Əlvan şüşələr dünyası - Reportaj
Bakının
ən qədim guşəsi olan İçərişəhər həm də şəhərimizin ən görməli yerlərindən
biridir. Bu məkanda yerli sakinlərdən daha çox xarici vətəndaşlara rast
gəlinir. Turistlər İçərişəhərin qədim küçələrini gəzərək mağazalara daxil olur,
Azərbaycanın tarixini əks etdirən suvenirlərlə maraqlanırlar. İçərişəhərdə Qoşa
qala qapılarından üzü yuxarı istiqamətdə gedərkən turistlərin diqqətinin bir
məkana yönləndiyinin tez-tez şahidi olurdum. Bu mağaza kənardan xüsusi
dekorasiya ilə hazırlanmış, içərisi al-əlvan rənglərlə boyanmış balaca bir
butikdir. Üzərində rəngli boyalarla "G.A Art Butik əl işləri” yazılan mağazaya
daxil olub turistlərin diqqətini çəkən əl işləri ilə biz də maraqlandıq.
Bizibutikin rəhbəri, istedadlı gənc rəssam Gülçin Aslanlı qarşılayaraq mağaza ilə
yaxından tanış etdi. Öyrəndik ki, 5 aydır işləyən bu butik həm emalatxana, həm
də mağaza kimi fəaliyyət göstərir. Bu mağazada rəssam şüşə qablar üzərində
miniatür əsərlər çəkir. Əsərlər həm müasir, həm də keçmişi xatırladır.
Retro üslubu ilə
müasirliyin sintezi
Məkana
daxil olan hər bir şəxs bir növ 90-cı illəri xatırlayır. 90-cı illərin
televizoru, maqnitofon, foto aparatları al-əlvan rənglərə boyanaraq yeni
alınmış və müasir əşyalara bənzədilib. Rəssam bunları nəinki dekor kimi
saxlayır, hətta onlardan istifadə də edir. Deyir ki, köhnə əşyaları boyayaraq
onlara yenilik qatmaq və müasir dövrlə uyğunlaşdırmaq onun ən sevimli
peşəsidir. Gülçin Aslanlı bildirir ki,
bu məkan onun həm emalatxanası, həm də iş yeridir. Mağazada görünən hər xırda
detal onun yaradıcılığının bir parçasıdır: "Bura mənim üçün doğmadır. Günümün
çox hissəsini öz emalatxanamda keçirirəm. Onun üçün burada rahat ab-hava yaratmışam.
Özümü burda rahat hiss edirəm. Məkanı dizayn edərkən gördüyünüz kimi, burda
qara və solğun rənglərdən istifadə etmədim. İstədim ki, al-əlvan rənglər göz
oxşasın və içəri daxil olan insanlara xoş ab-hava bəxş etsin. Ümumiyyətlə, boz
və qara rəngləri sevmirəm. İnsan hansı rənglərdən istifadə edirsə, həmin rəng
onun ruhuna oturur, əhval-ruhiyyəsinə təsir edir. Nəinki əhvalına, bəlkə də
həmin an verəcəyi qərarına da təsirsiz ötüşmür. Al-əlvan rənglər isə insana
müsbət bir aura ötürür. Bunu mağazadan içəri daxil olan insanların üzündə də
görürəm”.
Butikin
sahibi qeyd edir ki, əvvəllər bu əsərləri özü üçün işləyib yığırmış. Daha sonra
qərar verib ki, onlar qapalı şəraitdə saxlanılmamalı və tamaşaçıya təqdim
olunmalıdır. Bu zərurətdən İçərişəhərdə emalatxana kimi fəaliyyət göstərən "G.A
Art butik” açmaq qərarına gəlib. "G.A” rəssamın adının baş hərifləridir. Rəssam
bu adı brend şəklində işləyərək öz əl işlərinə də möhür olaraq vurub. İlk
olaraq hobbi kimi naxış vurduğu qablar indi daha da təkmilləşərək böyük
əsərlərə çevrilib. Onların üzərində xırda işləmələrdə tariximizi, bu günümüzü
əks etdirir. Kiçik bir butikdən başlayan müsahibimiz tələbat olarsa, onun gələcəkdə
xaricdə brend kimi məşhurlaşmasını istəyir.
Butikə
daxil olan xaricilər üzərində milli ornamentlərin əks olunduğu şüşə qablar
almağa üstünlük verirlər. İçərişəhərdə xalçaçılıq, milli suvenir mağazaları çoxluq
təşkil etdiyi üçün əl işləri hazırlanan bu məkan daha çox diqqət çəkir. Mağazada
daha çox milli ornamentlərlə işlənmiş armudu stəkanlara diqqət göstərilir.
Onlardan nar, buta, Azərbaycan xalçalarının üzərində əks olunduğu fincanlara
maraq yüksək dərəcədədir.
Türkiyənin
"Paşabahçe” firmasının şüşə qablarına üstünlük verən müsahibim deyir ki, qab
seçərkən də bu onun zövqünü oxşamalıdır: "Alacağım hər hansı şüşə qabı görəndə
düşünürəm ki, onun üzərində nələri çəkə bilərəm. Adi sadə şüşə qabı əlimə
aldıqda, onun üzərində nələrin daha cəlbedici görünəcəyini həmin an təsəvvür
edirəm. Çəkdiyim əsərlər də gündəlik əhval-ruhiyyəmdən asılı olur. Siz buradakı
qabların üzərindəki naxışlara baxanda, bilə bilərsiniz ki, onu işləyərkən hansı
əhval-ruhiyyədə olmuşam”.
Qonağı
olduğumuz butikdə əsərlərin qiymətləri ilə tanış olmağa çalışırıq. Aydın olur
ki, bu məkanda müxtəlif təbəqə nümayəndələrinin imkanına uyğun hədiyyəlik əl
işləri tapmaq mümkündür.
İçərişəhərə "gələn”
Merlin Monro
Butikdə
Merlin Monro ab-havası diqqətimizdən yayınmır. Belə ki, divarın bir hissəsi
məhz onun portretləri, dünyaca məşhur ifaçını xatırladan boşqablar və onun
siması əks olunan işləmələrlə doludur. Rəssam köhnə dövrün aktrisalarına
marağının olduğunu vurğulayır. Deyir ki, ona zövq verən işləri görəndə, qəlbən
rahatlıq tapır: "Rəssam var ki, nəyə tələbat varsa onu çəkir, ancaq məndə elə
deyil. Daha çox ürəyimin səsinə qulaq asıram. Tələbata görə işləmirəm. Nə
çəkirəmsə, onu da satışa çıxarıram. Daha çox zövqümü oxşamağa çalışıram, gördüyüm
işin maliyyə tərəfi məni bir o qədər də maraqlandırmır. Çünki şüşə üzərində ürəyimcə
bir əsər çəkərkən ondan aldığım zövqü heç nəyə dəyişmərəm. Gördüyüm işin mənəvi
dəyəri daha önəmlidir”.
Əl
işləri mağazasında şamdanlar, boşqablar, armudu stəkanlar, bakallar, güzgülər,
tort və ləpə qabları üzərində xırda işləmələr göz oxşayır. Adətən əl işləri hazırlandıqda,
qablaşdırma problemi olur. Diqqətimizi çəkən bu məsələ ilə bağlı rəssama bir
neçə sual veririk. İstedadlı rəssam ona da bir çarə tapıb. Belə ki, o, qutuları
boyayıb, onları dekorativ kağızlarla bəzəyib, eksklüziv qablar düzəldib. Gülçin
xanım deyir ki, işin təqdimatı çox önəmlidir: "Ola bilər ki, işin çox gözəldir,
amma onu elə bir qabda təqdim edərsən ki, o gözəlliyi verməz. Məsələn, mən
burada dekorasiyaya, vitrinlərin düzülüşünə o qədər fikir vermişəm ki, qabların
gözəlliyi itməsin. Mağazada olan cüzi bir səliqəsizlik işlərimə təsir edə bilər.
Gələn müştərilərim əgər nəyisə alırsa, mütləq həmin hədiyyəni ödənişsiz,
müştəriyə hədiyyə edərək qablaşdırıram. Rəssamlar kətanın üzərində, mən isə
qabların, şüşələrin üzərində çalışıram. Bunun üçün bacardığım qədər həssas və
səliqəli işləməliyəm. Şüşə ilə işləmək heç də asan deyil. Çünki şüşələr çox
kaprizli olur”.
Şüşələrin
üzərində tarix
Rəssamdan
miniatür əsərlərə üstünlük verməsinin səbəblərini də soruşduq: "Miniatür
əsərlər indi çox nadir hallarda işlənir. Miniatür həm vaxt aparır, həm də kiçik
ölçülü olduğu üçün hər rəssam buna müraciət etmir. Misal üçün, mən armudu
stəkanlarda heç vaxt kiminsə miniatür işlədiyini görməmişəm. Onu ilk dəfə özüm
işlədim. Qarabağ atının üzərində Koroğlunu təsvir etmişəm. Hazırda daha böyük
qablar üzərində işləməyə başlamışam. Hərdən kətanların üzərində də işləyirəm”.
Mağazada
olan əl işlərinin içində barelyeflərə də rast gəlirik. Hər zaman fərqliliyə üstünlük
verdiyini deyən rəssam barelyefin onun yaradıcılığında xüsusi bir yer tutduğunu
və yeni ideyalar üzərində çalışmaqdan zövq aldığını deyir. Nəsiminin barelyefi
isə mağazanın şah əsərlərindən hesab edilir.
Gülçin
Aslanlı ilə biznes hədəflərindən də danışdıq: "Hər bir yeni biznesə başlayan
xanım kimi, mənim də hədəflərim var. Əvvəl kiçik bir yerdən başlayaraq özümü
sınamaq istədim. Ola bilər, gələcəkdə işlərim genişlənərsə, bu yeri emalatxana
kimi saxlayıb artıq şəhərin müəyyən yerlərində Azərbaycanın brendi kimi "Made in
Azərbaycan” adı altında daha böyük əsərlər üzərində işləyim. Hazırda daha çox
öz üzərimdə çalışmaq istəyirəm. Öz sərgimi açmaq niyyətindəyəm. Əslində ötən il
sərgim nümayiş olunmalı idi. Ancaq düşündüm ki, hələ hazır deyiləm. İstəyirəm
ilk sərgimlə insanların qarşısına çıxanda, həqiqətən də əlimdə yaxşı işlərim
olsun”.
Sənət
müəlliminin özü olduğunu deyən Gülçin Aslanlı əlavə edir ki, insan istəyərsə,
hər şeyə qadir ola bilə: "Turizmi ixtisasını bitirmişəm, təhsilimi Ukraynada
almışam. Rəssamlıq təhsilim yoxdur və rəssamlığı heç kimdən öyrənməmişəm. Müəllimim
özüm və ideyalarım olub. Müxtəlif rəssamların sərgilərində iştirak etmişəm. Orada
müxtəlif əsərlərlə tanış olmuşam. Hər gördüyüm əsərdən nələrisə öyrənmişəm. Mən
gördükcə öyrənmişəm. Bu sahəyə böyük marağım var. Əgər içimdə o istək varsa,
təhsil bir o qədər də önəm daşımır. Universitetdə də müəllim onu sənə öyrədə
bilər, sən öz üzərində işləyə-işləyə də öyrənə bilərsən. Məncə, praktikada
öyrənmək daha yaxşıdır. Praktika mənim üçün daha önəmlidir”.
Gülçin
xanıma gələcəklə bağlı hədəfləri haqda sual verdik. Qarşısına böyük məqsədlər
qoyan rəssam dünyaca məşhur vitraj rəssamı olmaq, xarici ölkələrdə sərgilərinin
keçirilməsini istəyir: "İncəsənət adamları dünyasını dəyişəndən sonra
tanınırlar. Amma mənim ən böyük arzum həyatda ola-ola bunu görməkdir. İnsan
qarşısına nə məqsəd qoysa, ona da çatar. Mən də bir gün bu arzuma çatacam”.
Xəyalə
Rəis