AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Əsas məqsədim insan yetişdirməkdir” - Örnək

“Əsas məqsədim insan yetişdirməkdir” - Örnək

Gənclik qəzeti
15 May 2020, 13:30 2265
 
Aysel Əlizadə: "Kənd uşaqlarına isə kiçik jestlə, hədiyyə ilə böyük xoşbəxtliklər yaşatmaq olur”
 
Deyir ki, müəllimlik təhsili almaq asandır. Çox çalışıb universitetə qəbul olarsan, oxuyub bitirərsən. Hətta müəllimlərin işə qəbul imtahanını da çalışıb vermək olar. Ən çətin olanı uşaqların sevimli müəllimi olmaqdır. "Çünki uşaqların böyüklər kimi çıxarları olmur, nəyəsə görə sevmirlər. Onların sevgisi içdən gəlir” deyən müsahibimiz Şəmkir rayonunun Düyərli kəndinin ibtidai sinif müəllimi Aysel Əlizadədir.

- İşini həvəslə görən müəllimlərdənsiniz. Maraqlıdır, müəllimlik seçimi də həvəsdən dolayı olmuşdu?
- Universitetə hazırlaşanda, ağlımda iki ixtisas var idi: jurnalistika və ibtidai sinif müəllimliyi idi. Bu istiqamətdə çalışdım və istədiyimə nail oldum. Azərbaycan Dövlət Pedaqoji Universitetində ibtidai sinif müəllimliyi üzrə təhsil aldım. 2017-ci ildə Müəllimlərin İşə Qəbul imtahanında (MİQ) iştirak etdim, amma istədiyim balı yığa bilmədim. 46 bal toplamışdım, 2017-ci ildə o bal yetərli idi, ancaq hədəfim böyük idi. Ona görə həmin il müqavilə ilə işlədim. 2018-ci ildə imtahana qatıldım, 55 bal yığaraq Şəmkir rayon Düyərli kənd 2 saylı orta məktəbini seçdim.

- Niyə ibtidai sinif müəllimliyi?
- Bir növ valideynlərinin imkansızlığına görə fərqləndirilən şagirdlərin səsi olmaq istədim. Müəllim olmaq istəməyimin başqa bir səbəbi də var. Məktəbdə oxuyanda çox yaxşı müəllimlərlə yanaşı, vicdansızlarına da rast gəlmişəm. Haqsızlıqla qarşılaşanda, deyirdim ki, böyüyəndə müəllim olacam, amma sizin kimi yox. İbtidai sinif müəllimliyinə gəlincə, bu seçimi edəndə, özüm də məktəbli idim və görürdüm ki, 10-11-ci siniflərdə şagirdlər müəllimə daha az hörmət edirlər. Aşağı siniflərdə isə müəllim uşağın həyatında daha dərin iz qoya bilir.
 


- Yaşayış yeri Bakı olduğu halda, kənd məktəbini seçən müəllimlərdənsiniz.
- Əslən şəmkirliyəm, ancaq 5-ci sinifdə oxuyanda Bakı şəhərinə köçdük və orta təhsilimi burda aldım. Yaşayış yerim Bakı idi. Kənd məktəbində işləməyi tamamilə öz istəyimlə seçmişəm. Düşünürəm ki, kənddə dərs keçmək şəhər məktəbində işləməkdən daha üstündür. Yüksək bal yığan çox adam şəhər məktəbinə üstünlük verir. Ancaq kənddə uşaqların səmimiliyi, dərsə olan marağı, müəllimə verilən dəyər daha yüksəkdir.

- Siz 55 balla Bakı məktəblərinə də düşə bilərdiniz.
- Bəli, hətta həmin il rəfiqəm 53 balla Bakı şəhərində yerləşən məktəbdə daimi iş üçün düşdü. Sadəcə, mənim seçimim Şəmkir rayonu Düyərli kəndi oldu. Özüm ibtidai sinfi bu məktəbdə oxuduğum üçün hədəfim burda işləmək idi. İbtidai sinfə getdiyim məktəbdə müəllim kimi çalışmaq istəyirdim.

- Paytaxtda yaşayan müəllim bölgələrdə işləməyi seçəndə, ətrafındakı insanlar buna inanmırlar, çətin olacağını bildirənlər də olur.
- Ətrafımdakı insanlar işləmək üçün Bakını qoyub kəndi seçdiyimdə, inanmadılar. Ailəm də Bakıda işləməyimi istəyirdi. Bu, mənim seçimim oldu və peşman deyiləm. Ancaq bildirim ki, 10 yaşımdan Bakı şəhərində yaşadığım, orda təhsil şəhərdə aldığım üçün kəndə alışmaq bir az çətin oldu. Artıq uzun illər idi ki, şəhər mühitində yaşayırdım, ətrafım, yaxınlarım, sinif, qrup yoldaşlarım hamısı Bakıda idi. Ən çətini onlardan ayrılıb gəlmək idi. Bir növ öz mühitindən çıxıb başqa ətrafa düşürsən. Alışmaq çətin olur. Şəhərdə çox şey daha rahatdır, istədiyin kimi yaşaya bilirsən, kənddə isə müəyyən məqamları nəzərə almalı, ətrafındakı insanlara görə yaşamalısan. Bunlarda çətinliyim oldu.
 


- İbtidai sinfə getdiyiniz məktəbdə müəllim çalışmaq istəyi nədən qaynaqlanırdı?
- Mən oxuduğum müddətdə məktəb çox təmirsiz idi. Uçuq, dağılmış məktəbdən şəhərin yaxşı şəraitli məktəbinə getmişdim. Bu, mənə müqayisə imkanı verdi. Kənddəki sinif yoldaşlarımın oxumağa daha çox can atdıqlarını gördüm. Çətin şəraitdə nələrsə etməyə çalışırdılar. Şəhər mühitində isə uşaqlar naşükür idilər, oxumağa çox da həvəsli deyildilər. Hər bir şəraitləri olduğuna rəğmən, dərs onlara maraqlı gəlmirdi. Dərsə girməyə maraq göstərməmək, müəllimə hörmət etməmək halları ilə şəhər məktəbində daha çox rastlaşırdım. Hər iki mühiti gördüyüm üçün düşünürdüm ki, kənddə müəllimə daha çox sevgi var, müəllimi müqəddəsləşdirirlər. Şəhərdə isə adidir, hər şey sıradan, normal gəlir. Şəhər uşaqlarını heyrətləndirmək çox çətin olur. Kənd uşaqlarına isə kiçik jestlə, hədiyyə ilə böyük xoşbəxtliklər yaşatmaq olur.

- Şagird vaxtı başqa cür yanaşdığınız, müəllim olandan sonra müəllimlərinizi daha yaxşı başa məqamlar olub?
- Elə məqamlar çox olub. Bəzi ifadələr var ki, şagird olanda, onu heç vaxt işlətməyəcəyimi deyirdim. Məsələn, "niyə özün də evdə qalmamısan?” zarafatını indi özüm də işlədirəm. Ən əsası, müəllimlər çox dərs tələb edəndə, bizim oxumağımız üçün israrlı davrananda, düşünürdüm ki, bu fənni sevmirəmsə, oxumuram, niyə məcbur edirlər? Könüllü olmalıdır. Müəllim kimi yanaşanda, o cür düşünmürəm. İnsan istəyir ki, dərs keçdiyi şagirdlər bütün fənləri yaxşı oxusunlar, sinfi seçilsin.

- Necə müəllim olmağa çalışırsınız?
- Şagird olan vaxt sevdiyim müəllim tipi o idi ki, sərhədləri qoruyub saxlamaqla bərabər, yeri gələndə, şagirdlərinin dostu, böyük bacısı, qardaşı olmağa çalışsın. 11 illik məktəb dövründə bunu ən çox tarix müəllimimdən görmüşəm. 45 dəqiqəlik dərs ərzində bizimlə şagird-müəllim kimi davranırdı. Digər vaxtlar isə biz ona problemimizi deyə, söhbət edə, dəstək ala bilirdik. Mən də şagirdlərimlə arada o səmimiliyi yaratmağa çalışıram. Şəxsi problemləri olanda, kiminləsə bölüşmək istəyəndə, onu mənə danışa bilsinlər. Düşünməsinlər ki, bu müəllimdir, ona danışsam, pis çıxar, məni başa düşməz və s. 3 illik pedaqoji təcrübəmdə iki dəfə dördüncü sinfim olub. Nisbətən böyük sinif olduqlarına görə, mənə şəxsi problemlərini rahatlıqla danışıblar. Hətta həllinə çalışdığım və nail olduğum problemlər də olub. Düşünürəm ki, müəllimlikdən öncə insanıq, uşaqların dayanacaq nöqtəsi olmalıyıq. Başlarına pis iş gəldiyində belə, düşünməlidirlər ki, müəllim məni qınamaz, başa düşər.

Məktəb vaxtı şagirdin şəxsiyyətinə hörmətlə yanaşmayan, nalayiq ifadələr işlədən müəllimləri sevmirdim. Pedaqoji fəaliyyətimdə heç vaxt buna yol vermirəm. 3-5 yaşında uşaq belə bir fərd, şəxsiyyətdir. Tənqid etmək olar, təhqir düzgün deyil. Təəssüf ki bəzi müəllimlərdə belə hallara rast gəlirəm. Ailələrindəki problemi qabardıb şagirdi sındırmağa çalışan müəllimlər də olur. Heç vaxt belə hallara yol vermirəm.
 


- Uşaqlar heç kimə demədikləri nələri sizinlə bölüşürlər?
- İşə başladığım il bir şagirdim dedi ki, sizə bir söz demək istəyirəm, amma utanıram. Danışdı və məlum oldu ki, atasıyla anası ayrılıb. Anası işləyir, səhər gedir, axşam gəlir. Bunun özündən 2 yaş böyük bacısı bunu hər gün döyür, işlədir. Daha sonra valideyni məktəbə çağırdım, bacısı da məktəbdə oxuyurdu, onunla danışdım, problem həll olundu. Bacısı da uşaq idi və ona istiqamət verilməliydi. Daha sonra bir şagirdim ata-anası arasında olan problemlərə üzüldüyünü demişdi. Ümumiyyətlə, valideynləri arasında olan problemdən üzüldüyünü danışan uşaqlar çox olur.

- İşlədiyiniz kənddə şagirdlərin dərsə marağı, valideynlərin uşaqlarının təhsilinə yanaşması necədir?
- 3 ildir burda işləyirəm və bu müddətdə fərqli valideynlərlə rastlaşmışam. Bütün valideynlərin eyni olduğunu demək olmaz. İşə başladığım ilk vaxtlar "uşağın psixologiyası pozulur, çox dərs tələb edirsiniz” kimi fikirlər səsləndirənləri də görmüşəm, əksini deyənləri də. Ümumi yanaşanda yaxşı valideynlər daha çox olub. Çünki mənim öz qayda-qanunum var və mən bunu ilk başladığım vaxtlarda valideyn iclası keçirərək deyirəm. Onlar da məsuliyyətli yanaşırlar. Hazırda dərs dediyim sinfin valideynləri çox məsuliyyətlidirlər. Üzərlərinə düşən vəzifələri artıqlaması ilə yerinə yetirirlər. Bakının mərkəzi məktəblərində müəllim işləyən tanışlar var, valideynlərdən çox şikayətlənirlər. Deyirlər ki, uşağı ilə maraqlanmayan, çantasını açıb baxmayan valideynlər çoxdur. Düşünürəm ki, burda müəllimdən də çox şey asılıdır. Onlar bilirlər ki, kiçik məsuliyyətsizlik etsələr, gün ərzində neçə dəfə mesaj yazaraq, zəng edərək yadlarına salıram, unutmağa qoymuram. Loru dildə desək, kiçik məsuliyyətsizlik edəndə, bezdirirəm. Valideynlərlə qarşılıqlı əməkdaşlığı bacarırıq. Onlayn dərslər zamanı belə, şagirdlərimin hər birinin dərsdə iştirakını təmin edirəm. Onlayn dərslərlə bağlı şəkilləri sosial şəbəkədə paylaşanda, digər müəllim tanışlar, dostlar heyrətlənirlər ki, bizdə 5-6 uşaq dərsə qoşulduğu halda, sənin sinfində hamı qatılır.
 


- Dediniz ki, ilk vaxtlar uşaqları dərslə yüklədiyinizi deyən valideynlər olub. Evə tapşırıqların miqdarı necə olurdu ki, belə deyirdilər?
- (Gülür) Bu sualınıza cavab olaraq birinci qeyd edim ki, çox dərs verməkdə ittiham edən valideyn bir-iki ay sonra gəlib üzr istəyib, "kaş siz birinci sinifdən bizim uşağın müəllimi olaydınız” deyib. Əsas məqsədim alimdən öncə insan yetişdirməkdir. Savadlı şəxs yetişdirərik, o gedib həkim də olar, ancaq insani keyfiyyətləri aşağıdırsa, həkimlikdən sui-istfadə edə bilər.

Uşağı proqramdan artıq yükləmək olmaz. Qəti şəkildə uşaqları ev tapşırığı ilə yükləməyin əleyhinəyəm. İşə yeni getdiyimdə 4-cü sinifdən dərs keçməyə başladım. Onlar indiyə qədər başqa cür gəlmişdilər, valideynlərə və həmin sinifdəki uşaqlara görə məktəb yalnız oturub müəllimlə söhbət etmək üçün yer idi. Əvvəllər müəllim onlardan dərs soruşmurmuş. Onlar elə gəlmişdilər və elə də təsəvvür edirdilər. Mənim dərs soruşmağım onlara böyük yük kimi gəlirdi. Şikayət edən şagird 4-cü sinfə gəlmişdi, 20 dairəsində hesablamağı bilmirdi, üzündən oxumaqda çətinlik çəkirdi. Bir çox uşaq və valideynləri də düşünürdü ki, elə belə də olmalıdır. Uşaqdan dərs tələb etmək, sadə şeyləri öyrənməsini istəmək, onlara görə psixologiyasını pozmaq idi. Qeyd etdiyim kimi, sonra həmin valideynlərin fikirləri dəyişdilər.

- Gələcəkdə də kənd məktəbində qalıb işləmək fikriniz var?
- 3 ildir ki, kənddə işləyirəm və hər keçən gün müəllim işləməyə həvəsim artır. Ancaq planladığım kimi getsə, ömrümün sonuna qədər müəllim işləməyi düşünmürəm. Düşünürəm ki, yaş artdıqca, qocaldıqca indiki həvəsim, enerjim olmaya bilər. Nə vaxtsa bu peşədən yorulduğumu hiss etsəm, uzaqlaşacam. Düşünürəm ki, müəllim hər gün öyrənməli, yorulmamalı, işinə daha həvəslə yanaşmalıdır. Müəllimliyə bu peşəyə həvəsi, sevgisi olanlar gəlməlidirlər.

Aygün Asimqızı