• çərşənbə axşamı, 19 mart, 11:35
  • Baku Bakı 8°C

Dövrün gəlirli peşəsi – Peşə

21.01.17 10:00 4747
Dövrün gəlirli peşəsi – Peşə

Son vaxtlar ölkəmizdə və eləcə də dünyanın müxtəlif yerlərində lazer epilyasiyası ən gəlirli və populyar sahələrdəndir. Arzulanmayan tüklərdən xilas olmaq həm qadınları, həm də kişiləri maraqlandırır. Ölkəmizdə sürətlə inkişaf edən peşə sahibi ilə söhbətləşmək, sənətin sirlərini öyrənmək üçün "Nilay studio”ya yollandıq. Müsahibimiz "Nilay studio”nun rəhbəri, lazer ustası Günel Kazımlıdır.

Gözəllik "xəstə”si


Günel ali təhsilli, sadə peşə adamıdır. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. Lakin ixtisas aldığı sahəni sevmədiyi üçün karyerasını həmin ixtisas üzrə davam etdirməyib. Düşünür ki, insan harada oxumasından asılı olmayaraq, sevdiyi işi görməlidir: "Mənim uşaqlığımda lazer olmayıb. Amma gözəllik "xəstə”si olmuşam. Hələ uşaq vaxtlarımdan, saç, kosmetika ilə maraqlanırdım. Düzdür, makiyaj bütün qız uşaqlarının sevimli məşğuliyyətidir. Lakin məndə bu sevginin dərəcəsi çox idi. Həm gözəllik ustası, həm də həkim olub ağ xalat geyinmək istəyirdim. İndi öz sahəmi tapmışam. Ağ xalatlı lazer ustasıyam. Bu sənəti sevdiyim üçün təhsilimi bitirdikdən sonra kurslara getdim, lazerin sirlərini öyrəndim və öz salonumda həmkarım Gülalə ilə birlikdə çalışmağa başladım”.
Günel deyir ki, dəridən qabıqdan çıxsan da, gələn pasiyentlərin hamısını razı salmaq mümkün deyil. Amma müştərilərin 90 faizi işimi bəyənir: "İşlədiyim müddətdə iş qəzası, faciəvi hallarla rastlaşmamışam. Amma bəyənənlər çox olsa da, narazı gedənlər də olur. Tək məqsədim işimi gözəl görüb, yaxşı nəticə əldə etməkdir”.

Ən riskli dəri...


Epilyasiyanın sirlərindən danışan gənc mütəxəssis deyir ki, qara dərili insanların yanma riski daha çox olduğu üçün epilyasiya zamanı az dozadan istifadə edirlər: "Aleksandrit lazerdə aleks şüası piqmenti, qara dərini götürür. Məsələn, ağ dərili qara tüklü insanlarda gözəl nəticələr alınır. Ağ dəridə dozanı nə qədər qaldırsanız da, yanmır. Amma qara dərilər ən az doza ilə edilir. Bəzən deyirlər ki, sarı və nazik tükləri lazer götürmür. Bizim aparat ən çox Rusiyada və Avropada istifadə edilir. Bu ölkələrdə xanımlar ağ dərili, sarı tüklü olduğu üçün sarıya çalan nazik tükləri də görür. Yəni, qara tüklərlə yanaşı, sarı tükləri də götürür. Aparatın dəri ilə təması olmur. Uzaqdan soyuducu sistemi ilə birlikdə edirik və bu sistem həm bizi qoruyur, həm də pasiyenti”.

"Tüklərdən tamamilə xilas olmaq mümkündür”


Tüklərdən tamamilə qurtulmaq məsələsinə gəldikdə, həmsöhbətimiz deyir ki, seanslara vaxtlı-vaxtında gələndə bütün tüklərdən azad olmaq mümkündür: "Pasiyentlərdən də çox şey asılıdır. Seanslara vaxtlı-vaxtında gəlmək lazımdır. Epilyasiya edirik, bəzi pasiyentlər gedib 3-4 ay sonra gəlir. Axı bu ondan xeyir görə bilməz. Biz lazerlə tükə təsir etdikdə kök ölür. Kökün soğanağının bitmə müddəti 23 gündür. 23 gündən sonra kök yenidən özünə gəlir. Birinci seans aralığı 30-40 gündür. Pasiyent 30-40 gündən sonra yenidən gəlməlidir. Beləliklə 6-7 seans təyin etdiyimiz müddətdə yanıma gəlsə, tüklərin 70-80 faizindən azad olur. Qalan tüklər isə nazik, ağ olur. Vaxtı-vaxtında gələndən sonra artıq ildə 2 dəfə gəlməklə bütün tüklərdən xilas olursan”.
Günel deyir ki, lazerlə bağlı ən çox problemlər hormonal xəstəlikləri olan insanlarda olur: "Hormonal problemləri olan insanlarda tüklənmə gedir. Onlar lazerə gəlməzdən öncə mütləq həkimə getməlidirlər. Hormonlarını müalicə etdirməli və müalicə ilə bərabər lazer olmalıdır. Müalicə olunmasa, yanmış tüklər tökülür və yenidən çıxır. Bu zaman lazerin heç bir faydası olmur. Bundan əlavə, epilepsiya xəstələrinə, ürəyindən əməliyyat keçirənlərə, onkoloji xəstələrə epilyasiya etmək olmaz. Zob xəstələrində isə zob nahiyəsini işləmək qadağandır. Epilyasiya olunan nahiyədə xal varsa, şüanın təsir etməməsi üçün üstü mütləq örtülməlidir. Bəzən uşaqları da lazerə gətirirlər. Çox yerlərdə pula görə bunu qəbul edirlər. Amma 18 yaşına çatmayan uşağın dərisinə şüa yeritmək düzgün deyil. Hormonlar onsuz da 18 yaşına çatmayan uşaqda inkişaf mərhələsində olur. Tüklər tökülsə belə, yenidən bərpa olur və heç bir nəticə almaq mümkün deyil. Pul qazanmaq üçün bu günahı boyuna götürmək olmaz”.

