AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Düşməni xoflandıran təlim

Düşməni xoflandıran təlim

Cəmiyyət
22 Yanvar 2021, 17:15 1046
Ermənilər vahimə içində olsunlar və anlasınlar ki...
 
 
Azərbaycan Türkiyə ilə mütəmadi olaraq birgə hərbi təlimlər keçirir və hər iki tərəf bu sahədə təcrübəsini artırır. Növbəti belə təlimlərdən biri isə fevralın 1-dən 12-dək Qars vilayətində Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin "Qış-2021” birgə hərbi təlimləri çərçivəsində keçiriləcək. Bu hərbi təlimlər iki qardaş ölkə üçün əhəmiyyətli olduğu qədər, həm dər erməniləri narahat etməyə başlayıb. Ermənistandakı bir sıra ekspertlər bu hərbi təlimlərin Azərbaycanın Zəngəzuru geri alacağı ilə bağlayır. Digər qismi isə bir az da irəli gedərək Azərbaycanla Türkiyənin "Turan Ordusu” yaratmaq istiqamətində addımlar atdığını və bunun da bölgədə təhlükəyə səbəb olacağını deyir. Görünən odur ki, ermənilər II Qarabağ müharibəsində məğlubiyyətə düçar olduqdan sonra daha çox qorxmağa başlayıblar.
Bu hərbi təlimlərin indiki halda əhəmiyyəti nədən ibarətdir? Ermənilər nə üçün reallığa əsaslanmayan iddialar irəli sürürlər, ümumiyyətlə, düşməni xoflu edən səbəblər hansılardır?
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, ermənilərin Azərbaycan və Türkiyə hərbiçilərinin birgə təlimindən narahatlığının səbəbi obyektivdir: "Ermənilər müharibədə məğlub olublar, 28 il işğal altında saxladıqları torpaqları itiriblər. Faktiki olaraq, Azərbaycandan qorxurlar və hesab edirlər ki, başqa planlarımız da ola bilər. Çünki dövlət başçısı İlham Əliyev də açıq şəkildə deyib ki, Ermənistan tərəfdən bir güllə atılsa, biz daha çox irəliləyəcəyik. Bunun nə demək olduğunu Ermənistanda yaxşı anlayırlar. Ona görə də Azərbaycanın Türkiyə ilə birgə Qars vilayətində hərbi təlimlərə başlaması ermənilərdə vahiməyə səbəb olur. Açığı desək, bu, bizim maraqlara xidmət edir. Ermənilər vahimə içində olsunlar və anlasınlar ki, Azərbaycana qarşı təxribat edəcəkləri halda, tək bizi deyil, iki qardaşın birliyindən doğan Türkiyə və Azərbaycan ittifaqını görəcəklər. Hazırda Ermənistan cəmiyyəti çox pessimist əhval-ruhiyyədədir. Artıq sərhədlər də müəyyənləşir. Vaxtı ilə sərhədləri Azərbaycan tərəfə çəkmişdilər, indi həmin yerlərdən çıxmağa məcbur qalıblar. Bu məqam da onlarda narazılıq doğurur. Yəni haradan baxsaq, müharibədə qələbəmiz və sonrakı hadisələr ermənilərə çox pis təsir edir. Bizim çox sadə şərtimiz var ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın, torpaq iddiasından vaz keçsin. Bundan sonra Ermənistanla əməkdaşlıq da ola bilər, sərhədlər də açılar, diplomatik münasibətlər də qurula bilər. Amma Ermənistan hələ bunu etmək istəmir. Etmək istəmirsə, demək ki, biz onları real olaraq qorxu içində saxlamalıyıq”.

E.Şahinoğlu qeyd etdi ki, Azərbaycan Ordusu daima güclü olmalıdır: "Biz hər il Türkiyə ilə birgə neçə-neçə təlimlərdə iştirak edirik və proses davam edir. Hesab edirəm ki, əsas maraqlarımızdan biri də budur. Yəni ermənilər anlamalıdırlar ki, 10 milyon əhalisi olan Azərbaycan və 83 milyon əhalisi olan Türkiyə ilə düşmənçilik Ermənistanı uçuruma aparır. Biz bunu onlara anlatmalıyıq. Bunun üçün də informasiya siyasətimizin düzgün qurulması, Türkiyə ilə hərbi ittifaqın gücləndirilməsi və hərbi təlimlərin keçirilməsi vacibdir.
Onu da qeyd edim ki, ermənilər guya öz düşüncələrinə görə, xarici dostlarına göstərmək istəyirlər ki, vəziyyətimiz ağırdır, Azərbaycan-Türkiyə bizi hədələyir və gəlin bizi qoruyun və sair. Kim qoruyacaq bunları? Guya Fransa sözdə dəstək verirdi, amma indi ortada yoxdur. Əksinə, Fransa prezidenti Azərbaycanla münasibətlərin normallaşdırılmasının yollarını axtarır. Çünki biz qalib gəlmişik və bölgənin əsas dövləti Azərbaycandır, hamı bizimlə əməkdaşlıq etmək istəyir. Rusiya amili var ki, o da zatən Qarabağda yerləşib. Lakin Rusiya da ermənilərin açıq təxribatlarını görür. Buna görə də, Rusiyanın xarici işlər naziri Lavrov da açıq dedi ki, erməni rəsmilər Qarabağa gəlir, amma onlar gərək təxribatçı açıqlamalardan çəkinələr. Rusiya Ermənistanı müdafiə etsə də, Azərbaycanla üz-göz olmaq da istəmir. Ona görə də ermənilərin "gəlin, bizi xilas edin” çağırışları heç bir reaksiya vermir”. 
 
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirdi ki, Türkiyə-Azərbaycan birgə hərbi təlimləri əvvəlcədən planlaşdırılıb: "Artıq Türkiyə ilə birgə hərbi əməliyyatların keçirilməsi ənənəvi xarakter alıb. Bizim qardaş ölkə ilə çox sıx iş birliyimiz var və bu təlimlər də öncədən planlaşdırılıb. Əlbəttə ki, təlimlərin məqsədi iki ölkənin silahlı qüvvələrinin birgə fəaliyyətinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi aparılmasıdır. Bundan başqa, Azərbaycan Ordusunun şəxsi heyəti artıq döyüş görmüş hərbiçiləridir. Düşünürəm ki, bu baxımdan qardaş ölkənin silahlı qüvvələri üçün məhz bizim hərbiçilərlə birgə hərbi təlimlərdə iştirak etməkdə maraqlıdır. Digər tərəfdən, onu qeyd edim ki, "Qış-2021” birgə hərbi təlimlərinin keçirildiyi Qars vilayəti sərt iqlimə məxsusdur və çox soyuq olan ərazidir. Əlbəttə ki, iki ölkə hərbiçilərinin o şəraitə uyğun olaraq döyüş tapşırıqlarını yerinə yetirməsi və birgə hədəflərin dəf edilməsi kimi məsələlər təlimlərdə icra ediləcək. Bu təlimlərin heç biri hansısa ölkəyə təzyiq kimi yönəlməyib. Ancaq ermənilərin dəsti-xətti belədir ki, Azərbaycan Silahlı Qüvvələri istər ölkə daxilində, istər xaricdə və ya hansısa birgə hərbi təlimlər keçirəndə narahatlıqlarını dilə gətirilər. Ancaq bu məsələlərin bir məqsədi var ki, iki ölkənin ordusunun döyüş hazırlığının yüksəldilməsi, təkmilləşdirilməsi, həm Türkiyə, həm də Azərbaycanda yeni istehsal edilən silahların təlimlərdə istifadəsi və sair özündə əks etdirir. Azərbaycan dəvət alıb və buna uyğun olaraq da hərbi təlimlərdə iştirak edir”.
 
Ş.Ramaldanov əlavə etdi ki, Ermənistan həmişə heç nədən belə təlimlərə öz münasibətini bildirir: "Lakin Ermənistan özü indi elə bir vəziyyətdədir ki, ona kənardan hansısa təzyiqə ehtiyac yoxdur və onlar daxili təzyiq altındadır. Faktiki olaraq, bu ölkə problemlərin içində boğulur. İstər daxildə olan qeyri-sabitlik, istərsə də hərbi-siyasi rəhbərliyin prosesləri tam idarə edə bilməməsi bunu açıq şəkildə göstərir. Əlbəttə ki, Ermənistan özü-özünü bu vəziyyətə salıb. Bundan əvvəl biz şahid olduq ki, Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ probleminin dinc yolla həll edilməsini dəfələrlə dilə gətirmişdi. Lakin Ermənistanın siyasi rəhbərliyi bunu istəmədi. Azərbaycan isə öz sözünü dedi və Azərbaycanın ərazi bütövlüyü təmin olunaraq qələbə qazanıldı. Faktiki olaraq, işğalçılar Azərbaycan torpaqlarından qovulub. Ermənistan isə məğlubiyyətdən dolayı problemlər məngənəsində boğulur. Ona görə də, Ermənistanın iddia etdiyi kimi, birgə hərbi təlimlərin keçirilməsi ilə onlara heç bir təzyiq olunmur. Çünki Ermənistan hələ çox illər öz daxili problemlərinin təzyiqi altında olacaq”.
 
BƏXTİYAR