• çərşənbə axşamı, 19 mart, 15:16
  • Baku Bakı 8°C

Eyni vaxtda “Google” və UBER-dən iş təklifi alan azərbaycanlı - Uğur hekayəsi

08.11.19 10:00 5543
Eyni vaxtda “Google” və UBER-dən iş təklifi alan azərbaycanlı - Uğur hekayəsi
"2018-ci ildə məni Bakıda bir şirkətə proqramçı olaraq müsahibəyə çağırmışdılar. Müsahibədə soruşdular ki, 5 il sonra özünü harda görürsən? Dedim ki, Silikon Vadisində. Həmin an utopik hədəf kimi səsləndi, müsahibə götürənlərdə də bir az gülüş doğurdu, amma həqiqətən də hədəfim o idi. O hədəf üçün getməli olduğum yolda nələr edəcəyimi bilirdim və o istiqamətdə hərəkət edirdim”.

2019-cu ilin əvvəlində "Bank of America”da işə başlayır, bir neçə ay sonra isə UBER-ə keçir. Yəni arzusunun reallaşması üçün 5 il gözləməyə ehtiyac qalmır.
MüsahibimizUBER şirkətinin baş ofisində (San-Fransiskoda) proqramçı kimi çalışan azərbaycanlı Orxan Qasımlıdır.

Qeyd edək ki, O.Qasımlı 1986-cı ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr, ardınca isə mülk və təsərrüfat hüququ üzrə magistr ixtisasında təhsil alıb. Daha sonra isə Təhsil Nazirliyi ilə Alman Tələbə Mübadilə Təşkilatının birgə layihəsi əsasında təqaüd qazanaraq Almaniyada Köln Universitetinin hüquq fakültəsində magistr oxuyub.

- Hüquq üzrə bakalavr və iki dəfə magistr təhsili almsınız, amma bu gün başqa sahədəsiniz. Davamlı təhsil almısınızsa, deməli, hüquq təhsili almaq öz istəyinizlə olub.
- Mən məktəb illərində iki seçim arasında qalmışdım. Ya kompüter elmlərini seçməliydim, ya da hüququ. Düzdür, məktəbdə riyaziyyatdan həmişə 5 alırdım, amma bu fənnə elə də böyük marağım yox idi. Uşaq kimi fikirləşdim ki, riyaziyyatı çox yaxşı bilmirəm, bu fənnə marağım yoxdur, kompüter sahəsinə getsəm, mənim üçün çətin olar. Ona görə, belə sadəlöhv qərar verdim. Amma seçim edərkən, güclü hüquqşünas olmaq üçün tələb olunan fərdi keyfiyyətlər barədə məlumatsız idim. Düşünürəm ki, insanın fərdi keyfiyyətləri ixtisası ilə uyğunluq təşkil etməlidir. Təhsil almağa başlayandan sonra başa düşdüm ki, fərdi keyfiyyətlərim hüquqla o qədər də üst-üstə düşmür. Universitetin ilk illərində səhv seçim etdiyim barədə artıq fikirləşməyə başlamışdım. Çünki kompüterə marağım var idi, o sahəylə də müəyyən qədər məşğul olduqca seçimimin yanlışlığı qənaətinə gəlirdim. Amma insanın səhv seçim etməsini qəbul etməsi bir az çətin məsələdir. Ona görə, davamlı olaraq o təhsili aldım. Nə isə, gec də olsa, bir müddət sonra səhv etdiyimi başa düşdüm və istiqaməti dəyişməyə çalışdım.

- İstiqaməti birdən-birə dəyişdiniz?
- İlk olaraq mərhələli şəkildə dəyişikliyə getməyə çalışdım. O nədən ibarət idi? Tam hüquq üzrə yox, hüquqa yaxın, amma həm də kompüter hesablamaları və s. özündə birləşdirə bilən bir sahə axtarmağa başladım, o da vergi hüququ idi. Çünki bu işi görərkən sizə, kompüteri, müəyyən proqramları da yaxşı bilmək lazım olur. Hüquqla əlaqəlidir, amma çox da yox. Ona görə bu sahəyə yönəlmək qərarı verdim, fikirləşdim ki, bəlkə bu, məni xoşbəxt edər. "Deloitte & Touche” şirkətinin Azərbaycan nümayəndəliyində işə başladım. 4 ilə yaxın orda işlədim, vergi məsləhətçisi, baş vergi məsləhətçisi vəzifələrində çalışdım. Həmin şirkət dünyada audit və konsaltinq sahəsində 4 böyük şirkətdən biridir. İşlədikcə gördüm ki, bu, mənə nisbətən yaxındır, amma tam istədiyim deyil. Çünki vergi məsləhətçisi kimi çalışdığım dövrdə bir neçə proqram yazdım və anladım ki, proqram yazmaq mənim üçün hazırkı işimdən daha maraqlıdır. Ona görə birdəfəlik sahəmi dəyişmək, marağımın arxasınca getmək qərarına gəldim. Çünki maraq olmayan yerdə inkişaf ola bilməz. Beləcə, "dashroad” adlı bir startapda proqramçı kimi işləməyə başladım. İl yarım orda çalışandan sonra Amerika Birləşmiş Ştatlarına gəldim.

- Sırf hüquq üzrə işləmədiniz?
- Magistr təhsili aldığım dönəmdə kiçik bir şirkətdə hüquqşünas olaraq çalışmışdım. Həmçinin, "Deloitte & Touche” şirkətində də işim müəyyən qədər hüquqla da bağlı idi.

- Fərdi keyfiyyətlərinizin hüquqla uyğunlaşmadığını dediniz. Onlar hansılardır, yaxud hüquqçünas üçün insanda hansı keyfiyyətlər olmalıdır?
- Hüquqşünas yaxşı mənada bir az üzlü olmalı, insanlarla rahat şəkildə ünsiyyət qurmağı bacarmalıdır. Mən isə elə deyildim. Təbii ki bu xarakterlə belə, hüququn hansısa bir sahəsində yəqin ki özümə iş tapa bilərdim, amma düşünmürəm ki, o, mənim üçün uğurlu olardı, yaxud məni xoşbəxt edərdi.

- Ünsiyyətcil deyilsiniz?
- Yaxşı tanıdığım insanlarla ünsiyyətciləm, amma tanımadığım şəxslərlə qısa vaxtda ünsiyyət qurmaq bir az çətin olur. Bəzi insanlar var ki, sonradan gəlir və bütün məclisi ələ alır, bax, o insan mən deyiləm (Gülür).

- Dediniz ki, tələbə vaxtı proqramlaşdırmayla da müəyyən qədər məşğul olmusunuz. Bu sahəylə tanışlığınız da universitet illərində olub?
- Mən Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunuyam. Hələ liseydə oxuduğum dövrdə bizdə sonuncu siniflərdə informatika dərsi keçirilirdi. Ona görə valideynlər qardaşımla mənə kompüter aldılar. Kompüter alınan gündən bəri hiss etdim ki, ona böyük marağım var. O maraq zaman keçdikcə artırdı. Universitetə qədər bu maraq özünü oyun oynamaqda, yaxud internetdə axtarış etməkdə göstərirdisə, tələbə vaxtı daha dərin mövzulara yönəldi. Universitet illərində rus dilində çıxan "Xakep” adlı bir jurnal var idi, hər həftə onu alıb axıra qədər oxuyurdum. Oxuduqca proqramlaşdırmaya marağım artırdı. O vaxt internet resurslarının imkanları indiki qədər deyildi, ona görə müxtəlif kitablar alıb bu sahəni öyrənməyə başladım. Hər maraqlandığım proqramlaşdırma dilini öyrənərək özlüyümdə müəyyən şeylər yazmağa çalışırdım. Belə-belə proqramlaşdırma ilə tanış oldum.

- Nə qədər vaxtdır professional şəkildə proqramçı kimi çalışırsınız?
- Professional olaraq proqramçı kimi çalışmağa 2017-ci ilin iyun ayından etibarən başlamışam. 2 ildən bir az çox edir.
- Proqramlaşdırma ilə bağlı təhsil almamısınız, üstəlik bu sahədə 2 il çalışandan sonra UBER kimi şirkətdə çalışmağa nail olmusunuz. Adətən müəyyən qədər bu sahədə çalışandan sonra dünya səviyyəsində böyük şirkətlərə iş üçün müraciət etmə əminliyi yaranır. Qısa zamanda ölkə xaricində bu cür şirkətdə işə düzəlməyiniz necə oldu?
- Düz deyirsiniz, əslində, 2 il yarım UBER kimi şirkətdə işə qəbul olmaq üçün qısa müddətdir. Kənardan qısa müddət və bir az hamar yol kimi görünə bilər, amma arxasında çox böyük əmək durur. Özündən razılıq kimi çıxmasın, həqiqətən elədir. Mənim vergi məsləhətçisi kimi çalışdığım şirkətdə iş yükü həddindən artıq çox idi. Lakin buna baxmayaraq, mən vergi məsləhətçisi kimi çalışdığım dövr ərzində işdən sonrakı bütün vaxtımı bu sahəni öyrənməyə, proqram yazmağa və müsahibələrə hazırlaşmağa sərf edirdim. Artıq ABŞ-a gələndə, məndə müəyyən qədər əminlik var idi ki, burada iş tapa biləcəyəm.

- Amerikada işə düzəlməyiniz necə oldu?
- Amerikada ilk iş yerim "Bank of America” oldu, orda andorid proqramçı olaraq çalışırdım. Düzü, ora düzəlmək asan oldu. Gələndən 2 həftə sonra iş təklifi almışdım. Amma bu proses gəlməmişdən bir neçə həftə əvvəl başlamışdı. Şirkətin İnsan Resursları mütəxəssisi ilə söhbət, ilk telefon müsahibəsi və s. proses mən Azərbaycanda olanda baş tutmuşdu. Gələndə də son müsahibə oldu və iş təklif etdilər.

UBER-də işə düzəlmək isə çətin oldu. "Bank of America”da işə yeni başlamışdım, təxminən 2-3 ay idi. Düzü, iş yerini dəyişmək haqında düşünmürdüm. Heç olmasa 1 il orda işləmək fikri var idi. Amma elə oldu ki, həm UBER, həm də "Google”un İnsan Resursları mütəxəssisləri mənə "Linkedin”də yazdılar. Eyni vaxtda hər iki şirkətdə müsahibə mərhələsinə başladım. Amma mən İR mütəxəssislərindən hazırlaşmaq üçün vaxt vermələrini xahiş etdim. Bilirdim ki, hazırlıqsız getsəm, keçmək şansım çox aşağıdır. Təxminən 2-3 həftə müsahibələrə hazırlaşdım. Çünki proqramlaşdırma sahəsində işləyənlər bilirlər ki, bütün müsahibələrdə elə suallar verirlər ki, bununla bağlı müsahibəyə girməmişdən öncə məşq etmək lazımdır. "Bilirəm, keçərəm” yanaşması ilə gedib, keçmək çətindir. Onlar istəyimi anlayışla qarşıladılar, vaxt verdilər. Birinci bir saatlıq telefon müsahibəsi oldu, onları uğurla keçəndən sonra ofisə çağırdılar. Hərəsi bir saatlıq 5 müsahibədə iştirak etdim və artıq bir neçə gün sonra mənə iş təklifi göndərdilər. Beləliklə, UBER-ə keçdim.


- Bəs "Google?
- "Google” telefon müsahibəsi etmədi, dedilər ki, səni birbaşa ofisdəki müsahibəyə çağıracağıq. Amma nədənsə gec vaxta təyin etdilər, mən isə həmin vaxt artıq UBER-də bütün mərhələləri keçib, işə başlamaq təklifi almışdım. Əslində, "Google”dan cavab alana kimi UBER-i gözlətmək olardı, amma problem onda idi ki, həmin vaxt UBER startapdan səhmdar cəmiyyətə çevrilirdi. UBER-in birjada səhmləri satılan bir şirkətə çevrilməsi gözlənilirdi, şayiələr gəzirdi ki, bu, qısa müddətdə baş verəcək. Bu proses isə şirkət üçün böyük hadisədir. Adətən bu hadisə baş verəndə, ondan öncə verilən iş təklifləri həmin hadisədən sonra dəyişə, yaxud təklifi geri çəkə bilərlər. Fikirləşdim ki, riski gözə almağa dəyməz. Yəqin ki "Google”dan təklif alsaydım belə, UBER-i üstün tutardım. Çünki UBER-də cəmiyyətə faydalı olacaq çox böyük layihələr üzərində iş gedir.

- Risk etməyi sevmirsiniz?
- Ölçüb-biçib hərəkət etməyə üstünlük verirəm.

- Çox ünsiyyətcil olmadığınızı dediniz. Amma böyük şirkətlərdə işə düzəlmə prosesində kadrların ünsiyyətcillik məsələsinə də fikir verirlər. Çünki komanda ilə iş prosesində ünsiyyət məsələsi də önəmlidir.
- İşə düzəlmədə bununla bağlı problem yaşamadım. Birincisi, "Deloitte & Touche” şirkətində işim ünsiyyət tələb edirdi, orda çalışdığım 4 il ərzində bu bacarığımı inkişaf etdirmişdim. Amma yenə də özümə o qədər də ünsiyyətcil insan deməzdim (Gülür). Həm də bu məsələ iş yoldaşları ilə münasibətdə özünü göstərmir. Çünki bir müddət sonra iş yoldaşları ilə arada müəyyən səmimiyyət, dostluq yaranır. Arada səmimiyyət yaranandan sonra ünsiyyətimdə problem olmur, normal ünsiyyət qururam, əlimdən gəldiyi qədər komandanın işinə kömək etməyə, insanları darda qoymamağa, həmişə özümü digər insanların yerinə qoyaraq qərar verməyə çalışıram. Heç vaxt istəmərəm ki, mənə görə kiminsə işi ağırlaşsın. Kimsə çətinliyə düşübsə, onu darda qoymaq kimi bir xüsusiyyətim yoxdur. Mənim vurğuladığım o ünsiyyətcillik bir az tanımadığım, ilk dəfə gördüyüm adamlarla bağlıdır.

- Proqramlaşdırma sahəsində ali təhsil almamısınız. Bu, karyerada hər hansı boşluq yaradıb?
- Düzü, hiss etmirəm. Fikirləşirəm ki, hazırkı ali təhsil sistemi ilə müasir dövrün tələbləri ayaqlaşmır. Hətta bir az irəli gedib fikirləşirəm ki, istənilən bir sahəni ali təhsil almadan da öyrənmək, o sahədə biliklərə yiyələnmək mümkündür. İnternetdə o qədər məlumatlar var ki, istənilən sahəni evdə oturub öyrənmək olar. İT sahəsinin bir özəlliyi var ki, burda çalışanlar həmişə bir-birinə kömək edirlər, məlumatları paylaşırlar. Məsələn, bu, hüquq sahəsində bu o qədər də geniş yayılmayıb. Çünki hüquqda insanlar hüquqi məsləhətdən pul qazanırlar. Həmçinin, hüquq elə sahədir ki, detallarından asılı olaraq iki oxşar problemin tamamı ilə fərqli həll yolları ola bilər. Ona görə o sektorda çalışanlar işin bütün hallarını tam incəliyinə qədər bilmədən məsləhət verməyi sevmirlər. Dolayısı ilə bir-birlərinə o qədər də köməklik etmirlər. İT-də isə hər kəs bir-birinə yardım etməyi sevir, bunu öhdəlik kimi qəbul edir. Mən özüm də indi bildiklərimi kiməsə öyrətmək, məlumat vermək üçün əlimdən gələni edirəm.


- Rubrikamızın ənənəvi sualı: sizə görə uğurun sirri nədir?
- Öz təcrübəmə əsasən deyim ki, insan fərdi keyfiyyətlərinə və öz maraq dairəsinə uyğun bir sahədə çalışmalıdır. Eyni zamanda, şablon səslənsə də, əmək sərf etmək lazımdır. Davamlı şəkildə özünü inkişaf etdirmək, öyrənmək önəmlidir. İT sürətli inkişaf edir, bir proqramlaşdırma dilini öyrənim, ancaq onunla məşğul olum deyə bir şey yoxdur. Hətta yeni bir iş yerinə gedəndə proqramlaşdırma dili olmasa belə, hər hansı yeni texnologiya ilə qarşılaşacaqsınız və sizdən bunu istifadə etməyiniz, bilməniz gözləniləcək. Əslində, proqramçı hər hansı problemi həll edən bir insan deməkdir, kod yazan insan yox. Problemləri həll edə bilmək üçün isə daim özünü inkişaf etdirməli, öyrənməli və əmək sərf etməlisən.

Digər tərəfdən, uğurun sirri konkret hədəflərimin olması idi. Hədəfləri konkret müəyyənləşdirmədən düzgün yolla getmək çox çətindir. Ona görə təxmini olsa belə, müəyyən bir hədəf olmalıdır.

Sonda isə onu demək istərdim ki, insan qarşısına böyük hədəflər qoymaqdan qorxmamalıdır. Silikon Vadisində olmaq mənim üçün o vaxt böyük hədəf idi, amma mən bura gəlib çıxa bildim.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər