Dünyada neftlə şəkil çəkən yeganə rəssam - Keçmişdəki mən
Həmkarlarından
fərqlənir. Onun fırçası barmaqları, boyası isə qara qızıldır. Nəinki Azərbaycanda,
dünyada neftlə şəkil çəkən yeganə rəssamdır. Dünya Bakı neftini ikinci dəfə
onun vasitəsilə tanıyıb. Bu dəfə əcnəbilər Azərbaycanı neft ölkəsi kimi
tanımaqla kifayətlənməyib, ölkəmizin neftindən hazırlanan şəkilləri evlərinin ən
yaxşı köşəsindən asıblar. Onun əsərləri dünyanın bir çox muzeylərində - ABŞ,
Belçika, Yaponiya, Türkiyə, Almaniya, Britaniya və digər ölkələrdə şəxsi
kolleksiyalarda saxlanılır.
Söhbət rəssam-monumentalist,
Azərbaycan Rəssamlar Birliyinin üzvü Sabir Çopuroğludan gedir. Qızıl əlləri ilə
qara qızıldan xariqələr yaradan rəssamın keçmişinə səyahət etdik.
Əslən
Borçalıdandır, 1956-cı ildə Gürcüstanın Başkeçid bölgəsində anadan olub. Bakıda
Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda, Gürcüstan Rəssamlıq Akademiyasında təhsil
alıb.
"Kasıb olsaq da, xoşbəxt idik”
Uşaqlığından
danışarkən həm sevinir, həm də kədərlənir. O illərin maraqlı, yoxsa faciəli
keçməsinə qərar verə bilmir. Maraqlı tərəfi odur ki, uşaqlıq ən qayğısız illərdir.
Faciəlidir ona görə ki, atasız-anasız böyüyüb: "Uşaqlığım maraqlı, bir o qədər
də çətin günlərlə yadda qalıb. Amma nə də olsa, o illəri sevirəm. Məni Fatma nənəm
böyüdüb. Atamla anam ayrıldıqdan sonra, hər biri fərqli insanlarla ailə qurub,
öz həyatlarını yaşayıblar. 1 yaşımdan nənəmin himayəsində olmuşam. Nənəmi ana
bilirdim. Bütün uşaqlığım da elə anamla (nənəmlə) bağlıdır. Nə ata, nə də ana
sevgisi gördüm. Bu, mənim uşaqlığım faciəli tərəfidir. Amma kənd uşağı olmağın
da zövqü başqadır. Kasıb olsaq da, xoşbəxt idik”.
"Belimizdə odun gətirirdik”
Məktəb kənddən
8 km
uzaqlıqda yerləşib. Müsahibimiz hər gün eyni yolu piyada gedib-gəlmək məcburiyyətində
qalıb. Gəldikdən sonra da, evin həm kişisi, həm də qadını olan nənəsinə kömək
edib: "Çantama 2 alma qoyub, acanda yeyirdim. Bizim mal-qaramız, qoyun-quzumuz
var idi. Yadımdadır, nənəm inəyi sağanda, inək sakit durmadığı üçün mən
başından yapışıb, mahnılar oxuyardım. Mal-qaranı hər gün otarırdım. Əlimdə tütək
qoçun üzərində gedirdim. Bəzən nənəmlə meşədən odun yığardıq. Nənəm çox qoçaq
qadın idi. Odunu belimizə şələləyib gətirirdik. Sonra ot biçirdik. Uşaqlığım
belə hərəkətli və maraqlı keçirdi. Çox balaca kənd idi və hamı bir-birilə
münasibətdə idi. Kəndin sakinləri əsasən yaşlı adamlar və uşaqlar idi. Gənclər
kənddə qalmırdı. Uşaqlarla futbol oynayardıq. Nənəm yumurtaları satıb bir
futbol topu almışdı. O topla kəndlərarası yarışlar keçirirdik”.
"Nənəm məni süpürgə ilə döyürdü”
Rəssamlığa
da elə uşaqlıq illərindən başlayıb. Lakin bu istedadını əvvəlcə üzə çıxarmayıb:
"Neftlə işləməyə həvəs də uşaqlıqdan yaranıb. Mən balaca olarkən nənəmin
ayaqlarında, oynaqlarında ağrılar olurdu. Ona Naftalandan müalicə üçün bir şüşə
neft gətirmişdilər. Nənəm əlini qara mayeyə batırır və ayaqlarına sürtürdü. Mən
də kənardan izləyirdim. İstifadə etdikdən sonra şüşəni evin bir küncündə gizlədirdi.
Bir dəfə gizlincə axtarıb həmin butulkanı tapdım. Əlimə töküb divarlara
sürtdüm. Ağ divarları ləkələyirdim. Ağlıma nə gəldisə, divara çəkirdim. Nənəm gəlib
gördü ki, divar qapqaradır. Möhkəm əsəbiləşdi və məni döydü. O vaxt onu bərk
hirsləndirmişdim. Amma bu, mənə təsir etmirdi. Əlimə nə keçirdisə, onunla
divarda rəsmlər çəkirdim, karandaşla divar kağızını yazırdım. Evimiz dağların,
meşənin ətəyində idi. Yazın əvvəlində biz divarları ağardardıq, odun peçini çölə
çıxarardıq. Mən də nənəmə kömək edirdim. Bir gün dedi ki, yuxarı çıx tüstü
bacalarının borularını çıxar. Hisdən əllərim qapqara olmuşdu. Əlimi divara
sürtdüm, başladım qaralmış əlimlə şəkillər çəkməyə. Bu, xoşuma gəldi. Nənəm məni
ağacla, süpürgə ilə döyürdü. Döyülsəm də, o butulkadakı qara maye, hiss həyatımı
dəyişdi. O vaxtdan məndə rəssamlığa həvəs oyandı. Tədricən bu istiqamətdə
beynimdə müxtəlif ideyaların yarandığını hiss edirdim. O zaman qələmlə, fırça
ilə də hərdən rəsm çəkərdim. Amma fikirlərimdə heç kimə izah edə bilmədiyim
ideyalar yaşayır, daha da inkişaf edirdi”.
"Bir camışın pulu ilə iki il oxudum”
Rəsmə
marağı olduğu üçün dərslərini yaxşı oxumayıb. Bu istedadını kəşf edən müəllimi
ona dəstək olub, xəyallarının ardınca getməsini tapşırıb: "Səhərə kimi yatmayıb
şəkillər çəkirdim. Ətrafda nə görürdüm, əksini dəftərlərə köçürürdüm. Hətta evdə
süfrənin belə arxasına şəkillər çəkirdim. Amma şəkillərim haqqında heç kimin məlumatı
yox idi. Bir gün müəllimim mənim istedadımı kəşf etdi və şəkillərimi istədi.
Baxdıqdan sonra məktəbdə sərgimi təşkil etdi. Məni həvəsləndirir, sənətin
ardınca getməyim üçün motivasiya verirdi. Orta məktəbi bitirdikdən sonra Bakıya
gəldim. Lakin Rəssamlıq Akademiyasına imtahana gecikdiyimdən Rəssamlıq
Texnikumunda təhsil aldım. Sonra Gürcüstanda Rəssamlıq Akademiyasında oxudum”.
Bakıda təhsil
almağa gələrkən də maddi vəziyyətləri yaxşı olmayıb. Müsahibimiz deyir ki, nənəsinin
satdığı camışın pulu ilə iki il Bakıda təhsil alıb: "Nənəmin çox sevdiyi camışı
var idi. Heyvanı satdı və mənimlə şərt kəsdi ki, səni bu pulla Bakıya göndərirəm.
Çalış iki ilə çatdır, oxu, gəl. Vəziyyətimiz yaxşı deyildi. Atam yox, anam
baxmır. Tək nənəm dəstək olurdu. Bakıda həqiqətən də elə o camışın pulu ilə təhsil
aldım”.
"Fəhləlik edə-edə şəkillər çəkirdim”
Həmsöhbətimizin
ilk işi fəhləlik olub. Elə Tiflisdə təhsil alarkən də, həm oxuyub, həm də işləyib:
"İlk dəfə 13 yaşımda fəhləlik etdim. Pul qazanıb nənəmə baxırdım. Tiflisə oxuyarkən
də müəllimim dedi ki, mən ev muzeyi tikirəm, sən gəl orada həm fəhləlik et pul
qazan, həm də boş vaxtlarında mənimlə işlə. Həm fəhlə oldum, həm də şəkil çəkirdim.
Gürcü professor idi. Mənə sənətin incəliklərini öyrədirdi. Gündüz işləyir, gecə
şəkil çəkirdim”.
Tiflisdə
oxuyarkən ailə həyatı qurub: "Ailə qurdum və iki oğlum oldu. Yoldaşım da əslən
azərbaycanlı idi. 90-cı illərdə dünyada dəyişikliklər başladı. Qarışıqlıq oldu.
Azərbaycanlıları sıxışdırmağa başladılar. Camaat məcbur olub, yerini, yurdunu tərk
edirdi. Biz də evimizi orada qoyub Bakıya gəldik. Bu illər bəlkə də ən çətin
illər idi. 18 kvadratlıq yerdə ailəm və qayınatamla birlikdə yaşayırdıq. Həm də
orada şəkil çəkirdim. Ailəmi dolandırmaq üçün yenə fəhləlik etdim.
Dayanacaqlarda "stayanşik”, gözətçi işləyirdim. Çox çətin dönəm idi. Rəssamların
da vəziyyəti çətin idi. Sifariş yox idi. Yaşadığım çətinlik məni yenilik
axtarışına çıxmağa vadar etdi. Birdən nənəmin neftini oğurlayıb divarda şəkillər
çəkməyim yadıma düşdü. Bakı da neft şəhəridir. O istedadımdan burada istifadə
edə bilərdim. Neftlə bağlı o qədər düşünürdüm ki, hətta yuxularımda belə neftin
içində yeriyirdim”.
Neft
ideyası yarandıqdan sonra bir qab götürüb Bayıla yollanıb: "Bayılda o vaxt neft
gölməçələri var idi. Təmiz yer axtardım və gölməçələrdən neft yığmağa başladım.
Orada neft uzun müddət qalıb qatılaşmışdı. Evə gətirdim amma qoxu kəskin olduğu
üçün ailəmlə yaşadığım yerdə çəkə bilmirdim. Özüm üçün balaca yer tutdum və işləməyə
başladım. İlk işim həqiqətən möhtəşəm alındı”.
"Barmağım və dırnaqlarımla materialı daha yaxşı
hiss edirəm”
Rəssamın
fərqliliyi təkcə neftlə şəkil çəkməklə bitmir. O fırçadan istifadə etmir. Əsərlərini
əlləri və dırnaqları ilə çəkir. Boya kimi istifadə etdiyi tək neft deyil. Neftlə
qarışıqdan aldığı boya məhsulunu da özü hazırlayıb. Hazırladığı boya maddəsi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən patentə
layiq görülüb: "Şəkil çəkmək asan deyil. Hər kəs şəkil çəkə bilər, amma hamı həmin
şəkli hiss etdirə bilməz. Məsələn, sən ayı görürsən, mən ayı yox, ayın görmədiyin
tərəfini fantaziyamda yaradıb çəkirəm. Sənət budur. Barmağım və dırnaqlarımla
materialı daha yaxşı hiss edirəm. Nefti əlimdə hiss etdikdən sonra əllərimlə
forma verirəm. Onu hiss etməsəm, ruh verə bilmərəm”.
"Şəkillərimə əcnəbilər daha çox maraq göstərir”
Müsahibimiz
deyir ki, neftlə çəkilən şəkillərə əcnəbilər xüsusi maraq göstərir: "Burada bir
alman əsərimi aldı işlərimi Almaniyaya apardı, mənimlə əlaqə saxladı və dedi ki
səni ora dəvət edəcəyəm. 2006-cı ildə neftlə çəkdiyim rəsmlərə görə Almaniyaya
dəvət olundum. "İncəsənətdə sülh” II Beynəlxalq Simpoziumda 16 dövlətin 32
nümayəndəsi arasında birinci yerə layiq görüldüm”.
Sənətə çətinliklərlə
gələn, nənəm olmasaydı rəssam olmazdım deyən sənətkar bu gün çəkdiyi zəhmətin bəhrəsini
görür. Deyir ki, ən ucuz əsərini 250 dollara, ən bahasını isə 30 min dollara
satıb. Amma əsərlərimi auksiona çıxarmamışam. Böyük arenada kifayət qədər böyük
qiymətlər olur”.
Əsərlərinin
mövzu dairəsi rəngarəng olsa da, daha çox tarixi mövzulara üstünlük verir.
600-dən artıq tablonun müəllifi olan rəssam ölkəmizin dünyada tanıdılmasında
xüsusi rolu olan neftdən istifadə etməklə həm də Azərbaycan həqiqətlərini
dünyaya tanıdır. Əsərlərində Qarabağ mövzusu, Azərbaycanın yeni tarixi xüsusi
yer tutur. Bakını çox sevir. Şəhərin tarixi keçmişi, bu günü ilə bağlı Abşeron
silsiləsindən olan əsərlər yaradıb. Sabir Çopuroğlunun yaradıcılığında Azərbaycanın
keçmişi, tarixi, mədəniyyəti əks olunur. Bu gün dünyada neftlə şəkil çəkən
yeganə sənətkar olan həmsöhbətimizin əsərləri bütün dünyada qəbul olunur. Deyir
ki, həmişə azərbaycanlı olmağı ilə, Azərbaycanı, onun neft səltənətini dünyada
öz fərqli üslubu ilə tanıtmağı ilə fəxr edir.
Sonda gənclərə
məsləhət verən müsahibimiz vurğuladı ki, öyrənməkdən, yeniliklər tətbiq etməkdən
çəkinməsinlər.
Aygün
ƏZİZ