AZE | RUS | ENG |

“Düzgün fikir ayrılığı yaxşı inkişafa işarədir”- Araşdırma

“Düzgün fikir ayrılığı yaxşı inkişafa işarədir”- Araşdırma
Debatda olduğu kimi, həyatda da qarşı tərəf var

Gənclər çılğın, cəsarətli, bəzən odlu-alovlu olurlar. Hətta bəziləri dünyanı çevirə bilmək iqtidarında olduqlarını düşünür. İstər sevgi, istər sosial, istər şəxsi, istərsə də siyasi məsələlərdə öz fikirlərini deyir, fikir ayrılıqlarını qəbul etmir, bir çox hallarda qarşı tərəfi dinləmək istəmirlər. Bəziləri isə "ürəyindəki” sözü cəmiyyət içində deməkdən çəkinir. Məhz gənclərin bu problemlərini həll etmək, həm dinləyib, həm qulaq asmaq, fikirlərini sübuta yetirmək qabiliyyətlərini formalaşdırmaq üçün debatlar təşkil edilir. Moderatorun aparıcılığı ilə baş tutan debatlardan sonra bir çox gənclər öz fikirləri ilə cəmiyyətdə tanınır, tələbələr universitet həyatında aktivliyi ilə seçilirlər.
 
Lakin debatın gənclərin inkişafı üçün önəmli amil olduğunu vurğulayanlarla yanaşı, gəncləri demaqoq kimi yetişdirməsini deyənlər də az deyil. Biz də bu məsələni debatçılarla danışıb, kiçik araşdırma apardıq. Debat gənclərə nə verir? Demaqoqluq, yoxsa dünyagörüşü? Məşhur filosof Mahatma Qandi "Düzgün fikir ayrılığı yaxşı inkişafa işarədir” deyib. Bəs görək, debatlar gəncləri inkişaf etdirirmi?
 
Debat nədir?

 
Debat iki komanda və ya individuallar arasında formal yarışdır. Şifahi və ya ifa bacarığından daha artıq, debat əsaslandırılmış arqument, fərqli nöqteyi-nəzərlərə hörmət və ciddi özünə nəzarət ideallarını təcəssüm etdirir. Debat hər şeydən əvvəl, əks fikirli insanlar üçün ziddiyyətli məsələlərin mənfi rəy, təhqir olmadan müzakirəsi yoludur. Debatın əsas fərqli xüsusiyyəti budur ki, nadir hallarda razılaşma ilə bitir, daha çox, həmin məsələnin ciddi analizinə imkan verir. Ola bilsin ki, fransız filosofu Cozef Robert "Məsələni müzakirə etmədən həll etməkdənsə, həll etmədən müzakirə etmək daha yaxşıdır” deyəndə məhz bunu nəzərdə tutmuşdu. Debat tam həqiqəti təsdiq edən forum deyil, daha çox debatçılara özünün və digərlərinin mövqeyini başa düşməyə imkan verən arqumentlər yaradılması və qiymətləndirilməsi üsuludur.
 
"Debat iştirakçısı olmaq mənfi və müsbət arasında məsafəni qorumağı öyrənməkdir”

 
İctimai fəal, təlimçi Rövşən Nəcəfovdebatın gəncləri həyata hazırladığını düşünür. Deyir ki, həyatın hər pilləsində qarşı tərəf var və məhz debatlar vasitəsilə əks fikirli insanlarla necə davranmaq lazım olduğunu öyrənirsən: "Debat mədəniyyətinin formalaşması ictimai fəaliyyətin inkişafını fərqli edir. Çünki  insanlar müzakirə qabiliyyətini formalaşdırmaq üçün fikirlərini rahat götür-qoy edirlər. Gənclərimizin debatlarda iştirak etməsi, onların gələcək fəaliyyətləri üçün təcrübədir. İş və şəxsi həyatda fikirlərini ifadə etmək çox önəmlidir. Debatda olduğu kimi, həyatda da qarşı tərəf var. Qarşı tərəflə fikir mübadiləsi aparmaq vacib amildir. Debat həm də, insanda mübahisə xarakterini formalaşdırır. Hər bir şəxs öz sahəsində müzakirə və mübahisə etməlidir. Bilmədiyimiz sahələrdə danışmaq və debat aparmaq bizi məğlub edəcək. Gənclər mübahisə etməyi də bacarmalıdırlar. Müəyyən yaşa çatdıqdan sonra edilən mübahisə müsbət qarşılanmır. Yəni, gənc olaraq ifadə etdiyi bütün fikirlərin tərkibində müsbət enerji olur. Cəsarət insan xarakterinin ən vacib xüsusiyyətlərindən biridir. Xarakterin digər xüsusiyyətləri cəsarətin sayəsində inkişaf edir. Biz, öz gələcəyimizi qurmaq üçün cəsarətimizi xərcləməyi bacarmalıyıq. Bəzən, debata yanaşmamız ondan ibarətdir ki, hər kəs öyrənmək istəyir, amma başqasının onu öyrətməsini istəmir. Belə nəticəyə gəlmək istəyirəm ki, gəncliyimizdə ürəyimiz, gəncliyimizdən sonrakı mərhələdə isə ağlımız olmalıdır. Uğur ürəyin ağıla verdiyi hissdən, ağılın ürəyə verdiyi sağlam fikirdən asılıdır. İnsanın fikri sağlam olmasa, etdiyi təşəbbüslər də sağlam olmayacaq. Debat iştirakçısı olmaq mənfi və müsbət arasında məsafəni qorumağı öyrənməkdir. Hər kəsin fikri var, amma hər kəsin fikri varlı deyil”.
 
"Fikir çarpışmaları hər bir halda şəxsiyyət bütövlüyünün etalonudur”
 
Tələbəlik illərində debatların məşhur iştirakçısı Tural İsmayılov
deyir ki, debatın demaqoqluq yaratması fikri əsassızdır: "Debat mədəniyyəti eramızdan əvvəl 4-cü əsrdə Antik Yunan fəlsəfəsi ilə ortaya çıxıb. Debatın əsrlik tarixi var və iki önəmli məsələyə rəvac verir; 1) Dialoq - İnsanın mənəvi və əqli inkişafını formalaşdırır, onun şüurlu varlıq olma mütləqliyini təsdiq edir. 2) Müzakirə mədəniyyəti - Psixoloji baxımdan dinləmə və dinlənməyə, hüquqi prizmadan isə daha güclü cəmiyyətə rəvac verir. Debatın demaqogiya yaratması ilə bağlı iddialar əsassızdır, fikir çarpışmaları hər bir halda şəxsiyyət bütövlüyünün etalonudur. Əvvəllər debatlara çox qatılırdım, indi də dəvət alanda televiziyada və sair debata çağıranda qaçmıram. Debat mənim də sağlam müzakirə etmə limitimi göstərdi. Debatın bütün hamıya ən böyük təsiri odur ki, mübahisə ilə müzakirə arasındakı incə xətti ortaya çıxarır. Mütəmadi debatlar hamıya peşəkar ünsiyyət manevrləri qazandırır”.
 
"Debat varsa, münaqişəyə ehtiyac yoxdur”

 
Debatçı tələbə Yadigar Nağıyevdeyir ki, biz obyektə necə baxırıqsa, o cür görürük. Ancaq bunun ikinci tərəfi də var, bu da başqa insanın baxış bucağıdır: "Debat da burada yaranır. Məsələn, bir məsələyə baxıb deyirəm ki, hər şey əladır, çünki mənim düşüncəm buna yetir. Amma digər şəxs isə buna baxır, öz düşüncəsi ilə belə qərara gəlir ki, mən fikirləşdiyim kimi deyil və nə üçün bu cür düşündüyünü deyir. Bir-birimizin arqumentini tutarsız hesab etdiyimiz üçün üçüncü şəxs müraciət edirik və fikrimizi əsaslandırmağa çalışırıq. Amma burada da müəyyən prinsiplər var: gənclərin dilini açacaq, nitqini inkişaf etdirəcək, qarşı tərəfi dinləmək qabiliyyətini formalaşdıracaq, yalan danışmaqdan çəkindirəcək, öz mövqeyini müdafiə edərkən yalandan yox, başqa doğru arqumentlərdən istifadə edəcək”.
Yadigar deyir ki, debat mədəniyyəti bizdə inkişaf etdirilsə də, hələ də istənilən səviyyədə deyil: "Hazırda debat mədəniyyəti Azərbaycanda inkişaf etməkdədir. Ancaq tam şəkildə inkişafı bitməyib. Dinləmə qabiliyyəti olanda kompromisə getmək daha asan olur. Bizim gənclərimiz məktəb vaxtlarında bu işə başlasalar yaxşı olar.
Məsələn, müəllim danışanda diqqətlə dinləyib, qeyd edib, ona suallar vermək. Bu da debatın bir prinsipidir, buna çarpaz suallar deyirlər. Biz bir-birimiz haqqında əsaslı faktlarla çıxış etməyi bacarsaq, bu, gələcəyimiz, dövlətimizin inkişafı üçün əhəmiyyət kəsb edir. Debat dava, münaqişə istəmir, deyir ki, mənim dilim var və bununla qarşı tərəfi inandırmalıyam. Sən də haqlısan, mən də, amma mən səndən daha çox halıyam. Debat inkişaf etdikcə, xüsusilə gənclər arasında dövlət daxilində stabilliyə çox kömək edə bilər, həm də kriminal hadisələri azaldar. Şəxsiyyətin şəxsiyyət, dövlətin dövlət kimi inkişafında debatın rolu böyüdür. Debat varsa, münaqişəyə ehtiyac yoxdur, qarşı tərəfi inandırmaqla kompromisə gəlmək olar”.
 
"Ə sus!", "sən nə qanırsan?!"

 
Sosioloq Lalə Mehralıdeyir ki, televiziyalarda təşkil olunan debatlarda tərəflər ədalətli seçilmir və gənclərin fikirlərinə müdaxilə edilir: "Fikrimcə, debatı şouya çevirməsək, mümkündür ki, gənclər orda azad söz deyib ciddi mülahizələr yürüdə bilsin. Amma bizim televiziyalarda adətən debat adı altında bazar təşkil edildiyi üçün bu, mümkün olmur. Ya da tərəflər obyektiv seçilmir deyə, fikirlər əks tərəfdə şillə effekti yaradır. 90 yaşlı professorun qarşısına gətirib 17 yaşlı gənci qoyurlar, üstəlik dinləmə və əks fikrə hörmət barədə heç nə bilməyən gəncin ən adi etik normalardan belə xəbəri olmur. Bu, tək gənc nəsildə olmur, aliməm, professoram deyib döşünə döyən nə qədər insan gördük gənc tərəfdaşını efirdə təhqir edir. Bəli, tənqid yox, təhqir. "Ə sus!", "sən nə qanırsan?!" tipli sözlərlə qarşıdakına danışmağa, fikrini izah etməyə imkan vermir. Bu imkanı onlara aparıcı və layihə rəhbəri, dolayısı ilə də televiziya yaradır. Gənc nəsli cəmiyyətə qazandırmaq lazımdır, fikirlərinə önəm verib yaxşısını-pisini başa salmaq şərtdir. Bunu cəmiyyətin qaymağı eləməlidir - alim, professor, ziyalı. Bu proses cəmiyyətin gözü önündə getməlidir. Debatlar və müzakirələr bu səbəbdən güzgü rolunu oynayır. Təbii ki peşəkar təşkildən söhbət gedir”.
 
"Debat insan psixikasına zərər verə bilməz”
 
Bəs məsələnin psixoloji tərəfi necədir? Debat gənclərdə aqressiya yaradırmı?
Psixoloq Orxan Oruc deyir ki, debat hər şeydən əvvəl artıq mədəniyyət forması sayılır. Burada əsas vacib faktor dinləmək bacarığının formalaşmasıdır: "Debatda insanlar bir-birini hansısa arqumentinə inandırmaq üçün çalışmaqla yanaşı, həm də qarşı tərəfi dinləyirlər. Bu da özlüyündə qarşı tərəfi dinləmək bacarığının formalaşmasına köməklik göstərir. Gənclərin, tələbələrin debat qabiliyyətlərini inkişaf etdirməkləri onların gələcək fəaliyyətlərinə, peşəkar kadr olmaqlarına müsbət təsir göstərir. Debatda hər iki tərəf maksimum şəkildə özünü aid olduğu tərəfin mövqeyinə inandırmağa çalışır. Gələcəkdə, siyasi, elmi, mədəni və s. fərq etməz, hansı sahədə çalışsalar, onlara bu bacarıqlar yardımçı olacaq”.
O.Oruc deyir ki, bu heç bir şəkildə insan psixikasına zərər verə bilməz: "Əksinə səbirli yanaşmanın formalaşmasına təsir göstərir. Hansı məsələlərdə debat etməyi bacarırlarsa, o istiqamətdə düzgün çıxış yolunun tapılması daha realdır. Bütün hallarda bu, insanlara, formalaşmaqda olan gənclərə müsbət təsir edir. Debat aparmaq gərgin vəziyyətlərə uyğunlaşmaq şəraiti də yaradır. Çünki sən bilirsən ki, bu debat yarışları çərçivəsində hansısa oyun növüdür. Buna oyun da deyə bilərik. Həmin o oyun ərzində formalaşan dinləmək bacarığı insanın daha səbirli, təmkinli bir şəxs kimi formalaşmasına kömək edir. Nəinki qarşı tərəfi dinləmədən emosional reaksiya verməyə. Debatlarda belə bir şey var ki, bir dəfə təsdiq tərəfdə çıxış edirsənsə, digərində inkar mövqedə olursan. Bu, həm də insanın empatiya hisslərinin də inkişafına köməklik göstərir. Artıq qarşı tərəfin yerində olanda, həmin şəxsin gətirdiyi arqumentlərin hansı əsas və məntiqlə gətirdiyini başa düşürsən. Bu da empatiya hissinin güclənməsinə, dolayısı ilə insanın peşəkar kimi formalaşmasına ciddi təsir göstərir”.
 
Aygün Əziz


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000