AZE | RUS | ENG |

Əcnəbi gənclər Azərbaycan dilini sevə-sevə öyrənirlər - Reportaj

Əcnəbi gənclər Azərbaycan dilini sevə-sevə öyrənirlər - Reportaj
Eyni dildə danışsalar da, bəzən bir-birlərini başa düşməkdə çətinlik çəkirlər

Şakla bak, keyir, aylaşın, əy qiz, aziz qunak, mohdaram, azizdarım. Bu sözlərin əslində, dilimizdə nə yazılışı, nə səslənməsi belədir. Şəkilə bax, xeyir, əyləşin, ay qız, əziz qonaq, möhtərəm, əzizlərim – deyə yazılır, səslənmə qaydası da hər birimizə məlumdur. Bizə məlum olsa da, onlar Azərbaycan dilini hələ indi öyrənirlər, zarafatla desək, qolunu-qıçını sındıra-sındıra, amma böyük zövqlə deyib, gülə-gülə...

Qeyd edim ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində əcnəbi gənclərin Azərbaycan dili öyrəndiyi dərsdə iştirak edirik. Biz olduğumuz qrup yeni idi, ötən aydan dilimizi öyrənməyə başlayıblar. Amma özlərini təqdim edə bilirlər, "salam-sağ ol” səviyyəsində danışırlar, yaxşı sözünü "yakşi” deməkləri də ki öz yerində.
Gülə-gülə yoldaşlarının səhvini düzəldirlər.

Elə ilk təəssüratdan da hiss olunur ki, dili daha tez mənimsəyənlər də var, bir az zəif olanlar da. Amma ümumilikdə, artıq ilkin danışıq üçün lazım olan səviyyəyə çatıblar.

İlkin söhbətdən sonra dərsə keçirlər. Feilləri şəxsləndirirlər, bu əslində kənardan bir az qəliz görünsə də, şəxsləndirmə cəhətdən elə bir problem yaşadıqlarını görmədim. Lövhəyə çıxan nə isə tərəddüdlü olanda, yerdəkilər ona kömək edirdilər. Sonra saylara keçdilər. Sadəcə saymağı yox, artıq riyaziyyatda istifadə, danışa bilinəcək səviyyədə öyrənirlər. Toplama, çıxma zamanı rəqəmlərdən istifadədə də zəif görünmürlər.

Sonra ev tapşırıqlarına keçirlər, əsas tapşırıq ingilis dilində yazılan bəzi sözlərin Azərbaycan dilində tərcüməsi və düzgün səsləndirilməsi idi. Bax burda dərsə əlavə bir əhval gəlir. Oxuyan adam səhv dediyi üçün bir az pis olur, digərləri də gülə-gülə yoldaşlarının səhvini düzəldir. Aura o qədər gözəldir ki, adam dərsdən çıxmaq istəmir, hətta deyərdim ki, bu dərsdə iştirak edən qocalmaz.
 


Xoşuna gələn söz 
 
Dərsin bitməyini gözləyirik, çünki həm də onlarla söhbət edib təəssüratlarını öyrənəcəyik. Dərs sona çatır, onlar ev tapşırıqlarını götürüb, müəllimlərinə müəyyən suallar verirlər. İlk həmsöhbətimiz qrupda ən aktiv tələbələrdən olan Səriş Patresdir. Pakistan vətəndaşı olan Sərişin 17 yaşı var, o bacısı ilə birlikdə Azərbaycan dilini öyrənir. Bacısı danışmağı sevməsə də, özü fikirlərini bizimlə bölüşdü. Deyir ki, Azərbaycan dilini öyrənmək heç də asan deyil: "Bəzən asan gəlir, bəzən çətin. Nəticədə xarici dildir, çətinlik olması da normaldır. Bunları da dərsdə öyrənirik”.

Sərişin ən çox işlətdiyi və belə desək, xoşuna gələn söz "Hardasan”dır. Müsahibə və dərs prosesində bu sözü tez-tez təkrarladı. Ən qəribə gələn söz isə "təyyarə”dir. Bunun izahını tam verə bilməsə də, bildirdi ki, bu sözü eşidəndə ona çox maraqlı gəlib.
 


"Yakşi, qardaş”

Əmir Şəfiq də pakistanlıdır, 22 yaşı var. İki aya yaxındır ölkəmizə gəlib. "Azərbaycan dilini öyrənə bilirsiz” sualımıza "Maşallah” cavabı verdi: "Az-az öyrənirəm, çətin nəsə görmürəm. Çətin olan bircə evimin uzaqda olmasıdır (Gülü). Günəşlidə qalıram, ordan şəhərin mərkəzinə yol uzaqdır, əsas çətinliyim odur, çünki yolda çox vaxt keçir. Dili öyrənmək problem deyil”.

Əmirin Azərbaycan dilində deyəsən, ən çox "yaxşı, qardaş”ı sevib, o bu sözü "yakşi, qardaş” kimi səsləndirir: "Bu sözlərin səslənməsi xoşuma gəlir. Azərbaycanlılar özü də yaxşıdır. İlkin olaraq bizə elə sözlər öyrədilib ki, burda özümüzü idarə edə bilək. Mağazalarda alış-veriş edəcəyimiz səviyyədə fikrimizi ifadə edirik”.
 


Dərsdə keçdiklərimizi azərbaycanlılarla danışdıqca təkmilləşdirəcəm

Amid Aşanti Şri-Lankadan gəlib. Ona ilk sualımız "neçə yaşın var oldu”. Sualı Azərbaycan dilində verdik, o isə cavabında yaxşı olduğunu bildirdi. Hiss olundu ki, öyrənməyə təzə başlayıb, ona görə sözləri qarışdırır. 29 yaşlı Amid tələbədir, deyir ki, qrupdakılardan bir az gec gəlib, ona görə müəyyən qədər zəif ola bilər: "Amma artıq öyrənməyə başlamışam, yavaş-yavaş nəticə də olacaq. Azərbaycanlı tanışlar da var, burda dərsdə keçdiklərimizi onlarla danışdıqca təkmilləşdirəcəm”.
Tejpal Sinq hindistanlıdır. O, Azərbaycana idman karyerasını davam etdirmək üçün gəlib, buna görə də dilimizi öyrənməyə başlayıb. Lakin sonra məşğul olduğu idman növünün bizdə olmadığını görüb: "Kriket idmanı burda məşhur deyil. Amma hələ ki burdayam, işləmirəm, dili öyrənirəm. Burda azərbaycanlı dostlarım da var, bir az ingilis, bir az Azərbaycan dilində danışıb, bir-birimizi başa düşürük. Yeməklərinizi də elə, bir az sizdən, bir az bizdən uyğunlaşdırıb yeyirəm”.
 


Bir tapşırıq verirəm, bir neçəsini hazırlayıb gətirirlər

Tələbələrlə söhbətimizi bitiririk, dərsləri də qurtardığı üçün kollektiv şəkillərini çəkdikdən sonra gedirlər. Sonra müəllimləri Könül Abdullayeva ilə söhbətləşdik. Könül xanım deyir ki, əcnəbi tələbələr dilimizi çox həvəslə öyrənirlər: "Onlarla işləməkdən zövq alıram. Dərs çox pozitiv keçir. Dərsdə xoş aura olmasa, mən dərs keçə bilmirəm, onlarda da bu var. Həm də çox mədənidirlər. Qəribdirlər, adama ana gözü ilə baxırlar, nə tapşırsam, "baş üstə” deyirlər. Bir tapşırıq verirəm, bir neçəsini hazırlayıb gətirirlər. Həvəsli olmaqları adama stimul verir”.

K.Abdullayevanın sözlərinə görə, əcnəbi tələbələr "ı”, "ğ”, "x”, kimi Azərbaycan dilindəki spesifik səsləri öyrənməkdə çətinlik çəkirlər: "Bəzən "ı” səsinin düzgün səsləndirmələri üçün 5 dəqiqə vaxt sərf edirəm. "Ü”nü deyə bilmirlər. Belə çətinlikləri olur. Doğma dilləri olmadığı üçün bir az çətinlikləri olacaq. Amma mən onların məcbur yox, sevə-sevə dilimizi öyrənmələrini istəyirəm. Məqsədim bu dili onlara sevdirməkdir. Özləri də həvəslidir, hələ dərsi buraxan olmayıb. Şri-Lankadan olan tələbə hamamda yıxılmışdı, axsaya-axsaya dərsə gəlmişdi”.
 


"Hamısında ingilis ləhcəsi fərqlidir”

Müəllim deyir ki, əcnəbi tələbələrə dil öyrətmək heç də asan deyil: "Onlara yazılı formada öyrətmək asandır, çünki şifahidə çətin olur. Yazılıda hər şey görünür. Hərəsi bir ölkədən gəlib, hamısında da ingilis ləhcəsi fərqlidir. Eyni dildə danışsalar, da bəzən bir-birlərini başa düşmürlər. Ona görə yazaraq izah edirəm”.
K.Abdullayeva qeyd etdi ki, ilk dərslərdə əcnəbi gənclərə onlara burda lazım olacaq danışıq sözlərini öyrədir, sonra ümumi dili öyrənməyə keçirlər: "Görünüşlərindən çoxunun əcnəbi olduğu bilinir, yolda adi adamlar soruşa, polis saxlaya bilər. Buna görə özlərini təqdim etməyi öyrədirəm. Yolu aza, yaxud çətin duruma düşə bilərlər. Buna görə müraciət formasını, kömək istəmək üçün lazım olan bilikləri izah edirəm. Bu qrup yenidir, amma kiçik dialoqlar qururlar, özlərini tanıda bilirlər. Bir də alış-veriş üçün ərzaqların filan adlarını, qiymətini soruşmağı da əvvəldən öyrənirlər. Sonra artıq ümumi dilini öyrənməyə başlayırıq”.

Müəllim kimi, biz də dərsdən müsbət enerji aldıq. 
 
Aygün Asimqızı
 






Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6911
GBP 1 İngilis funt sterlinqi 2.3703
TRY 1 Türk lirəsi 0.4144
KWD 1 Küveyt dinarı 5.6584
SEK 1 İsveç kronu 0.1997
EUR 1 Avro 2.0763
CHF 1 İsveçrə frankı 1.7381
USD 1 ABŞ dolları 1.7000