Dünyanı dəyişməyi qarşısına məqsəd qoyan gənc - Uğur hekayəsi
13.12.18 16:15
3881
Günə "bu gün
mütləq nəsə yaxşı bir şey olacaq” düşüncəsiylə başlayır. Deyir ki, əldə
etdiyimiz kiçik uğurların belə, nə qədər
dəyərli olduğunu bilsək, həyatın hər anını qiymətləndirməyi bacararıq. Onun
uğurunun sirri arzulamaq, təslim olmamaq və üzünə bağlanan qapıları açılana qədər
döyməkdir.
Müsahibimiz
HUMAN Foundation (İNSAN fondu) təşkilatının təsisçisi, Azərbaycan Dövlət
İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən YUNUS Sosial Biznes Mərkəzinin
direktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC biznes məktəbində müəllim,
"One Young World” zirvəsinin ( gənc liderlərin qlobal forumun) səfiri Fəridə Əsgərzadədir. Fəridə 23
yaşından həm də universitetlərdə dərs deyir.
Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Qazaxıstan, Kanada və
Böyük Britaniyada gənclərlə bağlı layihələrdə iştirak edib. Bundan əlavə, bir
ay öncə Amerikada qadınlarla bağlı keçirilən proqramın iştirakçısı olub.
- Fəridə
xanım, yeniyetməlik dövründə peşəkar musiqiçi olmusunuz. Üstəlik, musiqi sahəsində
əhəmiyyətli nailiyyətləriniz də var. İncəsənətdən sosial sahibkarlığa necə
addım atdınız?
- Düzdür, musiqi ilə professional şəkildə məşğul
olurdum. Gündə 7-8 saat pianoda ifa edir, konsertlər verirdim. Lakin karyeramı
musiqi ilə məhdudlaşdırmaq istəmirdim. Yeniyetməlik dövründə dünyanı dəyişəcəyimə
inanır və bunun üçün çalışırdım. Təkcə musiqi ilə bunu etmək mümkün deyildi.
Beləliklə, karyera yolumda istiqamətimi dəyişdim. Çünki insanlara daha çox
yararlı olmaq istəyirdim. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər
fakültəsinə daxil oldum. Əlbəttə ki, dünyanı dəyişmək asan deyildi. Amma mən
daha sonra anladım ki, əgər bir insana kömək edib, onun dünyasını dəyişə bilirsənsə,
bu, hər şeyə dəyər. Fərqli sahələrdə və fərqli insanlarla işləmək çətindir.
Amma biz gəncik. Nə qədər çox sahələrdə işləsək, fərqli sferaları əhatə etsək,
işimiz o qədər uğurlu olur.
- Human
Foundationdan danışaq. Bu təşkilat necə yarandı?
- HUMAN Foundation - sosial-iqtisadi inkişaf naminə
millətindən, dinindən, cinsindən və fiziki bacarığından asılı olmayaraq
insanları birləşdirən təşkilatdır. Bizim məqsədimiz insanları sonsuz yardımlaşmağa, təhsilə
dəstək olmağa, ehtiyacı olanları ruhlandırmağa cəlb etməkdir. Biz hamımız müxtəlifik,
lakin bizi birləşdirən bir şey var: hamımız insanıq! Ümumiyyətlə, Fondun məqsədi insanlara kömək etməkdir.
Ən əsası, onlara bir balıq deyil, balıqçı çubuğu verməkdir. Yəni, biz dəstək
veririk, onlar isə bu dəstəklə çalışıb həyatlarını dəyişirlər.
- Fondun
daxilində ilk layihə olan YOU CAN (sən bacararsan) sərhədləri aşdı. Bu layihənin
məqsədi nə idi? - YOU CAN layihəsi fiziki məhdudiyyətli və böyük həyat
maneələri ilə rastlaşıb uğur qazanan insanların geniş auditoriya qarşısında
çıxışlarından ibarətdir. Çıxış edənlər şəxsi təcrübələrini bölüşərək insanları
ruhlandırır və motivasiya edirlər. Layihənin ən böyük uğurlarından biri
Ukraynada keçirilən tədbirdə dünya şöhrətli Avstraliyalı motivasiya spikeri Nik
Vuyçiçin çıxışı idi. Tədbir Ukraynada inklüziv təhsil olan yeganə Açıq Beynəlxalq
Ukrayna Universiteti ilə əməkdaşlıq çərçivəsində keçirilib. YOU CAN layihəsinin
Ukrayna koordinatoru bu ölkənin ictimai xadimi Yuliya Resençukdur. Nik Vuyçiç
ilə görüş çox maraqlı və səmərəli keçdi. Tədbirdə fiziki məhdudiyyətli gənclər
daxil olmaqla 300-dən çox tələbə iştirak etdi. Bu layihənin əsas məqsədi gəncləri,
çətin həyat yaşamış insanları (zorakılığa məruz qalmış qadınlar, əlilliyi olan
şəxslər, narkotik maddələrin asılılığından xilas ola bilməyənlər və s.) o cümlədən
ağır xəstəliklər ilə mübarizə aparan insanları ruhlandırmaq və onlara " Onlar
bacardı, sən də bacararsan " mesajını verməklə ruh yüksəkliklərini artırmaqdır.
- "One Young
World” zirvəsində ölkəmizi təmsil etdiniz. Ümumiyyətlə, bu sammit həyatınızda nəyi
dəyişdi?
- Bu sammitin mənim həyatımda böyük təsiri oldu. Orada
sadəcə yeni tanışlıqlar imkanı
qazanmadım, həm də mənimlə eyni düşüncəni bölüşən insanları tanıdım.
Bilirdim ki, hər il belə bir tədbir təşkil edilir. Orada iştirak etmək üçün
onlara fəaliyyətim haqqında yazdım. Gözləmədiyim anda məni seçdilər. Üstəlik,
şansım ikiqat gətirdi: həm də təqaüd qazandım. Bütün xərclərimi təşkilatçılar
qarşıladı. Sammitdə 196 ölkədən 1300 nəfər iştirak edirdi. Açılış Kanada
Parlamentində keçirildi. Biz gender bərabərliyi, terrorla mübarizə, təhsilin
inkişafı, ətraf mühitin mühafizəsi və s. məsələlərini müzakirə etdik.
Qonaqların arasında Kanadanın baş naziri Justin Trudeau, BMT-nin keçmiş baş
katibi Kofi Annan, Nobel sülh mükafatı laureatı Yunus Muhamməd, BMT-nin xoşməramlı
səfiri Emma Watson, keçmiş İrlandiya prezidenti Mary Robinson, Latın Amerikası
liderləri var idi. Onların qarşısında çıxış edib, Azərbaycan gənclərinin
nailiyyətlərindən danışdım. Orada mənə çox yaxın düşüncəni dilə gətirdilər:
irqlər, dinlər, millətlər, ölkələr arasında heç bir maneə yoxdur. Maneələr
insanların daxili dünyalarındadır. Xalqımız bir stereotipik davranış alqoritminə
malikdir. Onlar bir şey etmək istəmədikləri zaman onun mürəkkəb və ya
qeyri-mümkün olduğunu deyirlər. Amma öyrəndim ki, əslində, istədikdən sonra, həyatda
hər şey mümkündür. Məncə, hər şey şəxsin yanaşmasından asılıdır. Hər bir
insanın uğurlu tərəfi, istedadı var. Sən ilk növbədə onu tapmalı və üzərinə
fokuslanmalısan. Bunları etdikdən sonra insanların həyatı dəyişir.
- Uzaq
planlar qurmağın tərəfdarı deyilsiniz. Nə vaxtsa planınız pozulubmu?
- Bəli, heç vaxt uzaq planlar qurmuram. Çünki həyat
sürprizlərlə doludur. Həmişə qarşında yeni imkanlar açılır. O plana uyğun hərəkət
etsən, qarşına çıxan imkanları da gözardı edərsən. Bəzən onları görmək üçün
yalnız bir addım atmanız kifayətdir. Məsələn, mən musiqiçi idim. Bu sahə ilə
çox ciddi məşğul olurdum. Pianoda birinci dərəcə beynəlxalq mükafat laureatı
oldum və konsertlər verdim. Amma bir gün məqsədlərim dəyişdi. Bu gün karyera
yolumda musiqi yoxdur.
- Fiziki məhdudiyyətli
insanları xoşbəxtliyinizin nümunəsi adlandırırsınız. Onlardan aldığınız həyat dərsi
nədir?
- Sosial fəaliyyətimə 20 yaşımda fiziki məhdudiyyətli
insanlarla könüllü işləməklə başladım. Bir neçə insan var ki, həyata baxışımı dəyişdi
və bu gün onlarla çox yaxın dostluq əlaqələrim var. Mən onların dəstəyi ilə
başa düşdüm ki, həyatımızda qarşımıza çıxan çox şanslar var və biz onlardan
istifadə etmirik. O insanların həyat hekayəsi, qazandıqları uğurlar mənə təkan
oldu. Anladım ki, həyata baxışımı dəyişməliyəm.
- Adətən
deyirlər ki, qadınların karyera qurması kişilərə nisbətən çətindir. Həqiqətən
belədirmi?
- Gender bərabərliyi hələ ki problemli mövzudur.
Bir çox amillərə görə qadınların işə cəlb olunması, sərbəst fəaliyyəti hələ də
tam yerini almayıb. Lakin sevinirəm ki, bizim cəmiyyətdə bununla bağlı çox
böyük addımlar atılır. Qadınların sahibkarlığa cəlb edilməsi nəinki sosial
problemi həll edir, həm də bir ölkənin iqtisadi inkişafında çox mühüm rol
oynayır.
- Fəridə
xanım, 23 yaşınızdan müəllim kimi fəaliyyət göstərmisiniz. Könüllülük fəaliyyətiniz
var. Sizcə, insan karyera qurmağa nə vaxtdan başlamalıdır?
- Düşünürəm ki, həyatda hər bir insanın öz missiyası
var. Hər kəs bu missiyanı yerinə yetirmək üçün mütləq uşaqlıq arzusuna diqqət
etməlidir. Biz uşaqlıq dövründə nəyi arzulamışıqsa, bu, uğur hekayəmiz ola bilər.
Uşaqlıqda insanlara kömək etmək istəyirdim. Düşünürdüm ki, kömək etmək üçün
böyüməliyəm. Belə bir söz var "arzularınıza fikir verin, onlar həyatınızı
istiqamətləndirir”. Məncə, karyera arzuladığınız andan başlayır.
- Ənənəvi
sualımız. Uğur sirriniz nədir?
- Qorxmamaq. Heç vaxt qorxmaq lazım deyil və mütləq
qapını döymək lazımdır. Qapının açılmaması normal haldır. Təslim olmaq lazım
deyil. Açılmayan qapını açılana qədər döymək lazımdır. Hər birimiz yorulur, çətinliklərlə
rastlaşırıq. Heç bir uğur ancaq pozitiv notlar üzərində dayanmır. Uğurlu və
uğursuz insanın fərqi təslim olmamaqdadır. Uğurlu karyera quran insan heç vaxt
təslim olmur. Mənim də sirrim təslim olmamaq və özümə inanmaqdır. Ən vacibi heç
kimdən heç nə gözləməməkdir. Əgər qarşına maneə çıxıbsa, bu məsuliyyəti
başqasının üzərinə qoymaq lazım deyil.
- Yenə də
dünyanı dəyişmək istəyirsiniz?
- Mən realistəm. Əminəm ki, bütün dünyanı dəyişə
bilmərəm, amma hər birimiz ən azı bir insana kömək edəriksə, onun üçün dünya həqiqətən
dəyişəcək.