• cümə, 26 Aprel, 22:53
  • Baku Bakı 22°C

Gənclərin 2018-ci il üçün hədəfləri - Polemika

30.12.17 10:00 2796
Gənclərin 2018-ci il üçün hədəfləri - Polemika
Bir neçə gün sonra 2017-ci il yerini 2018-ci ilə verəcək. İl dəyişir, arzular, istəklər də dəyişir, böyüyür. Hər kəsin növbəti ildən müxtəlif gözləntiləri olur. Xüsusilə də, gənclər növbəti ili böyük həvəslə qarşılayırlar. Onlar yeni ili yeni işin, həyatın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirirlər. Hətta deyərdim ki, yeni il onlar üçün yeni bir işə başlamaqda motivasiya rolunu oynayır. Bu dəfə gənclərdən növbəti ildən gözləntilərinin nə olduğunu soruşduq.


"İş həyatımda baş verə biləcək yüksəlişlərə ümidlərim çoxdur”
Murad Cənnətov - dövlət qulluqçusu

Murad üçün yeni ilin gəlişi yeni ümidlərin, arzu və istəklərin yaranması, daha da artması deməkdir: "Yeni ildə hər bir gənc kimi, təbii ki, mənim də arzularım var. Ən başlıcası möhkəm can sağlığıdır. Bu arzuların sırasında karyeramla bağlı olanlar da çoxdur. İş həyatımda baş verə biləcək yüksəlişlərə ümidlərim çoxdur. Eyni zamanda, çoxdandır arzusunda olduğum, lakin vaxt məhdudiyyətinə görə imkan tapa bilmədiyim yeni bir işimi də tamamlamaq arzusundayam. Həmçinin 2018-ci il ərzində ictimai fəaliyyətimi daha da genişləndirməyi və yeni bir qeyri-hökumət təşkilatı yaratmağı qarşıma məqsəd qoymuşam”.

İmtahanlarda yüksək bal toplamaq
Rüfət Behbudzadə - abituriyent

Rüfətin bu ildən ən böyük gözləntisi ali məktəbə daxil olmaqdır: "Hər kəs bir amalla yaşayır. Bu amal hər il keçdikcə yenilənir. Növbəti il yeni uğurlara imza atmağımız üçün zəmin rolu oynayır. Yeni il - yeni arzular, planlar, ideyalar deməkdir. Bütün bunlar biz gəncləri daha da irəli aparmağa yardımçı olur. Hər kəs kimi, mənim də planlarım var. Qəbul imtahanı yaxınlaşır və bütün abituriyentlər bunu səbirsizliklə gözləyir. Elə planlarımdan biri də məhz bu imtahanlarda yüksək bal toplayıb, ali məktəblərdən birinə daxil olmaqdır. Mənim üçün bundan böyük gözlənti ola bilməz. Yeni illə bağlı istəklərimdən biri də bəzi xarici ölkələri gəzməkdir”.


"Başqa ölkələrə səfər etmək, yeni mədəniyyətlərlə tanış olmaq istəyirəm”
Günay Nəbiyeva - jurnalist

Günay deyir ki, növbəti ildə işində və şəxsi həyatında müsbət nəticələr əldə etmək istəyir: "2018-ci ildən gözləntilərim çoxdur. "İtirdiyim vaxtın bütün məsuliyyətini 2018-ə yükləyəcəyəm” - desəm, yalan olmaz. İlk olaraq əcnəbi dil məsələsini həll etməyi düşünürəm. İngilis dilini təkmilləşdirmək, rus dilini öyrənmək əsas hədəfimdir. O cümlədən, sevdiyim ölkəyə daha yaxından bələd olmaq, gələcəkdə orada yaşamaq imkanı əldə etmək üçün Koreya dili üzərində ciddi çalışacağam. Maddi vəziyyətim imkan verərsə, başqa ölkələrə səfər etmək, yeni mədəniyyətlərlə tanış olmaq istəyirəm. Ümid edirəm ki, 2018-ci il bu istiqamətdə düşərli olacaq. Yeni ildə daha çox kitab oxumağı və filmlərə baxmağı planlayıram. Qısacası, 2018-ci ildə işimdə və şəxsi həyatımda müsbət nəticələr əldə etmək istəyirəm”.


"Əllidən artıq kitab oxumağı planlaşdırıram”
İlkin Mirzəzadə - tələbə

İlkinin qarşıdakı ildən gözləntiləri olduqca böyükdür: "2018 mənim üçün önəmli ildir, çünki universitet bitəcək və həyatımın yeni bir mərhələsi başlayacaq. Hər zamankı kimi, bu il də şəxsi inkişaf mənim üçün prioritet məsələ olacaq. Əllidən artıq kitab oxumağı, böyük tədbirlərə qatılmağı və üç xarici ölkəyə səyahət etməyi planlamışam. Həmçinin 2018-ci il ərzində 1000-dən çox məqalə oxumağı, ingilis dili biliklərimi artırmağı və alman dilini öyrənməyi hədəfləmişəm. 2017-ci ilin sonunda ciddi qərarlar verdim. İctimai fəaliyyətimi bitirərək QHT sədri vəzifəsindən imtina etdim. Artıq mənim üçün prioritet məsələ özəl biznes sahəsində çalışmaqdır. Öz biznesimi yaratmaq yolunda addım atmışam. Yaratdığım biznes sevgilimlə şərikdir. Başqa hədəflər isə marketinq sahəsində bilik və təcrübəmi artırmaq, bu istiqamət üzrə xüsusi dərəcəli sertifikatlara sahib olmaqdır. 2018-ci ilin mənə və hər kəsə uğurlu olmağını diləyirəm”.


"Magistr təhsili arzulayıram”
Leyla Əfqan - aktiv gənc

Leyla deyir ki, 2018-i səbirsizliklə gözləyir: "Ona görə ki, yeni ilin ilk günündə dünyaya gəlmişəm. Yanvarın 1-də doğum günüm olacaq. Və mən bir yaş da böyüyəcəyəm. Böyümək üçün səbirsizlənirəm. Daha sonra, gerçəkləşməsini istədiyim bəzi planlarım var. 2018-ci ildə özümə magistr təhsili arzulayıram. Ümid edirəm ki, istəklərimə, növbəti il üçün qarşıya qoyduğum hədəflərimə çatacağam. Hər kəsin bayramını təbrik edir, xeyirli-uğurlu il arzulayıram”.

"Yeni xəbər saytı açmağı planlarım arasına daxil etmişəm”
Mehdi Qəniyev - mətbuat katibi

Mehdi bildirir ki, yeni illə bağlı planları çoxdur: "Bir çox uğurlu gənc kimi, mənim də gələn il üçün hədəflərim var. 2018-ci ildə də QHT sektorundakı işlərimi davam etdirməyi, həmçinin 2 şirkətin təklif etdiyi sosial media meneceri işimə start verməyi planlaşdırıram. Boş vaxtlarımda kitab oxumaq və şəkil çəkməklə günümü dəyərləndirirəm. Və 2018-ci il hədəfim fotoqrafiya biliklərimi artıraraq bu işdə daha da peşəkarlaşmaq və oxuduğum kitabların sayını 2 dəfə artırmaqdır. Növbəti il üçün planlarımdan biri də "Şef deyir ki” videobloqumu yaratmaqdır. Hazırkı işim mətbuat katibi olduğundan, gələn il yeni xəbər saytı açmağı da planlarım arasına daxil etmişəm. 2018-lə bağlı planlar həddən artıq çoxdur. İnşallah, yaşayarıq, görərik”.
Günel Azadə

banner

Oxşar Xəbərlər