• cümə, 26 Aprel, 18:40
  • Baku Bakı 22°C

Əlvan şüşələr dünyası - Reportaj

28.04.18 09:45 3491
Əlvan şüşələr dünyası - Reportaj
Bakının ən qədim guşəsi olan İçərişəhər həm də şəhərimizin ən görməli yerlərindən biridir. Bu məkanda yerli sakinlərdən daha çox xarici vətəndaşlara rast gəlinir. Turistlər İçərişəhərin qədim küçələrini gəzərək mağazalara daxil olur, Azərbaycanın tarixini əks etdirən suvenirlərlə maraqlanırlar. İçərişəhərdə Qoşa qala qapılarından üzü yuxarı istiqamətdə gedərkən turistlərin diqqətinin bir məkana yönləndiyinin tez-tez şahidi olurdum. Bu mağaza kənardan xüsusi dekorasiya ilə hazırlanmış, içərisi al-əlvan rənglərlə boyanmış balaca bir butikdir. Üzərində rəngli boyalarla "G.A Art Butik əl işləri” yazılan mağazaya daxil olub turistlərin diqqətini çəkən əl işləri ilə biz də maraqlandıq.
Bizibutikin rəhbəri, istedadlı gənc rəssam Gülçin Aslanlı qarşılayaraq mağaza ilə yaxından tanış etdi. Öyrəndik ki, 5 aydır işləyən bu butik həm emalatxana, həm də mağaza kimi fəaliyyət göstərir. Bu mağazada rəssam şüşə qablar üzərində miniatür əsərlər çəkir. Əsərlər həm müasir, həm də keçmişi xatırladır.
Retro üslubu ilə müasirliyin sintezi
Məkana daxil olan hər bir şəxs bir növ 90-cı illəri xatırlayır. 90-cı illərin televizoru, maqnitofon, foto aparatları al-əlvan rənglərə boyanaraq yeni alınmış və müasir əşyalara bənzədilib. Rəssam bunları nəinki dekor kimi saxlayır, hətta onlardan istifadə də edir. Deyir ki, köhnə əşyaları boyayaraq onlara yenilik qatmaq və müasir dövrlə uyğunlaşdırmaq onun ən sevimli peşəsidir. Gülçin Aslanlı bildirir ki, bu məkan onun həm emalatxanası, həm də iş yeridir. Mağazada görünən hər xırda detal onun yaradıcılığının bir parçasıdır: "Bura mənim üçün doğmadır. Günümün çox hissəsini öz emalatxanamda keçirirəm. Onun üçün burada rahat ab-hava yaratmışam. Özümü burda rahat hiss edirəm. Məkanı dizayn edərkən gördüyünüz kimi, burda qara və solğun rənglərdən istifadə etmədim. İstədim ki, al-əlvan rənglər göz oxşasın və içəri daxil olan insanlara xoş ab-hava bəxş etsin. Ümumiyyətlə, boz və qara rəngləri sevmirəm. İnsan hansı rənglərdən istifadə edirsə, həmin rəng onun ruhuna oturur, əhval-ruhiyyəsinə təsir edir. Nəinki əhvalına, bəlkə də həmin an verəcəyi qərarına da təsirsiz ötüşmür. Al-əlvan rənglər isə insana müsbət bir aura ötürür. Bunu mağazadan içəri daxil olan insanların üzündə də görürəm”.

Butikin sahibi qeyd edir ki, əvvəllər bu əsərləri özü üçün işləyib yığırmış. Daha sonra qərar verib ki, onlar qapalı şəraitdə saxlanılmamalı və tamaşaçıya təqdim olunmalıdır. Bu zərurətdən İçərişəhərdə emalatxana kimi fəaliyyət göstərən "G.A Art butik” açmaq qərarına gəlib. "G.A” rəssamın adının baş hərifləridir. Rəssam bu adı brend şəklində işləyərək öz əl işlərinə də möhür olaraq vurub. İlk olaraq hobbi kimi naxış vurduğu qablar indi daha da təkmilləşərək böyük əsərlərə çevrilib. Onların üzərində xırda işləmələrdə tariximizi, bu günümüzü əks etdirir. Kiçik bir butikdən başlayan müsahibimiz tələbat olarsa, onun gələcəkdə xaricdə brend kimi məşhurlaşmasını istəyir.
Butikə daxil olan xaricilər üzərində milli ornamentlərin əks olunduğu şüşə qablar almağa üstünlük verirlər. İçərişəhərdə xalçaçılıq, milli suvenir mağazaları çoxluq təşkil etdiyi üçün əl işləri hazırlanan bu məkan daha çox diqqət çəkir. Mağazada daha çox milli ornamentlərlə işlənmiş armudu stəkanlara diqqət göstərilir. Onlardan nar, buta, Azərbaycan xalçalarının üzərində əks olunduğu fincanlara maraq yüksək dərəcədədir.
Türkiyənin "Paşabahçe” firmasının şüşə qablarına üstünlük verən müsahibim deyir ki, qab seçərkən də bu onun zövqünü oxşamalıdır: "Alacağım hər hansı şüşə qabı görəndə düşünürəm ki, onun üzərində nələri çəkə bilərəm. Adi sadə şüşə qabı əlimə aldıqda, onun üzərində nələrin daha cəlbedici görünəcəyini həmin an təsəvvür edirəm. Çəkdiyim əsərlər də gündəlik əhval-ruhiyyəmdən asılı olur. Siz buradakı qabların üzərindəki naxışlara baxanda, bilə bilərsiniz ki, onu işləyərkən hansı əhval-ruhiyyədə olmuşam”.
Qonağı olduğumuz butikdə əsərlərin qiymətləri ilə tanış olmağa çalışırıq. Aydın olur ki, bu məkanda müxtəlif təbəqə nümayəndələrinin imkanına uyğun hədiyyəlik əl işləri tapmaq mümkündür.

İçərişəhərə "gələn” Merlin Monro
Butikdə Merlin Monro ab-havası diqqətimizdən yayınmır. Belə ki, divarın bir hissəsi məhz onun portretləri, dünyaca məşhur ifaçını xatırladan boşqablar və onun siması əks olunan işləmələrlə doludur. Rəssam köhnə dövrün aktrisalarına marağının olduğunu vurğulayır. Deyir ki, ona zövq verən işləri görəndə, qəlbən rahatlıq tapır: "Rəssam var ki, nəyə tələbat varsa onu çəkir, ancaq məndə elə deyil. Daha çox ürəyimin səsinə qulaq asıram. Tələbata görə işləmirəm. Nə çəkirəmsə, onu da satışa çıxarıram. Daha çox zövqümü oxşamağa çalışıram, gördüyüm işin maliyyə tərəfi məni bir o qədər də maraqlandırmır. Çünki şüşə üzərində ürəyimcə bir əsər çəkərkən ondan aldığım zövqü heç nəyə dəyişmərəm. Gördüyüm işin mənəvi dəyəri daha önəmlidir”.
Əl işləri mağazasında şamdanlar, boşqablar, armudu stəkanlar, bakallar, güzgülər, tort və ləpə qabları üzərində xırda işləmələr göz oxşayır. Adətən əl işləri hazırlandıqda, qablaşdırma problemi olur. Diqqətimizi çəkən bu məsələ ilə bağlı rəssama bir neçə sual veririk. İstedadlı rəssam ona da bir çarə tapıb. Belə ki, o, qutuları boyayıb, onları dekorativ kağızlarla bəzəyib, eksklüziv qablar düzəldib. Gülçin xanım deyir ki, işin təqdimatı çox önəmlidir: "Ola bilər ki, işin çox gözəldir, amma onu elə bir qabda təqdim edərsən ki, o gözəlliyi verməz. Məsələn, mən burada dekorasiyaya, vitrinlərin düzülüşünə o qədər fikir vermişəm ki, qabların gözəlliyi itməsin. Mağazada olan cüzi bir səliqəsizlik işlərimə təsir edə bilər. Gələn müştərilərim əgər nəyisə alırsa, mütləq həmin hədiyyəni ödənişsiz, müştəriyə hədiyyə edərək qablaşdırıram. Rəssamlar kətanın üzərində, mən isə qabların, şüşələrin üzərində çalışıram. Bunun üçün bacardığım qədər həssas və səliqəli işləməliyəm. Şüşə ilə işləmək heç də asan deyil. Çünki şüşələr çox kaprizli olur”.

Şüşələrin üzərində tarix
Rəssamdan miniatür əsərlərə üstünlük verməsinin səbəblərini də soruşduq: "Miniatür əsərlər indi çox nadir hallarda işlənir. Miniatür həm vaxt aparır, həm də kiçik ölçülü olduğu üçün hər rəssam buna müraciət etmir. Misal üçün, mən armudu stəkanlarda heç vaxt kiminsə miniatür işlədiyini görməmişəm. Onu ilk dəfə özüm işlədim. Qarabağ atının üzərində Koroğlunu təsvir etmişəm. Hazırda daha böyük qablar üzərində işləməyə başlamışam. Hərdən kətanların üzərində də işləyirəm”.
Mağazada olan əl işlərinin içində barelyeflərə də rast gəlirik. Hər zaman fərqliliyə üstünlük verdiyini deyən rəssam barelyefin onun yaradıcılığında xüsusi bir yer tutduğunu və yeni ideyalar üzərində çalışmaqdan zövq aldığını deyir. Nəsiminin barelyefi isə mağazanın şah əsərlərindən hesab edilir.
Gülçin Aslanlı ilə biznes hədəflərindən də danışdıq: "Hər bir yeni biznesə başlayan xanım kimi, mənim də hədəflərim var. Əvvəl kiçik bir yerdən başlayaraq özümü sınamaq istədim. Ola bilər, gələcəkdə işlərim genişlənərsə, bu yeri emalatxana kimi saxlayıb artıq şəhərin müəyyən yerlərində Azərbaycanın brendi kimi "Made in Azərbaycan” adı altında daha böyük əsərlər üzərində işləyim. Hazırda daha çox öz üzərimdə çalışmaq istəyirəm. Öz sərgimi açmaq niyyətindəyəm. Əslində ötən il sərgim nümayiş olunmalı idi. Ancaq düşündüm ki, hələ hazır deyiləm. İstəyirəm ilk sərgimlə insanların qarşısına çıxanda, həqiqətən də əlimdə yaxşı işlərim olsun”.
Sənət müəlliminin özü olduğunu deyən Gülçin Aslanlı əlavə edir ki, insan istəyərsə, hər şeyə qadir ola bilə: "Turizmi ixtisasını bitirmişəm, təhsilimi Ukraynada almışam. Rəssamlıq təhsilim yoxdur və rəssamlığı heç kimdən öyrənməmişəm. Müəllimim özüm və ideyalarım olub. Müxtəlif rəssamların sərgilərində iştirak etmişəm. Orada müxtəlif əsərlərlə tanış olmuşam. Hər gördüyüm əsərdən nələrisə öyrənmişəm. Mən gördükcə öyrənmişəm. Bu sahəyə böyük marağım var. Əgər içimdə o istək varsa, təhsil bir o qədər də önəm daşımır. Universitetdə də müəllim onu sənə öyrədə bilər, sən öz üzərində işləyə-işləyə də öyrənə bilərsən. Məncə, praktikada öyrənmək daha yaxşıdır. Praktika mənim üçün daha önəmlidir”.

Gülçin xanıma gələcəklə bağlı hədəfləri haqda sual verdik. Qarşısına böyük məqsədlər qoyan rəssam dünyaca məşhur vitraj rəssamı olmaq, xarici ölkələrdə sərgilərinin keçirilməsini istəyir: "İncəsənət adamları dünyasını dəyişəndən sonra tanınırlar. Amma mənim ən böyük arzum həyatda ola-ola bunu görməkdir. İnsan qarşısına nə məqsəd qoysa, ona da çatar. Mən də bir gün bu arzuma çatacam”.
Xəyalə Rəis






banner

Oxşar Xəbərlər