• cümə axşamı, 28 mart, 19:55
  • Baku Bakı 13°C

Gənc rejissor və yazarları işə dəvət edən teatr

15.05.20 18:27 2096
Gənc rejissor və yazarları işə dəvət edən teatr
Yeni nəfəs, yeni ideyaya ehtiyac duyulur

Aprelin 28 -də "Kaspi” qəzetində "Teatr süfrəmizdə təzə "duz, istiot” çatışmır” başlığı ilə teatrlarımızda gənc dramaturq və rejissorlarımıza kifayət qədər şans verilmədiyi vurğulanmış, onları səhnədən uzaqlaşdıran səbəblər barədə danışmışdıq. Məsələ ilə bağlı araşdırma edib, bunun səbəblərini aydınlaşdırmağa çalışmışdıq.
Üzərindən bir neçə gün keçdikdən sonra Azərbaycan Dövlət Lənkəran Dram Teatrının direktoru Tofiq Heydərov bizimlə əlaqə saxlayaraq gənc rejissor və dramaturqlar üçün yeni imkanlar vəd etdiyini bildirdi. Belə ki, teatrın direktoru həm teatra yeni nəfəs gətirmək, həm də karantin günlərindən sonra insanları xoş əhval-ruhiyyə ilə salamlamaq üçün ideya ilə çıxış edir. O, müsabiqə yolu ilə gənc rejissorları əməkdaşlığa dəvət edir.
Teatrın direktorunun sözlərinə görə, müsabiqənin keçirilməsində məqsəd koronavirus pandemiyası bitdikdən sonra sənətsevərlərin əhval-ruhiyyəsinə müsbət təsir edən, müasir dövrün tələblərinə cavab verən komediya janrında əsəri tamaşaya hazırlamaqdır. Müsabiqədə əsasən gənc rejissorların iştirakı nəzərdə tutulub.
T.Heydərov deyir ki, dramaturji material və eksplikasiya 1 avqust 2020-ci ilə kimi təqdim olunmalıdır. Tamaşanın ilin sonunadək hazırlanması nəzərdə tutulur: "Teatr canlı sənət növüdür, belə ki, daima burda aktivlik, canlılıq özünü göstərməlidir. Pandemiyanın yayıldığı bu dönəmlərdə evdə qalan insanlar, elə aktyorların özlərinin də əhvalının yenilənməsi üçün yeni nəfəs, yeni ideyaya ehtiyac duyulur. Bunun üçün də belə bir müsabiqə keçirmək qərarına gəldim. Sizin vasitənizlə də elan vermək istəyirəm ki, özünə, potensialına güvənən, tamaşaçıları müsbət əhvala kökləmək üçün maraqlı ssenarisi olan bir əsərə quruluş vermək üçün gənc rejissor və yazar axtarışındayıq. Sözsüz ki, müsabiqədən keçən gənc, sonuncu kvartalda, dekabrda həmin əsəri hazırlayıb təqdim edəcək. Bizə müraciət edən gənclər arasında seçim edəcəyik, onlardan özünə və işinə güvənən, eyni zamanda buradakı şəraitə, iş mühitinə uyğunlaşan gənclərə üstünlük verəcəyik. Bizə göndərilən ssenariləri oxuduqdan sonra hansı ssenari teatr səhnəsi üçün daha real olsa, onun üzərində fikir mübadiləsi edib səhnələşdirəcəyik. Hazırlanan tamaşa teatrın repertuarında yer alacaq. İlkin olaraq komediya janrına müraciət edəcəyik. Əgər rejissorun işi qənaətbəxş olsa, bundan sonra da onunla işbirliyini davam etmək niyyətindəyik. Belə ki, o, digər mövzularda əsərlər səhnələşdirəcək və teatrımızda aparıcı rejissorlardan olmaq imkanı yaradılacaq. Teatrda həmin gənclə müqavilə bağlanacaq, qonorar hesabına qarşılıqlı razılaşma yolu ilə rejissor burda nə qədər işləyərsə, qarşılıqlı razılaşdırılacaq”.

T.Heydərov müsabiqənin gənclərin marağını cəlb edəcəyini düşünür: "Bu elanı sosial şəbəkədə və mətbuatda paylaşdıq. Ümid edirəm ki, potensiallarına güvənib, peşəkar səhnədə özlərini sınamaq istəyən gənclər varsa, onlar bizə müraciət edəcəklər. Gənclərə istedadlarını göstərmək üçün əlverişli şərait yaradırıq. Özlərini sınamaq istəyənlər bizə müraciət edə bilərlər. Biz Lənkəran Teatrı olaraq hər zaman istedadlı, potensiallı gənclər, eləcə də digər aktyor və rejissorlarla yaradıcılıq mübadiləsi etməyə hazırıq”.
Teatrın direktoru bildirdi ki, müraciət edən yazar və rejissor özünü təsdiqləyərsə, hazırladıqları tamaşa maraqlı alınacağı təqdirdə, gəncləri ştata götürmək, onların teatrın daimi işçisi ola bilməsi üçün əlindən gələn köməkliyi edəcək: "Əgər rejissor özünü təsdiqləsə, onu teatrın ştatına əlavə edər və teatrımızın repertuarında tamaşalar hazırlamaq üçün şərait yaradarıq. Həmin gəncin Lənkəranda qalma xərclərini, kommunal ödənişlərini də qarşılamağa hazırıq. Hesab edirəm ki, bu müsabiqə gənclər üçün maraqlı olacaq”.
Müsabiqə ilə maraqlanmaq istəyən şəxslər isə [email protected] elektron ünvanına, eləcə də (025)255-49-73 və (050) 377-19-24 (mobil) telefon nömrələrinə müraciət edə bilərlər.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər