• cümə axşamı, 25 aprel, 02:39
  • Baku Bakı 19°C

Gənclər tullantıya “yox” deyir - Fotolar

24.07.15 14:23 2445
Gənclər tullantıya “yox” deyir - Fotolar
ADA Universitetində “Təmiz Şəhər” ASC-nin “0 tullantı” adlı yay məktəbinə start verilib. Xüsusilə gənclərin iştirak etdiyi yay məktəbinin necə təşkil olunması ilə maraqlanmaq və iştirakçılarla tanış olmaq üçün sözügedən ünvana yollandıq.
Universitetə daxil olduqda artıq təlimlər başlamışdı. Təlimlərin keçirildiyi korpusda sakitlik hökm sürürdü. ADA Universitetinin təlim iştirakçıları üçün yaratdığı şərait diqqətimizdən yayınmır. Hər bir iştirakçıya kompyuterlər təqdim olunub. Təlimlərin keçirildiyi 2 saat müddətində onlara çay, kofe verilir.
“Tullantıları idarə edək”
“0 tullantı” haqqında məlumat almaq üçün “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətinin rəhbəri Vüqar Babaya yaxınlaşırıq. Müsahibimiz deyir ki, artıq 5-ci ildir ki “Təmiz Şəhər” ASC-nin təşkil etdiyi məktəb IDEA İctimai Birliyinin və ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin dəstəyi ilə keçirilir: “Bu dəfəki məktəbin mövzusu ətraf mühitin qorunmasına, xüsusilə böyük şəhərlərdə başlıca ekoloji təhdid hesab olunan tullantıların idarə edilməsinə həsr olunub. Təlim iştirakçıları tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, sənaye çirklənməsi, ekoloji layihələrin idarə olunması və digər mövzulara həsr olunmuş peşəkarların mühazirələri dinləyəcək, maraqlı müzakirələrdə iştirak edəcək, bu sahənin mütəxəssisləri ilə canlı ünsiyyətdə olacaq və intellektual oyunlara qoşulacaqlar. Bununla yanaşı, gənclər təkrar emal müəssisələrinə səfərlər edərək, tullantıların utilizasiyası prosesini əyani şəkildə izləmək imkanı əldə edəcəklər”.
Məlumat üçün bildirək ki, təlimlərdə iştirak edən 40 gənc müsabiqə yolu ilə seçilib. Yay məktəbində onlara şəhər həyatının vacib elementlərindən olan tullantıların idarə edilməsi sahəsi dərindən öyrədiləcək. Üstəlik, təlimlərlə yanaşı, onlara müəyyən zavodlarla yaxından tanış olmaq imkanı yaradılıb. “0 tullantı” adlı yay məktəbinin iştirakçısı olan gənclər təlimlərin gedişatında əldə etdikləri bilikləri təcrübədən keçirəcək və kiçik layihələr hazırlamaqla ətraf mühitə öz töhfələrini verəcəklər.
“Təbiətə öz töhfəmizi verməliyik”
Məktəbə dərs vaxtı gəldiyimizdən təlimçi və iştirakçılarla söhbətləşmək üçün gözləməli oluruq. Təlim bitdikdən sonra tədqiqatçı və təlimçi Həcər Hüseynovaya yaxınlaşırıq. Həmsöhbətimiz ətraf mühit və enerji mərkəzində ətraf mühitlə dost olan enerji mənbələri haqqında araşdırmalar aparır. O deyir ki, universitet olaraq həmişə ekoloji tədbirlərə diqqət ayırırlar: “ADA Universiteti olaraq biz ətraf mühiti qorumaq və enerjiyə qənaət etmək ideyasını həmişə üstün tuturuq. Təlimlərin keçirilməsində əsas məqsəd insanları maarifləndirmək, həmçinin onların bu sahədə marağını artırmaqdır. Ətraf mühit mövzusu elədir ki, burada hər birimiz təbiətə öz töhfəmizi verməliyik. Universitet daxilində hər il yaşıllaşdırma tədbirləri həyata keçiririk. 5 il ərzində Coca-Cola və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 100 min ağac əkilir. Bu təlimlərdə də əsas mövzu sıfır tullantıdır. Tullantıların daha yaxşı effektiv idarə edilməsinə toxunulur”.
“Təbiətə sevgim artır”
Təlim iştirakçısı İlqar Quliyev deyir ki, ekoloji cəhətdən bir çox biliklərə sahib olsa da, bu məktəb ona öyrəndiklərini əyani göstərmək imkanı verir: “Təlimlərdə çox iştirak etmişəm. Amma yanından keçməyə belə imkanımız olmayan zavodlarda iş prosesini bizə əyani şəkildə göstərirlər. Belə təlimlərin keçirilməsi ekoloji marağı, təbiətə sevgini artırır. “0 tullantı” ideyası ilə yaşadığımız ərazini hər hansısa məsuliyyətli dövlət orqanı yox, özümüz də qoruya bilərik. Bu iki gündə xeyli bilik əldə etdik. Mənim üçün ən maraqlı isə Bakı Məişət Tullantıları Çeşidlənmə və Yandırılma Zavoduna ekskursiyamız oldu. Praktiki cəhətdən orada baş verən prosesi canlı gördük və yaxından tanış olduq. Hətta məndə orada işləməyə maraq da yarandı”.
“Ekoloji vəziyyət ürəkaçan deyil”
4-cü kurs tələbəsi Fidan Ağayarova düşünür ki, Azərbaycanın flora və faunası çox möhtəşəm bir zolaqda yerləşir: “Azərbaycanda bioloji müxtəliflik çoxdur. Amma ekoloji vəziyyət bir o qədər də ürəkaçan deyil. Çünki bir çox göllər var ki, orada artıq çirklənmə gedir, elə Xəzər dənizinin özündə də. Çirkab suları müntəzəm olaraq dənizə axıdılır. Orada yaşayan canlılar da təhlükə altındadırlar. Rayon bölgələrində isə istiliyi odundan aldıqlarına görə meşələrə ziyan vurulur. Dağlarda, təpələrdə, torpaq sürüşmələri qeydə alınır. Bu da iqtisadiyyata birbaşa təsir edir. Xüsusilə otlaqların sayının azalması baxımından fermerlərin mal-qarasına çoxlu ziyan dəyir. Bu problemin qarşısının alınması üçün belə təlimlərə və maarifləndirmə tədbirlərinə ehtiyac var”.
Qeyd edək ki, təlimlər 4 gün davam edəcək.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər