AZE | RUS | ENG |

Fanatınızı görsəniz, nə edərsiniz? - Polemika

Fanatınızı görsəniz, nə edərsiniz? - Polemika
Hər kəs müəyyən yaş dövründə fanat sevgisini yaşayır. Kimisi bunu sakit keçirir, kimisi hamıya deyir, kimisə kumirinin bütün şəkillərini yığır, onun həyatını dərindən öyrənir. Ona baha başa gəlsə də, bütün konsertlərini, premyeralarını birinci cərgədə seyr edir, onu görəndə qışqırır, bəzən də özündən çıxır. Bunun ötən həftələrdə ölkəmizə gələn Türkiyənin məşhur ulduzu Kərəm Bursinin qarşılanma mərasimində də şahidi olduq. Gənclərimiz o qədər qışqırdılar ki, gənc aktyor belə qarşılanmanı görüb özü də təəccüblənmişdi. Biz də fanat sevgisi mövzusunu gənclərlə müzakirə etmək qərarına gəldik. Gənclərə fanatınızı görsəniz nə edərdiniz sualı ilə müraciət etdik.

“Ürəyim buna dayanmazdı”
Aytən Məmmədova, tələbə

Aytən insanların fanat sevgisinin yalançı, aldadıcı hiss olduğunu düşünür. O deyir ki, gənclər hər hansısa aktyoru film qurtarana qədər, müğənnini isə dəbdən düşənə qədər dəstəkləyirlər: “Məsələn, bəzən bir mahnı hit olur, hər yerdə həmin musiqi səsləndirilir. Hər kəs mahının ifaçısından danışır. Onu tərifləyirlər, hətta “ondan yoxdur” deyirlər. Amma asanlıqla o sevginin yerini başqa bir müğənninin sevgisi əvəz edə bilir. Bir zamanlar Əmrah Azərbaycanda və Türkiyədə o qədər məşhur idi ki, hamı oğluna onun adını qoyurdu. Konsertlərində qızlar ağlayırdı. Hətta fanatlarından biri ailə qurmur, Əmrahın onu alacağını gözləyirdi. Hardadı indi o fanatlar? Bu gün onu Kərəm Bürsin, Kıvanç Tatlıtuğ əvəz edib. Bu normal haldır. Çünki, fanatlıq hissi saf sevgi deyil. Sadəcə müəyyən yaş həddində baş qaldıran həvəsdir”. Həmsöhbətimiz məktəb illərində tanınmış müğənni Enrique İglesiasın qatı fanatı olub. Onun şəkillərini, qəzetdə çıxan xəbərlərini toplayırmış. Hətta bəzən sevdiyi müğənniyə görə rəfiqələri ilə belə mübahisə edirmiş. O, indi həmin illəri gülməli xatirə kimi yadında saxlayır: “Əgər bu hiss saf olsaydı mən indi də həmin insanın fanatı olardım. Əgər o vaxtlar mənə Enriqueni görsən nə edərdin deyə sual versəydiz? Cavabını verdikdə belə həyəcanlanardım və nə edəcəyimi təsəvvür belə etməzdim. Yəqin, ürəyim buna dayanmazdı (gülür. A.Ə). Amma indi bunlar mənə gülünc gəlir. Əminəm Kərəm Bürsin üçün qışqıran fanatlar da nə zamansa, özlərinə güləcəklər”. Aytən sonda vurğuladı ki, bir gün öz ölkəmizin aktyorları və müğənnilərinin xaricə belə səs-küylə qarşılanmasını arzulayır: “Əsasən uğurlu işə imza atanların, sənətdə tanınanların və fərqlənən insanların pərəstişkarları olur. Ümid edirəm ki, bir gün bizimdə sənət adamlarımız, aktyorlarımız dünya səhnələrində belə qarşılanarlar”.

“Eşq gəldisə, ağıl aradan gedər”
Səid Qərb, jurnalist

Səid gənclərin hər hansısa şou əhlinin nümayəndəsinə fanatlıq etməsini gülünc qarşılayır. O deyir ki, insan müsbət nümunə götürə biləcəyi insanın fanatı olmalıdır: “Fanatlıq insanın daxilində olan bir hissdir. Bu, hiss insanın öz ixtiyarındadır. Fanatlıq hissi ümumiyyətlə mənə çatmır. O fanatı olduğunuz insan da bizdən biridir. Nəyə görə kimisə gözümüzdə ilahiləşdirməliyik? Hansısa müğəninin, aktyorun sənətini bəyənə bilərəm. Amma heç kim üçün ürəyim getmir. Mənim aləmimdə fanat olmaq fanatı olduğun insanın dəlisi olmaq demək deyil. Amma çox təəssüflər olsun ki, bu gün elə məhz öz cəmiyyətimizi götürsək, görərik ki, bəzi insanlar fanatlıqda hədlərini aşıblar. Düzdür, bu yalnız bizdə deyil. Xaricdə intihar edənlər belə var. Amma mən vəhşicəsinə fanatlığı mentalitetimizə uyğun hesab etmirəm. Məsələn, hanısa qız çıxır səhnəyə oğlana deyir ki, mən səni sevirəm, səni öpmək istəyirəm və s. Ümumiyyətlə, hanısa şou əhlinin fanatı olmağa gülünc kimi baxıram. Çünki, insan elə bir şəxsin fanatı olmalıdır ki, ondan nə isə müsbət bir nümunə götürə bilsin. Yadınızdadırsa, bu yaxınlarda türk müğənnisi Hadisə Azərbaycanda konsert vermişdi. Konsertə Hadisənin fanatları elə axışırdılar ki, bəlkə, valideynləri onları harasa göndərsəydi, getməzdilər. Yaxud da ki, Tarkan Azərbaycan gəlir. O dəqiqə gənclərimiz hay-həşir salmağa başlayırlar. Deyərdim ki, bu bəzi insanların görməmişliyindən irəli gəlir. Əslində, fanat olmaq bu deyil. Bəzilərinin fanatlığı “eşq gəldisə, ağıl aradan gedər” prinsipinə söykənir. Ən əsası insan müsbət nümunə götürə biləcəyi insanın fanatı olmalıdır. Elə insanın fanatı olaq ki, o insanda bütün müsbət keyfiyyətlər cəmləşsin”. Səid deyir ki, hələ onun qarşısına fanatı ola biləcəyi insan çıxmayıb: “Artıq elə bir zamanın astanasındayıq ki, bu zamanda özünə fanat toplamaq da çox asanlaşıb. Bir xanım müğənni özünə fanat toplamaq istəyirsə, dərhal, soyunmağa başlayır. Müəyyən nömrələrlə diqqət çəkir. Yeniyetmə gənclər də bu insanı özünə kumir seçir. Vəziyyət bu dərəcədə acınacaqlıdır. Mən də uşaqlığımdan ideal fanat axtarışındayam. O hissi dadmaq istəyirəm, amma hələ də tapa bilməmişəm. Hazırda tək fanatı olduğum insan qızımdır”. (gülür. A.Ə)

“Fanatlıq hissi yeniyetməlik dövründə olur”
Ülkər Əkbərli, dizayner

Ülkər uşaqlıqdan türk müğənnisi Tarkanın fanatıdır. Amma hələ kumirini görmək müsahibimizə nəsib olmayıb: “Tarkanın “şıkıdım” mahnısı çıxandan sonra dəli kimi onu sevməyə başladım. Sanki hər hansı doğma qohumummuş kimi sevirdim onu. Şəkillərini yığırdım, albomlarını alırdım. Elə bilirdim həyatımın sonuna qədər Tarkanı sevəcəm. Amma yaş keçdikcə, fanat sevgisi də azalır”. Həmsöhbətimiz hesab edir ki, fanatlıq yeniyetmələrə xas xüsusiyyətdir: “Fanatlıq həmişə bir yerə kimi olub. Xüsusən 13-17 yaşlarında özünü göstərir. Məsələn, o yaş dövründə mənə Tarkanla rastlaşacaqsan deyilsəydi, inanın dünyanın ən xoşbəxt insanı olardım. Amma indi belə deyil. İllər keçdikcə hisslər də sönür. Vaxt keçdikcə insan xasiyyət olaraq eyni qalmr. İnsanın yaşadığı həyat tərzi, onun dünyaya get-gedə başqa gözlə baxması, qarşısına çıxan çətinliklər, xoşbəxtliklər, sürprizlərlə yanaşı fanatlıq sevgisi də silinir gedir. Amma yeniyetməlik dövründə bəlkə də mən də qışqırardım. Məncə elə buda böyük cəsarətdir. Hisslərini biruzə vermək hər insanın bacara biləcəyi xüsusiyyət deyil”.

Aygün ƏZİZ

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056