• cümə, 26 Aprel, 07:55
  • Baku Bakı 12°C

Gənclər milli dəyərlərimizi hər şeydən üstün tutmalıdırlar

14.02.20 17:18 1422
Gənclər milli dəyərlərimizi hər şeydən üstün tutmalıdırlar
Ekspertlər deyir ki, Prezidentin çağırışı Azərbaycan gəncliyinin gələcək fəaliyyəti üçün yol xəritəsi rolunu oynayır

Prezident İlham Əliyev Kürdəmirdə "ASAN xidmət” mərkəzinin açılışında qeyd edib ki, ölkə maraqlarını müdafiə etmək üçün bir neçə önəmli amil lazımdır. İlk növbədə, vətən sevgisi, vətənə və milli köklərə bağlılıq olmalıdır: "Bu gün bu, cəmiyyətimizdə var və siz gənclərdən asılıdır ki, bu, həmişə olsun. Çünki ölkəmizin gələcək taleyi sizin kimi müasir, bilikli, istedadlı gənclərin əlində olacaq. Əlli, yüz ildən sonra Azərbaycanın necə inkişaf edəcəyi sizin kimi gənclərin və sizdən sonra gələn nəsillərin fəaliyyətindən və dünya görüşündən asılı olacaq. Ona görə biz xalqımıza xas olan dəyərləri nəsildən-nəslə ötürməliyik, onları itirməməliyik, qorumalıyıq. İndiki şəraitdə bunu etmək o qədər də asan deyil. Çünki indi dünya qloballaşır, informasiya heç bir sərhəd tanımır, bu da müsbət haldır, amma bununla bərabər dezinformasiya da heç bir sərhəd tanımır, saxta xəbər anlayışı 5-6 il bundan əvvəl mövcud deyildi. İndi bu, həqiqətdir və bunu etiraf edənlər dünyanın aparıcı ölkələrinin dövlət başçılarıdır”.

Prezidentin gənclərlə bağlı səsləndirdiyi fikirlər həqiqətən də günümüzdə ən aktual məsələlərdən biridir.
Bəs görəsən bu sözügedən istiqamətdə hansı işlər görülməlidir?

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov hesab edir ki, prezidentin qeyd etdiyi məqamlar bütövlükdə Azərbaycanın gəncliyi üçün bir ideoloji xətdir: "Bu xətt dövlət gənclər siyasətini həyata keçirən qurumlar üçün, bütövlükdə isə həm yerli, həm də mərkəzi icra hakimiyyəti orqanlarında yeni bir xətt kimi götürülməlidir. Hesab edirəm ki, dövlət başçımız çox doğru olaraq gənclərlə bağlı ideoloji işə önəm verilməsini bir daha diqqətə çatdırdı. Bununla da, o, həm gənclərə, həm cəmiyyətə, həm aidiyyəti qurumlara, dövlətin strukturlarına çağırışını etdi. Azərbaycanda dövlət gənclər siyasətindən danışarkən biz ilk növbədə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş müstəqil Azərbaycanın gənclər siyasətinə ekskursiya etməliyik. O tarixi günlərə dönüş etməli, qayıtmalıyıq. Ulu öndər Heydər Əliyev Azərbaycanda gənclər siyasəti haqqında qanunla bağlı öz fikirlərini bildirərkən ilk növbədə Azərbaycan gənclərinin milli və vətənpərvər ruhda tərbiyə olunmasını, mənəvi və fiziki baxımdan güclü, eyni zamanda savadlı, bilikli olmasını tövsiyə edirdi. Bütün bunlar ona hədəflənmişdi ki, biz növbəti mərhələlərdə Azərbaycanın dövlət müstəqilliyini artıq o gənclərə etibar edə bilək. Bu istiqamətdə əlbəttə ki, çox ciddi işlər görüldü. Bizim dövlətimiz xeyli gəncdir. Amma bütün hallarda Azərbaycanda gənclər siyasəti elə qurulub ki, bu gün biz dövlətimizi Azərbaycanın gənclərinə etibar edə bilərik”.

İ.Orucov deyir ki, dövlətin ağırlığını, yükünü öz çiyinlərində daşıya biləcək gənclik ordusu formalaşıb: "Ölkəmizdə son illərdə həyata keçirilən islahatlar dövlət quruculuğu prosesində də gənclərin irəli çəkilməsi, gənclərə dövlətin bütün strukturlarında bütün qollarında yer verilməsi, gənclərə etibar edilməsi bir daha sübut edir ki, bizim dövlətimizin gənclər siyasəti doğru qurulub, bizim dövlətin gənclər siyasəti möhkəm təməllər üzərindədir. Bunun bəhrəsini artıq bizim müstəqil dövlətimiz görməkdədir. Amma əlbəttə ki, xeyli narahatedici məqamlar da var. Çünki Azərbaycan elə bir mürəkkəb geosiyasi mövqedə yerləşir ki, dünyada gedən siyasi kataklizmlər Azərbaycan dövlətindən təsirsiz ötüşə bilmir. Ona görə də bizim gəncliyimiz öz üzərində çalışmalıdır. Gənclərlə iş ideoloji istiqamət kimi dövlətin aidiyyəti qurumlarında başlıca qırmızı xətt kimi keçməlidir. Zaman keçir, cəmiyyət inkişaf edir, əlbəttə ki, biz hər zaman ulu öndərin bizə miras qoyduğu gənclər siyasətini inkişaf etdirməliyik”.

İ.Orucov söylədi ki, artıq Azərbaycanda çox ciddi gənclik ordusu formalaşıb: "Azərbaycan gənclərinin səsi dünyanın ən ali nüfuzlu məktəblərindən, ən prestijli universitetlərindən, ən qabaqcıl elmi mərkəzlərdən gəlir. Əlbəttə, bütün bunlar dövlətin gənclərə yaratdığı unikal imkanlardır. Gənclər də öz növbəsində dövlətə sahiblənmək ruhuna malik olmalı, bu dövlətin bir parçası olaraq özlərini hiss etməlidirlər. Azərbaycana qarşı yönəlmiş təhdidlərə, məkrli planlara qarşı ayıq-sayıq olmalıdırlar. Başa düşməlidirlər ki, onların bir vətəni var, o, Azərbaycandır və əlbəttə ki, ölkəmizdən başqa Azərbaycan insanının sığınacağı, gələcəyi digər bir istinadlar olmamalıdır. Hesab edirəm ki, Azərbaycanın gəncləri harada yaşamasından, fəaliyyət göstərməsindən asılı olmayaraq mütləq şəkildə ölkə başçısının bu çağırışını özləri üçün proqram xarakterli çıxış kimi qəbul etməlidirlər. Əlbəttə ki, Azərbaycan gəncliyi ona ünvanlanmış çağırışların, ona edilən inamın, etibarın fərqindədir. Bu gün bizim gənclərimiz öz üzərilərinə düşən işləri yerinə yetirirlər və gələcəkdə də yerinə yetirməlidirlər. Eyni zamanda, müvafiq dövlət qurumları, bu işdə ciddi olmalıdırlar. Dövlət qurumları prezidentin çağırışından adekvat olaraq gənclər üçün geniş meydanlar açmalıdırlar”.

"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirdi ki, prezidentin çağırışı həqiqətən də çox mühümdür: "Azərbaycan gəncləri hər zaman, Azərbaycan dövlətçiliyinin yanında olublar. Dövlət müstəqilliyinin əldə olunmasında gənclərimiz mühüm rol oynayıblar. Bu gün də Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi həyatında, hakimiyyətin müxtəlif qollarında yüksək peşəkarlıq təmsil olunur. Gənclər Azərbaycanda gənclər siyasətinin mühüm və ayrılmaz bir istiqaməti, ölkəmizdə gedən proseslərin hərəkətverici qüvvəsidir. Bu mənada cənab prezidentin çağırışı həqiqətən də Azərbaycan gəncliyi üçün çox mühümdür və gələcək fəaliyyətimiz üçün yol xəritəsi rolunu oynayır. Gənclərimiz bundan sonra da Azərbaycanda dövlətçiliyin, dövlətçilik maraqlarının qorunmasında, milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğ olunmasında aktiv formada iştirak etməlidirlər. Bu Azərbaycanın gələcək nəsil olaraq ən birinci vəzifəsidir. Nəzərə alsaq ki, Azərbaycan torpaqlarının 20 faizi də Ermənistan tərəfindən işğal olunub, bu xüsusda artıq gəncliyimizin üzərinə böyük məsuliyyət qoyur. Hesab edirəm ki, cənab prezidentin bu çağırışından sonra gənclərimiz milli-mənəvi dəyərlərimizin təbliğ olunması, onun gənc nəsil arasında yayılması işində daha da aktiv və fəallıqla iştirak edəcəklər və bu çağırış gənclər üçün növbəti dəfə ictimai səfərbərliyin elan olunmasına gətirib çıxaracaq”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər