sona Əhmədlidən geri qalır. Kaspiyskdəki nailiyyəti
isə əslən azərbaycanlı xanımların olimpiya çəki dərəcələri üzrə qitəmiqyaslı
yarışda qazandığı ilk medal kimi tarixə düşüb.
2019-cu ildə o, hər üç böyük yarış üçün müəyyənləşən heyətdə yer alsa
da, heç birində mükafatçılar sırasına düşə bilmədi. Belə ki, apreldə Rumıniyada
keçirilən qitə çempionatının ilk görüşündə belaruslu rəqibini 5 xallıq fərqlə
üstələyən Əliyeva, 1/4 finalda ötən ilin analoji yarışında məğlub etdiyi macar
güləşçiyə yenildisə, iyunun sonlarında "Minsk2019" II Avropa
Oyunlarında əvvəlcə Yunanıstan və Böyük Britaniya təmsilçilərini böyük
üstünlüklə yenib, sonradan Almaniya və norveçli həmkarlarına uduzaraq, beşinci
nəticə göstərdi. Sentyabrda Qazaxıstan paytaxtı Nur-Sultanda təşkil olunan
Tokio olimpiadasına lisenziya xarakterli dünya çempionatı isə onun üçün iki
görüşdən ibarət oldu. 1/16 finalda cənubi koreyalı rəqibini 5-2 hesabı ilə
məğlub edən Səbirə, almaniyalı dünya çempionuna müqavimət göstərə bilmədi -
0:10. Rəqib finala yüksələ bilmədiyindən, həmyerlimizin medal və lisenziya
şansı qalmadı.
İlk ola bilər
Əfsanəvi Mariya Stadnikin lideri və hazırda yeganə lisenziya sahibi
olduğu qadın güləşi yığmamızın "Tokio2020" üçün qarşıya qoyduğu
minimum hədəf üç lisenziyadır. Ötən olimpiada ilə müqayisədə iştirakçı sayının
azaldığını nəzərə alsaq, bu missiyanı yerinə yetirmək bir xeyli çətin olacaq.
DÇ-dən sonra Rioya üç təsnifat yarışı vardısa, Tokioya yollanmaq üçün, sadəcə,
iki şans qalıb. Martın 19-dan 22-dək Macarıstanda Avropa, aprelin 30-dan mayın
3-dək Bolqarıstanda dünya təsnifat turniri keçiriləcək. Hər iki yarışda yalnız
finalçılar Yaponiya paytaxtına yolla biləcək. Odur ki, Əliyeva və onun komanda
yoldaşlarının üzərindəki həyəcan, məsuliyyət sandığımızdan da çoxdur. "İlk
şansdan olmasa da, ikincidə lisenziya qazanacağam" deyir, Səbirə.
Yeri gəlmişkən, onun qazanacağı olimpiya lisenziyası Azərbaycanın
güləş tarixinə düşə bilər. Çünki hər üç olimpiadada (Pekin, London və Rio), bir
qayda olaraq, legioner xanım güləşçilərlə təmsil olunmuşuq. Belə ki, hamısında
ukraynalı Mariya Stadnik heyətdə yer alıbsa, iki halda belaruslu Yuliya
Ratkeviç, hərəsi bir dəfə olmaqla isə rusiyalı Yelena Komarova, latviyalı
Olesya Zamula və Stadnikin həmyerlisi Nataliya Sınışin ölkəmizin idman şərəfini
qoruyub.
Tələsmək olmaz!
"Daim harasa tələsirəm, bu, mənim ən mənfi cəhətimdir"
deyən Səbirə, elə güləşən zaman da təmkinini qorumaqda çətinlik çəkir.
Vaxtından əvvəl qələbə qazanmaq cəhdləri onu bəzən istəyinə çatdırsa da, bəzən
gedişdə, əlverişli üstünlük yaxaladığı görüşü uduzmasına səbəb olur. Başa düşür
ki, təsnifat yarışlarında bu səhvlər bağışlanmayacaq. Dördilliyin ən möhtəşəm
yarışına yollanacaq 16 xoşbəxt sırasına düşmək üçün maksimum soyuqqanlı olub,
nəzarəti sonadək əlində saxlaması lazımdır.
Bacı payı, atanın qadağası
Medalsız qalanda ruh düşkünlüyü yaşayır, hətta idmanı buraxmaq
fikrinə düşür. Lakin ata və bacısının dəstəyi sayəsində toparlanıb, ikiqat
əzmlə çalışmağa davam edir. Səbirə, yeniyetmələr arasında Azərbaycan çempionu
olan böyük bacısı İranəni ikinci məşqçisi hesab edir: "Adətən yarışa bir
həftə qalmış bütün iştirakçılar müəyyənləşir. Aralarında yeni adlar varsa, mütləq
kəşfiyyat aparıram. Püşkatmadan sonra bacım ilk və digər potensial rəqiblərimin
əvvəlki görüşlərinin videogörüntülərini mənə göndərir. Birgə müzakirə aparır,
güclü-zəif tərəflərini təkrar-təkrar nəzərdən keçiririk. Ümumiyyətlə, bacımın
üzərimdə haqqı danılmazdır".
Sosial şəbəkələrdən istifadə etmir. Sadə, internetə çıxışı olmayan
mobil telefon işlədir. Bu, atasının tələbidir: "Atam məşqlərimə,
davamiyyətimə çox diqqətlidir. Düşünür ki, internet fikrimi yayındırır. Haqsız
da sayılmaz (gülür). Sadəcə, xaricə gedəndə özümlə smartfon götürməyə icazə
verir".
"Ailə quracağım adam
da belə olmalıdır"
Azərbaycanda güləş hər nə qədər çox sevilsə də, qızların bu idman
növü ilə məşğul olmasına qarşı münasibət birmənalı deyil. Bəli, sirr deyil ki,
əksəriyyət pəhləvanlığın, qadın təbiətinə yad olduğunu düşünür. Səbirə, bu
stereotipi qıran xanımlarındandır. Genetik xüsusiyyətlərinə görə, bir xeyli
cüssəli olan Əliyeva, xarakter baxımından olduqca pozitiv, mülayim, mərhəmətli
biridir. Bir sözlə, çöhrəsindən təbəssüm heç vaxt əskik olmaz. Bununla bağlı
ünvanladığımız suala cavabı da maraqlıdır: "Fərqi yoxdur, güləşlə məşğul
olur, ya boks, ya da qaydasız döyüşlə, qadın hər bir halda qadındır. Güləş
qadını əskiltmir, əksinə, ucaldır. Həyata qarşı daha dirənişli edir. Heç bir
halda sınmamağı, toparlanıb, daha böyük səylə yola davam etməyi öyrədir. Mən
həyatı doya-doya yaşayan, insanları, bütün canlı aləmi sevən biriyəm. Ailə
quracağım adam da mütləq belə olmalıdır".
Xarakterinin formalaşmağında idmanla yanaşı, mütaliənin də rolunu
vurğulayır. Dünya ədəbiyyatından bir xeyli müəllifin əsərləri ilə tanışdır,
qızımız.
Güdaza gedən barsovkalar,
təkəbbürlü rus qızın aqibəti
İdmançılar mütəmadi səfərlərə gedir, dünyanı gəzirlər. Hər səfər də
bir xatirədir. Bəs, görəsən, Səbirənin ən yaddaqalan xatirələri hansılardır?
- Yaddaşsızlıqdan əziyyət çəkirəm deyə, hər yerdə nəsə qoyub gəlirəm.
Çox vaxt da itən, barsovkalarım olur (gülür). Əsas xatirələrim 2014-cü ildə
Xorvatiyada keçirilən gənclər arasında dünya çempionatı ilə bağlıdır. Final
öncəsi həmin ilin Avropa çempionu olan rus rəqibim mənə yaxınlaşıb, özündənrazı
tərzdə halımı soruşdu. Baxışlarından hiss edirdim ki, mənə yuxarıdan aşağı
baxır, udacağından əmindir. Heç fikir vermədim, çıxıb rahat uddum. Görüşdən
sonra onun komanda yoldaşı mənə dedi ki, artıq qələbəsini hansı rəqslə qeyd
edəcəyini də müəyyənləşdirib, özü üçün bunun məşqini edirmiş. Üstəlik, həmin
DÇ-də Solmaz Həşimzadə də medal qazanmışdı. Üçüncü yeri çox çılğın şəkildə, göz
yaşları ilə qeyd edirdi. Ona baxıb, ondan betər ağladım. Heç öz qələbəmə o
qədər sevinməmişdim".
Portret
İllər, on illər ötsə də, bəzi insanlar heç dəyişmir. Zaman onların
yanından eləcə, su kimi axıb keçir. Yeddi il əvvəl Bakıda dünya çempionluğunu
qeyd edən 17 yaşlı xanım necə həyatdolu, uşaq saflığına sahib idisə, indi də
elədir, iyirmi il sonra da bu cür qalacaq. Lakin karyera yerində saya bilməz.
Yaxın dörd-beş il ərzində bitirmək haqqında düşünmədiyi idman həyatında, onu,
hələ çox sınaqlar gözləyir.
Sahib