AZE | RUS | ENG |

Gənclərin piknik məkanı - Reportaj

Gənclərin piknik məkanı - Reportaj
Dədə Qorqud parkı bir çox özəlliklərinə görə yaxşı istirahət yeri hesab olunur

Daha çox süni göl, parka panoram verən, arxadan boylanan İsveçrə üslubunda tikilmiş binalar ilə məşhurdur. Bakıdakı bütün parklardan fərqlənir. Sanki Bakıda deyil, Avropanın hansısa şəhərindəsən... Xüsusilə isti havalarda insanların sakitlik tapacağı, fərqli ab-havaya qapılacağı yerlərdəndir. Söhbət yaşıllığı, gölü ilə birlikdə hansısa istirahət məkanını xatırladan Dədə Qorqud parkından gedir. İşgüzar həyatdan yorulan, təmiz hava almaq istəyən uşaq, gənc, yaşlı - hər kəs yolunu buradan salır. Biz də istirahət edən insanlarla söhbətləşmək, açıldığı gündən bu günə adı dillərdən düşməyən bu istirahət guşəsi ilə yaxından tanış olmaq üçün metronun "Gənclik” stansiyasının yaxınlığında yerləşən Dədə Qorqud parkına yollandıq.

"Piknik üçün ən gözəl yer buradır”

Dənizkənarı Milli Parkdan sonra Bakıda ikinci böyük park sayılır. Gənclik metrostansiyası yaxınlığında yerləşən bu park təkcə böyüklüyü ilə deyil, fərqliliyi ilə də göz oxşayır. Belə ki, parkda bizim alışdığımız standartlara uyğun, skamyada oturub, metlaxın üzərində gəzənlərdən çox, otların üzərində uzanan, oturan, istirahət etməyə gələn insanlar çoxluq təşkil edir. Yolun kənarında yerləşsə də, insanlar komplekslərini kənara atıb, özlərini istirahət zonasındakı kimi hiss edirlər.

Parka daxil olduqda, yaşıllıqların üzərində voleybol oynayan gənclər diqqətimizi çəkir. Günorta dərsdən çıxan tələbələr yemək-içməklərini də götürüb parka gəliblər. 20 yaşlı tələbə Nərgiz voleybolda uduzub kənarda oyunun bitməsini gözləyir. Biz də fürsətdən istifadə edib, söhbətləşmək üçün yaxınlaşırıq: "Tələbə yoldaşlarımla hər zaman fərqli yerlərə getməyə, ən çox da birlikdə maraqlı vaxt keçirtməyə çalışırıq. Ağlımıza piknik etmək gəldi. Piknik etmək üçün də ən gözəl yer buradır. Məlum məsələdir ki, həftə içi hansısa rayona getmək həm maddi, həm də vaxt baxımından çətindir. Ona görə də bu parka gəldik. Çox əylənirik. Məncə, əla seçimdir. Özümüzlə evdən ərzaqlar gətirmişik. Yeyib qurtarmışıq, indi də voleybol oynayırıq”.
 

 
"İnsanlarla ünsiyyəti sevmirəm”
 
Parkda həqiqətən hər kəs öz aləmindədir. Yeyib-içən kim, oynayan kim, uzanıb-dincələn kim... Amma bu qədər qələbəliyin içində otların üzərində oturub qulağında qulaqcıq kitab oxuyan gənc diqqətimizi çəkir: "Belə məkanları xarici ölkələrdə görüb qibtə edirdim. Hətta bizdə elə yerlər var ki, otların üstünə çıxmaq qadağandır. Amma bu park çox fərqlidir. Şəhərdə də olsa, özümü təbiət qoynunda hiss edirəm. Mən insanlarla ünsiyyəti sevmirəm. Tək qalmağı, kitablar oxumağı xoşlayıram. Mənə elə gəlir ki, bir kitabdan öyrənəcəyim, 10 insanla danışıb, vaxt keçirərkən öyrənəcəklərimdən daha çoxdur. Ona görə də hər dəfə bu parka tək gəlirəm”.

"Uşaqlar suya yıxıla bilərlər”

Parkda diqqət çəkən əsas amil süni göldür. Bu nadir gölün inşasında ən son yeniliklərdən istifadə edilib. Göl quraşdırılan texnologiyaların müasirliyinə və mürəkkəbliyinə Azərbaycanda ilkdir.

Məlumat üçün bildirək ki, gölün tikintisi və onun mühəndislik həlli bütövlükdə xarici mütəxəssislər tərəfindən layihələndirilib. On min kvadratmetrə yaxın əraziyə təbii yaşıl örtük döşənib. Lakin gölün kənarları açıq olduğundan uşaqlar üçün təhlükəlidir. Çünki ətrafı mühafizə olunmayıb, hər hansı məhdudlaşdırıcı sədd qoyulmayıb, yaxud nəzarətçilər ayrılmayıb. Parkda qaçışan uşaqlar isə gölə tərəf gedirlər, suyun kənarında oynamağı sevirlər. Valideynin nəzarəti olmasa, azyaşlılar hər an yıxılıb suya düşə bilər.

Namidə xala da nəvəsini bu təhlükədən qorumaq üçün nəzarət edir: "Bu parkı çox sevirəm. Tez-tez gəlirəm. Amma uşaqlar göldə suya toxunmaq, kənarında oynamaq istəyir. Gölün mühafizəsi təşkil olunsa, çox yaxşı olar”.
 
 

"Gənclərlə vaxt keçirmək insanı cavanlaşdırır”

65 yaşlı Xalidə xala da gənclər kimi skamyada yox, yaşıllığın üzərində oturub. Deyir ki, nəvələrinin əlindən qaçıb, dincəlmək üçün parka gəlib: "Qızım, səncə mənim yaşda adamlar bura niyə gələr? Başını  dincəltmək üçün. Evdə nəvələrin əlindən qaçmışam. İndi onlar da, anası ilə gələcək. Həm dincəlirəm, həm də hava alıram. Ayaqlarım məni incidir deyə, uzaq yerə gedə bilmirəm. Elə evim yaxındı. Gəzə-gəzə gəlib, gedirəm. Havalar da isinir. İstirahət üçün yaxşı yerdir. Gənclərlə bir yerdə vaxt keçirmək insanı cavanlaşdırır. Mən də onlara baxıb, zövq alıram”.

"Sevgilim peraşki gətirib”

Parka gəlib sevgililərlə rastlaşmamaq mümkün deyil. Əl-ələ söhbət edən cütlüyə yaxınlaşırıq. Valideynlərindən xəbərsiz görüşdükləri üçün adlarının çəkilməsini istəmirlər: "Park açıldığı gündən buranın daimi sakinləriyik. İkimiz də işləyirik. Əksər günlər işdən sonra bura gəlib həm stress atırıq, həm də birgə vaxt keçiririk. Sevgilim yaşıllığı sevdiyi üçün görüş yeri kimi buranı seçmişik. O da mənim üçün evdən peraşki bişirib gətirib, yeyib, istirahət edirik. Burada heç kim, heç kimə fikir vermir. Şəhərin ortasında sanki fərqli bir yerdir. Bəzən mənə elə gəlir ki, burada insanların düşüncəsi də fərqlidir. Bir sözlə, hələ sevgilin də yanındadırsa, bura cənnətdir”.

Parka gənclər qruplar şəklində də gəlirlər. Tək gələn insanlar çox azdır. Otların üzərinə süfrə sərir, tum çırtlayır, kart oynayırlar. "Doğruluq, Cəsarət” oyunu oynayan gənclərə yaxınlaşırıq. Deyirlər ki, dərsdən sonra vaxtları əyləncəli keçir: "Bu oyunda əgər sən cəsarəti seçirsənsə, bütün deyilənlərə əməl etməlisən. Bu baxımdan, təhlükəli oyundur, amma çox maraqlıdır. Hətta bu oyunda bir-birinə sevgi etiraf edən cütlüyümüz də var”. 
 


"Yolu keçəndə həyəcan keçirirəm”

Təbii ki, parkda çatışmazlıqlar da var. Ən mübahisəli məsələ skamyaların azlığı və parkın ətrafında yeraltı keçidin olmamasıdır. Daha çox gənc ailələrin istirahət guşəsinə çevrilən parkın kənarından keçən yolda piyada keçidinin olmaması insanları narahat edir: "Evimizin yaxınlığında belə ecazkar parkın açıldığını eşidəndə sevinmişdim. Çünki uşaqları gəzdirəndə xeyli kənara gedirdim. Bu parkı açıldıqdan sonra hər gün uşaqlarımı bura gətirirəm. Düzü, uşaqla bərabər özüm də dincəlirəm. Lakin gözəlliklə yanaşı parkın kənarından keçən yolda piyada keçidinin olmaması bir ana kimi məni narahat edir. Hər yolu keçəndə həyəcan keçirirəm”.
İstirahətlə yanaşı, gənclər parkda mini konsertlər də təşkil edirlər. Gitarada ifa edən gənclərə park sakinləri də qoşulur, maraqlı əyləncələr təşkil edirlər. 

Aygün ƏZİZ
 
 










Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163