• şənbə, 27 Aprel, 03:36
  • Baku Bakı 14°C

“Ən böyük müəllimlərim ən pis müştərilərim olub”- Uğur hekayəsi

17.07.15 10:08 3301
“Ən böyük müəllimlərim ən pis müştərilərim olub”- Uğur hekayəsi
Onun fikrincə, sahibkar olmaq üçün öncə gərək dürüst adam olasan, sistemli düşünəsən. Bundan başqa, komandana düzgün insanları toplamaq, onları motivasiya etməyi, potensiallarını müəyyənləşdirməyi və ümumilikdə xoşbəxt etməyi də bacarmalısan. Müsahibimiz “prosper” brendi altında fəaliyyət göstərən Prosper Cartoon Studio, Prosper Digital Agency və Prosper İT Services şirkətlərinin təsisçisi Vüqar Səfərovdur.
- Vüqar bəy, ali təhsil insanın həyatında nə dərəcədə vacidbir?

- Universitet proqramları ilə reallıq üst-üstə gəlmədiyinə görə nəticə olaraq əksəriyyət öyrəndiyi peşə üzrə işləmir. Bu, o deməkdir ki, universitetlər cəmiyyət üçün kadrlar hazırlaya bilmir.
- Söhət Azərbaycan universitetlərindən gedir, yoxsa ümumilikdə deyirsiniz?

- Digərlərində vəziyyətin necə olduğunu görməmişəm. Amma başqa ölkələrdə universitet məzunlarıyla söhbət etmişəm. Onların bilik səviyyəsi ya nəzəri olur, ya da təcrübəni də nəzəriyyə formasında bildiklərindən onlara işi həvalə etməkdə çətinlik çəkirsən. İndiyə kimi təmasda olduğum universitet məzunlarını gözümün önünə gətirəndə, deyə bilərəm ki, real kadrla qarşılaşmamışam.
Mən İqtisadiyyat Universitetinin biznesin təşkili və idarəolunması ixtisası üzrə bakalavr pilləsində təhsil almışam. 4-cü kursda MBA haqqında fikirləşəndə İnternetdə axtarış etməyə başladım ki, sənədlərimi hara verim. Youtubda sahibkarların çıxışlarını gördüm və bir neçə sahibkar dostumla danışdım. Anladım ki, universitetin verdiyi təhsilin mənası yoxdur, vaxt itkisidir. Buna görə magistratura arzumdan əl çəkdim. Düzdür, bakalavr pilləsində diplom işimi yazdım, müdafiə etdim, amma diplomumu hələ də universitetdən götürməmişəm. Amma onu da deyim ki, sahibkar kimi formalaşandan sonra MBA təhsili almaq şəbəkələşmə və etdiyin işlərin daha sistemli olması baxımından faydalı ola bilər.
- Neçə yaşınızdan iş həyatına atıldınız?

- 16 yaşımdan işləməyə başlamışam. Çörək dükanında satıcı kimi anamın rəfiqəsinə kömək edirdim. Sonra təsadüfən bir seminarda iştirak etdim. Seminar jurnalistika ilə bağlı idi. Bu sahə mənə maraqlı gəldi. Uşaq verilişi üçün video-jurnalist işləməyə başladım, daha sonra montajı, operatorluğu, ssenari yazmağı öyrəndim. Ayaz Salayevlə tanış oldum, rejissorluqla bağlı ondan bir sıra bilgilər aldım. Yavaş-yavaş bu sahədə biliklərim yarandı. Sonra QHT sektorunda çalışdım, studiyalardan biri ilə veb-sayt hazırlayırdıq. Burada veb-sayt hazırlamağı öyrəndim.
- Sahibkar kimi neçə yaşınızda işə başladınız?

- Şirkət qurmağa başlayanda 23 yaşım var idi. Digital agentlikdən (rəqəmsal agentlik – L.M.) başladım. Yeni medianın öyrənilməsi ilə bağlı Amerika səfirliyinin layihəsi var idi. Ora getdim, şirkətlərin fəaliyyətinə baxdım, təcrübələrini öyrəndim. Nəyi necə etdiklərini başa düşdüm. Hiss etdim ki, internet üzərindən məhsulların yaranması sahəsində boşluq var. Digital agentliyi yaratdım. Hazırda ən böyük banklar, beynəlxalq strukturlarla işləyirik. Onlara saytların qurulması, inkişafı, mobil əlavələr, İnternet çərçivəsində brendin reklam kampaniyalarını aparmağı, veb-saytların auditoriyasının artırılmasını təklif edirik.
- Səhv etmirəmsə, bir neçə şirkət yaradıb rəhbərlik edirsiniz...

- Hazırda üç şirkətimiz var;
1. Prosper Digital Agency - websaytlar, sosial və mobil əlavələr, sosial və mobil oyunlar, internet PR, sosial media marketinqi sahəsində xidmət göstərir.
2. Prosper Cartoon Studio - animasiya və video sahəsində xidmət göstərir.
3. Prosper İT Services - şirkətləri gündəlik fəaliyyətində İT problemlərin olmaması üçün İT autsorsinq xidməti göstərir.
Hər bir şirkətin idarə olunması və inkişafı ilə məşğul olan partnyor və mütəxəssislərimiz var. Şirkətlər Prosper brendi altında fəaliyyət göstərir. Bu imkan yaradır ki, marketinq xərclərimizi optimallaşdıraq, büdcəmizi 3 brend deyil, bir brendin tanınmasına xərcləyək. Həmçinin brend müştərilərin inamını qazandığından, hər yeni sahədə fəaliyyətə başlayanda, artıq bizə inam yaranır və biznesimiz daha tez inkişaf edir.
- Sahibkar olmaq istəyən 18 yaşlı gənc gözləyir ki, ali məktəbi bitirdikdən sonra işləyib pul toplasın, bundan sonra iş qursun. Bu prosedurları keçməyə, sizcə, ehtiyac varmı?

- Bu gün başlamayacaqsansa, nə vaxt başlayacaqsan? Ailə sahibi olanda başa düşəcəksən ki, evə çörək aparmasa, evdəkilər ac qalacaqlar. Bu hadisə baş verəndən sonramı öz biznesinə başlamaq lazımdır? Məncə, yox. 18 yaş sahibkarlığa başlamaq üçün ən gözəl vaxtdır. İş qurmaq istəyirlərsə, yaşlarının üzərinə yaş gəlməsini gözləməsinlər. Özləri üçün dəyər yaratsınlar və dəyəri də ehtiyacı olan adamlara təklif etsinlər. Ya nəsə xidmət göstərsinlər, nəsə istehsal etsinlər. Onu da kiməsə satsınlar. Əgər tələbədirlərsə, sosial şəbəkələr üzərindən qazanc götürməyə başlaya bilərlər. İstənilən məhsul üçün bir səhifə açmaq və yavaş-yavaş işə başlamaq olar. Reklama pul xərcləyə və birinci satışlarını edə bilərlər. Məsələn, Sədərəyə gedib orada məhsulların şəkillərini çəkib səhifəyə yerləşdirə, sifariş olanda Sədərəkdən alıb müştəriyə vermək olar. Biznesə başlamağın birinci asan yolu budur.
İkinci yolu müxtəlif sərgilərə gedib oradakı şirkətlərlə danışa və onların nə satdıqlarını öyrənə və şirkətlə müştərilər arasında körpü yarada bilərlər. Satışı öyrənəndən sonra yaxşı təcrübə qazanacaq və quracaqları daha böyük işlərdə bu təcrübələri onlara kömək olacaq.
- Həm də gənclərin səhv etmək və bundan öyrənmək üstünlükləri də var... Yəni biznesə gec başlayanda səhv etmə üstünlüyü də azalır...

- Səhv etmək gözəl təcrübədir. Mənim ən böyük müəllimlərim universitet müəllimlərim deyil, ən pis müştərilərim olub. Onlar adamı çox gözəl öyrədirlər. İşində milyon dənə səhv axtarıb tapır, göstərir ki, sən bu işi bacarmırsan, get öyrən. Sən də gedib öyrənirsən və işinin keyfiyyəti artır. İşdə ətrafında pis adamlar varsa, onlardan da çox şey öyrənmək olur. Başa düşürsən ki, sənə necə yalan danışa, söz verib işini görməyə bilərlər. Bu, səni güclü edir. Bir yaxşı fikir var ki, uşaq yıxıla-yıxıla yeriməyə başlayır. O yıxılmasa, yeriməyi öyrənməyəcək.
- Yaxşı komandanı necə formalaşdırmaq olar?

- Məni çox adam aldadıb. Əvvəllər çox gülərüz idim, insanlara çox yaxşı münasibət göstərirdim. Sonra başa düşdüm ki, insanlar iki hissəyə bölünür; şəffaf, işini sevən və həyatında hansısa iz qoymaq istəyən insanlar, bir də fərsiz insanlar. Elə etməlisən ki, birinci tip insanlar gördükləri işdən həzz alsınlar. Amma ikinci tip insanları elə sıxmalısan ki, dəyişməli olduqlarını, ya da bu cəmiyyətdə yaşaya bilməyəcəklərini anlasınlar. Beləliklə, həyat sənə həm qəddarlığı, həm də gülərüzlüyü öyrədir. Başa düşürsən ki, hansı növ insanlarla necə münasibət qurmaq lazımdır. 100 nəfər sənə problem yaradandan sonra sən artıq insanları hiss edir, tanıyırsan. İkincisi, sistemi elə qurmaq lazımdır ki, insanlarda nəfs yaratmayasan.
- Belə başa düşdüm ki, sizin şirkətdə iş elə qurulub ki, işçilər şirkətin gəlirləri barədə məlumatlı olur.

- Bu məlumat hər bir işçiyə açıqdır və gəlirin əksər hissəsi şirkətə xərcləndiyindən insanlar işlərinin bəhrəsini görmüş olurlar. Bu, insanları motivasiya edən daha bir faktordur. İnsan öz işinin, komandasının işinin şirkətin inkişafına necə təsir etdiyini şəffaf olaraq görür.
- Eşitdiyimə görə, şirkətinizdə aqressiya stolu var. Hər ay bütün komanda oraya yığışıb bir-birinə istədiklərini deyirlər...

- Elədir. Leqallaşdırılmış aqressiya stolunda pərdəarxası söhbətlərə ehtiyac yoxdur. Biz ayda bir dəfə bu stolun ətrafına yığılırıq. Hamı ürəyindəkiləri digərinin birbaşa üzünə deyir. O da səhvini başa düşür və gələn dəfə etməyəcəyinə söz verir. Bu zaman insanların işinə maneə olan aqressiyaları da qalmır.
- Korporativ sosial məsuliyyət sizin şirkətiniz üçün keçərlidirmi?

- Bu gün komanda olaraq insanlara xidmət göstərməyimiz nəticəsində qazancımızın müəyyən hissəsini xeyriyyə işinə xərcləyir, cəmiyyətə qaytarırıq. Bu, vacibdir. Başa düşürsən ki, iqtisadiyyat onun üzərində qurulub. Elə qrup insanlar var ki, onların pulu yoxdur, məsələn, internatda yaşayan uşaqlar, təqaüd alan kimsəsiz yaşlılara kömək etmək şirkət olaraq borcumuzdur. Sən etməyəcəksənsə, kim edəcək?
- Qazancınızın neçə faizi korporativ sosial məsuliyyətin payına düşür?

- Keçən il gəlirimizin təxminən 60-70 faizini xərclədik. Bu il başa düşdük ki, belə etmək düzgün deyil. Çünki şirkətin inkişafı üçün hesabda pul az qalır, gərək düzgün xərcləyəsən. Bu il çox güman ki, sosial layihələrə gəlirimizin təxminən 40 faizini xərcləyəcəyik.
- Şirkətiniz mənfiyə getdiyi hallarda nə edirsiniz?

- 3 ildə 3 dəfə mənfiyə getmişik. Hər dəfə də səhvlərimizi görürük. İlk dəfə mənfi 8 minə endik, problemimizi həll edib, ziyanı aradan qaldırdıq. İkinci dəfə 16 min borc yarandı. Yenə problemləri araşdırdıq. Növbəti addımları fikirləşdik. Üçüncü dəfə isə 25 min ziyanımız oldu. Başa düşdük ki, yenə problem var və həll etməliyik. Bu devolivasiya olan vaxta təsadüf edirdi, müştərilərdə gecikdirmələr oldu, satışlar dayandı və s.
- Deməli, şirkətiniz mənfiyə gedəndə bütün işlərinizi atıb depressiyyaya düşməyi xoşlamırsınız...

- 30 dəqiqə depressiyada qalmaq olar. Amma ondan sonra işləməyə başlamalısan. Oturub yazıq sifət almaq, bir otağa qapanıb nə etmək barədə düşünmək, emosiyalara qapılmaq olar. Amma gərək özünə limit qoyasan. 30 dəqiqə ağlayıb-sızlayandan sonra işləməyə başlamalısan. Həyat davam edir.
- Vüqar bəy, sahibkarlıq sahəsində xeyli təcrübəniz var. Sahibkar olmaq istəyən insanlarda hansı xüsusiyyətlər cəmləşməlidir?

- İlk öncə gərək dürüst adam olasan. İkinci, sistemli düşünməlisən. Üçüncü, komandana düzgün insanları toplamağı, onları motivasiya etməyi, potensiallarını başa düşməyi və onları xoşbəxt etməyi bacarmalısan.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər