• cümə axşamı, 06 mart, 11:15
  • Baku Bakı 4°C

Əsgər yoldaşları üçün “Əmi” olmağı bacaran şəhidimiz - FOTOLAR

30.01.21 09:00 3035
Əsgər yoldaşları üçün “Əmi” olmağı bacaran şəhidimiz - FOTOLAR
Aprel döyüşlərinin, Vətən Müharibəsinin iştirakçısı, şəhid Ağa Əmi Heybətovun ömür yolu
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 gün davam edən Vətən Müharibəsində iştirak edən, böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də Ağa Əmi Elçin oğlu Heybətovdur. O, 6 iyun 1993-cü ildə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində anadan olub. 5 nəfərlik ailədə iki bacının bir qardaşı olan Ağa Əmi Heybətov 2000-2011-ci illərdəBuzovnaqəsəbəsində Ə.Əliyev adına 125 nömrəli tam orta məktəbdə təhsil alıb. Paralel olaraq, 2002-2007-ci illərdəBuzovnaqəsəbəsində 4 saylı Uşaq İncəsənət Məktəbində musiqi təhsili alıb, mədrəsədə "Qurani-Kərimi” öyrənib. 2011-2015-ci illərdəAzərbaycan Dövlət İqtisad Universitetində (UNEC)"Turizm və otelçilik” fakültəsində ali təhsil alıb. Ağa Əmi Heybətov 2015-2016-cı illərdəGəncəşəhərindəki "N” saylı hərbi-hissədə müddətli həqiqi hərbi xidmətdə olub. Xidmət müddətində komandanlığın tapşırıqlarını vaxtında və düzgün yerinə yetirdiyi üçün dəfələrlə təşəkkürnamələrə layiq görülüb. Azərbaycan ərazilərinin Ermənistan işğalı altında qalması ilə heç cür barışmayan Ağa Əmi Heybətov 2016-cı ilin aprel döyüşlərində iştirak edib. Erməni yaraqlılarının hücumunun qarşısının alınmasında, bir sıra strateji yüksəkliklərin, postların ələ keçirilməsində xüsusi fəallıq göstərib. Düşmənə qarşı mərdliklə vuruşan qəhrəmanımız 2016-cı il iyul ayının 2-də hərbi xidmətini başa vuraraq Ordudan tərxis olunub.


Vəzifə borcunu şərəflə yerinə yetirən əsgər

2020-ci ilin sentyabrına qədər müxtəlif sahələrdə, o cümlədən "Veysəloğlu” MMC-də, Müdafiə Sənayesi Nazirliyində çalışıb. Ermənilərin ötən ilin iyul ayında Tovuz rayonunun Ağdam kəndində təxribatlar törətməsi, mövqelərimizə soxulmaq istəməsi, döyüşlər zamanı general-mayor Polad Həşimovun şəhid olması Ağa Əmi Heybətovun yenidən hərbiyə qayıtmasına səbəb olub. Qisas hissi ilə alışıb-yanan igidimiz könüllü olaraq Orduya yazılıb. 2020-ci il sentyabrın 29-da ön cəbhəyə yollanaraq Goranboy, Murovdağ istiqamətlərində döyüşlərə qatılıb. Ağa Əmi Heybətov və hərbçi yoldaşları düşmənə sarsıdıcı zərbələr vurublar. Çoxsaylı canlı qüvvəsini, hərbi texnikasını itirən düşmən, Murovdağ ətrafındakı mövqelərindən geri çəkilməyə, işğal altındakı ərazilərimizi azad etməyə məcbur olub. Oktyabrın 16-da növbəti döyüşlərin birində şəhid olan Ağa Əmi Heybətov Buzovna qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanınərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Ağa Əmi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin15 dekabr 2020-ci il tarixdə imzaladığı Sərəncamla ölümündən sonra"Vətən uğrunda” medalıilə təltif edilib.


Dərin zəkası və məntiqi ilə seçilən vətənpərvər gənc

Şəhidimizin bacısı, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi - 5 nömrəli Bakı Peşə Məktəbinin kadrlar və xüsusi işlər üzrə inspektoru Həliməxanım Heybətova bildirir ki, babasının adını daşıyan Ağa Əmi ailənin sonbeşiyi olub. Onun sözlərinə görə, uşaqlıq illərindən hər kəsin sevimlisinə çevrilən, şən, zarafatcıl, eyni zamanda ciddi xasiyyətə sahib olan Ağa Əmi tək atasına deyil, əmilərinə də oğul əvəzi olub: "Zarafatcıl olan Ağa Əmi etdiyi zarafatlarla hər kəsin üzündə gülüş yarada bilirdi. O, bizdən yaşca kiçik olsa da, aramızda pərdə var idi. Onunla söhbət edərkən sözlərimizə, hərəkətlərimizə mütləq fikir verməli idik. Üzü nə qədər gülər olsa da, bir o qədər də sərt idi. Çox təmiz, saf bir ürəyə sahib olan Ağa Əmi hamıya can yandırar, əlindən gələni edərdi ki, kiməsə xeyri dəysin. Yaşının az olmasına baxmayaraq, qazandığı ən böyük uğuru hörmətli olması idi. Hamının hörmətini qazanmağı bacaran qardaşım yaşlı nəslin də sevimlisi idi. Hətta orta məktəbdə də müəllimlərinin sevimlisi olmağı bacarmışdı. Əla qiymətlərlə oxuduğuna görə, 2004-cü ildə "Tərifnamə” ilə təltif olunmuşdu. 2004-cü ildə 4-cü sinfi əlaçı bitirdiyinə görə sertifikat, 2006-cı ildə futbol yarışında II yer tutduğuna görə "Fəxri Fərmana” layiq görülmüşdü. O, məktəb tədbirlərində daim öndə olmağı bacarmışdı. Hər fənnə xüsusi yanaşan Ağa Əmi dərin zəkası və məntiqi ilə seçilirdi. Orta məktəbdə təhsil aldığı müddətdə şəkli "Şərəf lövhəsi”ni bəzəyirdi. Əlaçı idi, sinif yoldaşları da onu çox istəyirdi. Səmimi münasibəti, xoş rəftarı, çalışqanlığı, ünsiyyətcil olması, səliqə-sahmanı, nizam-intizamı onu hamıdan fərqləndirirdi. Ağa Əmi idmanın müxtəlif növləri ilə də məşğul olurdu. "Qarabağ” və "Qalatasaray” futbol komandalarının azarkeşi idi”.


Əsgər yoldaşlarının böyük qardaşı

H.Heybətova bildirir ki, qardaşı orta məktəbi bitirib arzularına qanad açacağı üçün çox sevinirmiş: "Onun qara, qaynar gözlərində sönməz həyat eşqi vardı. Universitetdə təhsil aldığı dönəmdə də öz uğurları ilə bizi sevindirirdi. İstehsalat təcrübəsi vaxtı göstərdiyi bacarığa, diqqət və məsuliyyətə görə "Qafqaz Resort Hotel” tərəfindən sertifikatla təltif olunmuşdu. Tələbə yoldaşları ilə möhkəm dostluq münasibətləri var idi. Nəinki təhsil müddətində, əsgərlikdə olanda da bizə narahatlıq yaşatmadı. Bizim xəbərimiz olmadan 2016-cı ilin aprel döyüşlərinə könüllü olaraq qatılmışdı. O hərbi xidməti qurtarıb qayıtdıqdan 4 il sonra bilmişdik ki, Ağa Əmi həmin döyüşlərdə iştirak edib. Goranboy rayonunun Ballı Qaya istiqamətində qəhrəmanlıqla döyüşüb. Komandir və əsgər yoldaşları arasında böyük hörmət qazanıb. Əsgər yoldaşları valideynlərimlə danışanda deyirdilər ki, öz aralarında hamı ona hörmət əlaməti olaraq Əmi deyə müraciət edirmiş. Əsgər yoldaşlarından birinə nə isə olanda Ağa Əmi özünü oda-közə vurar, onlara əsl qardaşlıq qayğısı göstərərmiş. Hərbi xidmətdən qayıtdıqdan sonra o, əvvəlcə şəxsi biznesini qurdu, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul oldu. 2018-2019-cu illərdə "Veysəloğlu” MMC-də satış təmsilçisi işlədi. 2019-cu ildən etibarən Müdafiə Sənayesi Nazirliyinin "Şərq” İstehsalat Birliyindəki "İqlim Elmi-İstehsalat Müəssisəsi”ndə proqramla idarə olunan dəzgah operatoru vəzifəsində çalışırdı. İş yoldaşları qeyd edir ki, qısa zaman ərzində o, işgüzarlığı, qabiliyyəti, tərbiyəsi ilə kollektivdə də diqqət çəkib, böyük hörmət qazanıbmış”.


Gələcək nəsillərin yoluna daim işıq saçanlar

H.Heybətova qardaşının belə tez onlardan ayrılmasına üzülsə də, şəhidlik zirvəsinə ucalmağı, Azərbaycanın bütövlüyü uğrunda savaşması ilə qürur duyduğunu dilə gətirdi. Bildirdi ki, Şuşada, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda dalğalanan üçrəngli bayraq bütün şəhidlərin ölməz əsəri, əbədi varlığıdır: "Kim bilirdi ki, onu bu qədər tez itirəcəyik. Bununla barışmaq çox çətindir. Düzdür, heç bir təsəlli onu əvəz edə bilmir. Amma Azərbaycan var olduqca onlar da var olacaqlar. Ağa Əminin vətənpərvər oğul olduğunu, dostluğa sadiqliyini bilirdik. Bunu yaxın dostu Vüsal Salamov ilə bərabər cəbhəyə getməsi ilə bir daha isbat etdi. Onların dostluğu dastana çevrildi. Qırılmaz, möhkəm dostluq şəhidlik zirvəsində də onları birləşdirdi. İndi Buzovna qəsəbəsindəki Şəhidlər Xiyabanında onların məzarları yan-yanadır. Qarabağı azad edib bizlərə Vətənin bütövlüyünü ərməğan edən qardaşlarımın ruhları indi bir yerdədir, şaddır. Döyüş yoldaşları qeyd edir ki, Ağa Əmi döyüşdən əvvəl hamımızı ruhlandırmağa çalışar, üzümüzü güldürər, zarafatlarından geri qalmazdı. Hətta döyüşmək üçün mübarizə aparardı ki, önə atılsın. Cəbhədə odun-alovun içində evlə əlaqə saxlayarkən də əhvalımızı yüksəldər, heç nədən şikayət etməz, "hər şey yaxşıdır, narahat olmaq lazım deyil” deyərdi. Vətənə son dərəcə bağlı olan, Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qardaşım ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif olundu. Kiçik bacım Kamalənin 3 yaşlı qızı Mələk hər zaman deyir ki, Ağa Əmi dayım Qarabağı aldı və bizə verdi. Bəli, bu gün Qarabağ torpaqlarında Mələk və onun kimi digər uşaqlar Ağa Əmi dayısının, həmçinin onun silahdaşlarının, şəhidlik zirvəsinə ucalan qardaşlarımızın sayəsində rahatlıqla gəzə biləcəklər. Başımız üstündə parlayan günəşimiz – şəhidlərimizin ölməz ruhları isə gələcək nəsillərin yoluna daim işıq saçacaq”.

Rufik İSMAYILOV


banner

Oxşar Xəbərlər