"Xanımlar səbirsizdir”

Günün 7-8 saatını şüa ilə işləyən müsahibimiz deyir ki, gəlirli sahə olsa da, əziyyəti çoxdur: "Pul qazanmaq asan deyil. Bütün günü şüanın altında əsəblərimiz gərgin olur. Üstəlik, "kapiz”li müştərilərlə danışmaq, onları razı salmaq asan deyil. Onların da iradları bizi yorur. Hələ iş bitməmiş deyir ki, filan yerdə tük qalıb. Onsuz da proses bitdikdən sonra biz lupa ilə baxırıq. Bu olmasa belə, 14 gün sonra korreksiya olur. 14 gün sonra qalan tükləri pulsuz epilyasiya edirik. Korreksiya müddətini keçirən xanımlar olur. Korreksiya müddəti 14 gündür, amma 21-ci gün gəlir. Axı 21-ci gün tük kökləri yenidən inkişaf edir. Bizim xanımlar çox səbirsizdir. Epilyasiya edir, 3 gün sonra deyir ki, axı tük tökülmədi. Deyirəm, xanım səbirli olun, tükün tökülmə müddəti var, 10 gün keçməlidir. Necə ki, müalicə öz təsirini 1-2 həftə sonra göstərir, epilyasiya da elədir. Tük lazerə 10-cu gündən sonra reaksiya verir”.

"Yayda epilyasiya etmək olmaz”

Lazerə gələn insanlara məsləhət verən həmsöhbətimiz deyir ki, mütləq açıq rəngli paltar geyinməlidirlər: "Fikir verirsinizsə, lazerdə işləyən mütəxəssislər özləri də açıq rəngli paltar geyinirlər. Həmçinin, lazerə gələn də belə etməlidir. Çünki şüanı bədənimizə götürürük. Ağ rəng şüanın bədənə getməsinin qarşısını alır. Bundan əlavə, yayda epilyasiya etdirmək təhlükəlidir. May ayına qədər bütün epilyasiya seanslarınızı bitirməlisiniz. Çünki yayda bədənə daxil olan şüa günəşlə reaksiyaya girir və bədənə ləkələr sala bilər”.

"Müştəri hər zaman haqlıdır”

"Kapriz”li pasiyentlərdən danışan həmsöhbətimizin sözlərinə görə, səbirlə hər kəslə dil tapmağa çalışır: "Belə müştərilər çox olur. Elə insanlar olur ki, bir dəfə gəlir, elə bilir, daha gəlməməlidir. Dava edir ki, niyə hər seans gəlməliyəm, bir seansa bitsin. İzah edirik ki, axı bu bir seansla bitən deyil... Amma əsas odur ki, söhbətlə, səbirlə hər şeyi həll edirik. Çünki müştəri hər zaman haqlıdır”.
Gənc lazer ustası deyir ki, işinin ən çox sevdiyi tərəfi pasiyentində müsbət nəticəni görməkdir: "Onda çox sevinirəm. Pasiyentin razı getməsi mənim üçün hər şeyə dəyir. Üstəlik, belə nəticədən sonra pasiyentin birini də gətirməsi sənin uğurudur”.

"Lazeri ucuzlaşdırıblar”

Sonda peşəsinin gəlirli sahə olduğunu deyən mütəxəssis vurğuladı ki, məhz gəlirli olması müəyyən mənfi halları da özü ilə gətirir: "Düzdür, lazer gəlirli sahədir. Amma xərcləri də çoxdur. Hər 3 aydan bir aparatı yoxlatdırmaq üçün 2000-3000 manatdan çox xərcimiz çıxır. Məhz gəlirli sahə olduğu üçün təəssüflər olsun ki, Azərbaycanda lazeri çox ucuzlaşdırıblar. Hər qapı başında lazer var və qiymətlər çox ucuzdur. İşi bilən də işləyir, bilməyən də... Bizim xanımlar da sağlamlıqlarını düşünmədən, ucuza qaçırlar. Bu, sənin dərindi. Dərin yana, ləkə düşə bilər, xəsarət alarsan. Bütün qadınlara məsləhətim budur ki, ucuz yerə qaçmasınlar. Gedəcəkləri ustanı araşdırıb, sonra qərar versinlər. Bu iş gəlirli sahədir - amma bilən üçün. Necə ki, yaxşı həkimin pasiyenti çox olur, yaxşı lazer ustasının da qazancı kifayət qədər olur”.
Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər