“Evdən çıxanda qaloş geyinirdim, məktəbdə ayaqqabılarımı dəyişirdim” - Örnək
01.11.19 13:10
2220
Deyir ki, bəzi
kənd yerlərində qızların təhsil alması o qədər də yaxşı qarşılanmır. Əksər
ailələr, "qız uşağı məktəbə getməz, qız nədir, oxumaq nədir” deyib, qızlarını
təhsildən yayındırırlar. Buna görə də, hər zaman ailəsinə minnətdar olduğunu
söyləyir. Düşünür ki, valideynlərinin dəstəyi olmasa, yəqin ki, heç vaxt bu
yerə gəlib çıxa bilməzdi. Müsahibim Xaçmaz
rayonunun Yergüc kənd məktəbinin ibtidai sinif müəlliməsi Vəfa Poladlıdır.
1993-сü
ildə Quba rayonunun Qacar Zeyid kəndində anadan olan müsahibim, orta təhsilini
elə həmin kənd məktəbində alıb. 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji
Universitetinin ibtidai sinif müəllimliyi ixtisasının qiyabi şöbəsinə qəbul olub.
2013-cü ildə Qacar Zeyid kənd orta məktəbində laborant vəzifəsində çalışıb. Bakalavr
təhsilini bitirdikdən sonra 2015-ci ildə ADPU-da metod və metodologiya ixtisası
üzrə magistr təhsili almağa başlayıb. Təhsilini bitirdikdən sonra Quba rayonunun
Möhüc kəndinə gələrək, ibtidai sinif müəllimi işləməyə başlayıb. Bu ildən isə
Xaçmaz rayonunun Yergüc kəndində ibtidai siniflərə dərs deyir.
- Deyirlər ki, müəllimlik ən müqəddəs peşələrdən
biridir. Bəs sizin bu sahəyə marağınız necə yarandı?
- Əslində,
müəllimliyə uşaq yaşlarımdan böyük həvəsim var idi. Ona görə də, indi müəllim
işləmək mənim üçün çox maraqlıdır. Uşaq vaxtı hər kəs müxtəlif əyləncəli
oyunlar oynayarkən, mən balaca uşaqları ətrafıma yığıb müəllimlik edirdim. Tabaşirlə
lövhədə nəsə yazmaqdan çox xoşum gəlirdi. Tabaşirlə özümü əsl müəllim kimi hiss
edirdim. Fikirləşirdim ki, balaca uşaqlara dərs keçmək daha maraqlıdır. Orta
məktəbdə oxuyanda Azərbaycan dili və ədəbiyyat fənlərinə böyük marağım var idi,
müxtəlif müsabiqələrdə qalib gəlirdim. Hətta ibtidai sinif müəllimliyi
ixtisasına qəbul olanda müəllimim təəccüblənmişdi ki, mən sənin ədəbiyyat
müəllimi olacağını gözləyirdim. Bəlkə də, uşaqlıqdakı arzum gerçəkləşdi və
ibtidai sinif müəllimi oldum.
- Gənc müəllimlərin əksəriyyəti şəhərdə işləmək
arzusundadır. Siz niyə kənd məktəbini seçdiniz? -
Gənclərin bu istəyi anlaşılandır. Mən 2016-cı ildə Bakının 328 saylı məktəbində
dərs deyirdim. Həmin ərəfədə müqavilə ilə bir il müddətində həm oxuyub, həm də
işləyirdim. Yəni hər iki mühitə yaxından bələdəm və deyə bilərəm ki, şəhər
məktəblərinin xüsusi üstünlüyü yoxdur. Əgər müəllim təhsil verməyi qarşısına
məqsəd qoyubsa, bunu istənilən şəraitdə edə bilər. Mühit insana mənfi təsir
göstərə bilməz. Kənddə dərs keçirəm deyə, mənim məqsəd və hədəflərim dəyişmir.
Möhücdə dərs keçdiyim uşaqlar məktəbəqədər hazırlığa getməmişdi. İndi görürəm
ki, həmin uşaqlar ikinci sinif səviyyəsindədir. Öyrətmək istəyən müəllim ucqar kənddə,
dağın başında da öyrədə bilər. Məncə, müəllimlik peşəsinin heç bir bəhanəsi
yoxdur. Sadəcə olaraq, həyat standartlarını gənclər qəbul edə bilmir. Əslində,
hamıya çətin görünən kənd həyatının öz maraqlı tərəfləri var. Təhsil vermək biz
müəllimlərin borcudur.
- Bir müddət Qubanın Möhüc kəndində dərs deyibsiniz.
O təcrübənizi necə xatırlayırsınız? - Özüm
Quba rayon Qacar Seyid kəndində qalırdım. Bir müddət Qubanın Möhüc kəndində
dərs demişəm. Eyni rayondan olmağımıza baxmayaraq, məsafə çox uzaq idi. Ona
görə də, mən həftənin beş günü Möhüc kəndində qalırdım. Bu kənd dağlıq ərazidə
yerləşir. İş elə gətirdi ki, bir neçə ay sonra ailə həyatı qurdum. Yol uzaq idi
deyə, müxtəlif problemlər yaranırdı. Ona görə də, təzə başlayanda hər şey mənə
çətin gəlirdi. Ailədən uzaq qalmaq asan deyildi. Xüsusilə kənd həyatının bir
sıra çətinlikləri var. Bizim əsas çətinliyimiz isə yol ilə bağlı idi. Buna görə
də, Xaçmaz rayonuna gəldim. Amma Möhüc kəndinin xatirələri heç vaxt yadımdan çıxmayacaq.
Dağlıq ərazidə olmasına baxmayaraq, orada həyat tamam başqa cür idi. Kəndin
mənzərəsi, uşaqları mənim həmişə yadımda qalacaq. O kəndin uşaqları bir çox
xüsusiyyətlərinə görə, şəhər uşaqlarından seçilir. Onlar çox saf və təmiz idi
və bu saflıq uşaqların üzündən oxunurdu. Kəndin əhalisi həddən artıq
qonaqpərvər və istiqanlı idi. Məktəbin direktoru Zakir müəllim bizim üçün ata
əvəzi idi. O, bütün müəllimlərin problemləri ilə yaxından maraqlanırdı.
Müəllimlər də çox gözəl kollektiv yaratmışdı.
- Müəllimlik peşəsinin hansı çətin tərəfləri var? - Erkən
yaşda bu sahəyə həvəsim yarandığı üçün müəllim işləmək mənə çətin gəlmir. Sevdiyim
işlə məşğul oluram deyə, hər bir çətinlik asan görünür. Bəzən elə olur ki,
başqa ixtisasa hazırlaşan abituriyentlər təsadüfən müəllimliyə qəbul olur.
Onların müəllimliyə heç marağı da olmur. Bu, elə bir peşədir ki, gərək özünün
həvəs və potensialın olsun. Şagirdlərlə ünsiyyət qurmağı bilmək lazımdır. Əgər
valideyn bir uşağın öhdəsindən gələ bilmirsə, biz müəllimlər 25-30 şagirdlə
işləyirik. Onların suallarını cavablandırmaq, dərsi izah etmək heç də asan
deyil. Bəzən elə olur ki, dərsdə bir uşaq məni əsəbiləşdirir, evə gələndə artıq
bu hadisəni xatırlayanda gülürəm.
- Necə düşünürsünüz, sizcə, müəllim hansı fərdi
keyfiyyətlərə malik olmalıdır?
- Müəllim özünü elə
aparmalıdır ki, şagirdlər ona hörmət etsin. Yəni belə demək olarsa, bizim səhv
etmək şansımız yoxdur. Şagirdlərlə münasibətdə sərhədi qorumaq da vacib
məsəlidir. İndi kurrikulum sistemi ilə dərs keçirik. Bu sistem şagirdlərə
həddən artıq sərbəstlik verir. Şagirdin üstünə qışqırmaq, döymək, təhqir etmək
yolverilməz haldır. Hər bir uşaq sərbəst şəkildə öz fikrini ifadə edə
bilməlidir. Çünki şagird də bir şəxsiyyətdir. Müəllimdən qorxmaq yox, ona
hörmət etmək lazımdır. Müəllimlik peşəsinin əsas keyfiyyəti mehriban və
ünsiyyətcil olmaqdır. Amma nə qədər mehriban davransan da, öz ciddiliyini
qorumalısan. Dərsdə həddən artıq ciddi olsan da, dərsdən kənarda şagirdlərimlə
zarafatlaşıram da. Müəllim uşaqda dərsə sevgi yaratmalıdır. Şagird başa
düşməlidir ki, müəllim onu nahaq yerə danlamır. Bütün uşaqlara eyni cür
yanaşmaq lazımdır.
- Kənddə şagirdlərin oxumağa meyli varmı? - Bəzən
deyirlər ki, kənd uşaqlarının oxumağa həvəsi yoxdur. Bu fikirlə qətiyyən razı
deyiləm. Hər bir uşaq öyrənmək, təhsil almaq istəyir. Biz müəllimlər onlara bu
şansı verməliyik. Burada valideynin də rolu böyükdür. Kurrikulum sistemi
şagird-müəllim-valideyn münasibətlərini tənzimləyir. Bu üçlü münasibət
tamamlananda uğurlu nəticə əldə etmək olur. Bəzən valideynin biganəliyi müəllimin
əziyyətini yerə vurur. İstər kənd, istər şəhər uşağı, onların təhsilə marağını müəllim
və valideyn yaradır. Möhücdə işlədiyim məktəbdə qadın müəllim yox idi. Orada
qadının dərs deməsinə yaxşı baxmırdılar. Dərs dediyim müddətdə birinci və
ikinci iclasıma ancaq atalar gəlmişdi. Uşaqlara tapşırdım ki, valideyn iclasına
analar gəlməlidir. Beləcə, valideynləri həvəsləndirdim. Əlifba bayramında
qadınlar da iştirak edirdi. Dərs dediyim müddətdə ciddi irəliləyiş əldə
etmişdim. Artıq qız uşaqları ali məktəblərə hazırlaşırdı. Valideynlər də öz
qızlarını oxutmaq istəyirdi.
- Hər bir müəllimin özünəxas metodikası olur. Siz
hansı prinsipləri əsas götürürsünüz? - Düzdür, hər
bir müəllimin öz metodikası olur. Elə savadlı müəllim var ki, metodologiyanı
bilmir deyə, istədiyi nəticəni qazanmır. Önəmli olan, müəllimin təcrübəsi və
metodikasıdır. Mənim ilk ilimdəki ilə indi dərs dediyim metod fərqlidir. Bu da
mühitlə bağlıdır. İndi özümü daha da təkmilləşdirmişəm. Ən böyük metodum uşağı
dərsə həvəsləndirməkdir. Müxtəlif yarışmalar, oyunlar təşkil edirəm. Yarışmanın
qalibi olan şagirdlərə hədiyyələr verirəm. Bu, uşaqların həvəsini daha da
artırır. Bir dəqiqəyə kim çox söz oxusa, imla yarışmasının qaliblərinin adını sinifdə
hazırladığımız plakatda qeyd edirik.
- Dərs dediyiniz məktəbin şəraiti necədir?
- Şəhər
məktəblərində ağıllı lövhələrdən, yeni texnologiyalardan istifadə edilir.
Məktəblərin şəraiti də qat-qat yaxşı idi. Kənd məktəbləri bu cəhətdən bir qədər
geridədir. Məktəbimizdə cəmi bir proyektorumuz var. İstərdim ki, tədrisdə yeni
texnologiyalardan istifadə edilsin. Möhücdə işlədiyim vaxt direktora müraciət
etmişdim. 2018-ci ilin fevral ayında gənc müəllimlərlə təhsil naziri Ceyhun Bayramovun
görüşü keçirilmişdi. O görüşdə gənc müəllimlərə planşet hədiyyə edildi. Bu
planşet indi də mənim dərsdə işimə yarayır. Şəhər məktəblərində bu, adi haldır.
Bizdə isə yeni texnologiya təəccüblə qarşılanır.
- Bu təcrübə sizə nə öyrətdi? - Mən
burada həyatı dərk etdim. Çətinliklərin öhdəsindən gəlməyi kənddə öyrəndim.
Kənddə qaz yox idi deyə, odun sobası yandırırdıq. Hər gün səhər tezdən oyanıb
otağı odunla qızdırır, doğranmış odunları otağıma daşıyırdım. Yollar qarla
örtülürdü, yağış yağanda isə hər yer palçıq olurdu. Palçıq ayaqqabıları sıradan
çıxardığına görə, evdən çıxanda qaloş geyinirdim, məktəbdə ayaqqabılarımı
dəyişirdim. Şagirdlərin də əlindəki çantada əlavə ayaqqabıları olurdu. Kənd
məktəbində işləmək mənə əsl müəllim olmağı öyrətdi. Bakıda işlədiyim dövrdə
təcrübə yığırdım. Kənddə isə dərslə yanaşı, başqa qayğılarım da var idi. Hansı
ki, bu qayğıların öhdəsindən təkbaşına gəlməli idim. Qarlı yollar, soyuq hava
çətinlik yaratsa da, orada işləmək mənim üçün maraqlı idi.
- Gələcək planlarınız nələrdir?
- Bundan sonra da öz üzərimdə
çalışacağam. Hər bir müəllim kimi, mənim də arzum əməkdar müəllim olmaqdır. Bir
sıra təhsil forumlarında iştirak etmək niyyətim var. Bizim əsas məqsədimiz
uşaqlara elm öyrətməkdir. Şagirdlərimin gələcəkdə uğur qazanmasını istəyirəm.
Dərs dediyim şagirdlərimlə əlaqələrim həmişə davam edir. Bu, mənim üçün ən
böyük hədiyyədir. Əgər hansısa şagirdin xatirəsində qalmışamsa, bu, böyük xoşbəxtlikdir.