Əylənə-əylənə işləyən gənclər - Gənclər təşkilatında bir gün

Gənclərin
çalışdığı ofisə daxil olmamışdan öncə, səs-küylü, dəhlizdə söhbət gedən,
müzakirələr gedən bir iş rejimi görəcəyimi düşünürdüm. Lakin əksinə, səssiz,
sakit iş mühiti ilə qarşılaşdım. Bu sükutu "xoş gəlmisiniz” deməklə ofis meneceri və qeydiyyat şöbəsinin katibi
Gülər Hümbətova pozdu. Ümumi otaqlara göz gəzdirəndə hər kəsi kompüter
arxasında gördük. Gülərlə ofisdəki ümumi ab-hava haqqında söhbət etdik. Ofisdə
belə sakit iş şəraitinin olmasının səbəbini isə bir azdan işçilərdən
soruşacağıq...
Hələlik
isə, unutmamış deyim ki, biz "İrəli” İctimai Birliyinin ofisindəyik. Yeni
başladığımız "Gənclər təşkilatlarında
bir gün” rubrikasını hazırlamaq üçün gəlmişik... 19 yaşlı Gülər deyir ki,
bir ilə yaxındır burda çalışır: "Mən bura gələndə ilk dəfəydi ki, gənclər təşkilatında
olurdum. Maraqlı olduğunu gördüm, işləri öyrəndim və bir neçə ay sonra bu vəzifəyə
təyin olundum. Hər gün yeni insanlar tanımaq bir gənc olaraq mənim üçün çox
maraqlıdır”.

"Salam”dan öncə gəlişi hiss olunan adam...
Elə
işçilər var ki, artıq ofisə daxil olan kimi bütün heyət kimin gəldiyini hiss
edir. Bunu ofisdə hər kəsi qarşılayan adamdan soruşmaq daha doğru olardı. Gülər
xanım deyir ki, əslində hər kəs gələndə bir-bir digər otaqlardakı işçilərlə
salamlaşır, amma hələ salamdan öncə gəlişi hiss olunan adam "İradio”nun rəhbəri
Elvin Səhətbəylidir.
Ofisə
daxil olarkən, artıq müsbət aurasını Gülərdən başlayaraq digər işçilərə ötürənin
kim olduğuna gəlincə, bunun birliyin rəhbəri Mirhəsən Seyidov olduğunu
bildirdi. "Yaxşı adam sözünün üstünə gələr” – deyirlər, elə bu vaxt qapıdan
M.Seyidov daxil olur, hər kəslə salamlaşıb otağına keçdi. Onunla söhbətimiz
sonda olacaq, hələ ki otaqlara keçib digər əməkdaşların işləri ilə maraqlandıq.

"Ofisə gecikmişəm, işə yox”
Salamdan
öncə gəlişi hiss olunan "İradio”nun rəhbəri
Elvin Səhətbəyli də bir az gecikmişdi, gəlişini hiss edib elə onun
çalışdığı otağa üz tutduq. İlk sualımız "rəhbərlərə gecikmək olarmı” oldu. O
deyir ki, işə yox, sadəcə ofisə gecikib: "İşimiz təkcə ofislə bitmir axı, ofisdə
olmasam da, iş dalınca getmişdim. Yəni, ofisə gecikmişəm, işə yox (Gülür).
Elvin
deyir ki, radionun bu balaca otağında çox gənc təcrübə keçib: "Bizdə hər üç
aydan bir təcrübə proqramları keçirilir. Hər dəfə 10-12 gənc burda radio işini
öyrənməyə gəlir. Bizdə təcrübə keçən bir çox gənc bu gün fərqli televiziya və
radiolarda çalışır. Burda biz gənclərlə bağlı verilişlər hazırlayırıq, xəbərlərimiz
də gənclərlə bağlı olur”.
Amma
otaqda təcrübəçilərdən heç kim yoxuydu. Elvin deyir ki, hamısı tələbə olduqları
üçün dərsləri bitdikdən sonra gəlirlər.

Elvinlə
bir otaqda birliyin dizayneri olan Emin Məmmədov oturur. Belə hiss etdik ki,
onun danışmaqla bir o qədər də arası yoxdur, üstünlüyü işləməyə verir. Biz də
onu işindən ayırmadıq.

"Daim qaynar olan bir iş mühitimiz var”
Qonşu
otağa baş çəkirik. Burda birliyin baş katibi ilə, sədrin müşaviri çalışır.
Müsahibə ilə yanaşı, şəkil çəkiləcəyini bilib, stollarının üstünü qaydaya
salırlar. Amma qeyd edim ki, ofisdə daxil olduğumuz bütün otaqlarda – həmçinin
hazırda olduğumuzda da səliqə-səhmanın qaydasında olduğunu gördük... Birliyin
baş katibi 26 yaşlı Şahin Rəhmanlıdır. Onunla söhbətə isə ofisdə belə səssiz
rejim olmasından başladıq. Bildirdi ki, əslində işin yeni başladığı vaxtda bu
cür səssizliyin olması normaldır: "Səhər tezdən işə gələndə hamı birinci
kompüterdəki işlərini görür. Ona görə sakit təəssürat bağışlayır. Əslində, daim
qaynar olan bir iş mühitimiz var”.

2 ildir
burda çalışan Ş.Rəhmanlı deyir ki, tələbələri, universiteti yeni bitirmiş gəncləri
iş mühitinə hazırlayırlar. Şahindən bir ay əvvəl burda işə başlayan birliyin mühasibi, sədrin müşaviri Orxan
Rüstəmovun sözlərinə görə isə, gənclərlə işləməyin maraqlı tərəfləri
çoxdur. Orxan bildirdi ki, təcrübə üçün gələn gənclər bir dəfəyə bütün şöbələrin
işini öyrənmək istəyirlər. O, gənclərin öyrənməyə maraqlı olduqları qədər çətindən
qaçmağa meyl etdiklərini də gizlətmədi: "Hər şeylə maraqlanırlar, bu normaldır,
amma eyni anda 5 işi öyrənmək o qədər də effektli olmaya bilər. Gənclər
maraqlıdırlar, amma çətinlikdən qaçandırlar. Əsas problemləri də budur”.

"Bütün gün işləməlisən” deyə bir şey yoxdur”
Daxil
olduğumuz digər otaqda işçilərlə yanaşı, təcrübəçiləri də gördük. Onlar
kompüter arxasına çalışırlar, işçilərdən nəsə soruşurlar... Birliyin insan resursları departamentinin
katibi Səmayə İbrahimova deyir
ki, onun da "İrəli”yə gəlişi, elə təcrübəçi kimi olub. Sonra ofis meneceri
keçib, ardınca isə indiki vəzifəyə təyin olunub: "Yeniliyi, gəzməyi, görməyi,
öyrənməyi, nə isə təşkil etməyi, insanlarla işləməyi sevirəm. Yəqin ki ona görə
burda qalmışam. İş şəraiti də yaxşıdır”.
İş
arasında yaranan boş zamanın necə dəyərləndirilməsinə gəlincə, Səmayə dedi ki,
gərgin bir iş rejimi olmadığı üçün elə iş və əyləncə bir yerdədir: "Boş
vaxtlarda üzvlərimiz, digər layihələrdən dostlarımız gəlir, imkan olan kimi
layihələrlə bağlı brifinqlər edirik. Əylənə-əylənə işləyirik. Hamımız gəncik,
burda heç kəsi sıxmırıq. İşi olan icazə alıb çıxa bilir. Tələbələr burda dərslərini
də hazırlayırlar. "Bütün gün işləməlisən” - deyə bir şey yoxdur”.

"İş tələbi ciddidir, amma...”
Əgər
Elvinin gəlişini şən olduğuna görə hamı hiss edirsə, Əfsanəni sakit gəlişindən
bilirlər. Kimsə qapını açıb sakit şəkildə otağa daxil olursa və ortalıqda səs-küy
yoxdursa, bu zaman artıq bilinir ki, gələn birliyinmətbuat katibi Əfsanə Şükürovadır. Deyir ki, burdakı iş ixtisası ilə bağlı
olduğu üçün ona maraqlı gəlir: "Çətinlik o baxımdan olur ki, yorula bilərəm.
Amma insan motivasiyaedici fikirlər gördükdə, komanda birliyini hiss etdikdə nə
qədər işləsə də, yorğunluğu hiss etmir, əksinə, məsuliyyət daha çox olur, öhdəliklərini
yerinə yetirir”.
Mətbuat
katibindən M.Seyidovun necə rəhbər olduğunu soruşduq: "Tələbkar deyərdim. Həmçinin
çox mehriban, məsləhətləri ilə dəstək olan sədrdir. İş tələbi ciddidir, amma məsuliyyət,
tələbkarlıq olmayan yerdə səhlənkarlıq yarana bilər”.

"Dərslə yanaşı, bura gəlmək məni heç yormur”
Bu tələbkarlıq
barədə M.Seyidovun öz fikirlərini də öyrənəcəyik. Amma təcrübəçi xanım Diana Seyidovanın da təəssüratlarını alaq. O deyir
ki, dərsdən əvvəl də, sonra da birliyə gəlir. Bildirdi ki, bu rejimə onu məcbur
edən yoxdur, sadəcə, özü gəlmək istəyir: "19 yaşım var, Azərbaycan Dillər
Universitetinin tələbəsiyəm. Bura 3 aya yaxındır gəlirəm. Bu müddətdə çox şey
öyrənmişəm. Dərslə yanaşı, bura gəlmək məni heç yormur. Çünki sevdiyim bir
işdir, maraqlı kollektivdir. Əsas məsələ dərslərə hazırlaşmaqdır, burda onun
üçün də şərait var”.

"Komanda işləri peşəkar şəkildə görə bilir”
Çalışanların
bir qismi tələbə olduqları üçün günü birinci yarısı ofisə gələ bilmirlər. Ona
görə işçilərlə söhbətimizi yekunlaşdırıb rəhbərin otağına keçirik. Söhbətə gənc
rəhbərin gənclərlə işləməsindən başlayırıq. Mirhəsən Seyidov deyir ki, ofisdə çalışan hər kəs gəncdir və bunun
üstünlükləri böyükdür. Çətin tərəflərinə gəlincə, bildirdi ki, bu sahədə
problem yaşamır: "İrəli”dən öncə 4 dəfə gənclər komandasına rəhbərlik etmişəm.
Ona görə gənclərlə işləmək cəhətdən hər hansı çətinlik hiss etmirəm. Üstün tərəfləri daha çoxdur. Onlardan
biri odur ki, insan hər zaman dövrün tələblərinə cavab verməyə çalışır. Gəncləri
maraqlandıran mövzular ətrafında nəsə hazırlamaq, yeni ideyalarla çıxış etmək
istəyirsən”.
Tələbkarlığa
gəlincə, müsahibimiz bu fikirlə razılaşdı, hətta bunun səbəblərini də izah
etdi: "Gənclər təşkilatında işləmək bir məktəb, təcrübədir. Biz də gənclər sahəsinə
təcrübə adı ilə gəlmişdik, yeni nələrsə öyrənirdik. Bu gün dövrün tələbləri dəyişir.
Bugünkü gəncliyi rəqabətliliyə alışdırmalıyıq. Artıq burda çalışan komanda işləri
peşəkar şəkildə görə bilir. Bu da iş məsuliyyətinin olmasından, vaxtından
düzgün istifadənin nəticəsində zamanla yaranıb. Burda çalışanların demək olar
ki, hamısının ilk gəlişi təcrübəçi kimi olub. Müəyyən zaman kəsiyində təcrübələrini
toplayıb, gənclər sahəsində işləməyin nə olduğunu bildikdən sonra işçi kimi
qalıblar”.

"Gənclər təşkilatında işləmək səhvetmə ixtiyarı
verir”
Əgər öyrədilirsə,
mükəmməl iş alınana qədər səhvlər də olmamış olmaz. M.Seyidov deyir ki, bəzən
adi bir məktubun yazılma qaydası 4 dəfə düzəliş olunmaq üçün geri qaytarılır.
Belə məqamlarda onun necə reaksiya verməsinə gəlincə, bunlara öyrəşdiyini
bildirdi: "Məktub rəsmiyyətdir. Onu doğru-düzgün formada hazırlamaq lazımdır.
Hamı kargüzarlığı bilmir, burda öyrənirlər. Bəzən özlüyümdə çox əsəbiləşirəm,
fikirləşirəm ki, qarşımdakı gəncin peşəkarlıq dərəcəsini mən daha çox görürəm,
amma o bir məktubda belə yanlışlığa yol verir. Bəzən isə heç fikirləşmirəm,
çünki gənclər təşkilatında işləmək onlara səhv etmə ixtiyarı verir. Sadəcə,
eyni adamın hər dəfə eyni səhvi etməsi yox”.
Artıq
nahar vaxtı olduğu üçün işçilər işçilər yemək fasiləsinə çıxırlar, biz də onlara
mane olmayıb ofisdən ayrılırıq...
Aygün
Asimqızı




