• şənbə, 27 Aprel, 03:22
  • Baku Bakı 14°C

Ətrafdakıların fikirlərini nəzərə alaq, ya yox? - Polemika

07.06.16 11:09 1885
Ətrafdakıların fikirlərini nəzərə alaq, ya yox? - Polemika
Cəmiyyət, mühit insanın həyatında mühüm rol oynayır. Bir çoxları öz həyatını cəmiyyətin yazılmayan qanunları üzərində qurmağa üstünlük verir. Bu insanlar üçün ətrafdakı şəxslərin fikirləri çox önəmli olur. Adətən onlar bir qədər cəmiyyətə bağlı olmağı və mental dəyərləri qorumağı sevirlər. Bəziləri isə etiraf edir ki, onlar bunu sevməsə belə, ailəsi, böyükləri üçün önəmli olan stereotipləri qıra bilmirlər. Digər bir tərəfdən, cəmiyyətin bir hissəsi ətrafdakı insanların fikirlərinə məhəl qoymadan öz həyatlarını arzuladıqları kimi yaşamağa üstünlük verir. Onlar hətta etiraf edirlər ki, insan öz istədiklərini etdiyi zaman daha xoşbəxt olur. Adətən bu insanlar "Başqalarını xoşbəxt etməkdənsə, özünüzü xoşbəxt edin” şüarı ilə yaşayırlar. Bəs gənclərimiz bu haqda nə fikirləşir? Onlar şəxsi həyatlarında ətrafdakıların, yoxsa özlərinin fikirlərini əsas götürürlər?

"Ətrafdakıların deyil, öz fikirlərimizə önəm verməliyik”

Xəyalə Bünyatova, tələbə

Xəyalə fikirləşir ki, insan şəxsi qərarlarını yalnız özü verməlidir. Çünki onun nəticələrinə də özü cavabdehdir: "Bizim cəmiyyət əvvəldən yazılmayan qanunlar əsasında qurulub. Demək olar ki, həmişə ətrafımızdan, cəmiyyətdən və başqa bu kimi stereotiplərdən asılı qalmışıq. Nə isə etmək istəyəndə mütləq ətrafdakıların fikirləri nəzərə alınır. Hətta həmin insanlar bizim həyatımızda hansısa bir əhəmiyyət daşımasa və rolu olmasa belə, çalışırıq ki, onların fikirlərinə önəm verək. Bunun uzaq qohumu var, qonşusu var. Mütləq hər birinin məsələyə münasibəti haqqında əvvəlcədən düşünməyə başlayırıq. Və əksər hallarda da onlara məğlub oluruq”.
Xəyalə deyir ki, ətrafdakıların şəxsi həyatımıza, işimizə, ailəmizə münasibəti, səsləndirəcəkləri fikirlər bizi məqsədlərimizdən uzaqlaşdırır: "Bu, çox üzücü haldır. Ətrafdakıların fikirlərinə nə qədər önəm veririksə, önəm verdikcə bir o qədər də çox şey itiririk. Hesab edirəm ki, mənim özümdə ən yaxşı hesab etdiyim xüsusiyyətim heç vaxt başqalarının həyatıma müdaxiləsinə yol verməməyimdir. Sizə adicə bir misal çəkim. 4 il əvvəl ali məktəbə qəbul olarkən seçdiyim ixtisası tənqid etməyən, irad tutmayan qohum qalmadı. Ətrafımda hərə bir söz deyirdi. Artıq iş o həddə çatmışdı ki, "Jurnalistikanı neynirsən?”, "Qız nədir, jurnalist olmaq nədir” tipli fikirlərdən tamam bezmişdim. Onların aləmində jurnalistika qapı-qapı düşüb mikrofonla camaatdan söz soruşmaq idi. Qohumlarım deyirdi ki, ən yaxşısı müəllim olmağımdır, bu sənət həm də qıza yaraşır. Bu zaman çörəyimi rahat yeyə, başımı ağrıtmaya bilərəm. O zaman mən ətrafımdakıların fikirlərini nəzərə almayıb öz arzumun arxasınca getdim. Dedim ki, özümü necə görmək istəyirəmsə, elə də edəcəyəm. Yenə eyni şey təkrtarlansa, mən də eynisini edərəm. Elə şəxsi həyatımızı qurarkən də ətrafdakıların deyil, öz fikirlərimizə önəm verməliyik. Çünki nəticələrə cavabdeh sən özün olacaqsan”.

"Son qərarı özün verməyi bacarmalısan”

Bəkir Bəkirov, musiqiçi

Bəkir də Xəyalə ilə həmfikirdir. O da düşünür ki, insan üçün ətrafdakıların deyil, öz fikirləri önəmli olmalıdır: "Əgər şəxsi həyatdan söhbət gedirsə, burada ətrafdakıların fikirlərinə, ümumiyyətlə, önəm verilməməlidir. Çünki şəxsi həyata müdaxilə etməyin yolverilməz olduğunu fikirləşirəm. Şəxsi həyat elə bir şeydir ki, insan özünü buna tam hazır hiss etməlidir. Kiminsə basqısı, yaxud fikirlərinin təsiri altında qurulan şəxsi həyat, fikrimcə, tez bir zamanda dağılmağa məhkumdur. Çünki münasibət qurularkən ilk addımda "o nə deyər, bu nə deyər” prinsipləri əsas götürülübsə, bundan sonra da onlar elə davam edəcəklər. Bu isə gec-tez öz mənfi tərəflərini büruzə verəcək”.
Həmsöhbətimiz deyir ki, öz həyatının memarı insan özü olmalıdır: "Bir çox hallarda ətrafdakıların fikirlərini əsas götürüb onların dedikləri kimi biri olmağa çalışırıq. Əslində bu, heç də yaxşı deyil. Çünki biz marionet olmağa çalışdıqca, cəmiyyət buna fikir vermir. Əksinə, sənin etdiyin hər işdə bir mənfi axtarmağa, qara yaxmağa çalışırlar. Təbii ki, səni özündən çox heç kim istəyə və tanıya bilməz. Odur ki, insan öz qərarlarını verməyi və onun arxasında durmağı bacarmalıdır. Təbii ki, yaxınların fikrini öyrənmək müəyyən qədər müsbət addımdır. Amma bunu o şəxslərdən almalısan ki, onlar sənin yalnız yaxşılığını istəsinlər. Burada da yenə insan seçici olmalıdır. Xüsusilə ailə və ən yaxınların fikrini öyrənmək olar, amma son qərarı özün verməyi bacarmalısan”.

"Ətrafda ən yaxşı fikir nədirsə, onu özümə götürməyə çalışıram”

Könül Şibliyeva, magistrant

Könül isə bu məsələyə bir qədər fərqli aspektdən yanaşır. O deyir ki, ətrafdakıların fikrini öyrənmək əslində elə də pis deyil: "Mənim fikrimcə, ətrafdakı insanların fikrini öyrənməyin müəyyən mənada müsbət tərəfləri var. Çünki cəmiyyət insanın həyatında vacib amildir. Mən bunu istəyirəm və edirəm deyə bir şey olsa, onda hər kəs istədiyini edər. Bunun nəticələri isə son məqamda yenə insanın özünə pis təsir edə bilər. Cəmiyyətdə yazılmayan qanunlar var və ondan kənara çıxmaq böyük bir xaosa, anarxiyaya gətirib çıxarar. Hesab edirəm ki, bu gün bir çox cəmiyyətlərdə olan ciddi problemlər məhz bu səbəbdən qaynaqlanır. Belə ki, insan cəmiyyətin fikirlərinə məhəl qoymazsa, onun gözündə hər şey adiləşir. Bu insanlar üçün hər şey əlçatan və rahat göründüyü üçün onların aləmində dəyər anlayışı qalmır. Ailələr, sevgilər, yaxın dostluq münasibətləri onlar üçün əhəmiyyət daşımır”.
Müsahibimiz deyir ki, o özü də cəmiyyətdə standart qanunlara əməl etməyə çalışır: "Çalışıram ki, standartlardan çox da kənara çıxmayım. Şəxsi həyatımla bağlı qərarlar verərkən də seçici davranmağın tərəfdarıyam. Ətrafın fikri mənim üçün müəyyən qədər önəmlidir. Təbii ki, bu o demək deyil ki, hər yoldan ötənin sözünə qulaq asıram. Xeyr. Çalışıram ki, ətrafda ən yaxşı fikir nədirsə, onu özümə götürüm. Bu işdə ən vacib olan şəxslər isə bizə ən yaxın olanlardır. Çünki ailəmiz və dostlarımız pis şeyi bizə məsləhət görməzlər. Onlar məsələnin bizim görmədiyimiz tərəflərini görməyi bacarırlar. Həmçinin yaxınlarımız empatiya qurub məsləhət verə bilirlər. Buna görə də çalışıram ki, öz fikrim və ətrafımdakıların fikirlərinin ortaq məxrəcinə gəlim”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər