• çərşənbə axşamı, 19 mart, 11:40
  • Baku Bakı 8°C

Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi

22.08.19 12:22 9160
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi
Azərbaycan müstəqillik əldə edərkən kənar qüvvələr, qonşu və uzaq dövlətlər, burada geosiyasi, geoiqtisadi, hərbi strateji maraqları olan dairələr üçün kifayət qədər maraqlı obyekt idi və hamı burada özünün koloniyasını yaratmaq istəyirdi.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunan tədbirdə deyib.
Ə.Həsənov bildirib ki, Şeyx həzrətləri Azərbaycanın dini-mənəvi həyatında özünəməxsus nümunələr yaradıb: "O nümunələrdən biri Azərbaycanda bugünkü islam modelidir. İslam dininin normaları var ki, onlara toxunmaq, pozmaq olmaz və bu normalar olduğu kimi tətbiq olunmalıdır”.
Prezidentin köməkçisi vurğulayıb ki, Hacı Allahşükür Paşazadədən danışanda onun şeyxülislamlıq fəaliyyətinin mövcud nəticələrinə dəyər verilməlidir: "Azərbaycan müstəqillik əldə edərkən Şeyxülislam ümummilli lider Heydər Əliyevin yürütdüyü müstəqil dövlətçilik siyasətinə dəstək verərək milli-mənəvi birlik modelini ortaya qoydu, onun əsas mexanizmlərini və dövlətin maraqlarına uyğun metod və vasitələrini işləyib hazırladı, bu modeli kənar təsirlərdən qorudu. Şeyxülislamlıq fəaliyyətinin müstəqillik dövründəki əsas yekunu budur. Bu gün Azərbaycanın dini adət-ənənələri, inanclı insanların davranış normaları, islami tələblərin yerinə yetirilməsi bizim milli modelimizə tam uyğundur ki, onun da təməlində məhz Şeyxülislam Hacı Allahşükür Paşazadə dayanır”.
banner

Oxşar Xəbərlər