• çərşənbə axşamı, 19 mart, 06:25
  • Baku Bakı 8°C

“Fəhlə kimi də işimi sevə-sevə görmüşəm” – Gör-götür

26.12.16 11:30 2974
“Fəhlə kimi də işimi sevə-sevə görmüşəm” – Gör-götür

Çalışdığı yerdə öyrənmək də onun üçün əsasdır. Deyir ki, mütləq hər bir işdə insanın öyrənəcəyi nəsə var. O da indiyə qədər qəzet, radio, televiziya təcrübəsi keçib və indi mətbuat xidmətində çalışır, öz diliylə desək, həm də öyrənir. Öz işini yaxşı görən, jurnalistlərin suallarına vaxtında cavab verən mətbuat katiblərindəndir.
Hətta deyir ki, əvvəllər "mətbuat xidmətində işləməyə nə var ki?” kimi düşüncəsi də olub. Amma gələndən sonra düşüncələrinin yanlış olduğunu görüb. Müsahibimiz əvvəllər "Xəzər xəbər”in aparıcısı kimi tanıdığımız, hazırda isə "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışanAnar Nəcəflidir.

- Müsahibədən öncə internetdə axtarış verib əvvəlki müsahibələrinizə göz atdım. Bir çoxunda nədənsə sizə sevgidən suallar verilib. Adəti pozmayaq, amma biz işə sevgidən danışaq...

- Elə bildim, ümumi sevgidən sual verəcəksiniz (gülür – A.A.). Ortaya yaxşı iş qoymaq, əzmlə çalışmaq üçün işə sevgi önəmlidir. Düzdür, indi mətbuat xidmətindəyəm, amma bura mətbuatdan gəlmişəm. Müxbir, aparıcı işləmişəm. Dəyişən yalnız mətbuat xidmətinin rəhbəri olmağımdır. Amma mən yenə də bu sahənin adamıyam və hər gün jurnalistlərlə işləyirəm. Bu sahəni sevirəm, buna görə də gördüyüm işdən zövq ala bilirəm. Sevgi olmasa, nə irəli getmək mümkündür, nə də yenilik etmək. Hansı işin məsuliyyətini üzərimə götürmüşəmsə, orada yenilik etməyə, özümə məxsus bir iz buraxmağa çalışmışam.

- Nədənsə məndə belə bir fikir var ki, hansısa sahədə çalışmağa başlayanda ilk düşdüyü mühit insanın işinə sevginin yaranmasında böyük rol oynayır. İlk iş yeriniz hara olub?
- Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışam. Tələbə vaxtı qəzetlərin birində ştatdan kənar müxbir olaraq fəaliyyət göstərmişəm. Maraqlı nə isə yazım olanda verirdim. 4 illik tələbə vaxtımızda bizi hər yay bir aylıq təcrübəyə göndərirdilər. Bir il radioda, 3 il isə qəzetdə təcrübədə olmuşam. Hər il ayrılan bir ay müddətində də çalışmışam ki, nə isə yazılar verim, materialım olsun. İlk işimin təcrübə keçdiyim yerlər olduğunu deyə bilərəm.

- Mətbuat xidmətinin rəhbərinə məmur da deyirlər. Amma deyəsən, məmur abı-havası sizdən uzaqdır...
- Məmur sözündən xoşum gəlmir. Biz jurnalistik və jurnalistikadan gəlmişik. Ofisdə oturub, ancaq zənglərə cavab verən mətbuat xidmətlərinə hardasa məmur demək olar. Mətbuat xidmətinin işi ancaq telefon zənglərinə cavab vermək deyil. Düzdür, bu, sahələrdən də asılıdır. Amma mətbuat xidmətində çalışan bir yerdə durmamalı, inkişaf etməli, yenilik axtarmalıdır. Maarifləndirici istiqamətdə effektiv iş təqdim etməlidir. Bu istiqamətdə isə bizim əsas dəstəkçilərimiz mətbuat orqanlarımız, jurnalistlərimizdir.

- Deyirsiniz işiniz çox olur. Yorulmursuz?

- İş vaxtı o qədər yoruluram ki, evə gedəndə evin problemləri ilə məşğul ola bilmirəm. Fiziki gücüm qalmır.

- Heç düşünmüsünüzmü ki, rahat bir işim olsun, hamı kimi gedim ofisə, axşam da evə qayıdım? Bu qədər yorğunluq olmasın...

- Düzü, bu haqda düşünməyə vaxtım olmayıb. Yoruluram, amma jurnalistlər fikirləşməyə vaxt vermirlər (gülür – A.A.).
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər