• çərşənbə axşamı, 19 mart, 15:44
  • Baku Bakı 8°C

Fəthləri hələ qabaqda olan şahmatçı - Portret

01.08.15 12:22 4850
Fəthləri hələ qabaqda olan şahmatçı - Portret
Rauf Məmmədov Dünya Kuboku və Olimpiadada zirvəyə qalxa bilər
Azərbaycan şahmatı ölkəni dünya idman ictimaiyyətində mütəmadi uğurla təmsil edən, səviyyəsini qoruyan bir növdür. Bu, Odlar Yurdunun yalnız güləşmək, döyüşmək yox, həmçinin düşünmək, sərrast qərarlar qəbul etmək bacarığı olan insanlar yetişdirdiyini sübut edir. Tarixən mütəfəkkirlərin, şair və yazıçıların, memarların, alimlərin, qəhrəmanların vətəni olan Azərbaycan beyin idmanının da böyük nümayəndələrini yetişdirib. Və bu proses davam edir. Bu dəfə sizə şahmatımızın ekssentrik, bəlkə də bir az ərköyün fərdini – Rauf Məmmədovu tanıtmağa çalışacağıq. Çox maraqlı personadır.
Kiçik qrossmeyster
26 aprel 1988-ci ildə Bakıda anadan olan Rauf, ən kiçik yaşlarında könlünü şahmata verib. Artıq 7 yaşında beynəlxalq yarışda iştirak edib, cəmi 4 ilə FİDE idman ustası normativini yerinə yetirib, daha 5 il sonra beynəlxalq qrossmeyster adını alıb. 7 yaşında Moskvadakı 10 yaşlıların açıq turnirində çempionluq sevinci yaşayıb və həmin gündən titulların sırası genişlənib. O, yeniyetmələr arasında müxtəlif yaş qruplarında Böyük Britaniya və BƏƏ turnirlərini qalibi, 14 yaşlılarda Avropa üçüncüsü, 2003-cü ildə Avropa çempionatının qalibi, həmin il 16 yaşlıların Avropa ikincisi, bir il sonra analoji turnirin qalibi, 5 qat Azərbaycan çempionudur (Maraqlıdır ki, Rauf indiyə qədər cəmi 5 daxili çempionata qatılıb və hamısında da qalib olub). Bununla yanaşı, qrossmeyster klassik, rapid və xüsusilə də blitsdə müxtəlif turnirlərdə qızıl medal qazanıb.
Komanda döyüşçüsü
Onun karyerasının ən böyük qələbələri isə 2007-ci ildə komandalar arasında Avropa çempionatında ikincilik və 2009-cu ildəki tarixi zəfərlə üst-üstə düşür. Serbiyanın Novi-Sad şəhərindəki yığmaların Avropa çempionatında Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, mərhum Vüqar Həşimov və Qədir Hüseynovla birlikdə komanda ruhu nümayiş etdirən Rauf Məmmədov adından söz etdirə bilmişdi. Həmin kollektiv adını qızıl hərflərlə ölkəmizin şahmat tarixinə yazdırmış, bir hərfi də Raufun payına düşmüşdü. Bundan dörd il sonra Polşanın paytaxtı Varşava şəhərində keçirilmiş Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət yığma komandası 2-ci dəfə Avropa çempionu olaraq illər öncə qazanılan qələbənin təsadüf olmadığını sübut etdi. Və Rauf Məmmədovun yenidən qalib adını əldə etməsi, onun əsl komanda döyüşçüsü, lazım olan anda güc nümayiş etdirərək kollektivi bir addım irəli aparmaq qabiliyyətinə malik olduğunu ortaya qoydu. Bu il İsraildə keçiriləcək Avropa çempionatında da ona güvəniləcəyi halda, təcrübəsi köməyə gələcək və titulun qoruna biləcəyinə böyük ümidlər var.
Ekssentrika
Rauf oyun tərzi ilə haqqında işlədilən “ekssentrik şahmatçı” ifadəsini tamlığı ilə doğruldur. Çünki oynadığı matç onun konkret sistemə sadiq qalmadığını deməyə imkan verir. Üstəlik, o tonus baxımından da sabit deyil. Çox güclü qrossmeysterlərlə başabaş mübarizə apara da bilər, ortabab sayılacaq şahmatçılara qarşı həvəssiz oynayıb məğlub ola da. Kənardan görünən odur ki, Rauf şahmata təkcə peşə yox, bir idmana sevgisi olan azarkeş kimi də münasibət bəsləyir. O, taxta üzərində bəzən ciddilik, bəzən gözəllik, bəzən qeyri-adilik axtarır (buna cəmi iki cümlə sonrakı haşiyəmizdə kiçik məqamda əmin olacaqsız). Turnirlərdəki matçlarda klassik debüt bir sonrakı matçda yerini fərqli starta verə bilər. Məmmədov həm maraqlı persona, həm də həmişə ciddiyə alınacaq güclü şahmatçıdır.
Haşiyə
Məhz bu məqamda bir haşiyəyə çıxaq. Bugünlərdə idman jurnalistləri arasında keçirilən şahmat turnirinin final matçında ilk – simvolik gedişi edən Raufun oyundan sonra qalib Ceyhun Əliyevlə maraqlı bir dialoqu alındı. Məmmədov fiqurları yerinə düzərək başdan-sona qədər partiyanı təkrarladı. Yalnız son iki gedişi etməyərək jurnalist həmkarımıza “o cür yox, bu cür oynamaq lazım idi” deyib, öz variantını göstərdi. Əslində, ortada məntiq yox idi. Çünki qalib zatən bu oyunda qələbə qazanmışdı. Jurnalistin sualı da bu cür oldu: onsuz da, udmuşdum, niyə sən deyən kimi oynamalı idim? Raufun cavabı əla idi: çünki belə daha gözəl görünürdü!
Gərginlik yaradana debütlər
Hər halda oyun statistikası Rauf Məmmədovun müəyyən cizgilərini ortaya qoymaq imkanı verir. Qrossmeyster adətən Siciliya müdafiəsi ilə debüt edir. Bu debütün əsasında asimmetrik, fərqli pozisiyaların yaradılması durur. Müxtəlif variantlarda çoxtərəfli qalaqurmalar imkanı yaranır ki, bu da gərgin taktiki mübarizəyə gətirib çıxarır. Bu startlarda oyun taxtası ilk addımlardan döyüş meydanına çevrilməyə başlayır.
Blits
Rauf klassik şahmat və rapiddə son illərdə eniş yaşasa da, blitsdə rəqiblərindən həmişə güclü olub. Dünyanın ən yaxşı blitsçilərindən olan Məmmədov bu növdə böyük reytinqə malikdir. Özünün sözlərinə görə, məhz blits onun karyerasını xilas edib: “13 yaşında reytinqim 2300 idi və 15 yaşında da eyni rəqəmdə qalmışdım. Düşünürdüm ki, iki ilə bir xal belə irəliləməmək zəiflikdir və karyeramı bitirsəm yaxşıdır. Sonralar blits turnirlərinə qatılaraq Kamski, Morozeviç və başqaları kimi məşhur şahmatçılarla oynayıb, arada qələbə də qazandım. Ümumi hesabda məğlub olsam da, güclüləri yenməyin mümkünlüyünü hiss etdim. Cəmi bir il sonra qrossmeyster normativini doldurdum. Blits olmasaydı, bu yerlərə qədər gəlməyə də bilərdim”.
Futbol həvəskarı
Şahmatla yanaşı, futbolun da əsl xəstəsi olan Raufun bu sevgisi çox dərindir. Xüsusilə, ingilis futbolunun, klublardan isə “Mançester Yunayted”in azarkeşidir. Dumanlı Albionun ən böyük ölkəsinə hörməti o qədər böyükdür ki... Raufun öz dilindən: “Düzü, heç bilmirəm İngiltərəni niyə sevirəm. Uşaqlıqdan belə alınıb. Sevgim böyükdür. Hətta maraqlı bir tarixçəm də var. 1997-ci ildə 10 yaşlıların dünya çempionatında oynayırdım. Rəqibim ingilis idi. Daha üstün tərəf idim, əlavə iki piyadam vardı. Ancaq heç-heçə təklif etdim. Təbii ki, qəbul etdi. Ağlımda bir fikir qərar vardı: mən ingilisi uda bilmərəm”.
Portret
Rauf Məmmədov üç ay əvvəl Azərbaycan çempionu olaraq ilin sonunda Bakıda keçiriləcək Dünya Kubokunda iştirak etmək hüququnu əldə edib. Bu mötəbər yarışda uğurlu çıxış ona gələn il paytaxtımızda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında da millimizin şərəfini qorumaq şansı verəcək. Görünən odur ki, Rauf adətən eniş-yoxuşlu olan karyerasında zirvə yolunu tutub. Daima gülərüz, şən görünən, həyatdan və sevimli oyunundan maksimum zövq almağa çalışan təcrübəli qrossmeysterimizin ekssentrik, yəni hamıdan fərqli, standartlardan uzaq olan həyat və oyun tərzi ona uğur gətirir. Rauf Məmmədov portretində hamıya “mənim fəthlərim qabaqdadır” mesajını verən təbəssümü ilə bizi salamlayır.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər