• şənbə, 27 Aprel, 04:58
  • Baku Bakı 14°C

Gopçu Lələş, yaxud 3-cü dərəcəli traktorçu – Mən gənc olarkən

30.07.14 09:06 3870
Gopçu Lələş, yaxud 3-cü dərəcəli traktorçu – Mən gənc olarkən
Uşaq vaxtı həmyaşıdları ilə söhbətlərində çoxlu goplar etməyi sevərmiş. Babasının qəhrəman olmasından, qaçanda güllənin onu tutmamasından, göyərçini göydə dimdiyindən vurmasından o qədər goplar edirmiş ki, uşaqlar adını gopçu Lələş qoyubmuşlar. Amma o vaxt heç kimin ağlına gəlmirdi ki, bu gopun, təxəyyülün arxasında yazıçılıq dayanır. Rubrikamızın budəfəki qonağı nasir, yazıçı-dramaturq, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Elçin Hüseynbəyli uşaqlıq, tələbəlik dövrləri ilə bağlı xatirələrini bizimlə bölüşdü.
Uşaqlığı bütöv yaşamış adam
Uşaqlığı Cəbrayıl rayonunun Mahmudlu kəndində keçib. 8 uşaqdan ibarət ailəni dövlət qulluqçusu olan atası və evdar qadın anası böyüdüb boya-başa çatdırıb. Deyir ki, qapılarında həmişə 4-5 qoyunları, 1 inəkləri, 1 camışları, toyuq-cücələri, ulaqları olub. Uşaqlıqda əli iş tutandan özü də quzu otarıb, ot biçib, çayda çimib, doyunca futbol oynayıb. Bir də uşaqlarla söhbətlərində çoxlu goplar edib. Babasının qəhrəman olmasından, qaçanda güllənin onu tutmamasından, göyərçini göydə dimdiyindən vurmasından o qədər goplar edirmiş ki, uşaqlar adını gopçu Lələş qoyubmuşlar. O vaxt heç kimin ağlına gəlməsə də, deməyəsən, bu gopun, təxəyyülün əsasında yazıçılıq dayanırmış...
Bir xüsusiyyəti də vardı ki, böyüklərin böyründən əl çəkmirdi, qonaq gələndə də ha qovurdular, getmirdi. Çünki onların danışıqları, keçmişləri balaca Elçin üçün çox maraqlı idi. Ona nağıl, maraqlı əhvalat kimi gəlirdi. Elə bu da balaca uşağın yazıçılığından xəbər verirmiş.
Dediyinə görə, məsuliyyətli olsa da, bütün kənd uşaqları kimi o da bəzən məsuliyyətsiz hərəkətlər edib: “Əslində bu, məsuliyyətsizlik yox, macəraprəstlik idi. Kənddə başqa nə macəra tapa bilərdik. Görürdük, kimin bağında yaxşı ərik, alma, əzgil var, ağacları yolub yığırdıq. Öz həyətimizdə pomidor-xiyar olduğu halda, quzu otaranda kiminsə bağından pomidor-xiyar oğurlayıb yeməyin öz ləzzəti vardı. Bir sözlə, uşaqlığı bütöv yaşamış adamam”.
Orta məktəbdə “yaralı yeri”
Orta məktəbdə dərslərini yaxşı oxusa da, bircə “yaralı yeri” riyaziyyat olub. Böyük qardaşı yaxşı bildiyindən riyaziyyatdan olan ev tapşırıqlarını, xüsusilə tənlikləri o həll edirmiş: “Beləcə, riyaziyyatı ona-buna umud ola-ola batırdım. Gördüm ki, məndən riyaziyyatçı çıxmayacaq, meylimi ədəbiyyata saldım. 3-cü sinifdə oxuyanda dedim ki, ədəbiyyat alimi olacam. Özümə də, evdəkilərə də belə təsəlli verirdim. 4-cü sinifdən sonra Şükürbəyli kəndindəki orta məktəbə getdim. Məktəbi qurtaranda attestatımda 3 dənə “4”, cəbrdən isə “3” oldu. Cəbr müəllimim digər fənlərdən qiymətlərimin yaxşı olduğunu nəzərə alıb “4” yazacağını dedi. Gördüm mənlik deyil, o dərsi də oxuya bilmədim və attestatımda da “3” qaldı. Sonra qəribədir ki, həmin “3”ə görə, mənə davranışdan “kafi” yazdılar, əslində “nümunəvi” yazılmalıydı”.
Traxtorçu Elçin
Orta məktəbi bitirib sənədlərini indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə versə də, orta məktəbdə zəif keçdiklərindən ilk ingilis dili imtahanından kəsilir.
Peşə məktəbində tələbələrə 86 manat təqaüd verildiyindən universitetdən kəsiləndən sonra fikirləşdim ki, fəhlə işləməkdənsə, elə traxtorçuluğu öyrənib, üstəlik, təqaüd də alaram. Orta məktəbdən əsgərliyə qədər kəndimizdə 3-cü dərəcəli traxtorçu-maşinist idim”. Əsgərlikdən sonra hüquqşünas olmaq istəyir, amma universitetdə sənədlərini götürmürlər. Buna görə harasa vermək xatirinə sənədlərini kitabxanaçılıq fakültəsinə təqdim edir: “Hüquqşünas olan böyük qardaşım dedi ki, “ağlın-başın var, kitabxanaçılığı qurtarıb nə edəcəksən, ondansa get, Moskvada oxu”. Bundan sonra heç son imtahana getmədim.
Mal nobatının təsirilə jurnalist olan adam
E.Hüseynbəyli hərbi xidmətdə olanda anası məktəbə gedib onun attestatında davranışdan olan “kafi” qiymətini dəyişir: “Anam 5-ci sinfi bitirsə də, müstəntiq kimi adam idi. Onlara sübut etmişdi ki, mənə “kafi” düşmür, çünki kiminsə qızına sataşmamışam, əxlaqsızlıq etməmişəm. Beləliklə, “kafi”ni “nümunəviyə” dəyişdirib attestatımın dublikatını almışdı. Anam 2 dəfə sənədimi dəyişib. Bir dəfə də atam yeyib-içib mənim doğum şəhadətnaməmə dilimizə yatmayan, heç indi də xatırlamadığım əcnəbi bir ad yazdırmışdı. Görünür, atam hansısa filmdən, yaxud kitabdan təsirlənibmiş. Anam 7 yaşımda mənim doğum haqqında şəhadətnaməmi dəyişib adımı Elçin yazdırmışdı. Onsuz da hamı mənə Elçin deyirdi”.
Əsgərlikdən qayıdandan sonra 1 il kənddə “kolxoz-stroy” deyilən idarədə işləyir, həm də hüquq fakültəsinə hazırlaşır. Eyni zamanda, rayon qəzetinə məqalələr yazıb 3-5 manat qonorar alır. Hər dəfə də poçtalyon qonorarının 1 manatını özünə götürmüş.
Hüquqa hazırlaşsa da, kəndlərində Zakir adlı həmyaşıdı müsahibimizin jurnalistikaya olan meylini bildiyindən jurnalistikaya sənəd qəbulunun başladığını ona xəbər verir: “Ola bilsin ki, hüquqa hazırlaşan birisi kimi o, məni özünə rəqib bilirdi, ya hansısa başqa bir bicliyi var idi. Jurnalistikaya qəbul digər ixtisaslara qəbuldan 1 ay əvvəl olduğundan mal nobatının, qoyun-quzu otarmağın dərdindən qaçıb sənədlərimi jurnalistikaya verdim və tərs kimi “5” alıb imtahandan keçdim”.
Qrupun favoriti
E.Hüseynbəyli tələbəlik vaxtı da dərslərini yaxşı oxuyur: “O vaxt Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə Bakı Dövlət Universitetinin filologiya fakültəsindən tələbə seçib göndərirdilər. Xaqani adlı dostumla birgə SSRİ Təhsil Nazirliyinə və Moskva Dövlət Universitetinin rektoruna yazdıq ki, bizdə jurnalistika fakültəsi ola-ola niyə görə köçürmələr filologiyadan olur. Onlar da arqumentlərimizi doğru qəbul etdilər və ondan sonra sözügedən universitetə tələbələri jurnalistika fakültəsindən yolladılar. Beləliklə, mənimlə Xaqani də Moskva Dövlət Universitetinə qəbul olduq. Moskvaya gedən kimi fərq imtahanlarını verib 4-cü kursa keçdim. Xaqani isə fərq imtahanına getmədi ki, Moskvada bir il artıq qalmaq imkanı əldə etsin. Mən 4-cü, Xaqani 3-cü kursda oxuyurdu. Gördüm darıxıram, rektorluğa ərizə yazdım ki, mənim üçün çətindir, 3-cü kursda oxumaq istəyirəm. Amma fərq imtahanlarının bir şeyi yaxşı oldu ki, dərslərin çoxunda iştirak etmirdim. Bunun əvəzində Moskvada o muzey, teatr qalmadı ki, getməyəm. Biletlərini hələ də saxlamışam”.
Qarşısına xüsusi məqsəd qoymasa da, Moskvada da əlaçı oxuyur: “Heç vaxt çalışmamışam ki, “5” alım. Bir məsələni də deyim. Bizim BDU-dan köçürmə məsələmiz həll olunmuşdu. Xaqani Tağıyevin qiymətlərinin hamısı “5” idi, bir dənə hərbi hazırıqdan “4” almışdı, məndə isə 2 dənə “4” var idi. Hərbi hazırlıq kurslarının rəhbəri ilə görüşüb Moskvaya gedəcəyimizi dedim və xahiş etdim ki, mənim “5”mi Xaqaniyə yazsın, onda bütün qiymətələr əla olsun. Əvvəlcə razılaşmadı, sonra heç kimə deməmək şərtilə onu razı sala bildim”.
BDU-da da, MDU-da da qrupda favorit hesab olunduqlarını deyən həmsöhbətimiz seminar dərslərində ortaya hansısa mübahisəli sual atıb uşaqların xahişi ilə asanlıqla müəllimlərin başını qatdıqlarını deyir. Beləliklə, MDU-nu fərqlənmə diplomu ilə bitirib Bakıya qayıdır. 2 il işlədikdən sonra hüquqşünas olmaq arzusu ona rahatlıq vermir və test imtahanı verərək Bakı Dövlət Universitetinin hüquq fakültəsinin pullusuna düşür: “Ödənişliyə düşdüyümdən oxumadım. Təklif etdilər ki, ikinci təhsil adıyla hüquqda 3-cü kursdan oxuyum, məcburi köçkün kimi də məni təhsil haqqından azad etsinlər. Bu, mənə qəribə gəldi. Cəbrayıllılarda sufilik, təmizlik var, belə şeyləri xoşlamırlar. Buna görə də razılaşmadım”.
“Suya xlor vurduqlarından çayın tamı yadımdadır”

Şəhər mühiti ilə ilk tanışlığından da danışan E.Hüseynbəyli deyir ki, ilk dəfə Sumqayıtda olub: “Qardaşım, qohumlarım Sumqayıtda yaşayırdılar. Sumqayıt yadımda ala-bəzək eyvanları ilə qalıb. Oradan ya top, ya velosiped, ya da setkada soğan-kartof asardılar. Bir də suya xlor vurduqlarından çayın tamı yadımdadır. O vaxtkı Sumqayıtı yaxşı dondurmaları, saqqızı ilə də xatırlayıram. Qeyd edim ki, biz rayon yerlərində qır çeynəyirdik. Yaxud dağdağan ağacının şirəsini çıxarıb, ya da dəvəquyruğununmu, atquyruğununmu suyunu yığıb saqqız düzəldib çeynəyirdik”.
Bakı isə müsahibimizin yadında dekolte geyinən qadınlarla, müəllimlərlə qalıb.
“Sevdiyim qızla yazışmalarımı saxlayıram”

Moskvadakı yataqxana həyatını da bizimlə bölüşən müsahibimiz dostuyla bir otaqda qalıb. Buna görə də növbəlilik prinsipi ilə bir gün yeməyi Xaqani adlı dostu bişirirdimsə, qabları o yuyur, evləri yığışdırırdı, yaxud da əksinə. E.Hüseynbəyli yaxşı toyuq çığırtması, kartof, balıq qızartması, bir sözlə, quru yeməkləri, Xaqani isə gəncəli kimi dolma, piti, sulu yeməkləri bişirirdi. Müsahibimizin sözlərinə görə, o vaxt nəyə neçə manat verdiklərini, aya nə qədər xərclədiklərini qeyd etdikləri hesab dəftərlərini hələ də saxlayıb: “Ümumiyyətlə, tələbəlik illəriylə bağlı çox şey indiyədək qalır. Hətta BDU-da 1-2-ci kursda oxuyanda indiki həyat yoldaşım, o vaxt sevdiyim xanımla olan yazışmalarımızı da saxlayıram. Dərslərdə, xüsusilə də şərqşünaslıq fakültəsi ilə eyni patokda birləşəndə bir-birimizə yazıb elə dərsdəcə kağızı qarşı tərəfə atırdıq. Yazılarımızda tarixdən oxuduqlarımızı müasir dövrə transfer edirdik. Məktubda Leninin adından çıxış edirdik ki, düşmənlərin, menşeviklərin qara niyyətləri var, başımıza güllələr daşlar kimi yağacaq və s. Məktubumuz şərqşünaslığın uşaqlarının əlinə keçəndə, deyirdilər ki, bu nədir, siz hansı dildə yazışırsınız? Ancaq biz kodları, nə demək istədiyimizi bilirdik”.
“Xəsis yoldaşımızın pulunu çırpışdırdıq”
Yazıçı BDU-da oxuduğu dövrlər yadında qalan maraqlı əhvalatları da bizimlə bölüşdü: “Bir dəfə könlümüzə yeyib-içmək düşdü. Uşaqlardan biri də çox xəsis idi. Yığdığımız pul çatmadığından onun da qapısını döydük. Bilirdik ki, televiziyaya, radioya,qəzetlərə yazır və həmişə pulu olur. Gedib onlarda oturduq, dedik ki, yeyib-içmək istəyirik, sən də pul qoy, gedək. Pulunun olmadığını bildirdi. Bu zaman mən stolun altnda siyirmə kimi yerdə 25-liklər gördüm. Pulların hamısını yavaşca götürüb uşaqlara göstərdim və cibimə qoydum. Dedim, “ə, canın sağ olsun, pulun yoxdur, eyb etməz, gedək bizimlə yeyib-içək”. “Kolxozçu” deyilən kafedə doyunca yeyib-içdik. Mən də buna deyirəm, “ə, öz malın kimi ye”. 25 manat hesab verib yataqxanaya döndük. Bir az sonra gördük, onun otağında səs-küydür. Evi alt-üst edib ki, pulum oğurlanıb. Biz də gəldik ki, “ə, yekə oğlansan, bayaqdan deyirsən, pulum yoxdur, indi də deyirsən, pulumu oğurlayıblar”.Gördüm, çox mızıldanır, cibimdən çıxarıb onun qalan 53 manatını verdim. Amma dedik ki, bir də pulu ola-ola yalandan “yoxdur” deməsin. Həmin xəsis yoldaşımız həmişə mənə deyir ki, “mənim 25 manatımı yaman yediniz ha!”
50 manat əvəzinə 18 manat

Birinci kursda oxuyanda yuxarı kursun uşaqları müəllimlərdən birinin “Marlboro” siqaretini xoşladığını deyir. E.Hüseynbəylinin şəkili qrup yoldaşlarından biri təklif edir ki, Moskva univermağında işləyən qohumlarından “Morlboro”nun 1-ni 25 rubldan almaq olar: “Biz də qrupdan 50 rubl pul yığdıq. Mənimlə şəkili Azər Moskva Univermağının yanına çatanda qarşımıza bir oğlan çıxdı. Geyimimizdənmi, hərəkətlərimizdənmi kəndçi olduğumuzu görüb bizə yaxınlaşdı və Bakı ləhcəsi ilə toya gedəcəyini və ondakı pulların xırda olduğunu dedi, bizdə varsa, xırdaları bütöv etməyi xahiş etdi. Biz də 25-lik və 2 onluq çıxardıq. O da 3-lükləri sayıb bizə verdi. Dedi ki, siz də sayın, birdən səhv olar. Sayıb gördüm, 1 üçlük çatmır. O bir də bizdən pulu alıb saydı və bir cibindən 3-lük götürüb üstünə qoydu, “çox sağ olun” deyib tini buruldu. Azər qayıtdı ki, deyəsən, pul azdır. Baxdıq ki, 18 manat. Deməysən, pulu 2 yerə qatlayıb sayıbmış”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər