Fatma Girik: “Pul və şöhrəti hər kəs çiyinlərində daşıya bilməz” - Fotolar
Türk kinosunun ən sevimli və bəyənilən aktrisalarından
olan Fatma Girik "Posta” qəzetinə müshaibə verib. Aktrisa guya xərçəng
xəstəliyindən əziyyət çəkdiyi, hətta öldüyü haqda xəbərlərin yayılmasından
narahatlığını bildirib. Fatma Girik müsahibəsində bu xəbəri yayanlara öz
ismarıcını göndərib.
- Sosial şəbəkələrdə belə bir xəbər yayılıb ki, guya
siz xərçəng xəstəliyindən əziyyət çəkirisniz. Hətta sizin ölüm xəbəriniz də
yayılıb. Hazırda vəziyyətiniz necədir?
- Yaxşı ki, sosial şəbəkələrdə
yoxam. İnsanların bizi bu qədər öldürmək həvəsini anlaya bilmirəm. Mən xərçəng xəstəsi
deyiləm. Hətta özümü çox yaxşı hiss edirəm. 74 yaşımdayam. Bu yaşda, əlbəttə ki, sağlamlığımla bağlı
problemlərim olacaq. Misal üçün, sağ ayağımda metal, belimin ortasında da
20 tikiş izi var. Bunların hamısı yaşın gətirdiyi problemlərdən qaynaqlanır. Əgər
xatırlayırsınızsa, "Söz Fatoda” proqramında 3-cü mərtəbədən tullanmışdım. Hələ
də onun əziyyətini çəkirəm.
- Uzun müddətdir ki, ekranlarda görünmürsünüz. Qadın
proqramlarının çoxunun da kriminal xarakterli olmasına görədirmi ki, verilişlərə
qatılmırsınız?
- Anamla birlikdə yaşayıram. O bu proqramlara çox
meyillidir. Ancaq mən o verilişləri izləmək istəmirəm. Düzdür, izləmək
lazımdır. Çünki həyat Bodrumda yaşamaq, təmiz hava almaqdan ibarət deyil. Anam
da izlədiklərindən çox təsirə düşür. Vicdansızın biri övladını zibilliyə atıb.
Anam deyir ki, uşağı evə gətir, onsuz da evimiz böyükdür, evimizdə ona da yer
tapılar. Ona qalsa, küçədə nə qədər pişik, it, küçəyə atılmış uşaq varsa,
hamısını evə gətirməliyik.
- Hesab edirik ki, siz xeyirli bir övladsınız. Hələ də
ananızla yaşadığınıza görə bu qənaətə gəlmək olar.
- Anam mənim baştacımdır. Əgər bir çiynim ağrısa, onu
o biri çiynimdə daşıyaram. Ana elə bir nemətdir ki, onu pulla satın almaq
olmur.
- Övlad qoxusu üçün darıxırsınızmı?
- Heç də. Himayəyə götürdüyüm övladımın indi 32 yaşı
var. Hazırda İstanbulda çalışır.
- Bəs Memduh Ündən bir övladınızın olmasını
istəmirdinizmi?
- 39 il bundan əvvəl Memduh ilə Avstraliyaya
getdik. O zaman Türkiyədə süni mayalanma sistemi o qədər də inkişaf etməmişdi.
Həkimə "yoldaşım bir az yaşlıdır” dedim. Yoldaşım qəzəbləndi və mənə "sənsən
yaşlı. Atanın yaşlı olmağından heç nə asılı deyil. Uşağın dünyaya gəlməsi üçün
bütün proseslər anadan asıldır” - dedi. Memduhla aramızda 26 yaş fərqi vardı. O
zaman 40 yaşlarındaydım. Müalicə olunmadım. Amma yaxşı ki də olunmamışam.
Bacımın övladı və mənim bir qızım var.
Onlar mənə bəs edər.
- Memduh bəy həyatdan köçəndə nələr yaşadınız?
- Evimin damı, dirəyi çökdü. Bu
günə qədər də onun öldüyünə inanan bilmirəm. Bəzən Bodruma gəzməyə gedirəm. O
zaman ağlıma Memduh gəlir. Eve tez qayıdıram ki, birdən əsəbiləşər, onun dərman vaxtlarını
qaçırmamaq üçün saatın keçməyini gözləyirəm. Amma gözləməyim faydasızdır. Sonra
birdən hara tələsdiyimin fərqinə varıram. Özlüyümdə "o artıq yoxdur...”
deyirəm.
- Ən çox nəyi üçün darıxırsınız?
- Darıxmaq dünyanın ən ağır yükü imiş. Onun hər
şeyi üçün darıxıram. Diş fırçasının üzərinə pasta sıxmasına qədər hər şeyi...
Onunla hər işimizi birlikdə görürdük. Hərdən ona "çox yorğunam, getməliyəm” -
deyəndə, "əynini geyin, insanların gözü gözəl qadın görsün” - deyərdi.
- Onunla son günləriniz necə keçdi?
- Bir il bir ay reanimasiyada qaldı. Hər gün
xəstəxanaya gedirdim. Onun yanında saatlarla qalırdım. Xəstəxanada
reanimasiyada olan insanların yanında uzun müddət qalmağa qoymurdular, ancaq
mənə "yox” deyə bilmirdilər. Bilirdilər ki, onlara problem yaradacam, Memduhsuz
qala bilməyəcəyəm.
- Keçmiş
model və aktyor Yaşar Alptekin "Yeşilcam” filmlərinin öpüşmə və sevişmə
səhnələrində bəzi məqamların həqiqətən yaşandığını deyib.
- Əgər o bunu həqiqətən deyibsə, demək
ağıldankəmdir. Bu insana nə üçün eyni filmdə rol alan həmkarlarım bir reaksiya
vermirlər? Çox ayıbdır. Belə bir şey ola bilərmi? Bu insanın neçə filmi var? O
neçə məşhur insanla bir filmdə rol alıb ki? Bəlkə onun özü bəzi aktyorlarla
sevgili olub? Bu ola bilər. Bizim dövrümüzdə elə şeylər yox idi. Bizim dövrümüz
indikindən təmiz idi.
- Bir çox
məşhur və yaraşıqlı aktyorlarla tərəf müqabili olmusunuz. Onların heç birindən
xoşunuz gəlməmişdimi? Eşitdiyimizə görə, Yılmaz Güney sizin arxanızca çox düşüb...
- O zaman çox gənc idik.
Gözümüzdən yaraşıqlı oğlanlar qaçmırdı, ancaq o qədərini edə bilirdik. Kənardan
baxırdıq. Nənəm Sultanəhməddə yaşayırdı. Beyoğluna gedəndə qatara minirdim. Qatarın bir qapısından mən, digər
qapısından isə Yılmaz minirdi. Hara gedirdimsə, qarşıma çıxırdı. Bir gün
Cağaloğluna gedərkən qarşıma çıxdı. Mənə dedi ki, gəl sənə kitab alım. Məni
məcbur edib, kitab mağazasına saldı və bir neçə kitab aldı. Kitabları mənə
verib getdi. Yəni o qədər məsum biri idi.
- Tərəf müqabillərinizdən ən çox hansını bəyənmisiniz?
- Kişi aktyorların hamısı çox gözəl və yaxşı insanlar idi. Kadir İnanır,Tarık Akan, Cüneyt Arkın və başqaları. İndiki gənclərdən bəyəndiyim
aktyor yoxdur. Qadınlardan isə Tuba Büyüküstünü istedadlı aktrisa kimi dəyərləndirirəm. Bəlkə
də onu özümə bənzədirəm.
- Heçmi məşhurluq sindromuna qapılmadınız?
- Pul və şöhrəti hər kəs çiyinlərində daşıya
bilməz. Ancaq mən daşıdım. İnsanın ən böyük düşməni özüdür. Həmişə İstanbulun
Sultanəhməd bölgəsində dünyaya gələn Fatma Girik olaraq qaldım və həyatıma elə
də davam edirəm. Heç zaman şöhrəti görüb, özümü itirməmişəm. 14 yaşımda atama
aktrisa olmaq istədiyimi deyəndə, "nə edirsən-et, amma ilk növbədə insan ol” - demişdi. Mən də adam kimi işimi gördüm.
- Sizin hekayəniz necə başladı?
- Qonşumuz Sezai bəy "YeniSabah”
qəzetində çalışırdı. Vaxt etdikcə filmlərə, çəkilişlərə gedirdi. Bir gün anamla
mənə "gəlin, sizi çəkiliş məkanına aparım” dedi. Ana-qız çəkiliş məkanına
getdik. Qonşularımız anama "qızını artistlik eləməyə aparırsan” kimi təhqiramiz
sözlər dedi. 14 yaşındakı bir qız nə xəyal qura bilər ki? O qədər də böyük
xəyallarım yox idi. Tək problemim isə evə çörəkpulu aparmaq idi. Amma aktrisa da
olmaq istəyirdim. Marlon Brandoya aşiq olmuşdum. Hər zaman xəyal qururdum ki, bir
gün gələcək və mən aktrisa olacağam.
- İlk
rolunuzu xatırlayırsınızmı?
- Memduhun filmində barda oturan bir qızı oynadım. Bəyaz bir libasım var idi. Çəkiliş bitdikdən
sonra əlimə 2,5 lirə pul verdilər. İlk maaşımı alanda, gedib özümə banan aldım.
Bananı ilk dəfə 14 yaşımda olarkən yedim. Həmin ərəfələrdə banan hər yerdə
satılmırdı. Bir il sonra isə 1000 lirə qarşılığında bir rol təklif etdilər.
- Çox gözəlsiniz. Bundan sonra həyatınızda heç bir
kişiyə yer yoxdurmu, yoxsa yenidən evlənmək istəyərsiniz?
- Nəinki həyatımdan, heç evimin qarşısından heç kim
keçə bilməz. Çox ayıbdır. 74 yaşımda özümə sevgili axtaracağammı?
- Heç
zaman evlənmədiniz. Buna səbəb Memduh bəyin həyat yoldaşının sizi intihar
etməsi ilə qorxutması idimi?
- Biz onsuz da bir-birimizi
sevirdik. Evlilik bir imza ilə olan bir şey deyil. Biz bunları onunla heç bir
zaman danışmadıq. Nə mən soruşdum, nə də o cavabladı.
- Memduh bəy sizinlə birlikdə olsa da, ancaq başqası
ilə evli idi. Bundan heçmi narahat olmadınız?
- Xeyr. Çünki onun evliliyi kağız üzərində
idi. Məndən əvvəl onun həyatındakı evlilik artıq bitmişdi. Yəni mən heç zaman
yuva yıxan bir qadın olmamışam. Onun həyat yoldaşından ayrılmağının mənimlə heç
bir əlaqəsi yox idi. Həyat yoldaşı ilə yaşasaydı və xoşbəxt olsaydı, mənim
onunla heç bir işim olmazdı. Yuva yıxanın yuvası olmaz. Buna görə də onun
uşaqları ilə münasibətim çox yaxşıdır. Onlarla davamlı olaraq görüşürəm.
- Memduh bəylə eşq hekayəniz çox az
yaşınızda başladı. Qəlbiniz sonralar başqası üçün heç çırpınmadımı?
- Ondan başqasını gözüm görmədi. Biz bir-birimizin
həyatına girdikdən sonra özümüzün hər şeyi olduq. O da məndən başqasına
baxmadı. Yolda gözəl bir qadın və ya kişi görəndə bir-birimizə göstərirdik. Heç
zaman bir-birimizi qısqanmadıq. Çünki bilirdik ki, bir-birimizə aidik. Rol
aldığım tərəf müqabillərim mənim üçün dünyanın ən yaraşıqlı kişiləri idi, ancaq
mən onların heç birinə gözümün ucu ilə də olsa baxmadım. Gözlərimin mavisi hər
zaman Memduha aid oldu.
- Şişlidə
bələdiyyə başçısı oldunuz. Aktrisalığı, yoxsa bələdiyyə başçılığını çox sevirsiniz?
- Hər iki işimi sevərək gördüm.
İstəsəm bu gün də bələdiyyə sədri olaram. Amma istəmirəm.
- Bələdiyyə deyəndə, ağla rüşvət də gəlir. Siz
belə hallarla rastlaşdınızmı?
- Mənim pulla heç zamna işim olmayıb. Sadəcə olaraq
xalqıma xidmət eləmişəm. Bu işimlə də sərvətimə sərvət əlavə etməmişəm. Ancaq
rüşvət təklifi ilə çox qarşılaşmışam. Bir gün bir deputat gəldi. Həmin günü
unuda bilmirəm. Mənə dedi ki, "siz nə edirsiniz?” Sonra səsinin tonunu
dəyişdirdi, "mən o tortdan heç bir pay almadım” dedi. Mən də düşündüm ki, yəqin
axşam tort kəsiblər, ordan buna pay düşməyib. Sonra anladım ki, bunun dediyi
tort mənim düşündüyüm şirniyyat deyil. Eynəyimi çıxardım, onunla burun-buruna
gəldik. Ona elə bir dərs verdim ki...
- Sizi son dönəmlər ekranlarda görə bilmirik.
Təkliflər gəlmir, yoxsa burda başqa səbəblər var?
- Davamlı olaraq film təklifləri alıram.
Ancaq aktrisa ya işini çox sevdiyi üçün, ya da pul üçün oynayar. Bu günə qədər
çox ssenari təklifləri alıram, ancaq çox seviləcək ssenarisi olmayan filmdə rol
ala bilmərəm. Özümün belə izləməyəcəyim bir filmdə niyə çəkilim ki?
- Əvvəllər bu işdən daha çox pul qazanılırdı?
- Bu günkü qədər deyildi, amma 178 milyard lirə ödəyərək
vergi rekordsmeni olmuşdum. Verdiyim vergiyə görə böyük holdinqləri belə geridə
qoymuşdum. O zamanlar "Söz Fatoda” verilişini hazırlayırdım. Təsəvvür et ki,
bütün qazancım vergiyə gedib.
- Yəni indi varlı bir xanım deyilsiniz?
- Çox varlı bir xanımam. Möhtəşəm bir evim, lüks
maşınım və ən önəmlisi - bir anam var. Varlı olmaq üçün brilyantlar taxmaq
lazımdır? 20 il bundan əvvəl aldığım bir sırğam və bir də üzüyüm var. Sizə bir
sərvətimi daha açıqlamaq istəyirəm. Təkcə mal varlığım bunlar deyil. Həm də 17
pişiyim və 5 itim var.
- Həyat yoldaşınızdan sizə miras heç nə qalmadı?
- Onun övladları var. Mirasını niyə mənə həvalə
etsin ki? Mən onun özündən də çox qazanıram. Heç vaxt onun pulu məni
maraqlandırmadı. O mənə kitablarını hədiyyə olaraq qoyub getdi. Mən də onlarıMemar SinanUniversitetinin kitabxanasına bağışladım.
Tərcümə
etdi: Xəyalə Rəis