• çərşənbə axşamı, 16 aprel, 22:04
  • Baku Bakı 18°C

Erməni ordusunda ölüm hallarının artma səbəbləri

19.02.20 19:01 1351
Erməni ordusunda ölüm hallarının artma səbəbləri
Rusiyalı ekspertlər hesab edirlər ki, artan əsgər ölümləri, xəsarətlər kriminal münasibətlərin nəticəsidir

Son günlər Ermənistan siyasi gündəmi iki qalmaqallı hadisənin müzakirəsi ilə dolub. Birinci hadisə Münxendə baş nazir Nikol Paşinyanın yaşadığı fiaskodursa, sözsüz ki, ikincisi ölkənin əbədi problemi olan əsgər ölümlərinin sayının artmasıdır. Məsələ o həddə çatıb ki, Ermənistanın Baş Hərbi İstintaq İdarəsində orduda əsgər ölümlərinin sayının artmasına dair müşavirə keçirilib. Qeyd edilir ki, tək yanvarın əvvəlindən indiyə qədər qeyri-döyüş şəraitində 15 erməni hərbi qulluqçusu ölüb. Bunların bəziləri ilə bağlı intihar həddinə çatdırma maddələri üzrə cinayət işləri qaldırılıb. Ermənistan parlamentinin İnsan Hüquqları və İctimai işlər, Müdafiə və Təhlükəsizlik daimi komissiyaları son bir ay yarım ərzində Ermənistan ordusunda ölüm faktlarının qeydə alınması ilə bağlı son dərəcə narahat vəziyyətə görə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə birgə qapalı işgüzar iclas keçirib. Ermənistan ordusunda baş verən hadisələrin sayının belə qeyri-təbii artması cəmiyyətdə qorxu yaradıb. Bir müddət öncə Paşinyan "Facebook” səhifəsində orduda baş verən faciəli hadisələrin minimuma endirildiyini elan edib. Ancaq bu qeyddən bir müddət sonra əslində tamamilə əks mənzərə qeydə alınır. Nə baş verir?
"Ermənistan ordusunda da demək olar ki, dünya ordularına xas olan faciəli hadisələr, həmişə problemlər mövcud olub, amma son vaxtlar baş verənlər, həqiqətən də 2020-ci ilin ilk aylarında xarakterik hala gələn faciəli hadisələrin intensivliyi ölkəmizdə heç vaxt qeydə alınmayıb. Problem artıq milli təhlükəsizliyi təhdid edən miqyasdadır”, - deyə erməni ekspert Armen Kareyan qeyd edib. Maraqlıdır ki, bu hadisələrin əksəriyyəti, əslində qətl yox, intihar kimi təqdim olunur. Kareyan qeyd edir ki, hakimiyyət dəyişikliyindən sonra yeni hakimiyyət qarşısına özlərinə sadiq bir komandanlıq heyəti formalaşdırmaq vəzifəsi qoyub.
Əsgər ölümləri məsələsi o qədər kritik həddə çatıb ki, Rusiya mediası, ekspert dairələrinin də diqqət mərkəzinə düşüb. Onların gəldikləri yekun qənaət budur ki, baş verənlər qanunsuzluqların nəticəsidir. Problemlə bağlı yaşananları "Moskva-Baku” portalına ekspertlər şərh ediblər. Hərbi ekspert Aleksandr Perendjiyev bildirib ki, Qarabağda nələrin baş verdiyi barədə etibarlı mənbələrdən məlumatları var. "Qarabağda baş verənlər mövcud münaqişədən qaynaqlanır. Söhbət ondadır ki, Qarabağda xidmət edənlər xüsusi güzəştlər əldə edirlər. Həmin güzəştlərlə xidmət edənlərə verilən vəsaitlər isə ciddi qarşıdurmalara yol açıb. Söhbət ondadır ki, orada kriminal xarakterli işlərlə məşğul olan qruplaşmalar fəaliyyət göstərir - həbsxanalarda olduğu kimi qaydalar müəyyənləşdirirlər. Məsələn, separatçı bölgədə 20 il xidmət edən zabitə mənzil verilməlidir. Lakin rəhbərlik elə edir ki, həmin zabit ev ala bilmir. Onu vaxtından əvvəl tərxis olmağa məcbur edir, hədələyirlər. Bildirilər ki, əgər bu addımı atmasa, ona pis olacaq. Ev üçün ayrılan pulu isə öz aralarında bölürlər. Açıq şəkildə hərbçilərin hüquqları pozulur. Orduda əsgər ölümləri, xəsarətlər – kriminal münasibətlərin qarşıdurmaların nəticəsidir. Biz görürük ki, bədbəxt hadisələr kütləvi xarakter almağa başlayıb. İnsanlar buna qarşı çıxmadıqları müddətə kimi, heç kim bu problemlə maraqlanmırdı. Ordu qapalı institutdur. Özünəqəsd hallarının artması, dedovşina halları ondan xəbər verir ki, Ermənistan ordusunda sərt mənəvi-psixoloji durum formalaşıb. Hərbçilər anlayırlar ki, əgər qaçacaqsansa, səni fərari elan edəcəklər. Bu da uzunmüddətli həbs deməkdir. Küncə sıxılan gənc insan isə özünəqəsdən başqa çıxış yolu görmür. Böyük ehtimalla kimsə xüsusi mexanizmləri dövriyyəyə buraxıb və bunun da nəticəsində əsgər ölümləri, bədbəxt hadisələrin sayı artıb. Axı buna qədər müntəzəm olaraq əsgər ölümləri baş vermirdi”, - deyə rusiyalı ekspert vurğulayıb. Onun sözlərinə görə, Qarabağdakı erməni hərbçiləri arasında əsgər ölümlərinin artmasına görə məsuliyyət birbaşa Ermənistan Müdafiə Nazirliyi və rəsmi Yerevanın üzərinə düşür. "Baxmayaraq ki, qondarma qurumun Müdafiə Nazirliyi var. Buna baxmayaraq, bütün hərbi birləşmələrdə baş verən proseslərə Yerevan nəzarət edir. Özünüz diqqət yetirin. Baş verən əsgər ölümlərini Ermənistan İstintaq İdarəsi araşdırır. Qarabağ ordusunda kadr yerləşmələri barədə isə baş nazir Nikol Paşinyan danışır. Dağlıq Qarabağ Ermənistan tərəfindən nəzarət edilən qurumdur, onun maliyyələşməsi birbaşa Ermənistan ərazisindən həyata keçirilir. Muxtariyyət məsələsi sadəcə imitasiyadır. Nikol Paşinyanın vəd etdiyi kadr yerdəyişmələri isə vəziyyəti dəyişməyəcək. Çünki, sistemi dəyişmək gərəkdir. Sistem isə korrupsiyanın içində batıb və başdan-ayağa kriminallaşıb. Böyük ehtimalla kimsə bütün bu baş verənləri ən yüksək səviyyədə ört-basdır edir. Elita nümayəndələrinin övladlarının Qarabağda xidmət etdikləri məlumatlarına rast gəlirik. Orada onlar təmas xəttində xidmət etməsələr də, digərləri ilə birlikdə veteran statusu, medallar alır. "Dedovşina” hallarının qanuniləşdirilməsi prosesi gedir. "Qanuni oğru”, "qanuni dedlərə” çevrilir”. Paşinyan hamını sakitləşdirməyə çalışır ki, gərginlik yaratmaq gərək deyil. Prezidentin də çıxışları ordunun vəsfinə yönəlib. Lakin fakt faktlığında qalır. Əgər Qarabağdakı hərbi birləşmələr kazarmalara dönsəydilər, hesab edirəm ki, hər şey sakit və şəffaf olardı. Hesab edirəm ki, Qarabağda hərbi birləşmələrdə gərgin psixoloji vəziyyət pik həddə çatıb. Bir tərəfdən "dedovşina”, kriminallarla münasibətlər aktuallaşıb. Digər məsələ isə odur ki, sən qoşunların təmas xəttində dayanmısan, başqasının ərazisindəsən. Bu da adekvat atmosfer yaradır. Mən bu qənaətdəyəm ki, hərbçilər özləri gözəl başa düşürlər ki, onların yerləşdiyi torpaqlar kimə məxsusdur. Bu da orduda ağır energetik durum yaradır. Bundan əlavə, bu ərazi dövlət statusuna malik olmayan qurumdur, heç bir dövlət tərəfindən tanınmır. Nəzarət olunmayan ərazilərdə dəqiq qanunlar da yoxdur. Əgər ordu bu ərazilərə qanunsuz formada gəlibsə və qanunsuzluqlarla məşğul olursa, onda burada hansı qanuni qaydadan danışmaq olar? Ermənistan Qarabağda baş verənləri dəstəkləyir, ikili standartları həyata keçirir. Bir tərəfdən qayda-qanun, nizam-intizam tələb edir, digər tərəfdən beynəlxalq qanunları və nizamı pozur. Biz yaxşı bilirik ki, Qarabağdakı hərbi birləşmələr Azərbaycan əhalisinə qarşı özlərini necə aparıblar, insanları öz ev-eşiklərindən necə qovub, fiziki məhvini necə həyata keçiriblər. Bütün baş verənlərdən sonra hansı humanistlikdən, bəşəri dəyərlərdən danışmaq olar? Ermənistan Qarabağda özü-özünü yeyir”, -deyə rusiyalı ekspert öz mövqeyini ortaya qoyub.
Hərbi ekspert Pavel Felqenqauer bildirir ki, Qarabağ münaqişəsi zonasında insanlara prinsip etibarilə heç də hər şey asan deyil. "Hərbi münaqişə vəziyyətində yaşamaq elə də asan deyil. Bütün bunlar psixoloji travmaya gətirib çıxarır. Düzdür, "dedovşina” halları dünyanın bir çox ölkələrində, bu və ya digər formada həyata keçirilir. Yeni xidmətə başlayan əsgərlərlə işləmək ənənəsi mövcuddur. Nizam-intizamın qorunub saxlanılması üçün qeyri-formal strukturlar yaradılır, formal qurumlar isə zəifləyir. Bir çox hallarda onlar biabırçı vəziyyət alır. Bir sıra hallarda buna qarşı uğurla mübarizə aparılır, bəzi hallarda isə o qədər də alınmır. Qalmaqallar yaşanır, özünəqəsd halları çoxalır. Buna cəbhə zonasında xidmət səviyyəsi də təsir edir, çünki bu, daimi təhlükə, psixoloji təzyiq deməkdir. Əgər ordunun daxilində problemlər mövcuddursa, onda bu, ikiqat təzyiq deməkdir. Qarabağdakı problemlər isə göz önündədir. Bu, sərtləşdirilmiş hərbi strukturdur. Ölüm halları, bədbəxt hadisələr palaz altında gizlədilir”, - deyə rusiyalı ekspert fikrini tamamlayıb.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər