• şənbə, 27 Aprel, 05:59
  • Baku Bakı 14°C

“Ən uğurlu insanlar itirməyi öyrənənlərdir” – Startap

21.05.16 11:51 2810
“Ən uğurlu insanlar itirməyi öyrənənlərdir” – Startap
Heç evinizdə, ofisinizdə təmirə ehtiyacı olan əşyalarla bağlı problemi bir düymə ilə həll edə biləcəyinizi düşündünüzmü? Gənclərin maraqlı ideyaları, təklifləri, startapları həyatımızı asanlaşdırmaqda davam edir. Belə startaplardan biri də "Ustam”dır.
"Ustam” tətbiqetmə və ya zənglə ustaların verilən ünvana göndərilməsini və təmirə ehtiyacı olan əşyanın qısa müddətdə və sürətli təmirini təşkil edir. Biz də layihənin iş prinsipi ilə maraqlanmaq üçün "Ustam”ın rəhbəri Murad Həsənzadə ilə söhbətləşdik. Əvvəlcə müsahibimizi tanıyaq.

"Vaxt mənim üçün dəyərlidir”

Murad Qafqaz Universitetinin İnformasiya texnologiyaları fakültəsinin 3-cü kursunda təhsil alır. Artıq öz şəxsi şirkətini quran müsahibimiz iş həyatına elə 1-ci kursdan başlayıb: "1-ci kursda özümə söz verdim ki, hər gün dostlarla görüşüb vaxtımı kafelərdə, restoranlarda, gəzməkdə keçirməyəcəm. Vaxt mənim üçün dəyərlidir. Bəzən ətrafımdakılar deyir ki, ancaq iş görməklə cavanlığını öldürürsən. Amma mən belə düşünmürəm. Bir gənc elə tələbəlik həyatından hansısa işə başlamalıdır ki, universiteti bitirəndə onun nəticəsini görsün. Universiteti qurtarandan sonra startap yaratmaq mənə gülməli gəlir. Elə startapımı indidən qurum ki, artıq məzun olduqda öz startapımın prezidenti olum. Birinci kursdan bu sahədə işləməyə başladım. Əvvəlcə bir şirkətdə qrafik dizayner kimi işə başladım. Bir ay işlədikdən sonra düşündüm ki, fəaliyyət yönümümü dəyişim. Müəyyən işlər gördükdən sonra ofis götürdüm. İki ay ofisdə işlədim, amma bu, o qədər də uğurlu alınmadı. Bir az məyus oldum. Sonra düşündüm ki, bir dəfə uduzmaq həmişə uduzmaq demək deyil. Yenidən davam etdim. Reklam agenti kimi fəaliyyət göstərməyə başladım və bu işi böyütdüm. Bununla yanaşı, Avropa Oyunlarında işləyən zaman ağlıma yeni ideya gəldi və onu reallaşdırmaq üçün çalışmağa başladım. Startapımın gələcəyinin uğurlu olduğunu bilirdim. Adını isə "Ustam” qoydum”.

Ehtiyacdan yaranan startap
"Ustam” servisi fəaliyyətə başladıqdan sonra sifariş vermək çox sadədir. Belə ki, servisin AppStore və PlayStore-da tətbiqetmələri, vebsaytı və zəng mərkəzi var. Bir düymə ilə güvənə biləcəyiniz usta seçə, probleminizi ucuz və tez bir zamanda həll edə bilərsiniz: "Ustam İKT avadanlıqları və digər məişət texnologiyalarının təmirini sürətli və sərfəli həyata keçirəcək. İstifadədən çıxmış əşyalar "Ustam”ın operativ ustaları tərəfindən təmir ediləcək. Xidmət həftənin bütün günləri 24 saat fəaliyyət göstərəcək. Məqsədimiz güvənilən ustalarla müştərilər arasında rahatlıqla əlaqə yaratmaqdır. Proqramı yüklədikdən sonra elə öz profilində usta haqqında bütün məlumatları oxuyur, digər işləri ilə tanış olur və evinə rahatlıqla dəvət edə bilirsən. Bundan əlavə, xidmət haqqı ucuz olur. İkinci ən böyük məqsədimiz isə Azərbaycana usta mədəniyyətini gətirməkdir. Adətən evə usta gəlir, açır, sökür, düzəldir və gedir. Usta evi çirkləndirdiyi üçün ev yiyəsi narazı qalır. Təbii ki, bu, normaldır. Amma usta tökdüyünü özü təmizləsə, əlbəttə, müştəri də bundan razı qalar. Startapların əksəriyyəti problem həll etmək üçündür, amma bu startap problem həlli deyil, ehtiyac üçün yaranıb. Öz dizayn işimdən qazandığım pulla bu tətbiqetməni həyata keçirdim”.

"Güvənirəmsə, ustamı seçirəm”
Murad deyir ki, "Ustam”ın məqsədi qlobal brend olub ölkə kənarında da fəaliyyət göstərməkdir: "Startap hazırlayırsansa, mütləq xəyalın, missiyan və baxışın olmalıdır. Xəyalımız dünyaya çıxmaqdır, missiyamız ölkəmizə usta mədəniyyətini gətirmək, baxışımız isə bu işi başdan-ayağa təmiz görməkdir. İstəmirəm ki, ustam evdən çıxanda onun arxasınca söysünlər. Ən əsası, ustama tam əminliklə güvənsinlər. Şüarımız da budur ki, güvənirəmsə, ustamı seçirəm. Layihəyə yeni başladığımızdan ustaları öz ətrafımızdan topladıq. Bu, startapdır. Bəzən bu kimi fəaliyyətə başlayanda işə ürəyini qoymalısan. Buna görə də ətrafımızda olan təcrübəli ustalardan seçim etdik. Seçilmiş ustalara təlimlər keçdik, ingilis dilində elementar danışığı öyrətdik. "Ustam”ın ustalarına düzgün danışıq, müştəri ilə davranış etikasını, keyfiyyətli xidmət təşkil etməyi tədris etdik”.

"İtirməkdən qorxmuram”
Həmsöhbətimiz deyir ki, layihəyə başlayarkən bunun o qədər də asan olmayacağını bilirdi. Amma çətinliklər onu heç vaxt qorxutmayıb: "Startapçı əlində heç nə olmadan başlayıb uğur qazanacağına inanmalıdır və işi batırdığı an dayanmamalıdır. Mən də çox itirdim. Artıq itirdiklərimin sayını itirmişəm. Amma ən uğurlu insanlar itirməyi öyrənənlərdir. İtirməkdən qorxmuram, çünki insan itirdikcə qazanır, qazandıqca itirmir. Bilirik ki, ilk aydan müştərilərimiz az olacaq. Amma maraqlıdır ki, indidən "Ustam”a müraciət edənlər var. Şəhərdə layihəmizin çəkilişini edərkən ətrafdan özümüzə qarşı xüsusi maraq gördük. Hər kəs "Ustam”la və proqramın istifadəyə veriləcəyi tarixlə maraqlanırdı. Hətta sistemə iki müraciət olub. Lakin qeyd edim ki, hələ fəaliyyətə başlamamışıq. Hazırda Feysbukda 1500-dən çox insan səhifəmizi bəyənib. İnstaqramda izləyicilərimizin sayı durmadan artır”.
Müsahibimiz sonda vurğuladı ki, bu yolda ən böyük motivasiyası xəyallarıdır: "Uşaqlıqdan çox böyük xəyallarım var və o xəyallarıma çatacağıma inanıram. Məqsədim varsa, gec-tez onu əldə edəcəm”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər