Gənclər kitab oxuyurmu? - Araşdırma

Gənclər kitab oxuyurmu? - Araşdırma

Gənclik qəzeti
18 Fevral 2014, 10:19 2010
Yaşlı və orta nəslin nümayəndələri gənclərin kitab oxumamasından, kitaba marağın az olmasından şikayətlənirlər. “Gənclər kitab alırmı?” sualına cavab tapmaq üçün şəhərin məşhur kitab mağazalarından olan “Akademiya kitab evi”nə yollandıq. Mağazada yerli ədəbiyyatdan tutmuş xarici ədəbiyyata qədər müxtəlif sahələri əhatə edən kitablar var. Lakin mağazaya daxil olduqda müştərilərin az olması diqqətimizdən yayınmadı. Mağazanı gəzərək kitablarla tanış olduqdan sonra, kitab satışı ilə maraqlanmaq üçün “Akademiya kitab evinin” müdiri Əliağa Cəfərov ilə danışdıq.

Gənclər tənbəldir?

Ə.Cəfərov gənclərin kitab oxumadığından xeyli gileyləndi: “Azərbaycanda bədii ədəbiyyat çox az oxunur. Xüsusilə gənclərin əksəriyyəti bədii əsər oxumağın əhəmiyyətini dərk etmirlər. Onlar hər şeyə vaxt tapır, ancaq bədii əsər oxumağa vaxtlarının olmadığını söyləyirlər. Müasir gənclərimiz çox tənbəldir. Onlar başa düşmürlər ki, ömürlərinin ən gözəl dövrü olan gənclik illərini boş əyləncələrə sərf edərək kül edib havaya sovururlar”. Kitaba marağın az olduğunu deyən mağaza müdiri bunun səbəbini cəmiyyətdə təbliğatın az aparılmasında görür: “Kitaba marağı uşaqlara bağçadan aşılamaq lazımdır. Gənclər bilməlidirlər ki, kitabdan alınan biliyi, öyrənilən informasiyanı, insana verdiyi daxili zənginliyi heç bir internet və informasiya vasitələrindən almaq olmur. Buna görə, kitabdan bütün Azərbaycan vətəndaşları bəhrələnməli və gələcək nəsillərə ötürməlidir”.

Qadınlar daha çox oxuyur

Mağaza müdirinin sözlərinə görə, son beş ildə az da olsa gənclər arasında kitab oxumağa maraq artıb. Onun sözlərinə görə, zərif cinsin nümayəndələri oxumağa daha çox meyllidirlər: “Bizim mağazadan orta məktəb şagirdindən tutmuş təqaüddə olan yaşlıya kimi hər kəs kitab alır. Amma alıcılarımız arasında xanımlar üstünlük təşkil edir”.

Müsahibimiz oxucuların daha çox maraq göstərdiyi, aldığı kitablar haqqında da danışdı. O bildirdi ki, kitab alıcıları arasında detektiv əsərlərin müştərisi daha çoxdur: “Yerli ədəbiyyata tələbat demək olar ki, yoxdur. Kitab alan gənclər də, Azərbaycan dilinə tərcümə olunmuş xarici ədəbiyyata üstünlük verirlər. Satılan kitablar arasında daha çox detektiv, macəra əsərləri üstünlük təşkil edir. İkinci yerdə isə dini kitablar dayanır”.

Kitab insanı kamilləşdirir

Şənbə günü olmasına baxmayaraq, mağazada olduğumuz müddətdə çox az sayda alıcı buraya üz tutdu. Müşahidə apararkən gözümüz piştaxtaların arxasında kitab seçən gəncə sataşdı. Adının Ramiz olduğunu söyləyən müştəri Aqata Kristinin “Nildə ölüm” əsərini axtarırdı: “Bədii ədəbiyyat oxumağı çox sevirəm. Bədii əsərlər oxumağa məktəb vaxtımdan başlamışam. Məndə bədii kitab oxumağa maraq ədəbiyyat müəlliməmizin sayəsində oyanıb. Nəinki mən, müəlliməmizin təbliğatı nəticəsində sinif yoldaşlarımın əksəriyyəti bədii ədəbiyyat oxuyur. Mən də bədii əsərlər arasında xüsusilə detektiv əsərlər oxumağa üstünlük verirəm. Əsərləri oxuduqdan sonra, oradakı hadisələri analiz edib, özüm üçün nəticə çıxarıram”. Ramiz deyir ki, kitab oxumaq insanı həm inkişaf etdirir, həm də dünyagörüşünü artırır: “Kitab oxuyanların sayı çox azdır. Onlar hər gün internetə, əyləncəyə ayırdıqları vaxtın bir saatını kitab oxumağa ayırsalar, necə inkişaf etdiklərini özləri də hiss edərlər”.
Əfsanə isə mağazaya fənn kitabı almaq üçün daxil olub: “Magistraturaya hazırlaşıram və mənə lazım olan kitabları hər dəfə buradan alıram”. Bədii əsər oxumağa gəldikdə isə həmsöhbətimiz deyir ki, onun kitab oxumağa vaxtı yoxdur: “Ali məktəbə hazırlaşdığım üçün bədii əsər oxumağa vaxtım yoxdur. Düzü, kitab oxumağı o qədər də sevmirəm”.

“Yalnız klassika oxuyuram”

Mağazaya daxil olan rəfiqələrdən biri Leyla Dostyovskinin kitabını almaq istəyirdi. O ancaq klassika oxuduğunu və bu əsərlərdən xüsusi zövq aldığını dilə gətirdi: “Mən daha çox rus ədəbiyyatını oxuyuram. Elə bilirəm ki, 19-cu əsr rus ədəbiyyatı zəngin xəzinədir, oxumaqla bitməz. Rus klassiklərindən Dostoyevski və Tolstoyun əsərlərinin vurğunuyam”. Yerli ədəbiyyatı, xüsusilə də müasir ədəbiyyatı sevmədiyini deyən Leyla bildirdi ki, bədii əsərlərlə yanaşı, klassiklərin həyat və yaradıcılıqlarını da oxuyur: “ Yerli ədəbiyyatı məktəb vaxtlarında çox oxuyurdum. Demək olar ki, Cəlil Məmmədquluzadənin əsərləri ilə böyümüşəm. Amma universitetə daxil olduqdan sonra dünya ədəbiyyatına marağım artdı. Oxuduğum yazıçıların yalnız əsərləri deyil, həyat tərzləri, dini görüşləri də mənə maraqlı gəlir”.

Sevgililər günü üçün ən gözəl hədiyyə...

Mağazaya Leyla ilə birlikdə daxil olan Ülkər isə rəfiqəsindən fərqli olaraq yerli ədəbiyyatı oxuduğunu deyir: “Yerli yazarların əsərlərini oxumağa üstünlük verirəm. Detektiv əsərləri daha çox oxuyuram. Yazarlarımızdan isə Elxan Elatlı, Çingiz Abdullayev, Qaraqanın əsərlərini sevirəm. Əsərləri oxuduqdan sonra uzun müddət həmin əsərin təsirindən ayrıla bilmirəm”.
Müştərilərlə söhbət edərkən mağazaya girən gənc sevgililər diqqətimizdən yayınmadı. Sevgi romanı axtaran bu cütlük sevgililər günüdə insanın sevdiyinə verə biləcəyi ən gözəl hədiyyənin kitab olduğunu düşünürlər: “Qarşıdan 14 fevral Sevgililər günü gəlir. Biz də düşündük ki, bir birimizə verə biləcəyimiz ən gözəl hədiyyə məhz kitabdır. Hər ikimiz bədii əsərlərin vurğunu olduğumuzdan özəl günlərdə bir-birimizə kitab hədiyyə edirik”.

Aygün ƏZİZAraşdırma"> Araşdırma"> Araşdırma"> Araşdırma">