• çərşənbə axşamı, 19 mart, 09:52
  • Baku Bakı 8°C

“Gəncliy”in günü

01.02.19 18:24 4285
“Gəncliy”in günü
"Bu gün "Gənclik” günüdür?”. Bu, hər 4-cü gün səhər evdən çıxanda mənə verilən sualdır. Çünki həmin gün işimin çox olacağını, evə gec gedəcəyimi bilirlər. Günüm bu sözlə başlayır. İşə gəlirəm, otağa daxil olar-olmaz redaktorumuz Natiq Muxtarlının "Mənim yazılarımdan hazır olanı var” sualı özünü heç vaxt gözlətmir. Əgər hazır yazı olursa, "əla, çay götürüm gəlim görüm bu dəfə nə yazmısınız” deyir. "Bir azdan olacaq” dediyimdə isə, heç kefini pozmadan sevimli "Portret” rubrikasını oxumağa gedir.

Natiq müəllimlə bağlı bir azdan danışacam, ona qədər "Gənclik qəzeti” haqqında məlumat verim. 5 il öncə - Gənclər günündə "Kaspi” qəzetinin əlavəsi kimi gənclərin görüşünə gəlmişdi. Artıq yayımlanmasından 5 il ötür. Bu müddətdə qəzetin 200-dən çox bir-birindən maraqlı nömrəsi yayımlanıb.

Maraqlı demişkən, "işlər yaxşı getməyəndə bir investor "Problem komanda ilə əlaqəli deyil” deyirsə, 99 faiz ehtimalla problem komandadadır”. İş həyatı ilə bağlı bir yazıda oxuduğum bu cümlə düşünürəm ki, özlüyündə çox şeyi ifadə edir. Amma bir də məsələnin əks tərəfinə baxaq. Əgər işlər yaxşı gedirsə, deməli, burda da komanda əməyi danılmazdır. Əslində, qəzeti ələ alanda artıq iş haqqında fikir söyləmiş olur. Yəni, oxucular işlə onsuz da tanışdırlar, bir az da komandadan danışaq.


Bu da gedər, amma sən bir az da axtar

Baş redaktorumuz İlham Quliyevdən başlayaq. Çünki onun gənclərə sevgisi, dəstək olmaq istəyi bir başqadır. Müxbirlərlə yanaşı, özü də daim axtarışdadır. Harada uğurlu, istedadlı gənc görsə, bizə müsahibə üçün yönəldir. Hazır yazıları oxuyandan sonrakı reaksiyası da maraqlıdır. Əgər yazı tam ürəyincə deyilsə, oxuyandan sonra reaksiyasını çox da görməyəcəyik, fikirlərini iclasa saxlayacaq. Amma əgər yazı yaxşıdırsa, hələ onu çox bəyənibsə, oxuyub bitirən kimi müxbirlər olan otağa keçib yazı haqqında danışacaq, bir az da onu hazırlayan müxbirə tərif vuracaq. Hətta çox bəyəndiyi yazı haqqında bütün gün ərzində yeri gəldikcə danışa bilir.

Bu, öz yerində, amma onun müsahib seçimi cəhətdən nə dərəcədə kaprizli olması məsələsindən danışsam, bəlkə də, çox adam inanmayacaq. Amma deyim ki, bəzən bir rubrikanı hazırlamaq üçün təklif etdiyimiz 10 nəfərdən birinə ancaq razılaşır. Bu, əsasən, "Uğur hekayəsi” və "Gör-götür” rubrikaları ilə bağlı olur. Bu rubrikalara müsahib cəhətdən baş redaktoru razı salmaq asan iş deyil. "Bu da gedər, amma sən bir az da axtar”. Yəni, bu B variantıdır, sən A-nı tap.


Təklif və tənqidi unutmayan redaktor

Redaktorumuz Məğrur Əli Polad sakit təbiətli insandır. Onunla istənilən müxbir yola gedir, bircə Xəyalədən başqa. Məğrur müəllim yazını oxuyanda bəyənib-bəyənmədiyi ilə bağlı fikirlərini həmin an çox da bölüşmür. Yazı oxunulan gün qəzet hazırlandığı üçün heç biz də imkan tapıb fikirlərini soruşa bilmirik. Amma təklif və tənqidi olanda heç vaxt yadından çıxmır, bəzən üstündən xeyli vaxt keçsə də, imkan tapan kimi izah edir.


Bu xarici adları niyə Azərbaycan dilində yazmırsız?

Digər redaktorumuz Natiq Muxtarlı isə bir az emosional adam olduğu üçün yazını oxuya-oxuya mövzu diqqətini çəksə, onu müzakirə edir. Xüsusilə, mövzu redaksiyanın xanımlarını qıcıqlandıracaqsa. Məsələn, kişilərin hər zaman qadınlardan bir addım öndə olması kimi mövzular. Yazılarla bağlı ən çox irad tutduğu isə "Bu xarici adları niyə Azərbaycan dilində yazmırsız?” olur.

İdman sahəsinə bağlı olduğu üçün Natiq müəllimin "Portret” rubrikasına sevgisi bir başqadır. O rubrikanın yazısı saytın həftəlik onluğunda birinci olanda isə gərək Natiq müəllimin gözünə görünməyim, zarafatla "onluqdan xəbərin var?” sualını mütləq verəcək.


"Siz məndən o vaxt müsahibə almışdınız”

"Gənclik” qəzeti yarananda bu əlavənin redaktoru Lalə Musaqızı ilə çiyin-çiyinə çalışan müxbirimiz isə Aygün Əzizdir. Düzdür, Lalə indi Kanadada yaşayır, amma Aygün bu yoxluğu bizə hiss etdirmir, tez-tez ondan sitatlar gətirir: "Lalə belə edirdi”, "Lalə belə deyirdi”, "Lalə belə yazırdı” və s.

Aygün 5 ildir ki, gənclərlə bağlı müxtəlif rubrikalar, reportajlar hazırlayır. Belə sual yarana bilər ki, bu qədər vaxtda hər həftə maraqlı gənc müsahib tapmaq olar? Deməli, olur. Özü də artıq elə bir iş rejimi yaranıb ki, onun üçün hansısa rubrikada müsahib tapmaq, yazı hazırlamaq elə də çətin deyil.

Deyir ki, o qədər gəncdən müsahibə almışam ki, şəhərdə hara getsəm, müsahiblərlə qarşılaşıram. Artıq üzünü unutduğu adamlar belə yaxınlaşıb "siz o vaxt məndən müsahibə almışdınız” deyirlər.


"Bircə əlim özümə düşmür”

Heç mədəniyyət yazarımız Xəyalə Rəis üçün də müsahib tapmaq problem deyil. Baxmayaraq ki, 5 ildir o da mədəniyyət sahəsində olan gənclərdən yazır, amma həmişə "mənim üçün müsahib tapmaq problem deyil” deyir. Mədəniyyət və İncəsənət Universitetini, xüsusilə teatrşünaslığı bitirməsi isə onu müsahib seçimi cəhətdən problem yaşamağa ümumiyyətlə, qoymur.

Hələ 5 il əvvəl "Debüt” rubrikası üçün müsahibə aldığı gənclər ad alanda, beynəlxalq müsabiqələrdən səsləri gələndə Xəyalənin səsi redaksiyanı götürür. Deyir ki, əlim düşərlidir, kimdən müsahibə alıram, qabağa gedir. Ardınca isə "Bircə əlim özümə düşmür” cümləsini dilə gətirir.


Kompüterinin sağ tərəfində kofe, solunda meyvə

Şəbnəm Mehdizadənin isə öz dünyası var. Onun yazı işləmək üsulu bir az fərqlidir. Kompüterinin sağ tərəfində kofe, solunda meyvə olmasa, sanki ilham pərisi gəlmir. Hələ kilo ilə mandarini bir neçə saata yeməyini demirəm.

İş cəhətdən isə bir az rahat tərzi var. Nədənsə, ona ən çox ölkəmizdə yaşayan əcnəbilərdən müsahibə almaq düşür. Bu rubrikanı yazmağın da bir çətin tərəfi var. Sən müsahibə alırsan, arada tərcüməçi kömək edir. Bunun bir mənfi tərəfi var ki, müsahib 5 dəqiqə danışır, tərcüməçi sənə cəmi 3-4 cümləlik bir fikir deyir. İndi gəl ondan müsahibə yaz.


Özümdən başqasının yazısını paylaşanda elə bilirəm ki...

Günel Azadə "Gəncliy”ə ən son qoşulan əməkdaşımızdır. İş cəhətdən çox həvəslidir, yazıları, müsahibləri ilə bağlı xüsusi bir həssaslığı var. Müsahibə almamışdan öncə məxsusi hazırlaşır, yazıb təhvil verəndən sonra da tez-tez "yazı ilə bağlı nə isə problem yoxdur ki?” sualını verir. Əgər çapa gedəndə ofisdə olmursa, mesajla da olsa, bu sualı yazır.

Yazısının saytda oxunması məsələsinə də fikir verir. Hətta "Özümdən başqasının yazısını paylaşanda elə bilirəm ki, mənim yazımdan çox oxunacaq” kimi bir qısqanclığı da var. Amma tez-tez bu qısqanclığına qalib gəlib, digər yazıları da paylaşır.


Çətinliyim bircə başlıq seçimində olur

"Portret”i hazırlayan Sahib Əsədbəliydən də danışmasaq, olmaz. Çünki onun yazıları həmişə saytın onluğunda ilk yerlərdə olur. Bu da onu göstərir ki, müsahib seçimi uğurludur. Sahib deyir ki, müsahib seçimində çətinliklə üzləşmir. İdmanın bir neçə növü ilə yaxından maraqlandığına görə bu, elə də çox vaxt aparmır. Haqqında yazı hazırlayacağı idmançı haqqında ətraflı araşdırma aparır, onun portret cizgilərinin oxucular üçün nə dərəcədə maraqlı olacağını götür-qoy edir: "Çətinliyim bircə başlıq seçimində olur, onu da Natiq müəllim yoluna qoyur”.


Sən kiminlə işlədiyini bilirsən?

Ən sonda isə qəzetin səhifələnməsi qalır. Bu işi isə dizaynerimiz, "şəkili” kimi çağırdığımız İlham İsmayılovla birlikdə edirik. Bizim dizaynerimiz özündən çox əmindir. Hansı formada dizayn istəsək, edəcək. Axırda da "sən kiminlə işlədiyini bilirsən” sualını verib tərif gözləyəcək. Amma onu da deyim ki, yazıları səhifəyə yığmaq üçün gərək onu yuxudan oyadasan. Çünki kompüter arxasında 10-15 dəqiqə yuxusunu almasa, işləyə bilmir.


Özümdən deyil, "Gənclik” oxuyan dost-tanışın məni görərkən verdikləri sualdan da danışım. Bu qədər gənci necə tapırsınız? Əslində, o qədər üsullar var ki, onu yazmaq uzun olacaq, amma həm də bu, bir "Gənclik” sirri olsun. Onu deyim ki, tək öz telefonum və kompüterimdə olan siyahı mənə bir il müsahib cəhətdən bəs edər. Hələ komandadakıların siyahısını demirəm.

Əslində, "Kaspi”də hər kəsin "Gənclik” əlavəsinin hazırlanmasında bir payı var. Burda çalışan hər kəs harada gənclər üçün maraqlı olan nə görsə, mütləq onu bizə çatdırır. Yəni, bizim işimiz komandanın uğurudur.
"Gənclik” əlavəsinin redaktoru Aygün Asimqızı

banner

Oxşar Xəbərlər