• çərşənbə axşamı, 19 mart, 08:41
  • Baku Bakı 8°C

“Əməkhaqqı aldığınız gün alış-veriş etməyin”

06.12.19 11:06 5076
“Əməkhaqqı aldığınız gün alış-veriş etməyin”
Fuad İsayev: "Zəruri olmayan xərcləri müəyyən etmək və düzgün qərarların verilməsilə xərclərə qənaət etmək də mümkündür”
"Davamlı istifadə etdiyiniz malların daha böyük həcmli olanlarını alın, əvvəlcədən alacaqlarınızın siyahısını tutun və bundan kənarlaşmamağa çalışın. Zəruri deyilsə, əməkhaqqı aldığınız gün alış-veriş etməyin. Tədqiqatlar göstərir ki, aylıq xərclənən pulun 40 faizinə yaxını əmək haqqı alınan həftə ərzində xərclənir. Bunu mütəxəssislər psixoloji hal kimi qiymətləndirirlər”.

Bu sözləri "Kaspi”yə müsahibəsində Mərkəzi Bankın iqtisadi təhlil departamentinin maliyyə sektoru və bazarların təhlili şöbəsinin rəisi Fuad İsayev bildirdi. Onunla büdcəmizə nəzarət mövzusunda söhbət etdik.

- Fuad bəy, şəxsi büdcəyə nəzarət mövzusu son vaxtlar çox müzakirə olunur. Maraqlıdır, şəxsi büdcəmizə necə nəzarət edə bilərik?
- Bəli, uzun müddətdir ki, ailə və şəxsi büdcənin təşkili və ondan səmərəli istifadə cəmiyyət üçün aktual çağırışa çevrilib. Ümumilikdə, büdcə müəyyən bir müddət üçün gəlir və xərcləri əhatə edən maliyyə planıdır. O, gələcək gəlir və xərcləri haqqında təsəvvür yaradır. Ailə büdcəsi üçün də bu belədir. Şəxsi büdcəyə nəzarət ilk növbədə planlaşmanı tələb edir. Qeyd edək ki, büdcənin gəlirlər və xərclər tərəfi var. Bu gəlir və xərclər pul ilə ifadə olunur və biz onu əmtəə və mallarla ifadə edə bilmərik. Pul isə bizim mal və xidmətlər müqabilində mütəmadi ödədiyimiz aktivimizdir. Bütün bunları ümumiləşdirsək, şəxsi büdcə üzərində effektiv nəzarət üçün onun düzgün planlaşdırılması vacibdir. Belə ki, ailə üçün gəlir və xərclərdən ibarət bir cədvəl tərtib edə bilərik. Ailənin aylıq gəlir və xərcləri bu cədvəlin müvafiq hissələrinə qeyd oluna bilər. Gəlir və xərclərin uçotunun aparılması, yəni yazılması, büdcənin səmərəli idarə edilməsinə və nəticədə qənaətə şərait yarada bilər.

- Şəxsi büdcəni nəzarətdə saxlamağa ehtiyac görməyənlər də var. Nəzarət etməyin üstünlüyü nədən ibarətdir?
- Ay ərzində əldə edilən gəlirlərin və xərclənən vəsaitlərin məcmusu aylıq büdcəmizi təşkil edir. Gəlir və xərclərin düzgün idarə edilməsi isə büdcə planlamasından asılıdır. Büdcə planlaşdırılan zaman diqqət edilməli bir neçə amil vardır. Bunlardan birincisi gəlirlərin (əməkhaqqının, pensiyanın, iqtisadi fəaliyyətdən, əmlakın icarəsindən və s. mənbələrdən əldə edilən gəlirlərin) əvvəlcədən müəyyənləşdirilməsi və düzgün təhlilidir. İkinci şərt isə xərcləri müəyyənləşdirmək, onları büdcəyə uyğunlaşdırmaq və ciddi nəzarətdə saxlamaqdan ibarətdir. Eyni zamanda zəruri olmayan xərcləri müəyyən etməklə və düzgün qərarların verilməsi yolu ilə xərclərə qənaət etmək də mümkündür. Təcrübədə xərcləri ciddi nəzarətdə saxlamaqla və düzgün təhlil etməklə gözlənilməyən xərclərin qarşılanmasına və ya qənaətə nail olmaq mümkündür.

Büdcəmizi planlaşdırmaqla biz aylıq xərclərimizi əyani olaraq görə, bu xərclər üzrə qənaət imkanları haqqında düşünə bilirik. Bilməliyik ki, büdcə planlaşdırılmırsa, gəlirlər lazımsız xərclərə yönəldilirsə, qənaət yoxdursa, ərzaq və qeyri-ərzaq məhsullarının alınmasında israfçılığa yol verilirsə, gəlir çox olsa belə, xərclərinin qarşısını almaq mümkün olmayacaq.

