• cümə, 19 Aprel, 07:05
  • Baku Bakı 13°C

Əli Həsənov: "Bəzi “generallar” milli təhlükəsizlik orqanlarının imicinə ağır zərbə vurdular" - Fotolar

03.05.17 12:20 1445
Əli Həsənov: "Bəzi “generallar” milli təhlükəsizlik orqanlarının imicinə ağır zərbə vurdular" - Fotolar
Bakıda "Heydər Əliyev – dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib ki, Heydər Əliyev həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətdə keçirib.
"Ona görə də belə bir tədbirin keçirilməsi təsadüfi deyil. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xüsusi xidmət orqanlarının inkişafını xüsusi diqqət mərkəzində saxlayıb, bu orqanların formalaşmasına böyük önəm verib. Heydər Əliyev sovet vaxtı hakimiyyətdə olduğu dövrdə təhlükəsizlik orqanlarda milliləşmə siyasəti apararaq Azərbaycan üçün milli kadrların hazırlanmasına xüsusi diqqət yetirib. Heydər Əliyev torpaqlarımızın Ermənistana verilməsinin qarşısını alaraq rəsmi tədbirlərdə milli dilimizin istifadəsinə geniş şərait yaradıb. Sovet vaxtı Heydər Əliyev milli ideyalara görə çox saylı ziyalıları təqib və həbsdən xilas edib”, - deyə DTX rəisi vurğulayıb.
M. Quliyev qeyd edib ki, Heydər Əliyevin təhlükəsizlik orqanlarında əməliyyat təcrübəsi bu gün də öyrənilir və şəxsi heyətə aşılanır: "Ulu öndər yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanı parçalanmadan, məhv olma təhlükəsindən xilas etdi".
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisiƏli Həsənovçıxışında bildirib ki, ümummilli lider Heydər Əliyev 14 ildir, aramızda olmasa da, onun ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik məktəbi, ulu öndərin şah əsəri olan, uğrunda mübarizə apardığı, ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan xilas etdiyi müstəqil və demokratik Azərbaycan inkişaf edir, yeni uğurlar qazanır, Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır.
"Ümummilli lider öz gərgin və mənalı siyasi həyatı boyunca bir çox ilklərə imza atmışdır. Təbii ki, bu ilklərin ən əsası təməlini qoyduğu, qurucusu olduğu müstəqil dövlətimizdir. Azərbaycan dövlət müstəqilliyini rəsmən 1991-c il oktyabrında bərpa etsə də, əslində bu müstəqilliyə gedən yolun təməli ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1970-cu illərdə qoyulmuşdu. Məhz o illərdə Azərbaycan dotasiya ilə yaşayan müttəfiq respublikadan özünü tam təmin edə bilən qabaqcıl respublikaya çevrilmiş, ölkənin iqtisadi suverenliyinə zəmin yaradılmış, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi həyata keçirilib, dənizdə neft hasilatı genişləndirilib, müasir elektron cihazlar, soyuducular, kondisionerlər istehsalı, eyni zamanda iri xalçaçılıq, alüminium kombinatları istifadəyə verilmiş, elektrik enerjisinin yeni istehsal gücləri yaradılıb.
Ölkə ərazisində çoxlu sayda neft ayrıma, kimya sənayesi, pambıqtəmizləmə, şərab emalı zavodları istifadəyə verilmiş və beləliklə, Azərbaycan metropoliyanın xammal əlavəsi olmaqdan qurtularaq xammaldan son məhsul istehsalınadək bütöv istehsal zəncirinə malik respublikaya çevrilmişdir. Müxtəlif bölgələrdə inşa edilmiş yenihavalimanları, nəqliyyat qovşaqları bu gün də xalqımıza xidmət edir. Azərbaycanın region və dünyanın nəqliyyat mərkəzlərindən birinə çevrilməsində o illərdə qurulmuş nəqliyyat şəbəkəsinin də rolu var.
Ümummilli liderin sovet dövründə ən böyük təşəbbüslərindən biri dövlət aparatının milliləşdirilməsi, Azərbaycanın yeni idarəçi kadrlarının, eyni zamanda elm, mədəniyyət və ədəbiyyat xadimlərinin bütöv bir nəslinin yetişməsi himayə edilməsi olmuşdur. 1970-80-ci illərdə Azərbaycanda ali məktəblərin və onların fakültə və ixtisaslarının sayı artıb, eləcə də Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə gənc Rusiya və Ukraynanın ali məktəblərində təhsil almağa göndərilib. Məhz Heydər Əliyevin respublikanı idarə etdiyi 1970-80-ci illərdə azərbaycanlı hərbçi kadrların yetişdirilməsinə xüsusi diqqət ayrılıb, Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ilə sovet ordusu sıralarında azərbaycanlı zabitlərin çəkisi artıb ki, həmin zabitlər sonradan milli ordu quruculuğunda mühüm rol oynayıblar.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosuna üzv seçildikdən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunduqdan sonrakı dövrdə Heydər Əliyev fenomeni ümumittifaq miqyasında etiraf olundu. O, həmin dövrdə ən ağır, böyük təcrübə, peşəkarlıq və xüsusi istedad tələb edən sahələrin inkişafına əhəmiyyətli töhfələr verməklə əsl rəhbər xüsusiyyətlərini nümayiş etdirdi. Bununla yanaşı, qəlbi Azərbaycanla, Vətənlə döyünən Heydər Əliyev həm də öz xalqına bağlılıq, onun maraqlarına xidmət nümunəsini yaratdı. SSRİ rəhbərliyində təmsil olunduğu 1982-1987-ci illərdə Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan ardıcıl inkişafını davam etdirdi, respublikanın sosial-iqtisadi həyatı yeni nəfəs aldı, təhsil, səhiyyə və digər sahələrdə ciddi irəliləyiş müşahidə olundu, milli kadr potensialının formalaşdırılması məsələsinə xüsusi önəm verildi. Heydər Əliyevin Vətənə və xalqına xidmət nümunəsi bu gün hər birimiz, xüsusilə gənc nəsil üçün əsl nümunə hesab olunur.
Ümummilli lider həm də Azərbaycanda əsl vətəndaşlıq, əsl siyasətçi, əsl dövlət xadimi nümunələrini bizə miras qoymuşdur. Onun xarizmatik liderliyi, möhkəm iradəsi, siyasi uzaqgörənliyi, idarəçilik istedadı, dövlətə rəhbərlik bacarığı, qlobal düşüncə tərzi Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda apardığı mübarizə dövründə - 1990-cı illərin əvvəllərində daha qabarıq tərzdə üzə çıxmışdır. Xalqımızın ciddi və taleyüklü problemlər qarşısında dayandığı həmin dövrdə Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinin, milli birliyinin qorunub saxlanılmasında misilsiz tarixi xidmətlər göstərmiş, xalqı məhv olmaq təhlükəsindən xilas etmək missiyası həyata keçirmişdir.

Ümummilli liderin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də odur ki, siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmuş, əvvəllər çar "oxranka”sının, daha sonralar isə 20-30-cu illər sovet FK və NKVD-sinin azərbaycanlıların yaddaşında həkk etdirdiyi antimilli cəza aparatı obrazını tədricən, praktiki addımlarla dağıdaraq təhlükəsizlik orqanlarını xalqı, milləti qoruyan və onun öz nümayəndələrindən təşəkkül tapan bir sistemə çevirmiş, əsl milli təhlükəsizlik sistemi nümunəsi yaratmışdır. Heydər Əliyev Azərbaycan təhlükəsizlik idarəsinə rəhbər gələrkən burda çalışanlar arasında titul xalqın nümayəndələrinin - azərbaycanlıların sayı bir əlin barmaqları ilə sayıla biləcək qədər az idi. Biz əlbəttə ki, bu sistemdə çalışmış və Azərbaycana xidmət etmiş qeyri-azərbaycanlı kadrların əməyini inkar etmirik, əksinə onların xidmətləri qarşısında öz minnətdarlıq borcumuzu ifadə edirik. Lakin sirr deyil ki, təhlükəsizlik sisteminin ictimai şüurda mənfi, azərbaycanlılara qarşı repressiya aparatı obrazının yaranması tələffüzü belə çətin familiya daşıyıcılarının 30-40-cı illərdəki fəaliyyətinin nəticəsi idi.
Heydər Əliyevin gəlişi ilə təhlükəsizlik sistemi milliləşdi, savadlı, peşəkar milli kadrlar irəli çəkildi, təhlükəsizlik xidməti milləti təhlükələrdən qoruyan, xalqın yetişməkdə olan milli-mədəni elitasını himayə edən bir orqan oldu. Heydər Əliyevin təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi 60-cı illərdə və respublikaya rəhbərlik etdiyi 70-80-ci illərdə milli azadlıq mübarizəsinin müjdəçisi sayılan elmi və bədii əsərlər yazılmış, çap edilmiş, filmlər çəkilmişdir. Lakin bu əsərlərin müəllifləri digər sovet respublikalarındakı həmkarlarından fərqli olaraq dissident kimi təqib olunmamış və ya sürgün edilməmişlər. Əksinə onların yaradıcılığı təbliğ edilmiş, respublikanın və Sovet İttifaqının ali mükafatlarına təqdim olunmuşlar. Bu gün qəribə görünsə də, "samizdat” yolu ilə çap olunan ədiblərin, gizli səsyazma studiyalarında əsərlərini çoxaldan bəstəkarların, rəsmi sovet diktovkalarını aşan alimlərin sonradan ali mükafatlar alması, yaradıcı qurumlarda, tədqiqat, təhsil müəssisələrində və ya digər sahələrdə irəli çəkilməsi o zaman tez-tez rast gəlinən hal idi. Beləliklə, təhlükəsizlik orqanları müstəqilliyimizin qazanılıb qorunmasında töhfələri olan şəxslərin - milli mədəni-siyasi elitanın formalaşdırılıb qorunmasında, onların fəaliyyətinin məqsədəmüvafiq məcraya yönəlməsində müstəsna rol oynamışdır. Bu, ilk növbədə Heydər Əliyevin bir zamanlar cəza aparatı kimi tanınan sistemin milli maraqlara uyğun transformasiyası naminə titanik əməyinin nəticəsidir.
Bu gün onu da qeyd etməyə məcburam ki, bir neçə il bundan qabaq sizin sıralarınızda əyləşmiş bəzi "generallar” ümummilli liderin bu gözəl ənənəsini və nümunəsini yaşatmaq, davam etdirmək əvəzinə, öz naqis əməlləri ilə Azərbaycan milli təhlükəsizlik orqanlarının imicinə xüsusi hazırlanmış anti-Azərbaycan qüvvələrin vura bilməyəcəyi ağır zərbə vurdular. Bilirsinizmi bu, niyə belə oldu? Çünki belələrinin qəlbində ümummilli liderə xas olan nə əsl peşəkarlıq, nə əsl ziyalılıq var idi, nə də ki onların intellekti və mənəvi ailəmi belə bir orqanın generalı olmaq üçün yetərli deyildi. Heydər Əliyev fəhlə ailəsində doğulub SSRİ təhlükəsizlik orqanlarının elitasının zirvəsinə yüksələn bir general idi və tam şəkildə millətinə, xalqına və dövlətinə bağlıydı. Amma Azərbaycanın təhlükəsizlik sistemini gözdən salan bəzi sizin keçmiş sələfləriniz ziyalı ailələrində dünyaya gəlsələrsə də, nə peşəkar çekistə çevrilə, nə də milli ziyalıların sırasına qoşula bilmədilər.
Burdakı digər çıxışlarda ümummilli liderin həyata keçirdiyi əməliyyatlar, kadr hazırlığı, təhlükəsizlik orqanlarının hüquqi bazasının yaradılması sahəsində xidmətləri haqda geniş bəhs ediləcək. Mən bu təfərrüatlara varmadan qısaca olaraq xatırlatmaq istərdim ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğıyla yanaşmış, bu qurumların texniki təchizatının təmin edilməsi, sovet dövründə formalaşmış peşəkar kadrların qorunması ilə yanaşı, həm də yeni gənc personalın yetişdirilməsi məsələsi də daim onun diqqət mərkəzində olmuşdur. Qeyd edildiyi kimi, ümummilli liderin fərmanı ilə 1998-ci ildə Milli Təhlükəsizlik Akademiyası təsis edilib.
Ümummilli liderin yürütdüyü siyasət Azərbaycan prezidentiİlham Əliyevhakimiyyətə gəldikdən sonra yeni tələblər uyğun şəkildə və müvəffəqiyyətlə davam etdirilib. Cənab Prezidentin göstərişi ilə ölkənin milli təhlükəsizlik konsepsiyası hazırlanaraq qəbul edilmişdir. Konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, Konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi məqsədi ilə hazırlanmışdır və təhlükəsizlik sisteminin XXI əsrin çağırışlarına cavab verəcək səviyyədə inkişaf etdirilməsini nəzərdə tutmuşdur. Bu istiqamətdə lazımi hüquqi baza yaradılmış, texniki təchizat və kadr hazırlığı işi yeni tələblərə uyğun qurulub. Təhlükəsizlik sistemində dövrün tələblərinə uyğun islahatlar aparılması və personalın sağlamlaşdırılması da xüsusi olaraq ölkə rəhbərliyinin diqqətindədir.
Cənab prezidentin qeyd etdiyi kimi, tarixdə heç vaxt Azərbaycan indiki qədər güclü, indiki qədər azad və müstəqil olmayıb.

Ölkəmiz özünün inkişaf strategiyasının yeni mərhələsinə – postneft dövrünə daxil olub. İndi Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatların əsas hədəfi çevik, operativ və effektli idarəçilik sistemi yaradaraq, mövcud daxili imkanlardan daha səmərəli və hərtərəfli istifadə etməklə respublikanın sosial-iqtisadi inkişafını davam etdirmək, Azərbaycanın dünya birliyində tutduğu öncül mövqelərini daha da möhkəmləndirmək və əhalinin artan maddi-mənəvi tələbatını gələcəkdə də dolğun şəkildə təmin etməkdən ibarətdir. Bu hədəflərə çatmaq üçün xalq- iqtidar birliyinin, sosial və siyasi sabitliyin qorunması çox vacib vəzifələrdəndir və əlbəttə ki, həmin vəzifələrin icrasında təhlükəsizlik xidməti əməkdaşlarının da xüsusi rolu var. Əminik ki, Heydər Əliyevin şah əsəri olan Azərbaycan dövlətçiliyinin qorunması və yeni hədəflərə doğru uğurlu inkişafı naminə milli təhlükəsizlik xidməti öz vəzifə və öhdəliklərini bundan sonra da layiqincə yerinə yetirəcək".
Tədbir çıxışlarla davam edib.









banner

Oxşar Xəbərlər