• cümə, 26 Aprel, 22:04
  • Baku Bakı 22°C

“Çəkimdə özümə rəqib görmürəm” – 6 qat Dünya çempionu

25.12.17 15:34 1417
“Çəkimdə özümə rəqib görmürəm” – 6 qat Dünya çempionu
Muradov Cumarin Etibar oğlu. 1989-cu il sentyabr ayının 25-də Füzuli rayonunun Şıxlı kəndində anadan olub. Qaradağ rayonu Lökbatan qəsəbəsində 106 saylı orta məktəbə təhsil alıb və 17 yaşından məşqçi kimi fəaliyyət göstərir.Əvvəllər karate ilə məşğul olub. 2006-cı ildən isə professional döyüşməyə qərar verib, kontakt karate əlbəyaxa döyüşə yaxın olduğu üçün karyerasını bu döyüş üzrə davam etdirməyə başlayıb.Hazırda "Uğur” İdman Klubuna rəhbərlik edir.Azərbaycanı beynəlxalq turnirlərdə təmsil edən Qaydasız döyüş üzrə (MMA) 6 qat dünya çempionu, kimboks üzrə Dünya ikincisi Cumarin Muradov Azadinform-un suallarını cavablandırıb:
- Qaydasız döyüş idman növünə maraq sizdə haradan yaranıb? Ailədə sizdən başqa bu işlə məşğul olan var?
- Atam idmançı olub. İdmana da 50% öz istəyim olubsa, 50%-də atamdan görüb-götürdüklərim məni bu yolda addım atmağa sövq edib.
- İlk qələbənizi necə xatırlayırsınız?
-İlk çempionluğum Fransada oldu. Fransada keçirilən Dünya çempionatının qalibi oldum. Sonra İran, Gürcüstan, Türkiyə, Rusiya və başqa ölkələrdə keçirilən yarışlarda qələbələr qazandım. Rusiyada Əlbəyaxa Döyüş növləri Olimpiya oyunlarına daxil edilməsə də 5 ildən bir olimpiada keçirilir. 2011-ci ildə həmin yarışlara qatıldım və 1-ci yerə layiq görüldüm. Olimpiyada zamanı full kontakt karate növündə 2-ci oldum. Full kontakt bir az yüngül növ olduğu üçün çətinlik çəkirəm. Çünki, mən kontak növünə öyrəşmişəm. Olimpiyada zamanı mən Azərbaycana 1 kubok və 1 medalla qayıtdım.
- Sizi daha çox 2011-ci ildən sonra tanımağa başladıq, hansı ki, erməni idmançısını məğlub etmişdiniz...
- Bəli, 2011-ci ildə Macarıstanda final döyüşündə erməni idmançısına qalib gəlmişəm. Çətin döyüş idi, lakin qalib gələcək əzmim və iradəm var idi. Vətənə qalibiyyətlə dönmək hər idmançının arzusudur. Amma erməni idmançısına qalib gəlmək ikiqat məsuliyyətdir. O zaman mətbuatda mənim bu qələbəmi yaxşı işıqlandırdı (gülür).
- Daha çox hansı beynəlxalq yarışın qalibi olmaq istəyərdiniz?
- Əlbəyaxa döyüş növündə əldə etmədiyim uğur yoxdur. Altı qat Dünya çempionuyam. Bizim idman növü qeyri - olimpiya idman növü olsa da, (zədə ağır olur) burada ən böyük və güclü yarış Dünya çempionatıdır. Bu yarış növü üzrə sonuncu Dünya çempionatı İstanbulda keçirildi. Bu yarışa Azərbaycandan 20 nəfər qatıldı. 14 nəfər "Şaolin” döyüş sənətindən, 6 nəfər isə Əlbəyaxa Döyüş nümayəndəliyi adından iştirak edib. Əlbəyaxa Döyüş nümayəndəliyinin rəhbəri Səməd İbrahimov, "Uğur” İdman Klubunun rəhbəri olaraq mən və 4 tələbəmiz yarışa qatıldı. Yarışda çox gözəl nəticə əldə etdik, 5 qızıl medal. Burada mən MMA (qaydasız döyüş) vuruşmağımla yanaşı, kimboks üzrə də döyüşdüm. Kimboks üzrə Dünya ikincisi oldum.
- Dəfələrlə Dünya çempionu olmusunuz, ehtiyat etdiyiniz döyüşçü olubmu?
- Təvazökarlıq olmasın, çəkimdə özümə rəqib idmançı düşünmürəm. İdman zalında çox əziyyət çəkirəm, formada qalmağa çalışıram. Hər hansı bir idmançıdan geri qalacağımı düşünmürəm. Buna baxmayaraq, bu sahədə öyrənəcəyim hələ çox şeyin olduğu qənaətindəyəm. Azərbaycan Pankration (Qaydasız Döyüş) Federasiyasının prezidenti Azad Əsgərov bizə məşqlərdə çox böyük dəstək olur. Məşqçi olsam da bu gün Azad Əsgərovdan öyrənəcəyimiz çox şey var və öyrənməyə də davam edirik.
- Bakıda qaydasız döyüş üzrə yarışlar təşkil edilirmi?
- Bu yaxınlarda qraplinq üzrə Azad Əsgərov böyük yarış təşkil etdi. Hardasa yarışlar 4 gün davam etdi. Telekanallar vasitəsilə yarışlar canlı yayımlandı. Deyərdim ki, Azərbaycanda ilk dəfə idi ki, bu yarış üzrə yüksək səviyyədə çempionat keçirilib. Yarışlara yüksək səviyyəli qonaqlar qatılmışdı. İstərdim ki, Azərbaycanda MMA üzrə də yüksək səviyyəli yarışlar keçirilsin. Məhz bu şəkildə təşkil olunsun. Azad Əsgərov təşkilatçılığı çox gözəl elədi.

- Gələcək planlarınızla bağlı nə deyə bilərsiniz?
- Azərbaycanda daha güclü yarışların keçirilməsi üçün çalışırıq. İnşallah gələcək üçün keçirilən yarışlarda daha gözəl, professional şəkildə çıxış edəcəyik. Əsas məqsədimiz Azərbaycanın şanlı bayrağını ucaltmaqdır. Daim fikrimiz, istəyimiz bundan ibarətdir.
Samir Soltanov




banner

Oxşar Xəbərlər