Hər ay ailə mütəmadi şəkildə öz gəlir və xərclərinin uçotun aparmaqla, büdcəni nəzarətdə saxlanmaqla yarana biləcək maddi problemlərin öhdəsindən gələ bilər və əsassız borclanmalara yol verməz.


- Aylıq gəliri yalnız əmək haqqından ibarət olan bir şəxsin xərcləri gəlirlərini üstələdiyi hallar da olur ki, bu zaman borc götürməklə problemi həll etməyə çalışırlar. Bu, onun büdcəsinə nə kimi zərər vurur?
- Pulun düzgün idarə edilməsi onu qazanmaq qədər vacibdir. Büdcənin düzgün idarə edilməsi o deməkdir ki, büdcə əsla tükənməməlidir. Büdcəmizin balanslı olmasının diqqətdə saxlanılmalıyıq. Yəni qazandığımızdan az xərcləməliyik ki, yığım da edə bilək. Necə etmək olar ki, büdcəmiz tükənməsin, pulumuz qurtarmasın? Bunun üçün xərclərimizi optimallaşdırmalıyıq. Büdcəmizi nələr tükədir? İsraf: yəni ehtiyacımızdan artıq istifadə etmək, ona tələb yaratmaq və onun üçün xərcləmələr. Planlaşdırılmamış xərclər: yəni əvvəlcədə belə bir xərcimizin yaranmasını proqnozlaşdıra bilmirik. Məsələn, tibbi xərclərimiz, korlanmış avadanlıqlar və ya əşyaların yenidən alınması, yaxud təmir xərcləri və s. Bunlar elə xərclərdir ki, biz bu hallar üçün yalnız ehtiyatlanmalıyıq. Yoxsa büdcəmiz tükənər, pulumuz qurtarar və borclanmaya zərurət yaranmış olacaq. Borc isə geri qaytarılmaq şərti ilə verilir və ya alınır. Yəni borc əlavə maliyyə öhdəliyi yaradır. Bu isə büdcəmizə yaranmış əlavə xərc olacaqdır.
Ümumiyyətlə, şəxsi büdcə gəlirlərin xərclərə görə bölüşdürülməsi üçün alimlərin tövsiyəsi belədir: Gəlirin 60 faizini əsas aylıq xərclər təşkil etməlidir. Yəni aylıq qida, geyim, təhsil, nəqliyyat xərcləri, kommunal ödənişlər və s. 10 faizini yığım üçün ayırmaq lazımdır. Digər 10 faizi maliyyə öhdəliklərinə ayırmaq lazımdır. Əyləncə və istirahətə də aylıq gəlirin 10 faizini xərcləmək olar. Yerdə qalan 10 faizi isə müxtəlif, gözlənilməyən xərclər üçün nəzərdə tutmalıyıq. Aydındır ki, borclanma zamanı yığım etmək mümkün olmayacaq, əyləncə və istirahət xərcləri azalacaq.

- Məsələyə bir də borc verən tərəfdən yanaşaq. Bəs aylıq maaşdan borc vermək şəxsi büdcə üçün nə deməkdir? Burda limit varmı?
- Ailə və ya şəxsi büdcə tələbatın ödənilməsinin əsas və başlıca mənbəyidir. İlk növbədə öz xərclərimiz qarşılanmalıdır. Əgər aylıq gəlir və xərclər düzgün idarə olunsa, onda pulun qənaəti hesabına bir çox istəkləri reallaşdırmaq, səyahətlərə çıxaq və s. mümkün olacaq. Yəni qənaət etməyimiz gələcəkdə rahat olmağımıza şərait yaradacaq. Qənaət edib pul yığa bilsək, bu iş yerinin itirilməsi, əsaslı təmir və xəstəlik kimi gözlənilməyən xərclərinizin ödənilməsinə, borca düşməməyə, ödəmə imkanının olmasına və hətta banka əmanət yerləşdirməklə əlavə qazanca təminat yarada bilər.

Təbii ki, əlimizdəki əlavə vəsaiti yaxınlarımıza borc kimi də verə bilərik. Bu zaman nəzərə almalıyıq ki, məsələn banka əmanət yerləşdirməklə əlavə qazanc əldə ediriksə, borc verdiyimiz zaman əlavə gəlirimiz olmayacaq. Borc verdiyimiz vəsaitin hansı müddətə geri qaytarılacağını da bilməliyik. Borc verdiyimiz şəxsin ödəniş qabiliyyətini də nəzərə almalıyıq. Biz borcu geri qaytarılması üçün veririk və gələcəkdə onda hansısa məqsədlər üçün istifadə edəcəyik. Borc verməkdəki limit o həddə olmalıdır ki, borc vermək yaşayış səviyyəmizin aşağı düşməsinə, gələcək planlarımızın pozulmasına səbəb olmasın.

Qeyd olunan bu şərtlərlə borc vermək büdcəmizə yük olmayacaq və təyin olunmuş müddətdə borcun bizə geri ödənilməsi müəyyən məbləğdə vəsaitin əlimizdə olmasına imkan yaradacaqdır. Bununla da biz müəyyən hədəflərimizə nail ola bilərik.


- Şəxsi büdcəyə nəzarət edilməsi ilə bağlı telefona yükləyib istifadə edə biləcəyimiz hansı proqramlar var?
- Mərkəzi Bank tərəfindən 2015-ci ildə əhali arasında aparılan maarifləndirmə işlərinin əhatəsini genişləndirmək məqsədilə istifadəyə verilmiş bizimpullar.az - "Maliyyə Savadlılığı” portalında (mobil versiyası da işləkdir) çoxsaylı maarifləndirici animasiyalar, öyrədici videoçarxlar, intellektual oyunlar və s. elektron resurslarla yanaşı, müvafiq kalkulyatorlar da yerləşdirilib. Bunlardan biri də "Büdcə kalkulyatoru”dur. İstifadəçi özünün aylıq gəlir və xərclərini müvafiq xanalarda qeyd etməklə öz büdcə planını qura və ona nəzarət edə bilər. Həmçinin, bu qəbildən olmaqla xeyli mobil tətbiqlər də mövcuddur. Əsas odur ki, şəxsi büdcəyə bu və ya digər üsullarla nəzarət edilsin.

Bu proqramlardan istifadə etməklə büdcə planlamasını formalaşdırmaq üçün öncə sabit gəlirinizi müvafiq xanalara daxil etməlisiniz. Gözlənilməz hallardan qaçmaq üçün isə sabit olmayan gəlirləri və ya əlavə gəlirləri büdcə hesablanmasına daxil etməyin. Xərc istiqamətlərinə isə (məsələn, aylıq qida, geyim, təhsil, nəqliyyat xərcləri kommunal ödənişlər və s.) bir-bir zəruri xərclər aylıq olaraq hesablanmalı və əlavə edilməlidir.

- Bu proqramların istifadəsi və ortaya çıxan nəticənin təhlilini necə aparmalıyıq?
- Əldə olunan nəticənin analizini gəldikdə isə qeyd etməliyəm ki, hansı sahəyə daha çox xərcləyiriksə, ilk növbədə o sahədə qənaətə etməyə çalışmalıyıq. Elə xərclər vardır ki, biz onlardan qənaət edə bilmirik. Belə ki, sığorta ödənişləri, uşaq bağçası və ya təhsil xərclərini azaltmaq mümkün deyil, lakin kommunal xidmətlər üçün ödənişi əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Məsələn, enerjiyə qənaət edən lampalardan istifadə edə, suyun, təbii qazın israf olunmasını önləyə bilərik.

- Daha hansı yollarla qənaət edə və ya əlavə gəlir mənbəyi yarada bilərik?
- Məsələn, geyim və kosmetik əşyaları endirim vaxtı almaqla, bazarlığı həftəlik (aylıq) böyük marketdən və ya yarmarkadan etməklə, alış-veriş zamanı optimal və rasional seçimlər etməklə, əlavə gəlir mənbələri yaratmaqla və öz bacarıqlarımızı səfərbər etməklə.

- Ümumiyyətlə, hansı xərclərin çox olması büdcə üçün daha zərərlidir? Bir qisim qidaya daha çox xərcləyir, bir qisim geyimə və s.
- Büdcə idarəolunması baxımından xərcləri zəruri və izafi olmaqla iki kateqoriyaya ayırmaq olar. Zəruri xərclər elədir ki, biz onları etməliyik. Zəruri xərclərdən sonra sıra əyləncə xərclərinə gəlir. Bu xərclər sırasına konsertlər, teatrlar, ailəvi axşam yeməkləri, tətillər və digər abunəlik xərclər daxil ola bilər. İnsanın əyləncələrə xərclədikləri vəsaitlər büdcənin çox hissəsini tutduğu üçün bu xərclərə diqqət etmək lazımdır. Bu kimi xərclər büdcə gəlirlərinin 10%-dən çoxunu təşkil etməməlidir.
İzafi xərclər isə ciddi ehtiyac olmadan etdiyimiz xərclərdir. İzafi xərclərin çox olması büdcə üçün daha zərərlidir. Düşünülmüş şəkildə, izafi olmayan xərclər büdcə idarəolunması üçün vacibdir. Rasional davranmalıyıq və zəruri xərcləri ilk növbədə, əgər vəsait qalarsa bəzi izafi xərcləri etməliyik.

A.Asimqızı

banner

Oxşar Xəbərlər