• çərşənbə axşamı, 19 mart, 15:09
  • Baku Bakı 8°C

Elə bir evlilik təklifi etdim ki...

17.01.17 16:04 2840
Elə bir evlilik təklifi etdim ki...

Günəşin batmağını izləmək keçirdi könlümdən. Günəşi haradan tapacaqdım ki, bu yağışda. Yenə də bir istək, bir ümid var idi içimdə. İstəyimi rədd edə bilməzdim, axı. Acı çəkərdim yoxsa... Günəşin məndən qaçıb gizlənməsini, o sonluğu izləməyim belə xəyal idi. Göyün nəriltisi için-için titrədirdi məni. Get-gedə zil qaranlıq çökürdü ətrafa. "Sanki biri gələcək, məni hər şeydən xilas edəcək” kimi hiss bürümüşdü düşüncəmi. İldırım çaxarkən ətrafımı bir saniyəlik də olsa, görə bilirdim. Bu mən idimmi? İldırımdan, göy gurultusundan 3 yaşlı uşaq kimi qorxan Şahin mənəmmi? Yox, bu mən ola bilməzdim. Əminliklə deyirəm, bu, başqası idi, mən deyildim! Sanki göylər də həvəsə gəlmişdi. Bir yandan susmayan gurultular, bir yandan da zilləti işıqlandıran ildırım çaxmaları. Yağış məni elə islatmışdı ki...
Qarşıda bir ağac görünürdü. Sanki ağacın bir küncünə sığınan bir "mən” var idi. Səbirsizlənirdim, çox səbirsizlənirdim. Qəlbimdəki suallar boğurdu məni. İçin-için yeyirdi məni. Bəli, mən haqlı imişəm. Hönkür-hönkür ağlayan biri var idi orda. Göz yaşlarına göylər də qoşulmuşdu. O, hönkür-hönkür ağladıqca, yağış damlaları həm böyüyür, həm sürətlənirdi. Cürət etmirdim daha çox yaxınlaşmağa. Ağacın bir küncünə qısılıb eyni anda həm göyləri, həm də onu izləmək üçün güc toplamağa çalışırdım. Hətta yalvarırdım ki, ildırım çaxmaları sürətlənsin. Mən yalvardıqca, yağış artır, ildırımlar sonsuzluqlara çəkilirdi. Hər yağış damlası bir yarpağı qoparıb bizi soyuqdan qorumağa çalışırdı elə bil. Yarpaqlar o qədər idi ki...
Sanki hər şey məni hiss edir, bütün hisslərimi bilirmiş. Anidən titrək bir səs eşitdim: "Niyə mən olduğum hər yerdə varsan, niyə gözlərimə bircə dəfə olsa da, baxmırsan?" Titrədiyimi hiss edirdim sadəcə. Məni titrədən nə göyün gurultusu, nə də islanmış paltarlarımın soyuqluğu deyildi. Məni titrədən o titrək səs idi. Əllərimə bir əl toxundu. Aldı, götürdü məni məndən. Gecənin zil qaranlığında gözlərimə baxmaq üçün çırpınırmış sən demə. Saatlardır yoxa çıxan ildırım çaxmaları aldı məni, apardı mən olmayan yerlərə. Bax, həmin an göz-gözə gəlmişdik ilk dəfə. Nə oldusa, bir saniyə ərzində baş verdi. Ətrafımız yarpaqlarla dolu idi. Səhər açılar-açılmaz qəflət yuxusundan ayıldım. Əlləri əlimdə, baş isə çiynimdə idi. Qorxurdum yenə. Əllərim yenə titrəməyə başlamışdı. O da oyandı. "Gözlərimə bax, qaçma məndən. Əllərin əlimdədir. Gözlərimə bax deyirəm sənə! Mənə deyəcəyin çox şey var, bilirəm. Söylə çəkinmə" dedi. Yağışın qopardığı yarpaqlardan tutmuş, səhərin qoxusuna kimi romantikləşmişdi hər şey. Ətrafa sükut çökmüşdü. Hər şey mənim danışmağım üçün səbirsizlənirdi deyəsən.
Nəhayət danışmağa cürət tapa bildim. "Gözlərinə ildırım işıqlarında baxmağa belə cürət edə bilmirdim. Bunu sən də bilirdin. Görəsən, biz cənnətdəyikmi?! Sanki təbiət bu gecəni bizim üçün planlayıb. İllərdir gözlərinə baxmağa cürət edə bilməyən mən deyildimmi? İndi isə baxıram. Əminəm ki, vaxtı yetişib. Əllərimdən bərk-bərk yapış. Qaranlıq gecəmin işığı oldun sən. Həyatımın işığı olmağın ümidi ilə çırpınıram. Səninlə evlənə bilərəm?" O gün xoşbəxt sonluqla bitmişdi. İndi isə hər şey bitdi. Bitdi, çünki bu bir xəyal idi. Gerçəkləri isə xəyallardan da çox xəyal etmişdim. Hər şey yeni başlayırmış sən demə...
Şahin Sərdarlı
Foto müxbir
banner

Oxşar Xəbərlər