• şənbə, 27 Aprel, 00:07
  • Baku Bakı 14°C

Dünyanın ən yaxşı gimnastika kompleksi - Reportaj

05.06.15 11:14 2959
Dünyanın ən yaxşı gimnastika kompleksi - Reportaj
Gimnastika qədim idman növüdür. Bu idman növünün tərkibinə bədii gimnastika, qadın və kişi idman gimnastikası, batut gimnastikası və tamblinq, akrobatika və aerobika gimnastikası daxildir. Sadalanan növlərin hər birinin özünəməxsus yaranma tarixi, inkişaf dövrü vardır. Dünyaca məşhur bu idman növünə Azərbaycanda da maraq böyükdür. Hələ sovetlər dönəmində Azərbaycanı SSRİ miqyasında təmsil edən çoxsaylı gimnastlarımız müxtəlif qələbələrə imza atıblar. Tanınmış məşqçilərimizin rəhbərliyi altında yetişən gimnastlar ümumittifaq və beynəlxalq yarışlarda böyük uğurlar qazanıblar. Lakin müstəqilliyimizin ilk illərində bir çox sahələrdə olduğu kimi idman sahəsində də durğunluq müşahidə edilib və gimnastikaya maraq əvvəlki illərə nisbətən azalıb. Yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra idman sahəsində tədricən canlanma müşahidə olunub. Dövlət başçısı İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra isə Azərbaycanda idmana maraq daha da kütləvi xarakter alıb. Həmin tarixdən ötən dövr ərzində ölkədə yeni-yeni müasir idman obyektləri, olimpiya kompleksləri tikilərək istifadəyə verilib.
Yüksək səviyyədə dövlət qayğısı və Milli Olimpiya Komitəsinin gərgin əməyi sayəsində Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Təbii ki, bu, ölkəmizdə idmanın bütün sahələrinin inkişafına böyük təsir edib. Digər idman növləri ilə yanaşı, gimnastika da diqqətdən kənarda qalmayıb. Xüsusilə 2002-ci ilin oktyabrında Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra bu sahədə mühüm canlanma hiss olunmağa başlayıb. Federasiyanın məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində Azərbaycanda gimnastika, sözün əsl mənasında, özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Gimnastikaya daxil olan bütün növlər üzrə Azərbaycanda dəfələrlə yerli yarışlar keçirilib. Bundan əlavə, 2003-cü ildə və 2005-ci illərdə Bakıda bədii gimnastika üzrə dünya kubokları baş tutub. 2007, 2009 və 2014-cü illərdə Azərbaycan bədii gimnastika üzrə Avropa Çempionatına ev sahibliyi edib.
Ötən il isə həm ölkəmizin, həm də bu idman növü ilə məşğul olan atletlərimizin yaddaşında daha bir hadisə ilə yadda qalıb. Belə ki, 2014-cü ildə ölkə başçısı İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə Bakıda möhtəşəm Milli Gimnastika Arenasının (MGA) açılışı olub. Bununla da gimnastikanın maddi-texniki bazası gücləndirilib, gimnastika ilə məşğul olan idmançılarımıza öz potensiallarını nümayiş etdirmək, bacarıqlarını daha da inkişaf etdirmək üçün hərtərəfli şərait yaranıb. Hazırda Azərbaycanda Bakı ilə yanaşı Sumqayıtda, Gəncədə, Göyçayda, Qusarda, Ağdaşda, Naxçıvanda, Şirvanda, Kürdəmirdə, İsmayıllıda və Xırdalanda bölmələr açılıb və onlar uğurla fəaliyyət göstərir. Azərbaycan Gimnastika Federasiyası da əhalinin bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb olunması, milli idman kadrlarının hazırlanması, yığma komandaların formalaşdırılması və hazırlığı, onların beynəlxalq yarışlara, toplanışlara göndərilməsi ilə də fəal şəkildə məşğul olur. Federasiya xarici ölkələrin idman təşkilatları və beynəlxalq idman qurumları ilə əlaqələrini inkişaf etdirir.
Qeyd edək ki, bir neçə gündən sonra ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunları çərçivəsində gimnastlar da yarışacaqlar. Bu yarışlar çərçivəsində bədii gimnastika, qadın və kişi idman gimnastikası, batut gimnastikası və tamblinq, akrobatika və aerobika gimnastikası üzrə idmançılar medallar uğrunda mübarizə aparacaqlar. Birinci Avropa Oyunları öncəsi MGA-dakı vəziyyət, yarışlara hazırlıq, burada idmançılara yaradılan şəraitlə yaxından tanış olmaq üçün bu günlərdə sözügedən idman obyektində olduq. Arenada əməliyyatlar üzrə menecer vəzifəsini icra edən Fəridə Həsənova idman qurğusundakı vəziyyət barədə məlumat verərək bildirdi ki, 9 min nəfər tamaşaçı tutumu olan MGA Heydər Əliyev magistralında və “Koroğlu” metrostansiyası yaxınlığında yerləşir. Bu yol Heydər Əliyev adına Hava Limanını şəhər ilə birləşdirən və şəhərə giriş-çıxış üçün əsas yoldur. MGA Bədii və idman gimnastikasi üzrə keçirilən yarışlar üçün nəzərdə tutulub. Arenanın dizaynı çox funksiyalılıq nümayiş etdirməyə və oyunlara ev sahibliyi etməyə imkan verir. Yarışların həcmi və xarakterindən asılı olaraq izləyici yerlərinin sayını 5 mindən 9 minə qədər dəyişmək olur. Açıq və qapalı yerlərdə istifadə olunan oturacaqlar isə xüsusi dizaynla hazırlanıblar. Xüsusi texnologiya əsasında hazırlanan MGA genişlənə və Ritmik Gimnastika kimi geniş həcmli yarışlara da ev sahibliyi edə bilər.
F.Həsənova bildirdi ki, gündəlik əsasda MGA-da gimnastların beynəlxalq yarışlara hazırlıq prosesi aparılır. Arenada məşqlər üçün nəzərdə tutulmuş zallar, yeməkxanalar, auditoriyalar, atletlər üçün xidmət göstərən kafeteriya mövcuddur. Arenada istirahət otaqları, yeməkxana ilə yanaşı, əsas yarışların keçirilməsi üçün nəzərdə tutulan 2 mərtəbə və hər qanadda sponsorlar üçün xidmət göstərən VIP kafeteriyalar da vardır. Menecerin sözlərinə görə, beynəlxalq yarışlara ev sahibliyi edən MGA media və sponsorlar üçün beynəlxalq tələblərə uyğun gələn hər bir şərait yaradıb. Burada həmçinin müsahibə otaqları, media kontrolu, sponsor və media üçün otaqlar da vardır. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olan MGA-da otel də yaradılıb. F.Həsənova onu da əlavə etdi ki, Birinci Avropa Oyunları çərçivəsində 14-21 iyun tarixlərində MGA-da gimnastikanın 6 növü üzrə yarışlar keçiriləcək.
Bakı şəhərinin nadir memarlıq inciləri sırasına daxil olan müasir idman qurğusu ilə yaxından tanışlıq bizdə belə bir qənaət formalaşdırdı ki, idman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Milli Gimnastika Arenası da Birinci Avropa Oyunları zamanı keçiriləcək yarışlara tam hazırdır. İnanırıq ki, bu arenada mübarizə aparanlar arasında Azərbaycanı təmsil edən atletlər də fərqlənəcək, öz qələbələri ilə azarkeşlərini sevindirəcəklər.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər