• cümə, 26 Aprel, 19:58
  • Baku Bakı 22°C

Gənclərin zövqünü necə formalaşdıraq? - Gənclərə məsləhət

09.06.18 13:15 2222
Gənclərin zövqünü necə formalaşdıraq?  - Gənclərə məsləhət
"İndiki cavanlar belədir də... Hörmət qalmayıb, izzət qalmayıb. Hərəsi əlində telefon, qulağına bir şunur taxıb dünyadan bixəbərdir”. Yəqin ki, siz də ictimai nəqliyyatda və digər yerlərdə tez-tez buna bənzər cümlələr eşidirsiniz. Yaşlı nəsil gənclərdən, gənclər isə yaşlılardan narazıdır. Heç birinin zövqü qarşı tərəflə üst-üstə düşmür. Bəs görəsən gənc nəslin zövqünün formalaşmasında hansı amillər rol oynayır? Ümumiyyətlə, gənclərin zövqünü necə formalaşdırmaq olar?
Sosioloq Asif Bayramovdeyir ki, zövqün formalaşmasına təsir edən bir sıra faktorlar var. Bu mənada gənclərin zövqündə milli dəyərlərin və milli şüurun qorunması hər zaman aktual məsələdir: "Bütün cəmiyyətlərdə olduğu kimi, bizdə də gənclərin təfəkkürünün, zövqünün formalaşmasına müxtəlif amillər təsir göstərir. Texnologiyanın bizə təklif etdiyi yeni imkanlar sayəsində bu təsirlərin sayı və həcmi getdikcə artmaqdadır. İndi elə bir dövrdür ki, mədəniyyətlər sürətlə bir-birinə qarışıb-qaynayır. Bunun qarşısını almaq mümkün deyil. Bu təsirlər özü ilə bərabər cəmiyyətimizə və düşüncəmizə müsbətlə yanaşı, mənfi tərəflərini də gətirir. Təəssüf ki, qlobal gücün qarşısında milli dəyərlər sıradan çıxmaqdadır. Müasir dövrdə cəmiyyətin mənəvi ideoloji düşüncələri deqradasiyaya uğrayır. İndi qərb təfəkkürü gənclərin düşüncəsində birinci dərəcəli rol oynayır. Hər bir insanın zövqünün əsasında müxtəlif dəyərlər toplusu dayanır. Əgər gənclərin zövqündə milli dəyərlər toplusu digərləri ilə müqayisədə üstünlük təşkil etmirsə, öz milli məzmunundan məhrum olur. Zövq təkcə insanın geyimindən, yaxud dinlədiyi musiqilərdən ibarət deyil. İnsanın daşıdığı əqidə də onun zövq anlayışına daxildir. Gənclərimizin prinsipləri, həyata baxış bucağı onların zövqündən xəbər verir”.
Sosioloq qeyd etdi ki, gənclərdə zövqün formalaşması prosesi birdən-birə baş vermir: "Bu elə bir dövrdür ki, həmin ərəfədə onlarla davranmaq çox böyük məsuliyyət tələb edir. Düzdür, biz onların zövqünü deyil, baxış bucağını formalaşdıra bilərik. Bunun üçün isə bir qədər zaman lazımdır. Bu məsələdə ailə, ətraf mühit, məktəb böyük rol oynayır. Bəzi valideyn və müəllimlər fikirləşir ki, uşaq zorla da olsa, mənim fikrimlə razılaşmalıdır. Bu, düzgün yol deyil. Elə gənclər var ki, onlara nəyisə demək artıq olar. Çünki onlar özü elmlə məşğul olur və sosial aktivliyi var. Bu gənclərin perspektivi və gələcəyi kiçik yaşlarından məlumdur. Bütün bunlar isə uşaqlıq dövründə formalaşır. İlkin mərhələdə ailə, daha sonra bağça, məktəb, universitet mühiti gənclərin zövqünün formalaşmasında rol oynayan mərhələlərdir. Valideynlərlə yanaşı, müəllimlər də burada mühüm rol oynayır. Hər zaman onların yanında olmalı və fikirlərinə hörmət etmək lazımdır. Məsələn, sovet dövründə oturuşan və günümüzə qədər gəlib çıxan müsbət tendensiyaları və nümunələri təkmilləşdirərək tətbiq etmək olar. O dövrdə valideyn-məktəb əlaqələri mükəmməl qurulmuşdu. Bu, bir çox ölkələr üçün hətta model rolunu oynayırdı. Bu gün həmin model təkmilləşdirilərək inkişaf etdirilməlidir. Hesab edirəm ki, bu məsələ ilə bağlı ayrıca proqram hazırlanmalı, ciddi layihələr işlənməlidir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər