Evləri “redaksiya” olan cütlük – Ailə
Onlar universitetdə eyni
qrupda oxuyublar, eyni partada oturublar. Elə bir-birini tanıyandan dostluqları
başlayıb. Tələbə yoldaşları 4 ildə şübhələnirmiş, aralarında pıçhapıçla
danışırmışlar ki, onlar sevgilidirlər, ya yox... Hətta müəllimələrindən biri arada
"o göy göz oğlan dərsdə sənə yaman baxır, heç gözünü çəkmir” deyə eyham da
vururmuş. Amma iki il bu münasibət sadəcə dostluqdan ibarət olur, universitetin
sonuncu illərində isə sevgiyə çevrilir.
Bu gün onlar ailəlidirlər.
Hətta deyirlər ki, onlar sevgili olub evlənməsəydilər belə, uzun illərə dayanan
dostluqları qalacaqdı. Beləliklə, müsahiblərimiz AzEuroNews.com saytının Azərbaycan
bürosunun əməkdaşı Emil Salamoğlu və Axar.az xəbər portalının yazarı Nigar
İxtiyarqızıdır (Bayan Nigar).
"Nigar
bütün fanatlarımı "qətlə” yetirə-yetirə gedirdi”
Onların evinə üz
tuturuq... Düz 19-cu mərtəbəyə qalxırıq. Yaxşı ki, məşhur teletamaşada
deyildiyi kimi, lift gecə-gündüz işləyir.
Söhbətə onların tanış
olmağına səbəb olan tələbəlik illərindən başlayırıq. Nigar deyir ki, 3-cü kursa
qədər dost olsalar da, Emilin ondan hələ lap əvvəldən xoşu gəlirmiş: "İkimiz də
2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə qəbul olmuşduq. Tanışlığımız
da orda yaranıb. Lap sonralar deyirdi ki, hələ birinci kursdan səndən xoşum gəlirdi.
Amma münasibətimiz 3-cü kursdan sonra başlayıb. Qrupda oğlanlar arasında yaxşı
yazanlardan biri idi, qızlar arasında da mən... Həmişə aramızda bir rəqabət də
olardı. Qrupumuzun uşaqları adətən jurnal siyahısına əsasən yan-yana otururdular.
Emillə siyahıda adım yanaşı olmasa da, qaydanı pozub sonradan yanbayan
oturduq”.
"Bəs əvvəldən xoşu gəlibsə,
etiraf etməsi niyə 3 il vaxt aparıb?” sualıma cavab olaraq Emil deyir ki, buna
gözləmək demək olmaz: "Bilirsiniz, bu o dövr idi ki, universitetdə məşhur idim,
"Modern” adında qəzet də çıxarırdıq, yazılarıma görə fanatlarım da çoxalmışdı (gülür).
Nigar da bütün fanatlarımı "qətlə” yetirə-yetirə gedirdi. Buna 3 il gözləmək
deməzdim, sadəcə, proses özü gedirdi. Yaxşı dost idik və yavaş-yavaş hər şey öz
yoluna düşdü”.
"Qızlar
gələndə, məndə qısqanclıq yaranırdı”
Nigar isə deyir ki, dost
olsalar da, Emili digər qızlara qısqanırmış: "Qəzet çap olunan vaxt
universitetdə bütün tələbələrə çağırış etmişdik ki, kimin yazı qabiliyyəti
varsa, bizim qəzetə yazı verə bilər. Hamı da gəlib Emili axtarırdı. Qızlar gələndə,
istər-istəməz, məndə qısqanclıq yaranırdı. O özü də qısqandırmaq üçün qəsdən
qız gələndə qarşılamağa məni göndərirdi. O vaxt bir Nigar varıydı, Emilin ondan
xoşu gəlirdi. Mən də ona "qara Nigar” deyirdim. Deməli, bir dəfə təhsil haqqımı
evdən göndərməmişdilər deyə, ödəyə bilməmişdim. Dekan gəlib sinifdə dedi ki, ödəyə
bilməyənlər sabahdan dərsə gəlməsin, mən də pis oldum ki, qayıb düşəcək. Emil
dedi ki, öz təhsil haqqımı gətirmişəm, sənin yerinə ödəyərəm. Onda dost idik,
dedim elə şey olmaz. Bu da telefonunu stolun üstünə qoyub getdi kassaya ödəməyə.
Bu vaxt telefonuna həmin "qara Nigar”dan mesaj gəldi. Mən də Emilin adından
onunla yazışmağa başladım. Bu zaman təsadüfən onlar koridorda rastlaşırlar, qız
deyir ki, bəs sən mənimlə yazışmırsan?.. İşin üstü açılır və ondan sonra
araları dəyir”.
"Benimle
evlenirmisin?”
...Və beləcə davam edən
dostluq münasibəti zamanla sevgiyə çevrilir və bir müddət sonra evlənmək qərarına
gəlirlər.
"İkinci kursda, dekabrda
tətilə gedəndə, axırıncı dərsdən çıxıb ayrı-ayrı avtobuslara mindik. Mən həmişə
pəncərə tərəfdə otururdum. Bu dəfə o ayrı, mən ayrı avtobusda pəncərə tərəfdə
oturmuşduq. Gördüm ki, avtobusdan mənə baxır, əlində də kağız var, üstündə də
"benimle evlenirmisin?” yazılıb. Mən də mesaj yazdım ki, qayıdım, danışarıq. Bu,
zarafatyana bir şey olsa da, artıq Emil anons etmişdi” - deyə Nigar evlilik təklifini
belə xatırlayır.
Emil deyir ki, xasiyyətləri
oxşadığı üçün Nigar onun diqqətini çəkib: "Həm də yazı-pozu işlərimə onun tərəfindən
diqqət çox olurdu. Bunun da rolu varıydı. Onun yazı-pozu işimə dəstəyi məni cəlb
edirdi”. Nigar danışır ki, Emil ona tez-tez özəl yazılar ithaf edirmiş.
2012-ci ildə nişanlanan,
2013-cü ildə toyları olan cütlük jurnalist ailəsinin təməlini qoyur.
"Klaviaturanın
üstündə hər cür yemək qırıntısı tapmaq olar”
"Xasiyyətimizdə
oxşarlıqlar çoxdur. Çox təmkinli adamdır. Əvvəl də bunu bilirdim, amma evlənəndən
sonra daha yaxşı gördüm. Onu əsəbiləşdirmək, özündən çıxarmaq çətindir. Əgər əsəbiləşib
qışqırırsa, deməli, həddindən artıq nəsə böyük hadisə baş verib. Amma çox
deyingən olmağını da deməliyəm”, - Nigar evlilikdən sonra həmkarının bu cəhətlərini
kəşf edib.
Emil özü də pis tərəflərini
etiraf edir: "Evə girən kimi, corablarımı çıxarıb hara gəldi tullayıram, bir də
kompüterlə işləyə-işləyə yemək yeyirəm, klaviaturanın üstündə hər cür yemək
qırıntısı tapmaq olar. "Yeni Müsavat”da işləyəndə də kompüterimin üstü
başqalarından "fərqlənirdi”. İndi də evdən yazıram, çox vaxt evdə tək oluram,
ona görə yeməyi də kompüterin başında yeyirəm. Nigar isə çox səliqəlidir. Yəni
mən dağıdan olsam da, səliqə-sahman tələb edirəm. Onunla istəklərimizə gəlincə,
demək olar ki, eynidir. İkimiz də operativliyi sevirik, harasa gediriksə,
ikimiz də eyni anda hazır oluruq, bir-birimizi çox gözləməyə ehtiyac qalmır”.
"Nigar
əvvəllər çox qısqanc idi”
Söhbətin bu yerində Nigar
çay süzməyə gedir və fürsətdən istifadə edən Emil onun qısqanclığından danışır:
"Əvvəl çox qısqanc idi, hadisələrə çox emosional reaksiya verirdi. Amma indi
bir qədər azalıb, daha da azalması üçün çalışıram.Bizim bir yerdə rahat yaşamağımızın
səbəbi zövqlərimizin oxşar olmasıdır. Musiqi, geyim, film seçimində, insanlara
baxış məsələsində eyni düşünürük. İkimizin də səyahət etməkdən xoşumuz gəlir. Hətta
az maaşla işlədiyimiz dövrlər olub, bəzi xərcləri ixtisara salmışıq, amma əvəzində
qarşımıza hədəf qoymuşuq ki, filan istirahət yerinə getməliyik”.
Yalnız
ikisinə məxsus kitab...
Söhbət zamanı o da məlum
olur ki, Emil onların şəxsi münasibətlərinin təsvir olunduğu bir kitab yazıb.
Kitab çap da olunub, ancaq ikisindən başqa heç kimin oxumasına icazə vermirlər.
Emil jurnalist ailəsinin
çətinliklərindən çox məsuliyyətinin olduğunu düşünür: "Sadəcə, jurnalist ailəsi
istər-istəməz, diqqət mərkəzində olur, qohum-əqrəba nümunəvilik gözləyir, ev də
ki gecə-gündüz redaksiyaya çevrilir. Bir də görürsən ki, evdə qızğın siyasi
müzakirələr gedir, hərəmiz bir tərəfi tuturuq, yaxud mövzu təkliflərimiz olur.
Yadıma düşəndə deyirəm ki, Nigar, bax, bu mövzunu işləyə bilərsən. Yəni, bizim
ev bir gün redaksiya, ertəsi gün reportaj məkanı, səhər BMT-nin iclası, axşam
Davos forumu olur. Yaxşı ki, Ukrayna Radası olmur (gülür). Ən əsası odur ki,
iki jurnalistin başı bir qazanda qaynayır. Bunun da səbəbi tələbəlikdən təməli
qoyulan münasibətlərin nəticəsidir.
Amma belə baxanda, hələ də
subayam. Şəxsiyyət vəsiqəmdə də "subay” yazılıb, dəyişdirmirəm də. Düzdür, ailə
quranda azadlıqlar yarıbayarı azalır. Sən də o azadlıqların buxovlanmağı ilə
barışırsan. Amma harasa tək səfərə getməliyəmsə, bizdə o problemlər olmur”.
"...üç
dəfə demişəm ki, yemək gətir, hələ soruşursan?”
Nigarın sözlərinə görə,
Emil ən xırda bir məsələ üstündə mübahisə yarada bilər: "Bəzən Emil ən adi bir
şeyə elə reaksiya verir ki... Məsələn, deyirəm ki, yemək yeyirsən? Deyir ki, fikirləşim
deyərəm. Bir az keçir, yenə soruşuram. Deyir ki, qoy görüm hələ. Bir az keçəndən
sonra bir də sual verirəm, deyir ki, bayaqdan üç dəfə demişəm ki, yemək gətir,
hələ soruşursan? Çünki mən hər dəfə soruşanda onun diqqəti yazıda olur, adama
fikir vermir”.
Emil deyir ki, indi bütün
hadisələr iki jurnalistin qızı - Emiliyanın ətrafında cərəyan edir: "İndi əsas
məsələ Emiliyadır. Suyumuz da odur, odumuz da...”
"Köynəyi
cırıq da gəzə bilər, amma səfər planını təxirə salmaz”
Emil Nigarın "əlinin duzu”
olmasından danışmağa başlayanda, həyat yoldaşının "məndən heç olmasa yaxşı nəsə
danış” replikasını eşidib cavabın trayektoriyasını dəyişir: "Özünüz də
görürsünüz ki, bu suala təzyiq altında cavab verirəm (gülür). Amma yeməkləri,
zarafatsız, çox yaxşıdır. Mənsə heç qayğanaq da bişirə bilmirəm”.
Pul məsələsinə gələndə,
Nigar Emilin daha xəsis olduğunu fikirləşir: "Onun pul xərclədiyi iki şey var:
yemək və səyahət. Ayaqqabısı, köynəyi cırıq da gəzə bilər, amma səfər planını təxirə
salmaz”.
Emil etiraf edir ki, öz
geyiminə pul xərcləməyi sevmir: "Keçən dəfə anam gəlib şalvarlarımı qayçılayıb
atdı ki, təzəsini alım. Burdan Tiflisə 3 gün gedib gəzməyimizə pul tapıram,
amma özümə ayaqqabı almağa yox”.
Ailənin
balaca "media kapitanı”
"İki jurnalistin
böyütdüyü övlad necə olmalıdır” sualıma onların birgə cavabı belədir: "Uşağın tərbiyəsi
ilə hər ikimiz məşğuluq. Uşağı elə böyütmək lazımdır ki, özünə qapanmasın. Uşaq
nə soruşursa, hökmən cavab veririk. Emiliya həmişə özünü bu evdə ən vacib adam
hesab edir. Üstəgəl, elə bir mühitdə böyüyür ki, ətrafında uşaqlar çoxdur,
deyib-gülən, mehriban bir kollektiv var. Ona görə hansısa toya gedəndə, şadlıq
evinə tamada kimi girib əl-qol açıb oynamağa başlayır...”
"İstərdinizmi, Emiliya da
peşənizi davam etdirsin” sualına Nigar cavab verir ki, qızını həkim görür:
"Amma seçim onun özünün olacaq. İndiki vaxtda mətbuatda olmaq böyük perspektiv
vəd eləmir”.
Emil isə deyir ki, işıqlı
yazı adamı olmaq istedad tələb edir: "Emiliya istedadlı olacaqsa, yolunu kəsə
bilmərik. Onsuz da indidən qələm, vərəq götürüb cızma-qara edir. Deyəsən, yeni
media kapitanı gəlir...”
Aygün Asimqızı